Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:19

İvanishvilinin bir gündə 4 səhvi


Bidzina İvanishvilinin bloku seçkini udub. İndi bu blokun parlamentə düşən deputatları baş nazirliyə İvanishvilini irəli sürə bilərlər. Ancaq konstitusiyaya görə, İvanishvilinin təyinatını gərək prezident kimi Saakashvili təsdiqləyə. Saakashvilinin İvanishvili ilə münasibətləri isə hamıya bəllidir.

Bunu təkcə ona görə demirik ki, Gürcüstanda pat vəziyyəti yaranır. Bu məsələ üstündə mətbuat konfransında İvanishvilinin xarici jurnalistlərlə mübahisəsi düşüb.

Və məlum olub ki, Gürcüstan konstitusiyasını xarici jurnalistlər İvanishvilidən yaxşı bilirlər. İvanishvili onların səhv olduğunu təkidlə desə də sonda etiraf etdi ki, onun özü səhv deyirmiş,

DALBADAL İKİ SƏHV

Konstitusiyanı bilməməyini nümayiş etdirmək İvanishvilinin birinci səhvi olub.
Yəqin ki, mətbuat konfransında olan xarici jurnalistlər bunu açıb-ağartmayacaqdı.

Ancaq İvanishvili ikinci səhvini buraxıb. O nüfuzlu xarici medianın jurnalistini Saakaşvili hakimiyyətinə əlaltılıq etməkdə ittiham edərək, təhqir edib.

İVANİSHVİLİ NİYƏ CİNLƏNİB?

ABŞ-ın Bloomberg televiziyasının müxbiri soruşub ki, “siz indi hakimiyyətə gələndə Gürcüstanın “vor zakonları” qayıda biləcəkmi?” ( Sual ona görə verilir ki, Saakashvili “vor zakon” deyilən oğrubaşıları ya həbsxanaya salıb, ya da onlar ölkədən qaçıb, və hökumətin son vaxtlar göstərdiyi videolarda müxalifət liderləri ilə məşhur vor zakonların ünsiyyətdə olması yer alıb).

Bu sualı eşidəndə İvanishvili cinlənib: “ Sizə kim deyib bu sualı verəsiniz? Saakashvili? Bokeria?” ( Bokeria prezidentin müşaviridir).
İvanishvili deyib: “Bu düzgün sual deyil. Mən cavab vermirəm”.

İvanishvilini səhvlərdə, sözlərinin bir-birinə düz gəlməməsində və nəhayət təhqirdə tutan xarici medialar bu mətbuat konfransından sonra İvanishvili haqda bildiklərini, gördüklərini yazmağa başlayıblar.

"SİYASİ QABİLİYYƏTƏ YİYƏLƏNMƏSƏ"...

“Foreign Policy” yazır ki, mediada ““Gürcüstan Arzusu Gürcüstan Dəhşətinə çevrilir” başlığına az qalıb. Əgər İvanishvili siyasi qabiliyyətə tezliklə yiyələnməsə.”

“Mətbuat konfransına gələnlərdə şübhə oyandı ki, Saakashvilinin islahatçı, ancaq avtoritar idarəçiliyini tənqid etməklə seçkiləri udan İvanishvilinin özü nəyə qadirdir?

“Biz İvanishvili haqda çox bilmirik.” “Oktyabrın 2-dəki qələbə mətbuat konfransından sonra isə dəqiq deyə bilərik ki, o, natiq deyil.”

“İvanishvili nəinki tez-tez təkrarlanırdı, hətta həmin mətbuat konfransında böyük və nüfuzlu beynəlxlaq medianın nümayəndəsini Saakaşvilinin əlaltısı olmaqda ittiham etdi”.

DEDİKLƏRİ DÜZ GƏLMİR

“İvanishvilinin indi dediyi iki ay əvvəl dediyi ilə düz gəlmirdi. Ondan soruşdular ki, öz var-dövlətindən seçkiyə nə qədər xərcləyib. O cavab verdi ki, dəqiq bilmir, 1 milyon dollardan 3 milyon dollara kimi”.
Ancaq iyul ayında həmin İvanishvili deyirdi ki, “10 milyon dollar”.

Keçən ilə kimi İvanishvilini üzdən tanıyan çox az idi.
O Tbilisi yaxınlığında yaşayırdı. Onun yanına hətta jurnalistlər və yerli icra hakimiyyəti nümayəndələri də gedə bilmirdi.

İvanishvili sənət adamlarına və ziyalılara köməyi ilə məşhur idi və o, bu yardımı anonim edirdi.

İVANİSHVİLİ NƏYİ SEVİR? BƏS SAAKAŞVİLİ?

Foreign Policy-nin müxbiri Shaun Walker iki ay bundan qabaq Bidzina İvanishvilidən müsahibə götürüb.

O yazır ki, İvanishvili ilə rus dili tərcüməçisi vasitəsi ilə danışırdı.
Ona görə, eşitdiklərini həmin tərcümədə verir.

Beləliklə, İvanishvili Saakashvili haqda deyirdi:
“Əsas problem odur ki, o, sevginin nə olduğunu bilmir”.

Müxbir soruşub ki, Saakashvilidə məhz nədən İvanishvilinin xoşu gəlmir?

İvanishvili deyib: “Mən Saakashvilidən fərqli olaraq adamları sevirəm. Adamlar bunu hiss edir. Saakashvili isə yalnız seksi və yeməyi xoşlayır”.

Həmin görüşdə İvanishvili müxbirə deyib: “Mən əminəm ki, siz nəyi yazmalı, nəyi yazmamalını yaxşı anlayırsınız”.

BİR GÜN SONRA BİR SƏHVİNİ DÜZƏLTDİ

“Foreign Policy” İvanishvilinin həmin mətbuat konfransında bir neçə səhvi arasında onun Saakashvilinin istefasını tələb etməsini də göstərir.

Ancaq bir gün sonra İvanishvili deyib ki, “o, Saakashvilini istefa verməyə yalnız çağırış edib. Bu, ultimatum deyil. Və o, xalq naminə dialoqa hazırdır” .

İvanishvili yeri gəlmişkən, Saakashvilinin bir ittihamına da cavab verib. Saakaşvili İvanishvilini Rusiyanın adamı olmaqda ittiham edir.
İvanishvili oktyabrın 3-də deyib: “Biz Rusiyadan heç bir təbrik almamışıq. Bizim Rusiya ilə heç bir ünsiyyətimiz yoxdur. Mən artıq demişəm ki, ilk səsfərim ABŞ-a olacaq. Çünki ABŞ bizim əsas tərəfdaşımız və dostumuzdur”.
XS
SM
MD
LG