Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:06

R. Zərdabi: «Mən xərçəngə qalib gəlmiş qadınam, belə xərçənglərlə mübarizə apara bilməyəcəm?»


Rəbiyyə Zərdabi
Rəbiyyə Zərdabi
Bu sözləri 22 İyul - Milli Mətbuat və Jurnalistika Günündə AzadlıqRadiosunun «İz» proqramına Zərdabi soyadının davamçısı Rəbiyyə xanım Zərdabi söylədi.
ZƏRDABİNİN QAN QOHUMU DEYİLƏM, AMMA...
Rəbiyyə xanımın sözlərinə görə, son vaxtlar ölkə mətbuatında onun Həsən bəy Zərdabi ilə qan qohumu olmaması barədə qərəzli yazılar gedir: «Bunu sübut etməyə ehtiyac duymuram. Orta məktəbi qızıl medalla, ali məktəbi fərqlənmə diplomu ilə bitirmişəm. 21 yaşından Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyirəm. Özümü dərk edəndən ailəmin böyüklüyünü də dərk etmişəm. Atam 26 yaşında dünyadan köçüb. Anam 17 yaşında dul qalıb. Mənim cəmi bir yaşım var idi. Anam Bakı Dövlət Universitetində təhsil aldı, yaxşı işlərdə işlədi. Bütün bunlarda Zərdabinin qızı Qəribsoltan Məlikovanın çox böyük rolu olub. Bunu danmaq olmaz».
8 YAŞINDA MƏNİ ATAMIN KİTABXANASINA BURAXDILAR
Rəbiyyə xanım Zərdabi soyadından sui-istifadə etmədiyini bildirdi: «Mən çatdığım mərtəbəyə öz ağlımla, savadımla, oxuduqlarımla çatmışam. Ən başlıcası, yaxşı müəllim olmağımla çatmışam. 1997-ci ildə «Əkinçi» jurnalında, 2000-ci ildə «Kaspi» qəzetində də ailəmin tarixi barədə yazmışam. Zərdab rayon kitabxanasına atamın 3 min kitabını hədiyyə etmişəm. 8 yaşından o kitabları oxuyaraq böyüdüm».
BABALARIMIN SOYADINI DAŞIYIRAM
Rəbiyyə xanım babalarının Zərdabinin ailəsində böyüyüb tərbiyə aldığını söylədi: «1896-cı ildən babam - Bahəddin və əmim Hüseyn H.B.Zərdabinin evində yaşayıb. Həsən bəy onları övladı kimi yetişdirib. Göyçay qəzasının Zərdab kəndindən olan babam Bahəddin Sankt-Peterburq Universitetində necə oxuyub? Ancaq Zərdabi ideyalarının, işığının nəticəsində olub bütün bunlar. Baxın, Bahəddin Zərdabi 1907-ci ildə «Azərbaycanda teatr tənqidinə dair» məqalələr yazan ilk şəxsdir. Qardaşı Hüseyn Zərdabi də həmçinin. Təəssüf ki, Hüseyn babam Böyük Vətən Müharibəsində əsir düşüb, Amerikada yaşayıb, sonra Türkiyəyə gəlib və o vaxtdan Vətənə qayıda bilməyib. O, sonralar Əkinçi soyadını götürüb. Deyilənə görə, Zərdabi soyadının davamçıları 1962-ci ilə qədər Türkiyədə «Əkinçi» adında qəzet də nəşr ediblər. Mən uşaq olanda Hüseyn Zərdabi sağ idi, bizimlə əlaqə qurmaq istədi, amma görüşmək nəsib olmadı».
80-Cİ İLLƏRDƏ BAKIYA ZƏRDABİNİN BİR QOHUMU GƏLMİŞDİ
Rəbiyyə xanım daha sonra Hüseyn babasından heç bir xəbər almadığını dedi: «Bilmirəm sonrakı taleyi necə oldu? Ailə qurdu-qurmadı? Uşaqları varmı? Bircə onu bilirəm ki, 80-ci illərin sonunda Türkiyədən Oqtay Əkinçi adında bir nəfər gəlmişdi. Türkiyə Memarlar Odasının başqanıydı. Zərdabinin qohumu kimi təqdim etdilər onu. Mən onu televizorda gördüm. Zərdabinin qəbrini ziyarət edirdi. Nə qədər çalışdım, onunla məni görüşdürmədilər...»
11 İLDİR XƏSTƏLİKLƏ MÜCADİLƏ EDİRƏM
Rəbiyyə xanım tək qaldığını və bu yükü tək daşıya bilmədiyini söylədi:
«Həyat yoldaşım atam kimi gənc yaşında faciəli şəkildə öldü. Uşaqları tək böyütdüm. Sonra da, xəstəlik məni haqladı. 11 ildir onunla mücadilə edirəm».
MƏNİM HÜQUQUMU HEÇ KƏS POZA BİLMƏZ!
İz verlişinin aparıcısı Sevda İsmayıllı və Rəbiyyə Zərdabi
İz verlişinin aparıcısı Sevda İsmayıllı və Rəbiyyə Zərdabi
Aparıcının: «Niyə sizi birdən-birə işdən çıxardılar?» –sualını Rəbiyyə xanım belə cavabladı: «Hansı soyadı daşımağımdan asılı olmayaraq, mən öz haqqımı qorumalıyam. Mənim hüququmu heç kəs poza bilməz. İxtisasım «Milli adət-ənənələr», «Asudəvaxtşünaslıq»dır. Mənə dedilər ki, dərs saatı yoxdur, işdən azad olunursan. Rektor məni qəbul etmədi ki, dərdimi deyim. 10-11 ildir ki, o heç kəsi qəbul etmir. Təbii ki, sosial şəbəkələrdə bu xəbəri paylaşdım. Media da xəbər tutdu».
ZƏRDABİNİ TÜRKİYƏDƏ TANIMIRLAR
Rəbiyyə xanım Türkiyədə çıxan «Töre» dərgisinin Azərbaycan təmsilçisi olduğunu söylədi: «Hüseyn Caviddən, Mikayıl Müşfiqdən yazılar yazmışam. Onları Türkiyədə tanıtdım. Zərdabi haqqında «Qara daş» məqaləsi yazdım. «Çukurova» Sənət dərgisinin bir sayının Həsən bəy Zərdabiyə həsr edilməsinə nail olmuşam. Mən bunu edəndə, Zərdabinin nəticəsiyəm- deməmişəm. Soyadın daşıyıcısıyam- demişəm. Bu dərginin başqanı mənim işdən azad olunmağımı eşidib prezidentə müraciət edib. İsmayıl bəy Qaspralını Türkiyədə çox gözəl tanıyırlar. Amma Zərdabini yox. Zərdabi türk dil birlyi ideyasını ilk dəfə ortaya atıb, İsmayıl bəy «fikirdə, dildə, əməldə birlik» ideyasını yayıb. TRT televiziyasında 3 saat Zərdabidən danışdım, Azərbaycanı təbliğ etdim. Bunun heç birinə işlədiyim universitet qiymət vermədi».
SONA QƏDƏR GEDƏCƏYƏM!
Rəbiyyə xanım məhkəməyə müraciət etmək istədiyini bildirdi. Lap Avropa İnsan Haqları Məhkəməsinədək gedəcəyini bildirdi. Aparıcının: «Mediada bildirmişdiniz ki, sizi rüşvət almadığınıza görə işdən azad ediblər. Bu, doğrudurmu?»- sualı belə cavablandı: «Bəli! Mən rüşvət alan müəllim deyiləm! Demişəm, yenə deyirəm: Rüşvət almadığıma görə, dediklərinə boyun əymədiyimə görə onlara sərf eləmirəm. Mən bunu sübut edə bilərəm. Qoy onlar da sübut etsinlər ki, Rəbiyyə Zərdabiyə dərs saatı çatmır. Niyə məndən sonra gələnlərə çatır? Bəs mən təqaüdə çıxana qədər nə ilə dolanım? İndi mən də, Zərdabi kimi bütün çəkdiklərimi bir qara daşa yazım?»
MƏN XƏRÇƏNGƏ QALİB GƏLMİŞ QADINAM...
Rəbiyyə xanım 11 ildir əlində əlillik vəsiqəsi olduğuna baxmayaraq işlədiyi yerdən əlavə pul ala bilmədiyini də dedi: «Prezidentə yazmışam. Cavab gözləyirəm. İllərdir bu soyadı şərəflə daşıyıram. İndi də oğlum Hüseyn mənim istəyimlə bu soyadı davam etdirir. Mən xərçəngə qalib gəlmiş qadınam, belə xərçənglərlə mübarizə apara bilməyəcəm? Mübarizə aparacam!»

TAM OLARAQ BURDAN DİNLƏ:
XS
SM
MD
LG