Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:47

İran-Azərbaycan: indi də tar davası


Tar
Tar
-
AzadlıqRadiosunun bir qədər əvvəl xəbər verdiyi kimi, Azərbaycan tar ifaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Bu qərar UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyasında verilib.

İndi isə İran mediasında yayılan xəbərlərə görə, Azərbaycanın cənub qonşusu UNESCO-nun bu qərarına etiraz bildirmək istəyən kimi görünür.

Ona görə «etiraz bildirmək istəyən kimi» yazıram ki, İran İslam Respublikası islam şəriəti ilə idarə olunur və şəriətə görə musiqi və musiqi alətlərində ifa böyük günah sayılır.

Odur ki, rəsmi Tehran qibtəedilməz vəziyyətdə qalıb. Həm qıcıqlanıb, həm də söz deyə bilmir.

Məhz buna görədir ki, rəsmi Tehranın sözünü hökumətə bağlı amorf mədəniyyət təşkilatları bildirirlər.

«İranın Musiqi Evi» adlı təşkilatı bildirir ki, tar ifaçılığı sənətinin UNESCO tərəfindən Azərbaycan Respublikasına aid edilməsi regionun musiqi tarixinin kobud şəkildə saxtalaşdırılmasıdır.

İRANLA AZƏRBAYCANIN MÜŞTƏRƏK ALƏTİ?

Arxiv foto
Arxiv foto
«Bu alət Azərbaycana İrandan gedib, onun pərdələrinə bir az dəyişiklik edib adını türk tarı qoyublar». Bunu hökumətə bağlı «Mehr» xəbər agentliyinə əslən Şərqi Azərbaycan ostanından olan musiqişünas, tarzən və Wikipedia-nın yazdığına görə, həm də setarzən Dariush Pirniakan deyib.

Şərqi Azərbaycandan olan musiqişünas sual edir: «Əgər tar türk alətidirsə, onlar niyə İran musiqisinin muğamlarını və dəsgahlarını ifa edirlər?». (Diqqət yetirin ki, UNESCO tarı türk yox, Azərbaycan aləti kimi tanıyıb - Z.R.)

Hər halda bundan sonra cənab Pirniakan bildirir ki, tar gərək İranla Azərbaycanın müştərək musiqi aləti kimi qeydə alınaydı.

«Tehran Times» qəzeti «İran Musiqi Evi» Direktorlar Şurasının sədri Mohammad Sarir-ə istinadən yazır ki, bu məsələnin araşdırılması üçün xüsusi ekspert qrupu yaradılıb.

Həmin təşkilatın icraçı direktoru Hamidreza Nurbakhsh isə İSNA agentliyinə deyib ki, tarın İrana aid olduğunu isbat edən çoxsaylı sənədlər var və bu sənədlər tezliklə dərc olunacaq.

Nə sirri-xudadırsa, bu biçarə tar həmişə çək-çevirə məruz qalıb.

Hətta Azərbaycanın özündə də.

Müşfiq deyib «oxu tar», Süleyman Rüstəm deyib «oxuma tar».
XS
SM
MD
LG