Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:26

Korrupsiyadan yazan jurnalistlər İlham Əliyevi «İlin adamı» seçdilər


Arxiv foto. Prezident Ilham Əiyev ailə üzvləri ilə
Arxiv foto. Prezident Ilham Əiyev ailə üzvləri ilə
-
Azərbaycan Prezidenti İlham Əliyev «Mütəşəkkil cinayətkarlıq və korrupsiya sahəsində İlin Adamı» elan edilib. Onu beynəlxalq jurnalist araşdırmaları təşkilatı - «Organized Crime and Corruption Reporting Project» (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi) bu nominasiyada qalib hesab edir.

Təşkilat səbəb kimi də 2012-ci ildə İlham Əliyevin ailə üzvlərinin «telekommunikasiya, minerallar, tikinti kimi gəlirli sahələri ələ keçirmələrinə dair ortaya çıxan məılumatlar»ı göstərir.

İlham Əliyev təşkilata daxil olan 60 araşdırmaçı-jurnalist və 15 media təşkilatının yekdil rəyi ilə seçilib.

Namizədlər arasında Albaniyadan narkobaron Naser Kelmendi, Özbəkistan Prezidenti İslam Karimov və Rusiya Prezidenti Vladimir Putin də olub.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi Sarayevo və Buxarestdə mənzillənən müstəqil araşdırma konsorsiumudur.

Qeyri-hökumət təşkilatı olan bu quruma 20-dən çox ölkədən media orqanları və araşdırmaçı-jurnalistlər daxildir. Məqsədi dünya üzrə mütəşəkkil cinayətkarlar və korrupsionerlər barədə dünya ictimaiyyətini məlumatlandırmaqdır.

Bu qurumun AzadlıqRadiosu ilə birgə keçən il apardığı araşdırmada Prezident İlham Əliyevin qızları - Leyla və Arzu Əliyevaların Daşkəsəndəki «Çovdar» qızıl yatağında paya sahib olmalarından bəhs edilir. Həmin araşdırmada «Çovdar» yatağında prezidentin ailə üzvlərinin payı olması barədə suala parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin rəhbəri Valeh Ələsgərov əməkdaşımıza yalnız «Ayıb olsun Sizə!» sözləri ilə cavab vermişdi.

Bundan əvvəl də prezidentin ailə üzvlərinin Azərbaycanda bir sıra iri biznes sahələrində payı olması barədə məlumatlar yayılmışdı. Prezidentin mətbuat xidmətindən Azər Qasımov dövlət başçısının qızlarının adi vətəndaşlar kimi bizneslə məşğul olduqlarını demişdi.

Hakim partiyanın təmsilçiləri isə Prezident İlham Əliyevə yönələn korrupsiya ittihamlarını bir qayda olaraq qərəzli və «Azərbaycan hakimiyyətinə xaricdən yönələn siyasi təzyiq» cəhdləri adlandırırlar.
XS
SM
MD
LG