Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:41

Zeynal Məmmədli: "Ən dəhşətlisi budur ki..." ("Ulduz polemikası")


Zeynal Məmmədli
Zeynal Məmmədli
-

"Bilirsiniz, jurnal çıxarmaq başqa şeydir axı! Bu təkcə müsahibədən, hekayədən, şeirdən ibarət deyil".

"Ən dəhşətlisi budur ki, Azərbaycanda yazarlar bir-birinin oxucusudurlar. Təsəvvür edin ki, iki min yazar var, amma bir ədəbi jurnalın iki min tirajı yoxdur".


"Ulduz" jurnalının gənclər buraxan son sayı polemikaya səbəb olub. Əsəd Cahangir həmin sayı sərt tənqid edib, gənclər isə tənqidlərin böyük hissəsi ilə razılaşmırlar. "Oxu zalı" məsələ ilə bağlı jurnalistika nəzəriyyəçisi Zeynal Məmmədlinin də fikirlərini öyrənib.


- Zeynal bəy, ədəbi prosesi izləyə bilirsinizmi?

- Tam izləyə bilmirəm. Belə deyək, epizodik izləyirəm. “Alatoran”, “Azərbaycan”, “Ulduz” jurnallarının hər sayını olmasa da, əlimə düşdükcə oxuyuram.

- Adını çəkdiyiniz jurnallar necə çıxır?

- Bilirsinizmi, bu jurnallardakı materiallar sanki müəlliflərin, yazarların özləri üçün hesablanıb. Yəni yazarlıq sənətini seçmiş adamların özləri üçün yazdıqlarından savayı bir şey deyil. Özümüz-özümüz üçün yazıb çap etdiririksə, deməli, vəziyyət başqa cürdür.

- Oxuduğunuz materialların içində necə deyərlər, heç olmasa dişə dəyəsi yazılar olurmu?

- Yox, mən demək istəmədim ki, bu materiallar zaydır. Bu sahədə bizim mexanizmimiz yoxdur, qurulmayıb. Yazıçı həm əsər yazır, həm redaktordur, həm də reklam menecerliyi ilə məşğul olur. Nəşriyyat rəhbərləri də brend imzalara daha çox önəm verirlər. Bu brendlər də mediada formalaşırlar.

Mən hər şeyi başa düşürəm, çətinliklərin olmasını qəbul edirəm, amma yazarlar böyük ədəbiyyatdan danışırlar, müsahibələrində marka imzalardan bir-ikisinin adını çəkirlər, ancaq maraqlanmırlar ki, bu markalar necə, hansı mühitdə formalaşıblar. İddialar çoxdur, amma təəssüf ki, hamısında bir əyalət fonu var. Bir tərəfdən də bunun günahını tam olaraq yazıçıda axtarmaq düzgün deyil.

Məhsulun reklamı ilə məşğul olan insanlar olmalıdır. Yazıçı yaxşı-pis əsərini yazır, amma həmin yazıçı baş redaktor, media meneceri təyin olunandan sonra bu işi bacarmırsa, o bunda günahkar deyil. “Ulduz” jurnalını çıxaran gənclərlə redaktor, tənqidçi arasındakı qarşılıqlı ittihamlar var. Bu təşəbbüs çox yaxşıdır, amma bu təşəbbüsün gerçəkləşməsi üçün hansı işlər görülüb? “Ulduz”un baş redaktorunun gənclərə qapı açması çox yaxşıdır, deyək ki, gənclərin də bunu qəbul etməsi lap əla... Amma kimsə bir layihə irəli sürmüşdümü ki, mən bu jurnalda bunları edəcəyəm? Bu jurnalda nələr öz əksini tapacaq, fərqli cəhəti nə olacaq, büdcəsi nə qədər olacaq və s... Ona görə də tərəflərin hamısı haqlıdır və eyni zamanda da hamısı haqsızdır.

Çox qəribə bir situasiyadır. Məsələn, büdcə məsələsində hər iki tərəf haqlıdır. Bir şeyi qəbul etmək lazımdır ki, bizim mühitdə ədəbiyyatla yazar özünü dolandıra bilməz, bu iqtidarda deyil. Çünki bazar inhisardadır və inhisarçı bazar da peşəkara ehtiyac duymur. Tənqidçi və jurnala məsul adamın bir-birini ittiham etməyə, bir-birinin ətini yeməyə yer yoxdur. Çünki söhbət mühitdən gedir. Yəni ədəbi toxumlar hansı mühitə əkiləcəksə, ədəbiyyat söhbətindən əvvəl o mühit önə çəkilməlidir. İndi Allaha şükür, elektron media imkanları var, vacib deyildi ki, “Ulduz” jurnalını götürüb “mən səndən yaxşı jurnal buraxdım” desinlər.

- Zeynal bəy, əgər jurnal satılmırsa, birrəng çıxırsa, materialları müzakirə doğurmursa, bu kimin günahıdır? Baş redaktorları sığortalamağınız bir az qəribə səslənmirmi?

- Yox, baş redaktor yaradıcı menecmentlə məşğul olan adamdır. Düzdür, ədəbi jurnal baş redaktoru ilə adi media orqanı baş redaktorunu müqayisə etmək olmaz. Ədəbi jurnal baş redaktorunda bəlli bir satış meneceri funksiyası da olmalıdır. Amma bu çox artıq yox, dozasında olmalıdır. Ümumiyyətlə, araşdırma aparılıbmı ki, bu jurnallar kimin üçün çıxır, nə qədər satılır?

Təsəvvür edin ki, zay bir jurnal çıxır, yaxşı satılır, pul gətirir və s. Onda biz deyəcəkdik ki, Azərbaycanda ədəbi mühit canlanır?! Xeyr! Ən dəhşətlisi budur ki, Azərbaycanda yazarlar bir-birinin oxucusudurlar. Təsəvvür edin ki, iki min yazar var, amma bir ədəbi jurnalın iki min tirajı yoxdur. İstər-istəməz bir sual yaranır: niyə bu yazarlar ədəbi jurnallara abunə olmurlar? Siz əgər doğrudan da ədəbiyyatçısınızsa, sizi birləşdirən nöqtələr ayıran nöqtələrdən çox olmalıdır. Siz ədəbiyyatda ad, şöhrət qazanmaq üçün çalışırsınız, yoxsa doğrudan da ədəbiyyat adamısınız? Mən bunu anlamıram. Nəticələr imkan vermir ki, deyəsən bu insanlar əsl ədəbiyyat adamıdır.

Təşəxxüs, yuxarıdan baxmalar, bir-birinə sataşmalar niyə arxa plana keçmir? Hərdən cığal davranışla, hərdən status səviyyəsində bəyanatlarla ədəbi məhsul yaranmayacaq. Bilirsiniz, jurnal çıxarmaq başqa şeydir axı! Bu təkcə müsahibədən, hekayədən, şeirdən ibarət deyil. Jurnal rəhbərliyi özü-özünə sual verməlidir ki, mənim platformam nədir,
"Ulduz" jurnalının gənclər buraxan son sayı
"Ulduz" jurnalının gənclər buraxan son sayı
kimin üçün jurnal çıxarıram, planım nədir? Bilirsiniz, informasiyanın özündən çox iddialar var. Əgər bir verilişdə interküy sənin mesajını üstələyirsə, o veriliş anlaşılmayacaq. Azərbaycan yazarlarının buraxdığı dərgilərdə interküy işi üstələyib, ona görə də əsas mesajın nə olduğu başa düşülmür.

- Bəzən deyirlər, çağdaş ədəbi jurnal təkcə ədəbi nümunələrdən ibarət olmamalıdır. Oxucu orda məsələn, seks ulduzlar haqqında da yazıya rast gəlməlidir. Bu barədə nə fikirləşirsiniz?

- Belə çıxır ki, media tam saralmalıdır?

- Tam yox, hesab edin ki, yetmişin otuza nisbəti...

- Xeyir, bunu bir adı var: saralma və bulvarlaşma! Elə ədəbi jurnal buraxmaq olar ki, bu məsələlər yerinə düşsün. Amma baxır jurnalı hansı auditoriya üçün nəşr edirsən. Əvvəl bizim qəzetlərin təkcə son səhifəsi sarı olurdu və sonralar plüralizm olmadığından bulvarlaşmağa məhkum oldu. Sarı mətbuat nədir?! Qışqırırsan, maraqlı ola bilər, amma yalandır, peşəkarlıq tələb etmir. Guya oxucu qazanırıq, amma nəticə etibarı ilə qazanc mənasız bir şeyə çevrilir. Sizin dediyiniz materialları saytlar da, qəzetlər də verirlər. Deyə bilərikmi onlar yetərli maliyyə qaynaqlarına malikdirlər? Yox!

- Yazıçılar Birliyinin jurnalları müzakirə mövzusu olanda, bir məsələ də dartışılır: yaxşı jurnalın nəşr olunması üçün tənqidə açıq, azad fikrə dözümlü olan mühit lazımdır...

- Bu məsələnin Yazıçılar Birliyi ilə bağlamağa ehtiyac yoxdur. Nəşrin maliyyəsi çox şəffaf kanaldan gəlmirsə və media orqanı gəliri bazardan qazanmırsa, istər-istəməz məhdudiyyət olacaq. Bu məhdudiyyət siyasi xarakterli də ola bilər, kommersiya xarakterli də! Ona görə də mən xüsusi olaraq Yazıçılar Birliyini önə çəkməyi mənasız hesab edirəm. Çünki bu birilərini oxuyuram və görürəm ki, bu tərəfdə məhdudiyyət heç də AYB-dən fərqli deyil. Bu başqa məsələdir ki, söz və mətbuat azadlığı olmasa monopoliya, siyasi məhdudiyyətlər dağılmayacaq.

Söz və mətbuat azadlığı elə bir bombadır ki, o bomba korrupsiyanı da, inhisarçılığı da ən azı zəiflətməyə yetərlidir. Bu amili formalaşdırmağa yazıçılar bizə kömək etməlidirlər. Dünyadakı yazıçıların xeyli qismi jurnalistikada olublar, xəbər yazıblar. Bizim yazıçılar mediadan ad qazanmaq üçün yararlanırlar. Media içində özünün yazıçı sayırlar, yazıçılar içində də bunları jurnalist sayırlar. Azərbaycan yazarlarının mütləq əksəriyyəti bu vəziyyətdədirlər.

- Dediniz, “Alatoran” jurnalını da oxuyursunuz. AYB-nin və AYO-nun jurnalları arasında ciddi fərq görürsünüzmü?

- Azərbaycan gerçəklərinə daha yaxınlıq, sərbəst baxış, zamana adekvat olmaq baxımından üstünlük gənclərdədir. Amma bu məsələlər, bir də görürsən, “Ulduz” jurnalında da olur. O başqa məsələ ki, haqlı qeyddir: gənclik jurnalını gənclər buraxmalıdır. Axı, sovet dövründə də adam mat qalırdı: gənclik jurnalını gənclər nəşr etmirdilər. Sovet dövründə də...

Bu o demək deyil ki, o jurnalda yaşlı bir məsləhətçi olmamalıdır. Amma bütövlükdə, həlledici işləri gənclərin öhdəsinə buraxmaq lazımdır. Amma mən qorxuram ki, bundan sonra iddialar ön plana çıxsın. Yüz faiz əminəm ki, bu gün haqlı özəllikləri dilə gətirən gənc adlananlar gələcəkdə daha konservativ olacaqlar. Yazıçılar özlərinə xüsusi bir status tələb edirlər. Sanki bunlar yazar olduqlarına görə, bunları dövlət büdcəsi hesabına saxlamaq lazımdır. Absurd bir şeydir də! Parazit psixologisıdır da, düz deyilmi?!
XS
SM
MD
LG