Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:00

Avropa Şurasında Ramil Səfərov debatı olub


AŞPA-nın 2012-ci il yanvar sessiyasından görüntü.
AŞPA-nın 2012-ci il yanvar sessiyasından görüntü.
-
Avropa Şurası Parlament Assambleyası oktyabrın 4-də Ramil Səfərovla bağlı cari məsələlər bölümündə müzakirə keçirib.

Bu məsələnin AŞPA sessiyasında müzakirəsi Hüquq İşləri və İnsan Haqları Komitəsi tərəfindən təklif olunmuşdu.

Müzakirə AŞPA-nın Ramil Səfərov məsələsində parçalandığını aydın göstərdi. Deputatları iki qrupa bölmək olardı. Azərbaycanın mövqeyindən çıxış edənlər bu məsələyə Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının işğalı kontekstindən baxılmasını dəstəklədilər. Digər qrup münaqişənin və ağır cinayətin bir-birindən ayrı nəzərdə keçirilməsinin zəruruliyini vurğuladılar.

AŞPA bir məsələsə tam yekdil idi.

Azərbaycan Ramil Səfərovun dərhal əfv edilib şərəfləndirilməsi ilə Strasburq Konvensiyasının hərfini pozmasa da ruhunu ciddi şəkildə pozub.

BƏS, TORPAQLARIN İŞĞALI CİNAYƏT DEYİLMİ?

Bu barədə ilk çıxış edən şəxs Böyük Britaniyanı təmsil edən Christopher Chope olub.

O deyib ki, bu məsələ ilk dəfə sentyabrın 6-da müzakirə ediləndə onun çox ağır təsirə malik olacağı qeyd edilmiş və cinayətkar hərəkətin şərəfləndirilməsi qətiyyətlə pislənmişdi.

Ramil Səfərovun Budapeştdən Bakıya verilməsi və bunun ardınca onun dərhal əfv olunması məsələsinə toxunan Chope əvvəlcə “əvf” sözünün hüquqi açımını izah etməyə çalışıb.

O bir daha vurğulayıb ki, yalnız cinayət törətmiş şəxs əfv oluna bilər və burada Rasmil Səfərov məsələsinin cinayət olub-olmaması qətiyyən müzakirə oluna bilməz.

Britaniyalı deputat bunu da qeyd edib ki, Ramil Səfərovun ekstradisiyası Avropa Şurasının qaydalarına uyğun şəkildə həyata keçirilib.

O deyib ki, bu qaydaların 12-ci Maddəsinə görə ekstradisiya olunmuş şəxs, onu qəbul edən ölkənin konstitusiyası və başqa qanunlarına görə bağışlana və əfv edilə bilər.

Cənab Chope deyib ki, burada ziddiyyət təşkil edən qanun və qanundan istifadə arasındadır və əgər ağır cinayət törətmiş şəxs cinayətinin şərəfləndirilməsi şəraitində təntətə ilə əfv olunrsa, burada qanundan istifadə prinsipi haqqında danışmağa yer qalmır.

Bundan sonra cənab Chope birbaşa Dağlıq Qarabağ münaqişəsi və bu barədə qəbul edilmiş dörd BMT Qətnaməsini yada salır və deyir ki, qanundan istifadə təkcə qətllərə deyil, həm də beynəlxalq hüquqa şamil edilməlidir.

Britaniyalı deputat bu qətnamələrin indiyədək icra edilmədiyini, Minsk Qrupunun ədaləti bərpa edə bilmədiyini və bunun nəticəsində hər iki tərəfə qanunların pozulmasında haqlı olduqlarını düşünməyə əsas verir.

MACARISTAN QEYRƏTİNİ NEFTƏ SATMAQDA İTTİHAM OLUNDU

Bundan sonra Avropa Xalq Partiyasından Fransanı təmsil edən François Rochebloine danışıb və dərhal özünün ermənilərin və başqa xalqların qəzəbinə emosional bağlılığını ifadə edib.

O deyib ki, fransızları bir qayda olaraq president Əliyevin xoş məramını görməməkdə ittiham edirlər, lakin onlar qatldən qəhrəman etmiş bir adama necə inana bilərlər?

“Onlar xoş məramla danışıq aparmayan, təhrif olunmuş dəyərlərə malik hakimyyətlə necə danışıq apara bilərlər?”- deyib fransalı millət vəkili.

Daha sonra cənab Rochebloine Macarıstana müraciətlə bildirib ki, Budapeşt məhkəmə hökmünü heç nəyə çevirib.

“Necə olub ki, belə böyük bir xalq borclarının neft diktatoru tərəfindən ödənməsi xatirinə öz qeyrətini satıb”, - deyib fransalı deputat.

Böyük Britaniyanı Sosialist Qrupundan təmsil edən Lord Anderson isə bildirib ki, öz həmvətəni cənab Chope-la həmrəydir.

O deyib ki, “bu nə Dağlıq Qarabağ debatıdır, nə də biz Səfərova yenidən məhkəmə qurmalıyıq”.

Lord Anderson bildirib ki, istər Macarıstan, istərsə də Azərbaycan Strasburq Konvensiyası çərçivəsində hərəkət ediblər, lakin suallar qalır.

Onun fikrincə, Səfərov məsələsində Ermənistanla məsləhətləşmələr aparılmalıydı. Yeri gəlmişkən onun bu mövqeyini sonraklı çıxışçılardan fransalı Salles də dəstəkləyib.

Lord Anderson macar həmkarlarına belə bir sual ünvanlayıb: “Bizim macar həmkarlarımız qətiyyətlə əmin edə bilərlərmi ki, bu ekstradisiyanın arxasında heç bir maliyyə və başqa mülahizələr dayanmayıb? Belə bir iddia var ki, bondlar şəklində 3 milyard funt sterlinq vəd edilib. Əgər belədirsə, onda bu konvensiyanın ruhuna tamamilə ziddir”.

Britaniyalı Azərbaycan nümayəndələrindən soruşub ki, əgər Ermənistan belə bir şey etsəydi, onlar özlərini necə hiss edərdilər?

Lüksemburqu təmsil edən Anne Brassier deyib ki, qətlin bu cür şərəfləndirilməsi Azərbaycan və Ermənistan arasındakı gərginliyi daha da artıracaq. O təklif edib ki, bu iş Siyasi Məsələlər və Demokratiya Komitəsi tərəfindən dərindən araşdırılmalıdır.

AZƏRBAYCAN KONVENSİYANI YOX, ONUN RUHUNU POZUB

Hollandiyalı deputat Tiny Kox deyib ki, Ramil Səfərovun Azərbaycana transfer edilməsinə yol açan konvensiya kamil bir sənəddir və vaxtilə mütərəqqi bir addım kimi qəbul edilib.

Onun fikrincə, transfer edilmiş cinayətkarın şərəfləndirilməsi konvensiyanın ruhunu pozub.

Kox əlavə edib ki, bu pozuntu ilə Azərbaycan həm də bu Assambleyanın dəyərlərinə hörmətsizlik göstərib.

O Azərbaycanı Ramil Səfərov məsələsinə yenidən baxmağa çağırıb.

BAKI BUDAPEŞTİ ALDADIB?

Macarıstanı təmsil edən İmre Vejkey deyib ki, Ramil Səfərovun ekstradisiyası 1983-cü ilin Srtrasburq Konvensiyasına uyğun və şəffaf şəkildə həyata keçirilib.

Cənab Veykey deyib ki, Macarıstan hökumətini bundan sonra baş verənlər, Səfərovun dərhal əvf olunması sarsıdıb.

O bildirib ki, Azərbaycan prezidentinin hərəkəti, Azərbaycan Ədliyyə Nazirliyinin Macarıstanın İctimai Administrasiya və Ədliyyə Nazirliyinə Ramil Səfərov barədə göndərdiyi 15 avqust 2012-ci il tarixli məktubla ziddiyyət təşkil edir.

ERMƏNİLƏR SƏFƏROV VƏ QARABAĞI QARIŞDIRMAMAĞA ÇAĞIRIBLAR

Ermənistan nümayəndə heyətindən David Harutyunyan Assambleya üzvlərinə Azərbaycanın hərəkətlərini pislədikləri üçün təşəkkür edib.

Lakin o, əlavə edib ki, Azərbayca tərəfi heç bir peşmançılıq ifadə etmir.
Harutyunyan vurğulayıb ki, Səfərov məsələsi münaqişənin çözümü məsələsi ilə qarışdırlmamalıdır.

İspaniya nümayəndəsi Pedro Agramunt AŞPA prezidentinin Ermənistan və Azərbaycanı bir araya gətirərək məsələni müzakirə etmək təklifini alqışlayıb, lakin əlavə edib: “Assambleya yadda saxlamalıdır ki, bu ölkələr 20 ildir ki, münaqişədədirlər və biri digərinin torpaqlarının 13 faizini işğal edib”.

Ermənistandan xanım Naira Zohrabyan deyib ki, Səfərovu Bakı aeroportunda təntənə ilə qarşlayanların arasında AŞPA-dakı bəzi Azərbaycan nümayəndələri də olub.

O deyib ki, Dağlıq Qarabağ heç vaxt etnik qətlləri lisenziyalaşdıran dövlətin tərkibində olmayacaq.

Azərbaycandan Aydın Abbasov Assambleyada Xocalı faciəsinin müzakirəsini təklif edib.

Başqa bir Azərbaycan nümayəndəsi Rövşən Rzayev bəyan edib ki, Ermənistan Səfərov məsələsini beynəlxalq ictimaiyyəti öz işğalçı əməllərindən yayındırmaq üçün ortaya atıb.

AZƏRBAYCAN ERMƏNİSTANIN YERİNDƏ OLSA…

Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da Xocalı faciəsinin AŞPA-da müzakirəsini vacib saydığını bildirib. Lakin bundan əvvəl o, Lord Anderson-un “Azərbaycan Ermənistanın yerində olsaydı, nə edərdi” sualına cavab verib: “1992-ci ildə üç erməni azərbaycanlı qadını, jurnalist Salatın Əsgərovanı qətlə yetirmişdi. İki ildən sonra Azərbaycan hökuməti onları Ermənistana transfer etdi. Bəs, Ermənistan nə etdi? Onlar dərhal azad edildilər.

1996-cı ildə Kamo Saakov adlı şəxs Bakı metropolitenini partlatmaq cəhdi ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilmişdi. Sonradan Azərbaycan bu şəxsi Ermənistana ekstradisiya etdi və o, dərhal azad olundu.

2001-ci ildə, Ermənistan Avropa Şurasının tamhüquqlu üzvünə çevrildiyi bir vaxt Fransa Orli hava limanında 8 nəfəri qətlə yetirmiş Varujan Qarabedyanı Ermənistana transfer etdi. Bu terrorçu dərhal azadlığa buraxıldı, şərəfləndirildi, ona mənzil verildi və o, Ermənsitan rəsmiləri tərəfindən qəbul olundu”.

Debatların sonunda sədr çıxış edənlərə təşəkkürünü bildirdi. O qeyd etdi ki, müzakirə çox faydalı və mühüm idi, lakin bu müzakirələrin yekununda hər hansı razılaşdırlmış yazılı sənədin qəbulu nəzərdə tutulmayıb.

Xanım Anne Brasseur isə bildirdi ki, müzakirə barədə hesabatın hazırlanması mümkündür.

Azərbaycan ordusunun zabiti Ramil Səfərov 2004-cü ildə Macarıstanın paytaxtı Budapeştdə NATO-nun təlimləri zamanı Ermənistandan olan zabiti öldürüb. Ramil Səfərov onu Azərbaycan bayrağını təhqir etdiyi üçün öldürdüyünü deyir.

Buna görə ömürlük azadlıqdan məhrum edilmiş Ramil Səfərov bu il avqustun 31-də Azərbaycana təhvil verilib, Bakıya düşən kimi də prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
XS
SM
MD
LG