Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:48

İbrahimbəyovdan bəyanat. Mikhalkov'dan Şəfiqə Məmmədovaya təbrik


Azərbaycan Kinematoqrafçılar İttifaqının iclası
Azərbaycan Kinematoqrafçılar İttifaqının iclası
-
«BİZ ONLARIN İŞİNƏ QARIŞMIRIQ»

Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqı iyunun 25-də bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, yeni Kinematoqrafçılar İttifaqının yaradılması xəbəri onlar üçün gözlənilməz olub. Bununla belə bəyanatda bir fikir vurğulanır:

«Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvləri öz ictimai baxışlarında azaddır və biz onların işlərinə qarışmırıq».

Eləcə də deyilir ki, ittifaqın nizamnaməsi üzvlərinin «milli kinonun maraqlarına zidd olmayan» təşkilat yaratmasına imkan verir:

«Bu təşkilatların yaranmasının nə qədər məqsədəuyğun və effektiv olmasına zaman qiymət verə bilər. Baş verənlərə neqativ qiymət verməyə tələsmədən yeni yaranan qurumun bəzi rəhbərlərinin ittifaqın ünvanına söylədiyi tənqidlərə təəccübümüzü bildiririk. Onlar bizim ittifaqın seçilmiş katibləri olaraq işlərimizdə fəal iştirak edirlər və bizim problemlərimizlə tanışdırlar. Bilirlər ki, ittifaq bir neçə ildir prezidentin milli kinomuzun inkişafına yönələn sərəncamını həyata keçirmək üçün dövlət tərəfindən heç bir maddi dəstək almır».

«KİNOİTTİFAQ İŞİNİ DAVAM ETDİRƏCƏK»

Bəyanatda daha sonra deyilir ki, prezidentin milli kinonun inkişafı üçün 2007-ci ildə verdiyi sərəncamın mühüm maddələri hələ də yerinə yetirilmir:

«Əlbəttə biz dərk edirik ki, bizim bunu təkidlə tələb etməyimiz bu işə birbaşa cavabdeh təşkilatları narahat edir. Amma söhbət həyatımızı həsr etdiyimiz işdən gedir və bizim susmağa ixtiyarımız yoxdur. 50 il bundan qabaq milli kinomuzun maraqlarının müdafiəsi üçün yaranan Kinematoqrafçılar İttifaqı öz sıralarında kino sənətinə sözdə yox, əməldə sadiq olan və öz töhfələrini verənləri birləşdirərək öz işini davam etdirəcək».

İyunun 21-də yeni kino ittifaqı yaradılıb: Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı. Onun sədri Şəfiqə Məmmədovadır.

Bu qurumun adı yazıçı, ssenarist Rüstəm İbrahimbəyovun başçılıq etdiyi ittifaqın adı ilə az qala eynidir, bircə söz artırılıb. İbrahimbəyov baş verənləri öz ictimai-siyasi mövqeyi il izah edir. O, AzadlıqRadiosuna deyib:

«Mənim mövqeyimə, hərəkətlərimə görə bizim təşkilatdan intiqam alırlar».
Nikita Mikhalkov
Nikita Mikhalkov

NIKITA MIKHALKOV'DAN ŞƏFİQƏ MƏMMƏDOVAYA TƏBRİK

Bu arada Rüstəm İbrahimbəyovla aralarında soyuqluq yaranan Rusiya Kinematoqrafçılar İttifaqının sədri Nikita Mikhalkov da Bakıda baş verənlərə münasibətsiz qalmayıb.
O, Şəfiqə Məmmədovanı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri seçilməsi münasibətilə təbrik edib. Məlumatı «AzərTAc» yayıb. Təbrik məktubunda deyilir:

«Son 20 ildə Azərbaycan və Rusiya kinematoqrafçıları ittifaqlarının əməkdaşlığında fasilə yaranıb. Bu, bizim təqsirimiz deyil. Ölkələrimizin kinematoqrafçılarının şəxsi əlaqələri kəsilməyib».

Nikita Mikhalkov iki ölkənin kinematoqrafçılar ittifaqları arasında xoş münasibətlərin bərpa olunacağına ümidvar olduğunu bildirib və Şəfiqə Məmmədovanı Moskvaya dostluq səfərinə dəvət edib.
XS
SM
MD
LG