Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:06

Niqab taxan 425 qadının hər biri 150 avro cərimələnib


Paris, 11 aprel 2011
Paris, 11 aprel 2011
-
Bu yaxınlarda Fransanın Marsel şəhərində keçirilən aksiyada polis 7 nəfəri saxladı. Günahı maska taxmaqları idi. Onlar 2011-ci ilin aprelində çıxan və üzü tamam örtməyi qadağan edən qanunu pozmuşdular.

Aksiyaçılar əslində Rusiyada «Pussy Riot» feminist pank-qrupunun üzvlərinə verilən cəzaya etiraz edirdilər. Pozduqları qanun isə, əvvəlki prezident Nicolas Sarkozy'nin təbirincə desək, ölkədə artan ifratçı islamı hədəf almışdı.

Bir ildən çoxdur qüvvəyə minməsinə baxmayaraq, tərəfdarları da, əleyhdarları da bu qanunun elə də təsirli olmadığını bildirir. Çoxları bunu müsəlmanlarla polisin yaxşı münasibətləri ilə əlaqələndirirlər.

Fransa Avropa ölkələri arasında müsəlmanların ən çox yaşadığı ölkədir. Fransanın Daxili İşlər Nazirliyinin sözçüsü Pierre-Henry Brandet bildirib ki, niqab taxan 425 qadının hər biri 150 avro cərimələnib. 66 qadına isə xəbərdarlıq edilib. Brandet bildirib ki, əksər hallarda polis tələb edəndə, qadınlar örtüyü çıxardır. Qanunun tərəfdarları deyir ki, Fransanın dünyəvi respublika dəyərlərini qorumaq üçün bu, vacibdir.

Kenza Drider ailəli müsəlman qadın kimi niqab taxır. Deyir ki, o, bunu dini vəzifəsi hesab edir.

NİQAB ÖRTDÜYÜ ÜÇÜN TƏHQİR OLUNUR

İslamı sonradan qəbul etmiş 4 uşaq anası Kenza isə deyir ki, bu, boş, mənasız qanundur. Polis tələb edəndə, o, örtüyü çıxardır, sonra yenə taxır. Deyir ki, yaşadığı Avinyon şəhərində polis onu tanıyır. Saxlamaq əvəzinə əl edib onu salamlayır.

Marsel, 24 dekabr 2009
Marsel, 24 dekabr 2009
Mərakeşdən köçüb gəlmiş 33 yaşlı Hind Ahmas deyir ki, ailəsi əleyhinə olsa da, 8 ildir niqab taxır. Ahmas'ın 5 yaşında qızı var. Həyat yoldaşından boşanıb. Deyir ki, bu qanun onun həyatını alt-üst edib. Niqab örtdüyü üçün təhqir olunur. O, məhkəməyə müraciət etdiyini, Avropa İnsan Haqları Məhkəməsinə də üz tutacağını bildirir.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 65 milyon əhali arasında niqab taxanlar 2 minə yaxındır. Onların da çoxu Ahmas kimi fəal deyil.

Sen-Deni Müsəlman Dərnəkləri Birliyinin baş katibi Muhammed Henniche deyir ki, bu qanun niqab taxan qadınların fəaliyyət imkanlarını məhdudlaşdırır, onlar öz məhəllələrindən kənara çıxmır.

Henniche deyir ki, Londona gedəndə, ən çox diqqəti cəlb edən niqablı qadınların sayı olub:

«Necə açıq ölkədir, demək, ingilislər açıq bir xalq imiş…».
XS
SM
MD
LG