Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:58

Elmar Məmmədyarov: «İnanmıram ki, Qəbələ RLS-i üçüncü ölkə icarəyə götürsün»


Elmar Məmmədyarov
Elmar Məmmədyarov
-

«Azərbaycan Qəbələ RLS-in avadanlığının və işçilərinin evakuasiyası ilə bağlı komissiya yaradacaq».

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov dekabrın 12-də keçirdiyi mətbuat konfransında belə deyib.

«Media forum» saytının məlumatına görə, nazir Qəbələ RLS-in üçüncü ölkəyə icarəyə verilməsini mümkünsüz sayıb: «İnanmıram üçüncü bir ölkə Qəbələ RLS-i icarəyə götürsün. Hələ ki, heç kəs belə təşəbbüslə çıxış etməyib».

RUSİYA RƏSMİSİ: «BU İKİ ÖLKƏ ARASINDA MÖVQELƏRİN MÜVƏQQƏTİ UYĞUNSUZLUĞUDUR»

«Qəbələ RLS-lə bağlı yaranmış vəziyyət Azərbaycanla Rusiya arasındakı dostluq əlaqələrinə təsir edə bilməz». Bunu isə APA-ya Rusiya Federasiya Şurasının sədr müavini, senator İlyas Umakhanov bildirib.

O, iki dövlət arasında münasibətlərin möhkəm olduğunu söyləyib:

«Hesab edirəm ki, hal-hazırda iki ölkə arasında yaranmış vəziyyət mövqelərin müvəqqəti uyğunsuzluğudur. Mövqelərdəki bu müvəqqəti uyğunsuzluq müxtəlif istiqamətli Azərbaycan-Rusiya münasibətlərinə, həm dövlətlərarası, həm də xalqlararası münasibətlərə təsir edə bilməz. Əminəm ki, belə çətin, həlli asan olmayan hər hansı bir problem dövlət başçılarının siyasi iradələri nəticəsində həll olunur. İnanmaq istərdim ki, Rusiya-Azərbaycan arasındakı bu problem də öz həllini tapacaq».

Qəbələ RLS SSRİ-nin raketdən müdafiə kompleksinin əsas stansiyalarından biri olub. Bu stansiya 6 min kilometr məsafədə hava məkanını nəzarətdə saxlayırdı.

Azərbaycan 2002-ci ildə stansiyanı Rusiyaya icarəyə vermişdi. İcarə müddəti 2012-ci ilin dekabrında başa çatırdı. Dekabrın 10-da Rusiya RLS-in istismarını dayandırması haqda Azərbaycana nota təqdim edib.
XS
SM
MD
LG