Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 04:50

Zakir Qaralov: «Gülər Əhmədova ilə bağlı başlanan cinayət işi prezidentin nəzarətindədir»


Zakir Qaralov
Zakir Qaralov
-

«Gülər Əhmədova ilə bağlı başlanan cinayət işi birbaşa prezident İlham Əliyevin nəzarəti altındadır. Bu cinayət işini siyasiləşdirmək olmaz».

APA-nın məlumatına görə, bunu baş prokuror Zakir Qaralov Elşad Abdullayev və Gülər Əhmədovanın videosu ilə bağlı başlanan cinayət işinin istintaqından danışarkən deyib.

Baş prokurorun sözlərinə görə, materiallarla bağlı müxtəlif ekspertizalar təyin olunub:

«Dünən əməkdaşlarımız Azərbaycan Beynəlxalq Universitetinin binasında olublar. Həmin videoçəkilişin aparıldığı otağa baxış keçirilib. Bütün bu araşdırmalar başa çatandan sonra aydın olacaq ki, həmin videoyazı hansı otaqda və hansı məqsədlə aparılıb».

Baş prokuror deyib ki, G. Əhmədova özü istintaqın obyektiv aparılması üçün deputat toxunulmazlığı hüququndan imtina edib: «O da hesab edir ki, istintaqa yaxından kömək edəcək».

Z. Qaralov bildirib ki, Gülər Əhmədova ilə bağlı videomaterial yayan Elşad Abdullayev Azərbaycana gəlməlidir: «İlk növbədə Elşad Abdullayevlə Gülər Əhmədova üzləşdirilməli, cinayət işi bağlı Elşad Abdullayevə müxtəlif suallar ünvanlanmalıdır. Bu suallardan biri budur ki, Elşad Abdullayev hansı səbəbə görə bu görüntüləri 7 il saxlayıb, yalnız Azərbaycanı tərk edəndən sonra ictimaiyyətə açıqlayıb. Əgər o, korrupsiyaya qarşı mübarizə aparan şəxsdirsə, deputatlığa namizədliyini verdiyi dövrdə ona qarşı olan əməlləri istintaq orqanına bildirməli idi. Belə bir müraciət isə olmayıb».

Sentyabrın 25-də deputat Gülər Əhmədovanı rüşvət almaqda ittiham edən video yayılıb.

Videoçəkilişlərdə əks olunan məlumatlar Bakı şəhər prokurorluğunda araşdırılıb. Bundan sonra Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Məlumatda bildirilir ki, yayılan audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri var. Həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyi nəzərə alaraq cinayət işi açılıb.
XS
SM
MD
LG