Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:02

Prezident 2 ilə Olimpiyaya necə hazırlaşmaqdan danışdı


İlham Əliyev
İlham Əliyev
-

«2012-ci il ölkəmiz üçün həm idman sahəsində, həm də başqa sahələrdə çox uğurlu il olub. Deyə bilərəm ki, ölkə qarşısında duran bütün əsas vəzifələr bu il də icra edilib».

Bunu prezident İlham Əliyev dekabrın 18-də Milli Olimpiya Komitəsində (MOK) 2012-ci ilin yekunlarına həsr olunan tədbirdəki çıxışında deyib.

İQTİSADİYYAT QEYRİ-NEFT SEKTORU HESABINA ARTIR?

Prezident bildirib ki, ölkənin iqtisadiyyatı uğurla inkişaf edir. Sosial məsələlərin bir çoxu həllini tapıb. O, sovet dövründən dondurulmuş vəziyyətdə qalan əmanətlərin vətəndaşlara qaytarılmağa başlandığını vurğulayıb və bildirib ki, güclü iqtisadi potensial gələcəkdə idman sahəsinə daha da böyük həcmdə investisiyalar qoymağa imkan verəcək.

«İqtisadiyyatımız indi daha çox qeyri-neft sektoru hesabına inkişaf edir. Bu da təbiidir. Bir neçə il bundan əvvəl qarşıya məhz belə vəzifə qoyulmuşdu. Bu ilin yekunlarına görə, - qeyri-neft iqtisadiyyatımız hələ ki, dəqiq hesablamalar aparılır, - görünür ki, təxminən 10 faiz artacaq. Bu, çox böyük göstəricidir. Bu onu göstərir ki, iqtisadiyyatımız artıq çoxşaxəli iqtisadiyyat kimi inkişaf edir».

BP İRADLARA MƏSULİYYƏTLƏ YANAŞIB

İlham Əliyev qeyd edib ki, bu il neft sahəsində hasilatda müəyyən tənəzzül olub.

BP
BP
«Mən bu barədə fikirlərimi, iradlarımı bildirdim. Çox şadam ki, artıq neft sahəsində də sabitləşmə dövrü başlayıb. Bir müddət bundan əvvəl mən bu məsələ ilə bağlı Nazirlər Kabinetinin toplantısında fikirlərimi açıq şəkildə bildirdim ki, ictimaiyyət də bilsin.
Bütövlükdə, bu məsələdə dönüş yaranmalı idi. Mən çox şadam ki, bizim əsas tərəfdaşımız olan BP şirkəti bu fikirlərə, bu iradlara çox böyük məsuliyyətlə yanaşmışdır. Bu gün səhər BP şirkətinin prezidenti mənimlə görüşdə şirkətin gələcək illər üçün planlarını açıqlayıb. Mən çox şadam ki, bu planların arasında neft hasilatının sabitləşdirilməsi məsələləri ön planda dayanır. Bu, onu göstərir ki, bizim aramızda olan əməkdaşlıq, doğrudan da, güclü əsaslar üzərində qurulubdur. Gələn ildən başlayaraq iqtisadiyyatımızın əsas sahəsi olan neft sənayesində sabitləşmə olacaqdır. Bundan sonra dayanıqlı neft hasilatı uzun illər təmin ediləcək».

«DAXİLİ MÜXALİFƏT SEVİNMƏSİN»

Prezident bu məsələyə niyə toxunmasının səbəblərindən də danışıb:

«Azərbaycanı istəməyən xarici qüvvələr, erməni lobbisi və əfsuslar olsun ki, onlarla bir düşərgədə olan daxili müxalifət bu məsələni böyük dərəcədə qabarıq şəkildə büruzə verməyə çalışmışdı. Sanki Azərbaycanda neft sənayesində hər hansı ciddi problem var. Sanki Azərbaycan ilə, SOCAR ilə onun tərəfdaşları arasında hansısa problemlər var.
Problemlər ola bilər. Ancaq bizim üstünlüyümüz ondan ibarətdir ki, bu problemlər aşkarlanır, biz vaxtında öz fikirlərimizi bildiririk. Tərəfdaşlarımız da iradlarımıza böyük maraqla və böyük məsuliyyətlə yanaşırlar. Sadəcə olaraq, demək istəyirəm ki, bizi istəməyən qüvvələr, daxili qüvvələr, satqınlar, həmin o adamlar ki, idmançılarımızın London Yay Olimpiya Oyunlarında ilk günlərdə qızıl medal əldə edə bilməməsindən sevinən və ondan sonra oyunların yekunlarına görə ermənilərlə bərabər məyus olan daxili müxalifət sevinməsin. Erməni lobbisi, bizi istəməyən, Azərbaycanın uğurlu inkişafını istəməyən xarici qüvvələr sevinməsin».

GƏLƏN İL MEQALAYİHƏLƏR OLACAQ

Azərbaycanlı idmançılar London Olimpiadasında
Azərbaycanlı idmançılar London Olimpiadasında
İlham Əliyev gələn ilin bütövlükdə Azərbaycanın inkişafı üçün çox əlamətdar il olacağını deyib:

«Çünki gələn il bir neçə nəhəng layihənin təməlini qoyacağıq. O layihələr ki, onların hər biri özlüyündə meqalayihədir. O layihələrin icra edilməsi üçün böyük vəsait qoyulacaq. Vəsaitin böyük hissəsi xarici tərəfdaşlar tərəfindən qoyulacaq. Yəni, ölkə iqtisadiyyatına investisiya axını təmin ediləcək. Beləliklə, bu, bizə imkan verəcəkdir ki, iqtisadi gücümüzü artıraq və humanitar sahəyə, idmana, mədəniyyətə, sosial məsələlərin həllinə daha da böyük vəsait ayıraq».

700 MEDAL, 255-İ QIZIL

İlham Əliyev 2012-ci ilin Azərbaycan idmançıları üçün çox uğurlu il olduğunu deyib. «2012-ci ildə idmançılar tərəfindən müxtəlif beynəlxalq yarışlarda 700-dən çox medal qazanılıb. Onlardan 255-i qızıl medaldır. İdmançılarımız ölkəmizi beynəlxalq arenalarda ləyaqətlə təmsil ediblər».

Prezident qeyd edib ki, 2012-ci ildə idman infrastrukturunun yaradılması ilə bağlı səylər davam etdirilib. İl ərzində iki regional Olimpiya mərkəzi istifadəyə verilib. Beləliklə, bölgələrdə tikilmiş İdman Olimpiya komplekslərinin sayı 35-ə çatıb. Səkkiz kompleksdə tikinti işləri davam etdirilir. Bir neçə kompleksin tikintisi nəzərdə tutulur. Beləliklə, bir neçə ildən sonra hər bir rayon mərkəzində, hər bir şəhərdə müasir Olimpiya obyektləri yaradılacaq.

AVROPA OLİMPİYA OYUNLARI ÜÇÜN NİYƏ BAKI SEÇİLDİ

2012-ci ilin London Yay Olimpiadasından danışan prezident deyib ki, bu Olimpiadada ən böyük uğurlar qazanılıb.

«On medal: 2 qızıl, 2 gümüş, 6 bürünc medal bizim tarixi nailiyyətimizdir. Olimpiya Oyunlarından artıq bir neçə ay keçir və hələ ki, xarici həmkarlarla görüşlərdə bu məsələ vurğulanır, Azərbaycanın uğurları haqqında fikir mübadiləsi aparılır. Məni bu günə qədər həmkarlarım - dövlət və hökumət başçıları bu uğurlar münasibətilə təbrik edirlər. Əlbəttə ki, bu, çox gözəl hadisədir. Hər bir Azərbaycan vətəndaşının qəlbini qürur hissləri ilə dolduran bir məsələdir. Bu qələbəyə görə, əlbəttə, biz hamımız idmançılara, onların məşqçilərinə, idman mütəxəssislərinə minnətdarıq».

HƏR YERDƏ BÖHRAN, AZƏRBAYCANDA İSƏ...

Bakıda "Eurovision" yarışması
Bakıda "Eurovision" yarışması
İlham Əliyevin fikrincə, Avropa Olimpiya Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi tarixi qərardır. «Bu oyunların bizə həvalə edilməsi, bu məsuliyyətin bizə tapşırılması əlbəttə ki, böyük tarixi əhəmiyyətə malik olan bir hadisədir... Eyni zamanda, əgər təkcə beynəlxalq nüfuzumuz olsaydı, iqtisadi imkanımız olmasaydı çətin ki, bu məsuliyyətli iş bizə tapşırılardı. Əlbəttə, ölkəmizin iqtisadi inkişafı böhranlı illərdə də davam etmişdir. İndi Avropanın bir neçə ölkəsində ciddi böhran davam edir. Yəni, bu böhranın sonu görünmür və vaxt keçdikcə daha da çox ölkələr bu böhrandan əziyyət çəkir. Artıq bir neçə ildir ki, bu proseslər gedir və bu böhranlı illərdə Azərbaycan ildən-ilə iqtisadi nailiyyətlərlə bütün Avropanı təəccübləndirir. Nəinki bizim statistik rəqəmlərə görə bu, belədir, eyni zamanda, dünyanın aparıcı reytinq agentlikləri aparıcı Avropa ölkələrinin bir neçəsinin reytinqini aşağı salarkən Azərbaycanın kredit reytinqlərini qaldırırlar».

Prezident vurğulayıb ki, bu qərarın qəbul edilməsində Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsində qazandığı təcrübə, dünya, Avropa çempionatlarının keçirilməsi, bu il «Eurovision» mahnı yarışını ən yüksək səviyyədə baş tutması da, idman qurğuların mövcudluğu da öz rolunu oynayıb. «Olimpiya Oyunlarının keçirilməsi üçün lazım olan idman obyektləri artıq ya tikilib, ya tikilməkdədir. Biz bütün bu işləri bəri başdan görmüşük».

2 İLƏ OLİMPİYA HAZIRLIĞI

Azərbaycanı London Olimpiadasında təmsil edən idmançı Şərif Şərifov
Azərbaycanı London Olimpiadasında təmsil edən idmançı Şərif Şərifov
İlham Əliyev Bakıda son iki il ərzində istifadəyə verilmiş yeni mehmanxanaları, istirahət zonalarını, idman qurğularını da xatırladıb.

«Mən əminəm ki, biz bu oyunları yüksək səviyyədə keçirəcəyik. Ancaq onu da bilməliyik və ictimaiyyət də bilməlidir ki, Olimpiya Oyunlarını, yəni, Yay və Qış böyük Olimpiya Oyunlarının keçirilməsinə hazırlıq dövrü təxminən 6-7 il olur. Misal üçün, gələn ilin sentyabr ayında 2020-ci ilin Olimpiya Oyunlarının paytaxtı müəyyən ediləcəkdir. Yəni, kim olursa olsun, o ölkənin hazırlanması, bütün bu məsələləri həll etmək üçün 6-7 il vaxt lazım olacaqdır. Bizim vaxtımız cəmi iki ildir. Ancaq bizim templərimiz də çox yüksəkdir. Yəni, dünyada ikinci belə ölkə yoxdur ki, bu templərlə inkişaf etsin. İki il əlbəttə ki, çox az bir vaxtdır. Amma mən əminəm ki, bütün lazımi tədbirlər, texniki, təşkilati məsələlər öz həllini tapacaq və birinci Avropa Olimpiya Oyunları tarixə düşəcək»./AzərTac/
XS
SM
MD
LG