Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:42

Qadınlar həmişə kişilərdən çox yaşayıblar, yaşayırlar və yaşayacaqlar


Arxiv foto
Arxiv foto
-

Ümumiyyətlə isə, insan ömrü getdikcə uzanmağa meyllidir.

Lakin bunun bir həddi olacaqmı?

Britaniyanın Milli Statistika İdarəsinin (Office of National Statistics) məlumatına görə, hazırda adamların əksəriyyəti gözlənilən ömür müddətindən artıq yaşayır.

2010-cu ildə İngiltərə və Uelsdə doğulmuş oğlan uşaqları üçün gözlənilən ömür müddəti 79 il, qız uşaqları üçünsə 83 ildir.

Son illərdəki ölüm yaşlarını analiz edən Milli Statistika İdarəsi bu qərara gəlib ki, bu gün doğulan oğlan və qızlar üçün bu göstərici müvafiq olaraq 85 və 89-dur.

Analitiklər düşünürlər ki, insanın adətən 90 yaşla ölçülən «görünməz ömür baryeri» aşıla bilər.

Halbuki 1980-ci illərdə ekspertlər insan ömrünün uzanmaqda olduğunu qeyd etsələr də, bildirirdilər ki, aşılmayacaq bir hədd mövcuddur.

HƏR KİM YÜZ İL YAŞAMASA…

Hesabatda deyilir ki, Britaniyada son illərdə 100 yaşlıların da, 110 yaşlıların da sayı artmağa meyl edir.

Bununla belə, hesabatda vurğulanır ki, uzun ömür heç də həmişə təntənə üçün əsas vermir.

Arxiv foto
Arxiv foto
Uzun ömür, daha ahıl yaşlarda təqaüdə çıxmaq və iqtisadi təlatümlərlə daha çox üzləşmək ehtimalı deməkdir.

Uorvik Universitetindən iqtisadiyyat və əhali eksperti doktor Jonathan Cave deyir ki, ifrat ahıl yaşlarda müalicəsi çətin və bəlkə də mümkün olmayan xəstəliklər ortaya çıxır.

Bunlardan biri də yaddaşın itirilməsi ilə bağlı olan Alzheimer xəstəliyidir.

Ekspertlərin fikrincə, insanların gözlənildiyindən çox yaşamaları hökumətləri təqaüd yaşının müəyyən edilməsi barədə dəfələrlə düşünməyə vadar edəcək.

Britaniyanın maliyyə naziri George Osborne bildirib ki, pensiya yaşı 2028-ci ilədək 67-yə çatdırıla bilər.

Bir sıra şərhçilər daha bədbin proqnoz verirlər: bu gün 33 yaşı olanların əksəriyyəti təqaüdçü həyatını təmin etmək üçün 74 yaşa qədər işləməli olacaq.

Milli Statistika İdarəsi ölkədə ötən həftə elan edilmiş əhalini siyahıyaalmanın nəticələrinə görə, hazırda Birləşmiş Krallıqda 63 milyon 181 min 775 nəfərin yaşadığını bildirib.

Bu isə o deməkdir ki, son 100 ildə Britaniyanın əhalisi 21 milyon (50 faiz) nəfər artıb.

Bu həm də o deməkdir ki, 1911-ci ildən bəri Britaniyada yaşı 65-dən çox olanların sayı 5 dəfə çoxalıb…14 yaşdan aşağı olanların sayı isə iki dəfə azalıb.

BƏS DÜNYADA VƏ AZƏRBAYCANDA VƏZİYYƏT NECƏDİR?

Virginiyada CIA loqosu
Virginiyada CIA loqosu
Dünya ölkələri üzrə ən mühüm məlumatları birləşdirən mənbə - CIA World Factbook
və ya Mərkəzi Kəşfiyyat İdarəsinin Dünya Fakt Kitabçası bitməkdə olan il üçün təzələnib və burada planetin əhali trendlərinə dair maraqlı göstəricilər var.

Mənbə bildirir ki, gözlənilən ömür müddətinə görə (89 yaş) cırtdan Monako krallığı birinci yerdədir.

İnsanların ən az müddətdə yaşadıqları yer, 49 yaşla Afrikadakı Çaddır.

ABŞ 78 yaşla həmin cədvəldə 51-ci yeri, Britaniya isə 80 yaşla 30-cu yeri tutur.

«The Daily Mail» qəzetinin dərc etdiyi və 222 ölkəni əks etdirən rəngli xəritə dünya üzrə millətlərin gözlənilən ömür müddətini göstərir.

io9.com tərəfindən tərtib olunmuş interaktiv xəritə nümayiş etdirir ki, uzunömürlülərin ilk beşliyində Yaponiya yeganə böyük ölkədir.

Bu da bəlli olur ki, Şimali Amerikada gözlənilən ömür müddəti, Cənubi Amerikadan 10 il çoxdur.

Ən qısa ömür sürənlər Afrikanın sub-Sahara ərazisindədirlər. Burada heç kimin 60 yaşı aşmayacağı proqnozlaşdırılıb.

Çox az sayda Asiya və Karib ölkələrində ömür göstəriciləri bu dərəcədə acınacaqlıdır.

Bu sırada gözlənilən ömür müddəti 50 yaşdan az olan Əfqanıstan birinci yerdədir. Digər ölkələr Svaziland, Cənubi Afrika, Qvineya-Bissau və Çaddır.

Nəzərə alın ki, bu ölkələrdə göstərici Əfqanıstandan da bir qədər aşağıdır.

Lakin hətta ən uzunömürlü Monakoda da kişilərin və qadınların proqnozlaşdırılan ömür müddətləri arasında fərq nəzərəçarpacaq dərəcədə böyükdür: kişilər 86, qadınlar 94 yaş.

Ən qısaömürlü Çadda isə bu fərq böyük deyil: kişilər 48, qadınlar isə 50 yaş.

ABŞ-da kişilər üçün gözlənilən ömür həddi 76, qadınlar üçünsə 81-dir.

Britaniyada vəziyyət ABŞ-dakından bir qədər yaxşıdır – 78-82.

Arxiv foto: Bak;
Arxiv foto: Bak;
Azərbaycan bu cədvəldə 222 ölkə arasında 71 yaşla 140-cı yerdədir.

Ermənistanın mövqeyi 73 yaşla 118-ci yerdir.

Estoniya, Litva, Türkiyə, Özbəkistan, Belarusda göstəricilər Azərbaycandan yaxşı, Rusiya, Moldova, Ukrayna, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Tacikistanda isə Azərbaycandakından pisdir.

Lakin cədvələ diqqət yetirdikdə, görürük ki, bu ölkələr arasındakı göstərici fərqləri iki-üç il təşkil edir.

Bu siyahıda Gürcüstan əlahiddə 66-cı yeri tutur. Gürcülər azərbaycanlılardan 5-6 il uzun ömrə ümid edə bilərlər.

ARVADI ƏRİ SAXLAR… HƏR İKİSİNİ DƏ PENDİR…

Britaniya mətbuatı hər şeyi kommersiyaya çevirməkdə mahirdir.

Adi konfetdən tutmuş şahzadənin baldızının xarici görkəminə qədər.

Məsələn «The Daily Telegraph» qəzeti iddia edir ki, Avropada fransız qadınların gözlənilən «müştərək ömür müddəti» (85 yaş), ingilis qadınlarından (82 yaş) uzundur.

Qəzetin yazdığına görə, sən demə, buna səbəb Fransada məşhur olan «mavi pendir»dir.

Alimlər bu nəticəyə gəliblər ki, tərkibində müxtəlif göyərtilər olan, Fransanın cənubundakı Tuluz mağaralarında tutulan pendirin istehlakı, guya ürək-damar sisteminin sağlam qalmasında aparıcı faktor ola bilər.

Bəzi Britaniya alimləri isə iddia edirlər ki, bəlkə də məsələ fransız pendirində yox, fransız şərabındadır.

Zarafat edənlər də var ki, hər ikisi birlikdə heç də pis getmir.

Pendir
Pendir
Nə isə, pendiri və şərabı bir tərəfə qoyaq, görək bu «gözlənilən müştərək ömür müddəti» nə olan şeydir?!

STATİSTİKA VƏ REALLIQ

«Gözlənilən müştərək ömür müddəti» statistika elminə görə, ər və arvadın real həyatda sağ olaraq birlikdə çata biləcəkləri yaş həddidir.

Avropa üçün çıxış nöqtəsi olaraq 65 yaş göstərilir. Yəni, çox güman ki, bu yaşda əksər cütlər sağ olmalıdırlar.

Bu rəqəmin əldə edilməsi üçün kişi və qadınların gözlənilən ömür müddətlərindən ortaq məxrəc çıxarılır…

Mən indi öz həyatımı həmin statistikadan keçirməyə çalışacağam.

Atam 55 yaşında, üçüncü infarktdan sonra vəfat edib. Anam (Allah can sağlığı versin) indi 76 yaşındadır.

Ortaq məxrəc çıxarıram: 65,5.

Yəni, statistikaya görə, mən 1998-ci ildə atalı-analı bir «uşaq» olmalı idim, amma ola bilməmişəm...

Qarşıdan gələn ildə mən atamla yaşıd olacağam. Ondan o yana isə Allah və statistikanın işidir.
XS
SM
MD
LG