Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:33

Nobel mükafatı "Wall Street Journal" qəzetində sərt tənqid edildi


Bu il Ədəbiyyat üzrə Nobelə layiq görülən çinli yazar Mo Yan
Bu il Ədəbiyyat üzrə Nobelə layiq görülən çinli yazar Mo Yan
-

Tolstoy və Tven Nobelə layiq görülməsələr də, bəzi az tanınan yazarlar bu mükafatı ala bilib. Görünür, bu məsələdə yüksək sənət meyarlarından kənar amilin də rolu var.


Joseph EPSTEIN

The Wall Street Journal
(ABŞ)


SİYASİ ƏDƏBİYYAT ÜÇÜN NOBEL MÜKAFATI


Ola bilsin ki, sizin xəbəriniz yoxdur, amma mən də, siz də eyni klubun üzvləriyik.

Lev Tolstoy, Henri Ceyms, Anton Çexov, Mark Tven, Henrix Ibsen, Marsel Prust, Cozef Konrad, Ceyms Coys, Tomas Hardi, Xorxe Luis Borxes və Vladimir Nabokov da həmin klubun üzvləri olublar.

Bu, Nobel mükafatını almayan yazıçıların klubudur.

Onların hamısı həqiqətən də böyük yazıçılardır.

Nobel mükafatı 1901-ci ildə təsis ediləndə onların hamısı sağ idilər.

Amma Nobelə layiq görülmədilər.

Bizim kiçik klubumuz Ədəbiyyat üzrə Nobel mükafatını almış yazarların klubundan daha möhtəşəmdir.

Həmin klubun üzvləri arasında Sully Prudhomme, Bjornstjerne Bjornson, Frédéric Mistral, Giosuè Carducci, Paul Heyse, Carl Spitteler, Grazia Deledda, Herta Müller, Tomas Tranströmer kimi yazarlar da var.

Gəlin razılaşaq ki, heç də başdan-başa ulduzların rol aldığı vodevil deyil.

Ədəbiyyat üzrə Nobel mükafatını qazananlar arasında bəzi parlaq yazarlar həqiqətən də olub: W.B. Yeats, T.S. Eliot, Thomas Mann, William Faulkner, Boris Pasternak, S.Y. Agnon. Amma digər tərəfdən, görün, bu mükafatı almış, amma indi tamamilə yaddan çıxmış nə qədər yazıçı var.

Bəziləri isə heç zaman öz ölkələrinin ədəbiyyatında mübahisəsiz olaraq 1-ci dərəcəli yazar sayılmayıblar. Nobel mükafatını qazanmaları onların yaradıcılığına öz möhürünü vursa belə.

Məsələn, amerikalı mükafatçıları yada salsaq, görərik ki, bu baxımdan yalnız, dünya ədəbiyyatının ən görkəmli simalarından olan Pearl Buck, John Steinbeck, Sinclair Lewis-i istisna etmək olar.

(Ümumilikdə, bu mükafatı indiyəcən 10 amerikalı yazar qazanıb – Oxu zalı)

Nobel Sülh Mükafatı kimi Ədəbiyyat üzrə Nobel Mükafatının da qalibi müəyyən edilərkən bir çox hallarda siyasi motivlər əsas götürülüb.

Bir ara mükafat Sovet dissidentlərinə verildi: Pasternak, Aleksandr Soljenitsın və İosif Brodskiyə.

Nisbətən yaxın keçmişdə isə mükafata marksizmə rəğbəti olan yazarlar layiq görülüb, xüsusən də ABŞ-dan xoşu gəlməyənlər. O cümlədən Günter Grass, Dario Fo, José Saramago.

Siyasi motivlər əsasında seçim həmişə Nobel mükafatının nüfuzuna xələl gətirib.

1994-cü ildə Nobel Sülh Mükafatının “Yaxın Şərqdə Sülh səylərinə görə” Yasser Arafat, Shimon Peres və Yitzhak Rabin-ə, 2009-cu ildə isə sadəcə, George W. Bush olmadığına görə Barack Obama-ya verilməsini xatırlayaq.

Az tanınan yazarların Ədəbiyyat üzrə Nobel Mükafatına tez-tez layiq görülməsi də daha çox Nobel Komitəsindəki geosiyasi impulslardan asılıdır.

Komitənin üzvləri gərək vaxtını-vədəsini hiss etsinlər ki, mükafatı Şərqi Hindistan, Latın Amerikası, yaxud İslandiyadan olan yazara versinlər. Ötən həftə 2012-ci ilin Ədəbiyyat üzrə Nobel Mükafatı çinli yazıçı Mo Yana verildi.

2012-ci ilin Ədəbiyyat üzrə Nobel mükafatçısı Mo Yan
2012-ci ilin Ədəbiyyat üzrə Nobel mükafatçısı Mo Yan
Eyni uğurla Nobel Mükafatı gələn il Uqandadan olan şair və performans ifaçısı Kwame Tsooris-Tsimes-ə verilə bilər. Bir neçə həftə sonra da məlum olar ki, belə bir adda adam, ümumiyyətlə, mövcud deyil.

Nobel Mükafatını dəyərə mindirən amillərdən biri onun maliyyə tərəfidir. Bu ilki mükafatın dəyəri 1,2 milyon dollar idi, oğrular demiş, pis kəlbə deyil.

1976-cı ildə Nobel mükafatına layiq görüldüyünü eşidən gün Saul Bellow (Amerika yazıçısı – Oxu zalı) mənə zəng etmişdi.

O, əvvəlcə mükafatın mahiyyəti ilə bağlı şübhələrini dilə gətirəndən sonra mənə dedi ki, bu ən azı onun keçmiş arvadları arasında aliment alanları xeyli sevindirəcək.

Ümumilikdə, Nobel mükafatı dünyadakı ad-sanına görə daha çox elm və tibb sahəsində verilən Nobel mükafatlarına borcludur.

İqtisadiyyat üzrə Nobeli çıxmaq şərtilə - bu sahənin elm olması çox mübahisəli məsələdir – elmin nailiyyətləri realdır və göz önündədir.

Və alimlər hər halda peşəkar karyeralarında siyasətə az bulaşmış olurlar.

Alimlər vahid bir icmada birləşə biliblər.

Yazarlar belə deyil.

Onları təkcə estetik yox, siyasi baxışlarına görə də parçalanıblar.

Ədəbiyyat üzrə Nobel mükafatı heç zaman elm sahəsindəki Nobellər qədər dəyərli olmayacaq, Baxmayaraq ki, onlarla eyni parlaqlığa malikdir.

Nobel mükafatı yalnız həyatda olan yazarlara verilsə də, bu, “ölümündən sonra” verilən mükafatlara da bənzəyir.

Belə bir fenomen haqda araşdırma yoxdur, amma məncə, Nobel almaq yazar karyerasına nöqtə qoyur. Çünki ədəbi mükafatlar arasında ən nüfuzlusu hesab edilən Nobelin məşhurluğuna qovuşandan sonra yazar üçün uğrunda səy göstəriləsi çox az şey qalır.

Ədəbiyyat dünyası Nobelsiz daha yaxşı olardımı? Hər halda Nobelsiz daha pis olmazdı. Çünki indi verilən mükafat nə ədəbiyyat nümunələrinin yaradılması üçün əsl standartlar müəyyən edir, nə də ədəbiyyatın nüfuzunu qaldırır. Bəlkə də onu ləğv eləməyin mexanizmi yoxdur. Amma, məncə, buna nail olmağın yeganə yolu odur ki, mükafatı daha da gözdən salasan – onu indiyəcən verildiyi adamlardan da az layiq olanlara verəsən.

Belə bir “namizəd siyahısı”nı hazırlamaq isə çox asandır. Məsələn, mənim siyahım belə olardı: Bob Dylan, Joyce Carol Oates və Salman Rushdie.

Şübhə etmirəm ki, sizin üçün də belə bir siyahı düzəltmək çətin olmaz.
XS
SM
MD
LG