Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:58

Elçin Əlibəyli: “Müsabiqənin baş tutmaması xəbəri yalandır”


Elçin Əlibəyli
Elçin Əlibəyli
-

"Amma ola bilər ki, işlərimizi bu tarixə qədər yekunlaşdıra bilməyək".


Publika.az saytının keçirdiyi ədəbiyyat müsabiqəsinə əsər qəbulu avqustun 8-də başa çatsa da, bu haqda əlavə informasiya verilmədiyindən bir sıra haqlı suallar ortalığa çıxdı.

Hətta müsabiqənin taleyinin sual altına düşdüyünü iddia edənlər də tapıldı.

Müsabiqə haqqında məlumat almaq üçün saytın baş direktoru Elçin Əlibəyli ilə əlaqə saxladıq. Onun sözlərinə görə, müsabiqənin baş tutmaması xəbəri yalandır, sadəcə, təqdim olunan əsərlərin çoxluğu onları saytda yerləşdirməyə imkan verməyib.

“Müsabiqə davam edir. Bu dəqiqə əsərlərin təsnifatı aparılır. Çünki müsabiqəyə əsər təqdim edən yazarların siyahısı böyükdür. Təsnifat aparılandan sonra əsərlər ekspertlərə göndəriləcək. Artıq ekspertlər müəyyənləşib. Həmin ərəfədə biz ətraflı məlumat açıqlayacağıq ki, neçə əsər qəbul etmişik, neçəsini ekspertlərə göndərmişik. Təbii ki, biz ekspertlərin rəyləri haqqında məlumat açıqlayacağıq. Bundan sonra münsiflərin tərkibi formalaşdırılacaq”.

Baş direktor deyib ki, qaliblərin adlarının elan olunan vaxtda açıqlanmayacağı ehtimalı da var:

“Çalışacağıq ki, qaydaya uyğun olaraq qalibləri oktyabrın 18-də müəyyənləşdirək. Amma ola bilər ki, işlərimizi bu tarixə qədər yekunlaşdıra bilməyək. Çünki əsər çox göndərilib. Oktyabrda qalibləri elan edə bilməsək, təqdimatı yeni ilə saxlayacağıq. Əvvəl əsərlər sayta yerləşdirilirdi, amma sonra say etibarı ilə çox olduğuna görə yerləşdirmək mümkün olmadı. Bu gündən başlayaraq qəbul olunan bütün əsərləri sayta yerləşdirəcəyik. Hətta fikrimiz var ki, oxucuların səs verməsi üçün şərait yaradaq. Həmin səsvermənin nəticəsinə uyğun olaraq əsas mükafatdan əlavə “Publikanın sevimlisi” adında əlavə mükafat təqdim olunacaq.

Bütün bu dəyişiklik haqqında oxuculara informasiya niyə verilməyib? Sualına isə Elçin Əlibəylinin cavabı belə olub:

“Məsələ ondadır ki, bu müsabiqəyə daha ciddi və geniş anlamda yanaşmaq üçün biz öz daxilimizdə qaydalar müəyyənləşdirdik. Həmin qaydalar indi müəyyən olunduğu üçün bu barədə təbii ki, saytda məlumat veriləcək. Yəqin ki, üzümüzə gələn həftənin əvvəli məlumat açıqlayacağıq. Şərtlərimizdə dəyişiklik yoxdur, amma hər şey ekspertlərin rəyindən asılı olacaq. Çünki mən əmin deyiləm ki, təqdim olunan əsərlərin hamısı güclü yazılardır”.

Xatırladaq ki, müsabiqənin qaydalarına görə münsiflərin qalib hesab etdiyi müəlliflər hər janr üzrə 1 yer olmaqla 3 kateqoriya üzrə mükafatlandırılacaqlar:

1. Birinci yerlər – şeir və hekayə üzrə hər biri 700 manat
2. İkinci yerlər – şeir və hekayə üzrə hər biri 400 manat
3. Üçüncü yerlər – şeir və hekayə üzrə hər biri 150 manat.
XS
SM
MD
LG