Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:49

Argentina prezidenti Folklendi Britaniyadan tələb etdi


Argenrina prezidenti Cristina Fernandez
Argenrina prezidenti Cristina Fernandez
-

«Böyük Britaniyanın baş naziri 180 il bundan əvvəl «zorla qopardılmış» Folklend adalarını Argentinaya qaytarmalıdır». Bunu Argentina prezidenti Cristina Kirchner David Cameron-a məktubunda yazır.

Cristina Kirchner açıq məktubunda Londonu BMT-nin 1965-ci il tarixli qətnaməsinə sayğı göstərməyə və adaların Argentinaya qaytarılmasına dair danışıqlara başlamağa çağırır.

Məktubun vaxtı Folklend adalarının Britaniya tərəfindən zəbtinin 180-ci ildönümü ilə üst-üstə düşür. Bir surəti də BMT-nin baş katibi Ban Ki-moon-a göndərilmiş məktubda Folklend adaları israrlı şəkildə ispan variantında olduğu kimi Malvina adlandırılır.

Məktubda deyilir ki, 19-cu əsrin müstəmləkəçilik dövründə Britaniya özündən 14 min kilometr aralı olan bu ərazini «iyrənc bir şəkildə işğal edib». Cristina Kirchner yazır ki, işğaldan sonra adadakı argentinalılar ərazidən qovulub və oraya yeni əhali köçürülüb.

BRİTANİYA BMT QƏTNAMƏSİNƏ HÖRMƏT ETMƏLİDİR

Məktubda bu da deyilir ki, BMT-nin 1965-ci il tarixli qətnaməsində tərəflər bu mübahisənin çözülməsi üçün danışıqlara çağırılıb və bundan sonra daha bir neçə eyni məzmunlu qətnamə qəbul olunub. Bu qətnamənin əleyhinə Birləşmiş Krallıq da daxil olmaqla, heç bir ölkə səs verməyib.

Hazırda Folklend adalarının 3000 nəfərlik əhalisinin böyük əksəriyyəti britaniyapərəst mövqedədir. Ada sakinləri bu ilin martında Britaniyanın tərkibində qalıb-qalmamağa dair referendumda səs verəcəklər.

Cənab Cameron bəyan edib ki, London, bu referendumun nəticələrinə tam sayğı göstərəcək. Baş nazir onu da vurğulayıb ki, o, ada sakinlərinin Birləşmiş Krallığında qalmaq arzularının müdafiəsi üçün əlindən gələni edəcək. O, referendumdan əvvəl hər hansı danışıqları istisna edib.

David Cameron
David Cameron
Folklend adalarının seçkili və qanunverici Assambleyasının üzvü, doktor Barry Elsby mətbuata bildirib ki, bu ərazi müstəmləkə deyil və Britaniyaya bağlılığı tam könüllüdür.

YENƏ DƏ ÖZ MÜQƏDDƏRATININ TƏYİNİ PRİNSİPİ

Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, «Folklendin sakinləri britaniyalıdırlar və bunu onların özləri seçiblər. Onların öz gələcəklərini həm siyasi, həm də iqtisadi baxımdan seçmək hüququ var».

«Bu, bütün xalqların təməl haqqıdır. Bu mübahisənin Argentinanın iddia etdiyi kimi yalnız iki yox, üç tərəfi var. Ada sakinlərini tarixdən silib atmaq olmaz», sözçü deyib.
Britaniya Xarici İşlər Nazirliyi ölkənin 1833-cü ilin yanvarında adanın yerli sakinləri olan argentinalıları qovması barədə Argentina prezidentinin iddiasını da rədd edib. O, bildirib ki, Britaniya gəmiləri ilk dəfə adalara gələndə, orada dinc əhali olmayıb. Britaniya dənizçiləri, sadəcə olaraq adalara onlardan üç ay əvvəl yerləşdirilmiş Argentina hərbi qarnizonunu oradan çıxarıblar.

Londondakı Royal Hollovey Universitetinin geosiyasət professoru Klaus Dodds adaların tarixçəsinə bir az da aydınlıq gətirir.

O, deyir ki, bu tarix Argentina prezidentinin bildiyindən daha mürəkkəbdir. Professorun sözlərinə görə, 1760-1770-ci illərdə adaları ələ keçirmək üçün İspaniya, Britaniya, Fransa və nəhayət, Argentina Respublikası rəqabət aparıblar, hətta bir ara bu rəqabətə irlandlar da daxil olub. Klaus Dodds deyir ki, bu baxımdan tək Britaniya yox, Argentina da özünü müstəmləkəçi ölkə kimi aparıb.

LONDON VƏ BUENOS AYRES ANTARKTİDANI DA BÖLƏ BİLMİRLƏR

David Cameron və Elizabeth
David Cameron və Elizabeth
Britaniya qəzetləri yazır ki, Buenos Ayresi həmçinin Londonun ötən ay Antarktidanın buz bağlamış böyük bir hissəsini kraliçanın şərəfinə 2-ci Elizabeth-in Torpağı adlandırması qəzəbləndirib. Bu əraziyə də iddialı olan Argentina Britaniyanın bu hərəkətini təxribat adlandırıb.

CNN telekanalının internet saytı isə diqqəti Folklend münaqişəsi barədə nisbətən az tanınan, lakin əhəmiyyətli faktlara çəkir.

CNN London-un reportajında belə bir sual edilir: «Britaniya nə üçün adaları Argentinaya vermək istəmir? Halbuki Honq Konqu Çinə qaytarıb?»

Avstraliyanın Uollonqonq Universitetinin ərazi mübahisələri üzrə eksperti Clive Schofield izah edir ki, Britaniyanın Honq Konq üçün Çindən icarə lisenziyası 1997-ci ildə bitib, lakin Folklend adalarını Britaniya heç kimdən icarəyə götürməyib.

FOLKLENDİN NƏYİ VƏ HARASI?

Folklend adalarına Britaniya dənizçilərinin ayağı ilk dəfə 1690-cı ildə toxunub və London 1765-ci ildə bu ərazilərin özünə aid olduğunu elan edib.

Məqalədə Folklend adalarının niyə bu qədər əhəmiyyətli olduğu barədə suala da cavab verilir.

Cənubi Amerika qitəsinin cənub ucundakı bu adalar hələ qədimdən dənizçilər üçün dayanacaq və içməli quyu suyunun götürüldüyü yer olub.

Ancaq strateji coğrafi mövqeyinə baxmayaraq, adalar Avropa ölkələrindən çox uzaqdır və onları saxlamağın «astarı üzündən baha» başa gəlir. Bəlkə də «indiyədək başa gəlirdi» demək daha düzgün olardı, çünki...

ORTADA NEFT MƏSƏLƏSİ DƏ VAR

Argentina Britaniyanın 2010-cu ildən etibarən neft yataqlarının axtarışı və işlənməsi layihəsini elan etməsindən acıqlıdır. Üstəlik, son illərdə Argentina karbohidrogenlərin ixracatçısından idxalçısına çevrilib.

Bəs söhbət nə qədər neftdən gedir? Mətbuat yazır ki, Folklend adalarının 300 kilometrlik ətraf radiusunda, yəni dənizdə 8 milyard barreldən çox neft var. Ancaq uğurlu qazma işlərinin aparılmasına baxmayaraq, neft ehtiyatının həcmi barədə proqnozlar hələ də mübahisəlidir.

Rockhopper və Borders & Southern Petroleum də daxil olmaqla bir sıra kasıb və kiçik neft şirkətləri bu əraziyə maraq göstərir. İri şirkətlər isə Argentina-Britaniya qarşıdurmasına görə hələlik layihəyə yaxın durmur.

Üstəlik, dərin dəniz yataqlarından çıxarılacaq və uzaq məsafələrə nəql olunacaq bu neftin qiyməti də xeyli yüksək ola bilər.
XS
SM
MD
LG