Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:45

Fəzail Ağamalı: «bp üzərinə düşən vəzifəni yerinə yetirməlidir»


Fəzail Ağamalı
Fəzail Ağamalı
-
«bp dünyanın böyük nüfuza malik, nəhəng neft şirkətlərindən biridir. Ancaq bu o demək deyil ki, o, Azərbaycanı kiçik dövlət hesab edərək üzərinə götürmüş olduğu öhdəlikləri yerinə yetirməməlidir. Bu cür yanaşma kökündən yanlışdır».

Bunu iqtidaryönlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı AzadlıqRadiosuna açıqlamasında bildirib.

Deputat deyir ki, «Forbes» jurnalında bu məsələ ilə bağlı Azərbaycanın maraqlarına uyğun olmayan yazı dərc edilib. Onun fikrincə, bu jurnal bp-nin təsiri altındadır və şirkətin sözünü deyir:

«Jurnalda dərc olunan yazı Azərbaycandakı bəzi müxalifət qəzetlərinin də ürəyincə olub. Belə bir yazını manşetə çıxartmaq, ona sevinmək milli maraqlar baxımından bir şikəstlikdir. Heç bir ölkənin müxalifəti bu cür məsələlərdə belə mövqe tutmur. O yazıda Azərbaycana təhdidlər, hədələr var».

Fəzail Ağamalı bildirir ki, neft Azərbaycan xalqının sərvətidir və bp üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Azərbaycan müqavilədən kənar heç bir tələb qoymur:

«Bu şirkət məlum neft yatağında əlavə vəsait qoymalı, əlavə quyular qazılmalıdır ki, gözlənilən proqnozlara uyğun neft hasil edilsin. Ancaq bp artıq gözlədiyindən daha çox vəsait əldə edib bununla kifayətlənirsə, həmin neft orada olduğu halda onu çıxarmaq öhdəliyini yerinə yetirmirsə, bu, normal hal deyil».

NEFTİN DƏRİNDƏN ÇIXARILMASI GƏLİRLƏRİ AZALDACAQ

«Neft Fondunun əsasnaməsinə uyğun olaraq oradakı vəsaitin ən azı ildə 25 faizi gələcək nəsillərə saxlanmalıdır. Builki proqnozlar onu göstərir ki, yenə də Neft Fondundan büdcəyə böyük vəsaitlər transfer olunacaq.
Nazim Məmmədov
Nazim Məmmədov
Digər tərəfdən, neftin qiymətinin düşmə ehtimalı da böyükdür. Çünki ABŞ hökumətinin dünyada neftin qiymətinin aşağı salınması, ədalətli qiymətin təmin edilməsi üçün addımlar atacağına işarə vuran məlumatlar yayılır. Belə olan halda təbii ki, Azərbaycan Neft Fonduna gələn vəsaitlər də azala bilər».

Yeni Azərbaycan Partiyasından olan iqtisadçı Nazim Məmmədov belə deyir.

Onun fikrincə, əslidə Prezident İlham Əliyevin yerində kim olsaydı, o da bp haqqında həmin fikirləri səsləndirməli idi:

«Görünür, Konsorsiumda dövləti təmsil edən «Azneft» şirkətinin danışıqları fayda verməyib. Buna görə də, bir ictimai qınaq olaraq prezidentin həmin fikirləri səsləndirməsi vacibdir. Təbii ki, yeni texnologiyalarla daha dərin laylardan neft çıxarmaq üçün bp əlavə tədbirlər görəcək və proqnozu sabitləşdirməyə çalışacaq. Belə olduqda neftin maya dəyəri qalxacaq. Bu fonda isə həm konsorsiumun, həm də «Azneft» şirkətinin və Dövlət Neft Fondunun gəlirləri azalacaq».
N. Məmmədov deyir ki, prezidentin çıxışı fonunda BP-ni tənqid edənlər bilsinlər ki, proqnozlar öhdəlik deyil. Və əminəm ki, BP müqaviləyə uyğun öhdəliklərini yerinə yetirir.

BP MƏSƏLƏSİNİN KÖKÜNDƏ 2013-CÜ İLƏ HESABLANMIŞ SİYASƏT DAYANIR

AXCP sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayev hesab etmir ki, səslənən məsələlər üzrə BP daha çox günahkardır. Deyir, bağlanmış müqaviləyə əsasən artıq hasilatın azalmasını Azərbaycan zamanında görürdü və bununla bağlı vaxtında müəyyən addımlar atmalı idi. Amma artıq üstündən bir neçə il keçib və prezidentin də dediyi kimi bu illər ərzində Azərbaycan 8,5 milyard dollar ziyana düşüb:

Razi Nurullayev
Razi Nurullayev
«Mən belə hesab edirəm ki, heç bir zaman BP özü bilərəkdən hasilatı azaltmazdı. Çünki burada BP özü də milyardlarla dollar qazanır. Buna görə də düşünürəm ki, məsələnin kökündə təkcə BP yox, həm də 2013-cü ilə hesablanmış siyasət dayanır. Və ola bilsin ki, məhz bu siyasətin arxasında BP-nin timsalında Böyük Britaniya hakimiyyətinə müəyyən mesajlar və təzyiqlər dayanır».

Razi Nurullayev deyir ki, son zamanlar Böyük Britaniya, Almaniya, ümumiyyətlə Avropa mətbuatından Azərbaycana kifayət qədər tənqidlər gəlir. O, hesab edir ki, Azərbaycan hakimiyyəti həmişə neft və qaz layihələrinin enerji təhlükəsizliyində oynadığı rolu Avropanın dəyərləndirməsini istəyir. Hakimiyyət üçün də belə bir dəyər Azərbaycanla bağlı demokratiya və insan haqları məsələlərini Avropanın qaldırmamasıdır. Bu məsələlərin də prezidentin BP ilə bağlı dediklərində müəyyən rolunun olması danılmazdı:

«Amma bütün bunlara baxmayaraq mən hesab edirəm ki, BP kimi bir şirkəti Azərbaycandan sadəcə olaraq qovmaq kimi məsələlər gündəmə gətirilə bilməz. Bunu Azərbaycan prezidenti də çox gözəl bilir. Onun üçün yəqin ki, uzun müzakirələr və ciddi əsaslandırmalar lazımdı».

Razi Nurullayevin fikrincə, əgər BP Azərbaycandan gedərsə, o zaman onun operatorluğu özü səviyyəsində başqa bir Qərb şirkəti ilə əvəzlənəcək. Ancaq o buna da inanmır. Deyir yəqin ki, BP Azərbaycan hakimiyyəti ilə müəyyən razılaşmalar əldə edəcək və öz fəaliyyətini davam etdirəcək.

Prezident İlham Əliyev ötən həftə Nazirlər Kabinetinin iclasında bp-ni tənqid edib. O bildirib ki, bp-nin ucbatından Azərbaycan son 3 ildə 8 milyard dollardan çox vəsait itirib.
XS
SM
MD
LG