Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:31

Britaniya Suriya müxalifətini rəsmən tanıdı


Suriya müxalifəti
Suriya müxalifəti
-
AFP agentliyi bildirir ki, London Suriya müxalifətini bu ölkədə qiyamçılar və kürd yaraqlıları arasında davam edən qanlı döyüşlərin getdiyi bir vaxtda tanıyıb.

Britaniyanın Xarici İşlər naziri William Hague bir neçə gün bundan əvvəl Londonda keçirdiyi görüşdə Suriyanın birləşmiş müxalifətinin nümayəndələri qarşısında konkret şərtlər qoymuşdu.

Bu şərtlərdən ən ümdəsi müxalifətin ölkədə geniş dəstəyə malik olması və insan haqlarına ehtiram göstərəcəyi barədə vədlə ilə bağlı idi. Belə görünür ki, Londonun tələbləri yerinə yetirilib.

William Hague Suriya müxalifətini Londonda daimi nümayəndəlik açmağa dəvət edib.
Beləliklə, Britaniya Fransadan sonra Suriya müxalifətini de-fakto tanımış ikinci Qərb dövləti olub.

TÜRKİYƏ KÜRDLƏRƏ QARŞI «PATRİOT» RAKETLƏRİ İSTƏYİR

Bununla belə, Suriyanın özündə kürd elementinin fəallaşması ilə gərginlik yeni mərhələyə qədəm qoyub.

Hazırda Türkiyə ərazisində 120 minədək Suriya qaçqını var.

Türkiyənin Xarici İşlər naziri Ahmet Davutoğlu bildirib ki, rəsmi Ankara Bashar al-Assad rejiminin kəskin tənqidçisi olsa da, üzvü olduğu NATO-nu özünün Suriya ilə sərhədini «Patriot» raketləri ilə qorumağa çağıracaq.

Ahmet Davutoğlu bildirib ki, «Patriot» raketləri xəbərdaredici tədbirdir və Ankara NATO-ya rəsmi xahişini bu günlərdə göndərəcək.

Bu arada Suriya müxalifəti özünün təhlükəsizlik xidmətini yaratdığını elan edib.

Rəsmi açıqlamada bildirilir ki, bu xidmətdən əsas məqsəd «inqilab övladlarını müdafiə etməkdir».

«Patriot» raketləri
«Patriot» raketləri
Təhlükəsizlik xidməti həmçinin özbaşınalıq edən və dinc əhaliyə qarşı cinayət törədən müxalifətçiləri neytrallaşdıracaq.

KÜRDLƏR VƏ SURİYA MÜXALİFƏTİ ARASINDA MÜHARİBƏ GEDİR

Döyüşlərə gəlincə isə, hökumət qüvvələri Dəməşq yaxınlığındakı Daraya şəhərini mühasirəyə alaraq onu toplardan atəşə tutublar.

Bu hücumun nəticəsində qadınların və uşaqların həlak olduğu bildirilir.

Suriya İnsan Haqlarının Müşahidəsi Təşkilatı son 24 saat ərzində ölkənin Ras əl-Ayn şəhərində kürd silahlıları ilə üsyançılar arasında döyüşlərdə 29 nəfərin həlak olduğu barədə xəbər verir.

Müşahidə Təşkilatının rəhbəri Rami Abdel Rahman AFP agentliyinə bildirib ki, ötən gün ərzində kürd döyüşçülərdən 5, islamçı Əl-Nusra Cəbhəsi və Qərba əl-Şam üsyançı batalyonlarından 24 nəfər həlak olub.

Londonda çıxan «The Daily Star» qəzeti isə yazır ki, Suriyanın kürdlər yaşayan ərazisinin böyük hissəsinə nəzarət edən Demokratik İttifaq Partiyası Suriyanın Qərb tərəfindən qəbul edilən müxalifətini rədd edir.

Partiyanın lideri Saleh Muslim bildirir ki, onu Dohada keçirilən və Suriya Milli Koalisiyasının yarandığı müşavirəyə dəvət etməyiblər. O, koalisiyanı Türkiyə və Qətərin «oyuncağı» adlandırıb:

«Onların rəngi eynidir, onların rəhbəri ruhanidir. Suriya Milli Şurası üzvlərinin də 60 faizi «Müsəlman Qardaşlığı»nı və digər dini qrupları təmsil edirdi».

O, bəyan edib ki, Suriyanın Qərb tərəfindən tanınmış koalisiyasına daxil edilmiş kürdlər Türkiyə və Qətər tərəfindən təyin olunublar və kürd xalqını təmsil etmirlər.

Kürd Demokratik İttifaq Partiyasının döyüşçüsü Suriya-İraq sərhədində
Kürd Demokratik İttifaq Partiyasının döyüşçüsü Suriya-İraq sərhədində
Əhalinin 10 faizini təşkil edən kürdlər Suriyada ən böyük milli azlıqdır.

İRAQ VƏ SURİYANIN XARABALIĞI ÜSTÜNDƏ BÖYÜK KÜRDÜSTAN

«The Daily Star» qəzeti bildirir ki, Suriyanın Türkiyə ilə həmsərhəd «kürd regionunda» təxminən 2.5 milyard barel neft ehtiyatı yatır.

Amerikanın nüfuzlu «Time» dərgisi hələ ötən ilin iyulunda yazırdı ki, Suriya və Türkiyə kürdləri son vaxtlaradək parçalanmışdılar.

Lakin Assad rejiminin sonunun yaxınlaşmaqda olması PKK və Demokratik İttifaq partiyalarını müttəfiq edib və bu ittifaqa İraq kürdlərinin lideri Massoud Barzani «dirijorluq» edir.

Türkiyədə bir sıra politoloqlar bu qənaətdədirlər ki, İraq və Suriyanın neftlə zəngin ərazisində «Böyük Kürdüstan»ın kölgəsi görünür.

Ekspertlərin fikrincə, bu, rəsmi Ankaranı qətiyyən razı salan perspektiv deyil və regionda böyük müharibəyə gətirib çıxara bilər.

«Time» iyul ayında yazırdı ki, Türkiyə İraqdakı muxtar Kürdüstandan sonra, ikinci muxtar Suriya Kürdüstanının yaranması təhlükəsindən narahatdır. Belə ki, Ankaranın fikrincə, bu, Türkiyənin özündəki 15 milyonluq kürd əhalisinin separatizminə güclü stimul verə bilər.

BARZANİ-NİN DİRİJORLUĞU, ÖCALAN-IN PORTRETLƏRİ
Türkiyədə Abdullah Öcalan-a dəstək aksiyası, 19 oktyabr 2008
Türkiyədə Abdullah Öcalan-a dəstək aksiyası, 19 oktyabr 2008

Bununla belə, kürd siyasiləri Ankaranın narahatlığı içində özləri üçün böyük bir təhlükənin gizləndiyini dərk edirlər.

Suriya kürdlərinin Demokratik İttifaq Partiyasının lideri Saleh Muslim deyib ki, onlar Suriya içərisində «kürd anklavı» yaratmaq fikrində deyillər və PKK ilə aralarında heç bir koordinasiya yoxdur:

«Biz separatizmi və yeni sərhədlərin cizgilənməsini istəmirik. Bizə kürd mövcudluğunun konstitusiya əsasında təsbiti və kürd xalqının demokratik haqlarının konstitusiya əsasında qarantiyası lazımdır».

Bununla belə, Demokratik İttifaq Partiyasının Suriyadakı ofislərinin divarlarını PKK lideri Abdullah Öcalan-ın portretləri bəzəyir.

Bu da qeyd olunmalıdır ki, hər yerdə olduğu kimi, Suriyada da kürdlər həmrəy deyillər və onların öz arasında qanlı toqquşmaların baş verəcəyi istisna olunmur.

Bu arada «The Guardian» qəzeti yazır ki, Britaniya, Fransa və ABŞ Suriyada, Səudiyyə Ərəbistanı, Qətər və digər Körfəz ölkələri tərəfindən dəstəklənən sələfi qruplarının yüksəlişindən narahatdırlar.

Bu, kürdləri də narahat edir.

Di gəl, bu narahatlıqlardan baş çıxart.
XS
SM
MD
LG