Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:34

Son görüntülər cinayət işinə əlavə olunub


Videodan fraqment
Videodan fraqment
-
Elşad Abdullayev tərəfindən bəzi KİV-lərdə yayılmış sonuncu videogörüntü cinayət işinin materiallarına əlavə olunub. Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov oktyabrın 8-də AzadlıqRadiosuna belə deyib. O, bildirib ki, bununla bağlı zəruri prosessual tədbirlər həyata keçirilir.

«Gülər Əhmədova və Sevinc Babayeva dindirilibmi» sualına isə belə cavab verib: «Bu haqda sizə əlavə məlumat veriləcək».

GÜLƏR ƏHMƏDOVA: «YAXŞIYAM»

Keçmiş deputat Gülər Əhmədova isə son videogörüntüdə səslənən fikirlər haqqında danışmaq istəməyib. O, oktyabrın 8-də AzadlıqRadiosuna deyib ki, müsahibə vermir. Zəif səslə və həvəssiz danışan Gülər Əhmədova səhhəti ilə bağlı yayılan məlumatlara da münasibət bildirib: «Yaxşıyam».

Milli Məclisin üzvü, Ümid Partiyasının sədri İqbal Ağazadə isə deyir ki, ikinci videonun yayılması cinayət baş verməsi haqda fikirləri möhkəmləndirdi:

«Səsin dəyişdirilməsi və ya montaj olunması ilə bağlı fikirlərə nöqtə qoydu. Düzdür, yenə də bu məsələdə son sözü hüquq-mühafizə orqanları və ekspertiza deyəcək».

«BİLİRLƏR Kİ, BU, RAMİZ MEHDİYEVLİKDİR, İLHAM ƏLİYEVLİKDİR...»

Ötən həftəsonu Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, indi Fransada yaşayan Elşad Abdullayev Gülər Əhmədova ilə bağlı daha bir video yayıb. Həmin videogörüntüdə Gülər Əhmədova olduğu söylənilən qadın deyir:

«Burada belə deyil e. Biz səni deputat keçirtdik, səhər get, nə istəyirsən elə. Bu şeyi biz Musada, Alqışda gördük. Musanı, Alqışı deputat keçirtdik, getdilər başladılar biri Əli İnsanovla işləməyə, biri Hacıbalayla... Bu dəfə daha keçmir».

Həmin qadın sonda deyir:

«Əvvəldən işi konkret qoymaq lazımdır. Bildin? Bir dəfə bilmək lazımdır: sən mənimləsən, yoxsa mənimlə deyilsən. Adamlar var, Fərhadın adamıdır. Konkret bilirlər ki, bu, Fərhadın siyahısıdır, bu, Əli İnsanovun siyahısıdır. Bilirlər ki, bu, Kəmaləddin Heydərovluqdur, bu Ramiz Mehdiyevlikdir, bu, İlham Əliyevlikdir, bu, Mehriban Əliyevalıqdır...».

Ərəstun Oruclu
Ərəstun Oruclu
«HAKİMİYYƏTDAXİLİ MÜBARİZƏ GEDİR»

«İkinci videogörüntünün yayılmasından sonra bəlli oldu ki, hakimiyyətdəki qruplar arasında mübarizə gedir».

«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu belə deyir:

«Həmin video yayıldıqdan sonra Elşad Abdullayevin videolarının hakimiyyətdə kimlərin maraqlarına xidmət etdiyi açıqca görünür. Məsələn, deputat Zahid Oruc Ramiz Mehdiyevin adından açıqlama verdi. O dedi ki, Ramiz Mehdiyevə qarşı təxribat aparılır və cənab Mehdiyevə qarşı mübarizə aparanlar bu dəfə də məğlub olacaqlar. Mən güman etmirəm ki, Ramiz Mehdiyevin razılığı olmadan belə açıqlama verilə. Və beləliklə, bir qədər də açıldı».

«DAHA CİDDİ İFŞALAR GÖRƏ BİLƏRİK»

Ərəstun Orucluya görə, hakimiyyət daxilindəki mübarizə ya qarşıdakı prezident seçkiləri ilə bağlıdır, ya da baş nazir postu uğrunda. Ərəstun Oruclu güman edir ki, beynəlxalq çevrələr İlham Əliyevin prezidentliyə namizədliyini verməsini istəmirlər:

«Biz bunu Gürcüstanda, Ermənistanda gördük. İkincisi, istisna etmirəm ki, yaxın zamanda hakimiyyətdə ciddi dəyişiklik olsun. Ola bilsin, baş nazir dəyişsin. Ola bilsin, bu post uğrunda mübarizə getsin. Baş nazirin maliyyə, büdcəyə nəzarət baxımdan nazirdən də az imkanları var. Amma səlahiyyətləri baxımdan, xüsusən də prezidenti əvəzləmək baxımdan ən önəmli postlardan biridir.
Yevda Abramov
Yevda Abramov
Ola bilsin, bunun uğrunda mübarizə gedir. İstənilən halda ifşaetmə prosesi hakimiyyətdaxili mübarizənin kompromat müharibəsinə keçdiyini göstərdi və yaxınlarda daha ciddi ifşalar görə bilərik».

YEVDA ABRAMOV: «BU, EKSPERTLİK MƏSƏLƏ DEYİL»

Parlamentin İnsan haqları komitəsinin sədr müavini, hakim YAP-dan olan deputat Yevda Abramov isə Ərəstun Oruclunun fikirlərinin uydurma sayır:

«Bu, ekspertlik məsələ deyil. Bu, başqa məsələdir. Bu gün məhkəmə var, laboratoriya var, yoxlayarlar, üzləşdirərlər. Biz hüquqi cəmiyyətdən danışırıqsa, bu ekspertlərin də, Yevda müəllimin də sözü üçün hələ tezdir. Gülər Əhmədovadan soruşarlar ki, qrupları istəyir, ailəsini istəyir, özünü istəyir… Dövlət var, məhkəmə var, dindiriləcək, araşdırılacaq və son söz deyiləcək. Qabaqcadan nəsə demək çox məsuliyyətli işdir. Təqsirsizlik prezumpsiyası var. Söz məhkəmənindir».

İQBAL AĞAZADƏ: «GÜLƏR ƏHMƏDOVA İLƏ 20 İLƏ YAXINDIR YÜKSƏK SƏVİYYƏDƏ ŞƏXSİ MÜNASİBƏTİM VAR»
İqbal Ağazadə
İqbal Ağazadə

Hüquq-mühafizə orqanlarının işi isə başqa deputat, Ümid Partiyasının sədri İqbal Ağazadəni qane etmir. O deyir ki, hüquq-mühafizə orqanları baş verənlərə dərhal reaksiya verib, cinayət işi açıldı. Bu ilkin mərhələ üçün onları qane edib:

«Amma sonradan hüquq-mühafizə orqanlarının bəyanatları daha çox siyasi xarakter daşımağa başladı. Elşad Abdullayev gəlib ifadə verməlidir və sair bu tip mövqelər hakimiyyətin məsuliyyətdən qismən yayınmasının göstəricisidir. Və bu cinayət işində obyektiv araşdırma aparılmayacaq qənaətini formalaşdırır. Mətbuatda çox sual edirlər, bu məsələ parlamentdə niyə müzakirə olunmadı? Gülər Əhmədova ilə 20 ilə yaxındır yüksək səviyyədə şəxsi münasibətimiz var. Mən də susma haqqımdan istifadə etdim. Hesab edirəm ki, doğru etdim. Amma proseslər bu şəkildə davam edəcəksə, təbii ki, bu məsələni mənim parlamentdə qaldırılmağım istisna deyil».

Elşad Abdullayev birinci dəfə sentyabrın 25-də 16 dəqiqəlik videogörüntü yaymışdı. Oradakı söhbətdən başa düşülür ki, Gülər Əhmədova olduğu bildirilən qadın rektordan deputat seçilməsi üçün 1 milyon manat pul istəyir. Video-çəkilişin 2005-ci il parlament seçkiləri ərəfəsində aparıldığı bildirilir. Bundan sonra Bakı şəhər Prokurorluğunda dələduzluq maddəsi ilə cinayət işi açılıb.

Gülər Əhmədova isə parlamentə deputatlıq mandatının ləğv olunması üçün müraciət edib və MSK oktyabrın 3-də onun mandatını ləğv edib.
XS
SM
MD
LG