Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:56

Müdafiə xərcləri daha da artırılır


Fərəc Quliyev
Fərəc Quliyev
-
FƏRƏC QULİYEV: «BU XƏRCLƏR ARTIRILMALIDIR»

Gələn ilin dövlət büdcəsi layihəsində müdafiə xərcləri üçün 3 milyard manatdan artıq vəsait ayrılması nəzərdə tutulur.

Bu haqda AzadlıqRadiosuna parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyir. Onun fikrincə, müdafiə xərclərinə 3 milyard manat ayrılması normaldır və hətta bu rəqəm artırılmalıdır:

«Həm hərbçilər üçün, həm hərbi sənaye üçün ayrılan xərclər 3 milyarddan çoxdur. Keçən ilə nisbətdə bu rəqəm yarım milyard manata qədər artırılıb. Hesab edirəm ki, büdcəyə əlavələr etməklə bu vəsaiti daha da artırmaq lazımdır. Düşmən qabağında dayanmağımız üçün ən müasir şəkildə silahlanmağımız və ordumuzun peşəkarlığını yüksəltmək üçün bu rəqəmi artırmağa ehtiyac var».

«87 MANATLA 66 MANATIN FƏRQİ»

Silahlı Qüvvələrin Veteranları İctimai Birliyinin sədri Daşdəmir Əliyev deyir ki, müdafiə xərclərinin artırılması ilə fəxr etmək olardı. «Ancaq di gəl, NATO standartlarına uyğun ordu qurmaq əvəzinə, dövlət büdcəsindən ayrılan vəsait məmurlar tərəfindən göyə sovrulur», - deyə o, bildirir.

D.Əliyevin deyəcəkləri bununla kifayətlənmir. O, hesab edir ki, hərbi qulluqçuların sosial ehtiyacları da təmin olunmalıdır. D.Əliyevin dediyinə görə, bu gün Azərbaycan əsgərlərinin böyük əksəriyyəti NATO standartlarına uyğun olmayan, şəraiti ürək açmayan kazarmalarda yaşayırlar. Eyni zamanda, əsgərlərin normal qidalanmasına diqqət
Bakıda hərbi parad, 26 iyun 2011
Bakıda hərbi parad, 26 iyun 2011
verilməlidir:

«Bir məsələ də. Bu gün Azərbaycan əsgərinə 66 manat verilir. Bir nəfər üçün müəyyənləşdirilən minimum isə 87 manatdır. Bu 87 manatla 66 manat arasında nə qədər fərq var? Aztəminatlı ailədə bir nəfərə yaşaması üçün 87 manat ayrılırsa, əsgərə niyə 66 manat ayrılmalıdır?».

«VƏSAİT O QƏDƏR DEYİL Kİ, RUS TEXNİKASINDAN İMTİNA EDƏK»

Deputat Fərəc Quliyev deyir ki, o da NATO ölkələrindən silah-sursat almaq tərəfdarıdır:

«Ancaq vəsait o qədər deyil ki, bütün rus texnikasından imtina edək. Bizim ordunun arsenalında Rusiya silahı müəyyən yer tutub. Tədricən biz o silahı dəyişdirsək, yaxşı olar».

MÜDAFİƏ NAZİRLİYİ: «BUNLAR CƏFƏNG FİKİRLƏRDİR»

Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev isə ordudakı korrupsiya halları haqda deyilən fikirləri cəfəngiyat adlandırdı:

«Boş-boş söhbətlərdir. Həmin pullar təyinatı üzrə hara gedir, necə gedir, bunu hamı bilir. Ordunun gücü də göz qabağındadır. Ekspertlər məlumatsız olduqları halda özlərinin məlumatlı göstərmək istəyirlər. Bunlar hamısı cəfəng fikirlərdir».

Natiq Cəfərli
Natiq Cəfərli
«HÖKUMƏT MÜTLƏQ SORĞULANMALIDIR»

Ancaq «REAL» İctimai Birliyinin üzvü Natiq Cəfərli düşünür ki, işğal altındakı torpaqlar azad olunmur və hərbi xərclər il-ildən artırılırsa, hökumət mütləq sorğulanmalıdır:

«Ölkədə isə normal cəmiyyət qurulmalıdır ki, bizim vətəndaşlarımız olan Qarabağ ermənilərinin də belə ölkədə yaşamaq istəyi olsun. Bu olmayana qədər tək hərbi xərcləri artırmaqla münaqişənin həlli mümkünsüzdür».

N.Cəfərli də diqqəti ayrılan vəsaitin şəffaf xərclənməməsinə yönəldir:

«Üstəlik də, bu vəsaitin böyük hissəsinə Rusiya, Ukrayna, Belarusdan sovetlərdən qalma silahlar alınır. Bu da deməyə əsas verir ki, müdafiə xərclərinin artırılması özünü doğrultmur», - deyə N.Cəfərli bildirir.
XS
SM
MD
LG