Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:40

“Atam Heydər Əliyevin iştirak etdiyi iclasda dedi ki, Əli Kərimli yaxşı uşaqdır”


Cavid Zeynallı Mahir bəylə
Cavid Zeynallı Mahir bəylə
-

“Yetimçilikdən sabun satırdı. Amma bir əhvalatdan sonra gözü qorxdu”

“Bir dəfə Fəxri Xiyabanda Elçin Əfəndiyevə yaxınlaşdım ki, atamın qəbirüstü abidəsinin götürülməsi üçün kömək etsin, bir həyətdə böyümüşük də! Heç gözləməzdim, acıqlandı ki, get-get, get Hacıbala Abutalıbovun yanına, get, o götürsün.

Atam Anarla, Fikrət Qoca ilə dost olub, amma hər ikisi dostlarının ölümündən sonra bizim ailəyə eynən Elçinin münasibətini göstərdilər”.



Yaşasaydı, bu il avqustun 12-də xalq şairi Qabilin 86 yaşı tamam olacaqdı. Şairi oğlu Mahir bəylə xatırlayırıq. Onunla Cavid Zeynallı söhbətləşib.


Mahir bəy Qabilin yeganə övladıdır. Gərək ki, el arasında buna: “gözünün ağı-qarası” da deyirlər. Zəng vuranda ərkyana “Bəlkə sabah görüşək, bir az kənardayam, həm də istidir” deyir. Könülsüz-könülsüz yola gəlməyimdən duyuq düşüb müsahibəyə razılaşır: gözlə, gəlib səni götürürəm! Yolboyu “müəllim, bəy” deməyimdən lap təngə gəlir. Axır dözmədi, dilləndi: “Sən məni lap quru bəy elədin” deyib, gülür. Bu o deməkdi ki, rəsmi danışığın başını burax, rahat ol!

Masazıra yollanırıq, evə çathaçatda nə eşitsəm yaxşıdır: “İkinci nəvəm olub, atamın adını verdik. Evdəkilərin başı qarışıqdır, gərək özümüz-özümüzə qulluq edək! Sevinirəm, təbrik edirəm! Əl-ələ verib çay süfrəsi açırıq: özü samovara od salıb çay dəmləyəndə, məni də qulluğa göndərir, bir işin qulpundan yapışıram. Və beləcə, iki saata yaxın mən soruşuram, şair oğlu cavab verir...

***

- Nizami Xudiyev AZTV-nin sədri olanda atamın 75 illik yubileyi ilə bağlı bir saatlıq film çəkilmişdi. “Azərtelefilm”in baş direktoru Vüqar Tapdıq həmin filmin on beş dəqiqəsini ixtisar etmişdi. Mən o vaxt AZTV-də çalışırdım, Vüqara zəng vurdum ki, biz amiranəlik edə bilərik, məsələn, atama deyərəm, o da Nizami Xudiyevə zəng vurar və sən kəsib-doğradığın yerləri bərpa etməyə məcbur olarsan. Amma əlbəttə, belə etmərik, bu kəsib-doğramağın səbəbini öyrənmək istəyirəm. Dedi Mahir, mən o yerləri ixtisar etmişəm ki, filmə ağırlıq edir: Səidə Quliyeva, Ağalar Bayramov, İlham Əsgərov şeir deyirlər. Mənə qəribə gəldi ki, necə yəni, bu, şair haqqında filmdir, axı... Vüqar dedi, şairin yaradıcılığı ilə tanış olmaq istəyən adam kitablarını əldə edib oxuya bilər. Tamaşaçıya şairin daha
Qabil
Qabil
çox həyatı, güzəranı, məişəti maraqlıdır. O ki qaldı şeirə, Qabil müəllimin dilindən o filmdə o qədər şeir var ki...

Bu fikirlə haradasa razılaşdım. Doğrudan da, bizim ədəbiyyatda yazıçı və şairlərin şəxsi həyatı haqqında çox az yazılıb. Amma rus və dünya ədəbiyyatında tam tərsinədir: məsələn, Krılovun “peraşki” yeyib partlayıb ölməyi, Balzakın bahalı paltarlar geysə də, ona yaraşmaması və s. Bu məsələlər oxucu üçün, insanlar üçün həmişə maraqlı olub. Mən atamın lətifələrini toplayıb çap edəndə çox adam mənə dedi ki, bu kitab Qabil haqqında yeyib-içən, sərxoş adam təəssüratı yaradır. Belə çıxır ki, o, həyatda başqa heç nə ilə məşğul olmayıb. Amma mən bu cür düşünmürəm, o lətifələrin də içində hansısa bir məna gizlənib, bunu başa düşmək lazımdır.

Həm iqtidar, həm də müxalifət düşərgəsində atamın yaxşı hörməti olub. Əbülfəz Elçibəy xalq şairi adı verəndə, atamla şəxsi tanışlığı yox idi. Müstəqil Azərbaycan Respublikasının ilk xalq şairi atam, ilk xalq yazıçısı Sabir Əhmədli olub. Heydər Əliyevin hakimiyyəti dövründə də müxalifətin atama normal münasibəti vardı və dediyi sözlərdən heç kim incimirdi. Çünki bilirdilər, səmimidir, hansısa qrupun maraqlarına xidmət etmir, kiminsə sözünü danışmır. Bir dəfə Milli Məclisdə Heydər Əliyevin iştirak etdiyi iclasda demişdi ki, Əli Kərimli yaxşı uşaqdır. İndi bu sözü kim desə, o dəqiqə damğa vurarlar ki, sən müxalifətçisən.

***

Dayılarım həmişə zarafatla deyərdilər ki, avqust ayı Azərbaycanda Qabil günləridir. Avqustun 12-i atam, 13-ü anam doğulub. Ayın 14-də isə toyları olub. Hər ilin bu ayı yeyib-içməkdən başımız ayılmırdı. (gülür).

Dəmiryolçu ailəsində doğulub, atası Bakı vağzalının direktoru işləyib. Doğulduğu ev indi də durur: Hüsü Hacıyev küçəsində, “Şahmat məktəbi”ndən dörd tin aşağıda – Vidadi 139-da balaca, birotaqlı evdir. Nənəm Suğra bağça müəlliməsi olub. İndi mənim qızımın adı Suğradır. 1937-ci ildə babamı, atamın dayılarını tutublar. Sonradan dayılarını buraxıb, babamı Qazaxıstana sürgün ediblər, orda da ölüb. Atam iki dəfə Qazaxıstana getdi ki,
Mahir bəy qızı və nəvəsi ilə
Mahir bəy qızı və nəvəsi ilə
babamın qəbrini tapa, mümkün olmadı, əliboş qayıtdı. Yetimçilikdən sonra sabun satıb, dayılarının köməyi ilə yaşayıblar.

Danışırdı ki, müharibə vaxtı, sabunun içinə taxta qoyub üstünü örtürmüşlər ki, camaatı aldatsınlar. Bir rus əsgəri sabun alır, əlindəki bizlə sabunun xalisliyini yoxlayırmış. Görür, biz sabunun ortasında dayandı, o biri yandan çıxmadı. Deməli, sabunun içinə taxta qoyublar. Həmin əsgər əlindəki butulkanı satıcının başına çırpır. Atam danışırdı ki, həmin hadisədən sonra gözüm qorxdu, o, bu, bir də sabun satmadım.

O illəri heç vaxt çətinlik kimi xatırlamayıb. Həyat qarşısına nə çıxarıbsa, olacaq kimi qəbul edib, taleyi ilə barışıb. 1944-cü ildə Bakı Vaqon Təmiri Zavodunda fəhlə kimi işə başlayır, elə həmin il də APİ-nin Dil, ədəbiyyat fakültəsinə qəbul olunur. 48-ci ildə təyinat üzrə Yardımlıya müəllim göndərilir. Mənim gələcək qayınatam Fəzail Əkbərov həmin məktəbin direktoru, anam Bəyim xanım isə ibtidai sinif müəllimi olub. Bir ildən sonra çətinlik, şəraitsizlik üzündən işləmək istəməyib Bakıya qaçır. Sonradan geri qayıdır, anamla evlənib ikilikdə Bakıya gəlirlər. Anam APİ-də ali təhsil alandan sonra, dil-ədəbiyyat müəlliməsi kimi çalışdı.

***

İlk şeiri “Gəl baharım” 1944-cü il, aprelin 3-də “Ədəbiyyat qəzeti”ndə çap olunub. Ədəbiyyata Nəbi Xəzri ilə eyni vaxtda gəliblər. Atamın şeiri Qabil Nikbin, Nəbi Xəzrininki isə, Nəbi Babayev imzası ilə dərc olunub.

Hüsü Hacıyev küçəsində yazıçılara ev vermişdilər. Təsəvvürün olsun deyə, həmin binada kimlərin yaşadığını sadalamaq istəyirəm: Mübariz Əlizadə, Tələt Əyyubov, İsa Hüseynov, Qasım Qasımzadə, Abdulla Şaiq, İlyas Əfəndiyev, Kamal Talıbzadə, Zeynal Xəlil, Bəxtiyar Vahabzadə, Əliağa Kürçaylı, Əkbər Ağayev, İsmayıl Şıxlı, Bayram Bayramov, Hüseyn Abbaszadə, Məsud Əlioğlu, İsi Məlikzadə və b. Bu insanların bir binada yaşamağı bilirsiniz nə deməkdir? Çək-çevir, mübahisələr, qovğalar...

Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevlə
Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevlə
Atamın bioqrafiyasında ən maraqlı məqamlardan biri 1976-cı ildə “Dövlət mükafatı” almağı ilə bağlıdır. Hüsü Hacıyev küçəsindəki evdə əvvəllər İsa Hüseynovla bir yerdə yaşayırdıq. Çox qəribədir ki, atam bu otaqda “Nəsimi” poemasını, İsa Hüseynovsa o biri otaqda “Məhşər” romanını yazırmış. Sonradan bu romanın əsasında “Nəsimi” filmini çəkdilər. Filmi və poemanı mükafat üçün təqdim edirlər. Eyni zamanda Bəxtiyar Vahabzadə də poemalarını mükafata təqdim edir. Qonşumuz Əliağa Kürçaylı mərd adam idi, bir gün qapı qonşusu Bəxtiyar Vahabzadənin evinə gəlir ki, Bəxtiyar, sən Heydər Əliyevlə nərd oynayan adamsan, namizədliyini irəli sürmə, qoy mükafatı Qabil alsın! Bəxtiyar Vahabzadə deyir baş üstə, amma sən də məni arxayın sal ki, əsər təqdim etməsəm, mükafatı Qabilə verəcəklər. Çünki, ortalıqda İsa Hüseynov var idi: Heydər Əliyevin tapşırığı ilə Həsən Seyidbəyliylə bir yerdə “Nəsimi” filmini çəkmişdilər. Əliağa Kürçaylı Bəxtiyar Vahabzadə ilə söhbətini atama danışır. O vaxt da İmran Qasımov Yazıçılar Birliyinin sədri idi, bütün filmlərini Həsən Seyidbəyli ilə bir yerdə çəkirdilər. Təsadüfən, bu iki sənətkarın arası dəyir. İmran Qasımov “Azərbaycan” jurnalına tapşırır ki, Qabilin adı mükafata təqdim olunsun. Atam da fikirləşirmiş ki, məni dolayırlar. (gülür) Bir tərəfdən film, bir tərəfdən də Bəxtiyar Vahabzadə... Məsələnin nə yerdə olmağından da atamın xəbəri olmayıb. Qiymətləndirməni əsasən, Heydər Əliyev aparırdı. Dövlət Mükafatında cəmi dörd yer olur ki, onu da gözlənilmədən başqa sahələrə verirlər. Həmin il Heydər Əliyev Moskvadan əlavə iki yer alır, atam və Bəxtiyar Vahabzadə bu mükafata layiq görülürlər.

***

Atam rəhmətə gedəndən sonra Prezident Bəylər Əyyubova tapşırıq vermişdi. Bəylər müəllim məni prezidentin tapşırığı ilə qəbul etdi. “Atan mənim də dostum olub, nə
Qabil
Qabil
lazımdırsa, köməklik göstərəcəyəm. Amma bil ki, səni prezidentin tapşırığı ilə qəbul edirəm. Nə desən, ona çatdıracağam. Qabil müəllimin qəbirüstü abidəsini də götürəcəyik” dedi.

- Axırı necə oldu? – soruşuram.

- (Gülümsəyir.) Atam həmişə deyərdi ki, öldün, qurtardı getdi! Bir də ki, bağda ərik məsələsi...

- Harda işləyirsiniz?

- Hətta o vaxt prezident üç dəfə tapşırıq vermişdi ki, Qabilin oğluna iş verin, amma onun sözünü yerinə yetirmədilər. Yeri gəlmişkən deyim, “Xalq qəzeti”ndəki işimdən də uzaqlaşmışam, indi işsizəm. Əslində, baş redaktor məni buraxmaq istəmirdi, amma jurnalistikadan, qəzetçilikdən usanmışam.

Nə isə, mövzudan uzaqlaşmayaq. Bir dəfə Fəxri Xiyabanda Elçin Əfəndiyevə yaxınlaşdım ki, atamın qəbirüstü abidəsinin götürülməsi üçün kömək etsin, bir həyətdə böyümüşük də! Heç gözləməzdim, acıqlandı ki, get-get, get Hacıbala Abutalıbovun yanına, get, o götürsün. Atam Anarla, Fikrət Qoca ilə dost olub, amma hər ikisi dostlarının ölümündən sonra bizim ailəyə eynən Elçinin münasibətini göstərdilər.

Xalq yazıçıları, xalq şairləri dünyasını dəyişəndə, dövlət fəxri xiyabanda dəfn üçün 16 min manat pul ayırır. Əgər ölü yiyəsi 16 min manatdan artıq xərc çəkmək istəyirsə, öz cibindən verməlidir. Burda artıq problem başlayır. Biri deyir ki, mənim atam filankəsdən əskik kişidir ki, heykəli balaca olsun? Eşitdiyimə görə, Məmməd Arazın qəbirüstü abidəsinin götürülməyinə 120 min manat, Bəxtiyar Vahabzadəninkinə 110 min, Hacıbaba Bağırova 75 min manat xərc çəkilib. Atam dünyasını dəyişəndə 16 min manatdan əlavə 13 min manat da mən cibimdən pul xərcləmişəm ki, normal bir abidə başa gəlsin. Bakının küçələrinə yüz kilometrlərlə döşənən qranit səkiləri görəndə Fəxri Xiyabana qarşı bu iqtisadı xəsisliyi başa düşmürəm.

Atam sağlığında çox adamın əlindən tutmuşdu. Pulu-parası olmasa da, zənglə hər şeyi həll edirdi. Məsələn, Əli İnsanova zəng vururdu ki, bir şairə qadın var, öd kisəsindən əməliyyat olunmalıdır, imkanı yoxdur, ona kömək edin. Ramiz Mehdiyevdən xahiş etmişdi, Ramiq Muxtar xəstədir, müalicəyə göndərilməlidir. Heydər Əliyevdən dostu Fikrət Sadığa fərdi təqaüd, ev istəmişdi! Fikrət Sadıq ev də aldı, təqaüd də! Yazıçılar Birliyinin ötən qurultayı ərəfəsində atam televizorda baxdı ki, prezident yazıçıları qəbul edib. Anara zəng vurdu, mənə niyə xəbər etməmisiniz? Anar nə desə yaxşıdır: “səni aparsaydıq, birinə ev, o birinə təqaüd istəyəcəkdin! Sonra başqaları bunu əldə bayraq ​edib mənim üstümə gələcəkdilər, davada qalacaqdım”. Gözəl məntiqdir, hə?! (Gülümsəyir)

Yazıçılar Birliyindəki bugünkü problemlərin bir səbəbi var: Anar, Elçin Əfəndiyev
Qabil həyat yoldaşı və digər yaxınları ilə
Qabil həyat yoldaşı və digər yaxınları ilə
atalarının təbliği ilə çox məşğul olur, yerdə qalanlar unudulur! Vaxtilə Cabir Novruz fondu var idi, amma Abşeron Rayon İcra Başçısı olan oğlu Mirzəbəy rəhmətə gedəndən sonra, Cabir Novruz haqqında heç kim yazmadı, danışmadı. Çünki sağlığında bir yazı yazıb 10-15 sot torpaq alırdılar, indi bu yoxdur. Polad Bülbüloğlu nazir olanda Bülbülün adına beynəlxalq festival keçirilirdi. Niyazi, Fikrət Əmirov, Üzeyir Hacıbəyov yaddan çıxmışdı. İndi Polad nazir deyil, müsabiqə də ki...

***

Ömrü boyu anamdan bir söz eşitdim: Qabil, içmə! On üç yaşından 81 yaşınacan içdi. 39-cu ildə dayıları ova gedəndə atamı da aparıblar, görüblər soyuqdur, uşağın dişi-dişinə dəyir, stəkanı doldurublar ki iç, qızışacaqsan! O, bu, ta ömrünün axırınacan içdi. Bircə son üç gün araqdan çəkindi, qorxdu, içmədi. 2002-ci ildə Heydər Əliyev “Təzə bazar”ın yanında atama ev vermişdi, orda yaşayırdıq. Mənə 200 dollar pul verdi ki, get mağazaya, filan-filan şeylər al! Gəldim evə, təzədən 300 dollar verdi ki, apar xırdala, gətir. Saat altının yarısı idi, özüm də yorğun idim. Dedim ata, sabah səhər gedərəm də, indi vacibdir? Əsəbiləşdi ki, indi get, bəlkə sabaha çıxmadım? Deyinə-deyinə getdim, nə demişdisə yerinə yetirdim. Axşam saat onda bir rumka arağı qoydu qabağına, məndən soruşdu ki, içim ya yox? Dedim ata, özün bil, mən heç nə deyə bilmərəm. Qayıtdı ki, içsəm ölmərəm? Sonra nə fikirləşdisə, arağı butulkaya tökdü, qapağını bağladı, aparıb qoydu yerinə, getdi yatmağa. Saat 12-yə qalmış birdən qışqırdı ki, “Mahir!!!“. Gəldim ki, oturub yerin içində, özündə deyil. Təcili yardım gəlsə də, xeyri olmadı.

Aprelin üçündə - ilk şeirinin “Ədəbiyyat qəzetində” dərc olunduğu gün - ədəbiyyata gəldiyi gün gözlərini əbədilik yumdu.
Prezident İlham Əliyev xalq şairi Qabilin dəfn mərasimində
Prezident İlham Əliyev xalq şairi Qabilin dəfn mərasimində

Yazıçılar Birliyində Məclis, başda birliyin katibi Anar əyləşib
Yazıçılar Birliyində Məclis, başda birliyin katibi Anar əyləşib
XS
SM
MD
LG