Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:42

«Ordu hakimiyyəti orduya təhvil verir»


Misir ordusu
Misir ordusu
Misirdə hakim Hərbi Şura iyun ayının sonuna qədər hakimiyyəti yeni seçilmiş prezidentə verəcəyini bildirib.

İyunun 16-17-də keçirilmiş prezident seçkisinin qalibinin adı isə iyunun 21-də açıqlanacaq.

Ancaq Silahlı Qüvvələrin Ali Şurası iyunun 18-də Ali Məhkəmənin qərarından sonra parlament və yeni Konstitusiyanın hazırlanması prosesi üzərində böyük səlahiyyətlər əldə edib.

Ordunun bu addımını Misir siyasətçiləri çevriliş kimi qiymətləndirir. Şura həm də dövlət büdcəsinə nəzarəti əlinə alıb. Bundan başqa, ordu özünə özünün seçəcəyi şəxslər tərəfindən hazırlanacaq Konstitusiya layihəsinə veto qoymaq hüququ da verib.

Misir mediası ordunun bu yeni səlahiyyətlərini tənqid edərək bildirib ki, bütün bunlardan sonra yeni prezidentin heç bir səlahiyyəti olmayacaq. «Al-Masry al-Youm» qəzeti «Ordu hakimiyyəti orduya təhvil verir» manşeti ilə çıxıb.

PENTAQON NARAHATDIR

İyunun 18-də Pentaqon Misir ordusunun bu hərəkətindən dərin narahatlığını bildirib.

Mohammed Mursi
Mohammed Mursi
Pentaqonun sözçüsü George Little deyib ki, ABŞ ordunun hakimiyyəti mülki hökumətə təhvil verməsini gözləyir.

Misirdə seçkilərin ikinci turu «Müsəlman Qardaşları»nın namizədi Mohammed Mursi ilə Hosni Mubarak'in hakimiyyəti dövründə sonuncu Baş nazir olmuş Ahmad Shafiq arasında keçib. «Müsəlman Qardaşları» öz namizədini artıq qalib elan edib. Hərəkatın aparıcı üzvlərindən Essam al-Arian deyib ki, Misirdə demokratik dəyişikliklər davam edəcək:

«Hamı bilsin ki, demokratik dəyişikliklərə başlamışıq. Bu dəyişikliklər davam edəcək. Biz bu ölkənin təsisatlarını yaradacağıq. Hərbi Şuranın ləğv etdiyi təsisatları da geri qaytaracağıq».

MOHEMMED MURSI RƏQİBİNİ QABAQLAYIR

Ahmad Shafiq’in tərəfdarları isə «Müsəlman Qardaşları»nın qələbə iddiasını qəbul etmirlər. Shafiq'in seçki kampaniyasının sözçüsü Ahmed Sarhan jurnalistlərə bunları
Ahmad Shafiq
Ahmad Shafiq
deyib:

«Səslərin sayılması başa çatandan sonra biz ərizə ilə yuxarı seçki komissiyasına müraciət edəcəyik. Biz rəqib namizədin nəticələrinin etibarsız sayılmasına qərar verilməsini istəyəcəyik. Bunu səsvermə prosesinin şəffaflığını təmin etmək və seçicilərdə yanlış təəssürat yaradılmasının qarşısını almaq üçün edəcəyik».

Dövlət mediası isə bu arada yazır ki, seçkinin ilkin nəticələrinə görə, Mohemmed Mursi rəqibini qabaqlayıb.

Qeyri-rəsmi məlumatlara görə, Mohammed Mursi 52 faiz, keçmiş Baş nazir Ahmed Shafiq isə 48 faiz səs toplayıb.

«Müsəlman Qardaşları» Qahirədə və digər şəhərlərdə tərəfdarlarını etiraz aksiyalarına çağırıb.
XS
SM
MD
LG