Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:39

Şekspir sonetlərini bordel sahibinə həsr edibmiş?!


William Shakespeare
William Shakespeare
-

Deyəsən, britaniyalılar Şekspirin sonetlərində adı çəkilən “Qaraşın ledi”nin ("Dark Lady") kim olduğunu neçə əsrdən sonra müəyyənləşdiriblər.

Xəbəri "The Independent" qəzeti yayıb.

Bu fərziyyə 1930-cu ildən ədəbi çevrələrdə dolaşırdı.

Ancaq indi şekspirşünas Duncan Salkeld əminliklə söyləyir ki, Şekspirin “Qaraşın ledi”si o dövrdə Londonun Clerkenwell rayonunda yaşayan və orada bordel sahibi olan “Qara Lüsiya” (Black Luce) ləqəbli fahişə qadındır.

Məsələ burasındadır ki, Chichester Universitetinin müəllimi olan araşdırıcının əlinə Şekspirin müasiri Philip Henslowe-nin gündəlikləri düşüb.

Philip Henslowe o dövrdə şəhərdəki dörd teatrdan biri olan “Qızılgül” adlı teatrın (Rose Theatre) sahibi imiş.

Bu teatr Şekspir teatrının aktyorları ilə yarışırmış və maraqlıdır ki, bu ona böyük dramaturqun pyeslərini səhnəyə qoymağa mane olmurmuş.

Duncan Salkeld həmin Philip Henslowe-in gündəliklərində Qara Lüsiya və onun kompanyonu—başqa bir bordelin sahibi Jilbert İstlə (Gilbert East) bağlı qeydə rast gəlib.

Philip Henslowe yazır ki, o tez-tez Jilbertlə nahar edirmiş və həmin şəxs onun daşınmaz əmlakını idarə edirmiş.

Duncan Salkeld bu nəticəyə gəlib ki, hər iki şəxs teatral çevrələrdə məşhur idi və Şekspir şübhəsiz “Qara Lüsiya”nı tanıyırdı.

Duncan Salkeld həmçinin Şekspirin Lüsiyanın yaşadığı Clerkenwell rayonuyla bağlı olduğunu da müəyyənləşdirib.

Araşdırıcının fikrincə, bu rayonda Şekspirin qohumları yaşayırmış və Şekspir orada tez-tez olurmuş.

Duncan Salkeld Qara Lüsini “Qaraşın ledi” obrazına ən real namizəd sayır və əlavə edir ki, bu obrazın arxasında kim durursa-dursun—Şekspir onu Clerkenwell rayonundakı fahişənin cizgiləri ilə bəzəyib.

Xatırladaq ki, qaragözlü, qarasaçlı “Qaraşın ledi”yə Şekspir 20-dən çox sonet həsr edib.

Duncan Salkeld-in araşdırmasının bu ilin oktyabrında Ashgate nəşriyyatında çap olunacağı deyilir.
XS
SM
MD
LG