Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:47

Paris küçələrində PKK savaşı


Polis qətlə yetirilmiş PKK-çı qadınların meyiini binadan çıxarır
Polis qətlə yetirilmiş PKK-çı qadınların meyiini binadan çıxarır
-

Fransada kürd separatçı hərəkatının tərəfdarı olan üç qadın ofislərində qətlə yetirilib. Onların arasında PKK-nın qurucularından biri də var. «The İndependent» qəzeti Parisdə qətlə yetirilənləri «kürd radikalları» adlandırır.

Yanvarın 10-da səhər tezdən Parisin Gare du Nord vağzalının yaxınlığındakı kürd «informasiya mərkəzində» üç qadın, başlarına atılan güllə ilə öldürülüb.

Türkiyə hökuməti və Fransanın kəşfiyyat mənbələri bu qətllərə səbəb kimi Kürdüstan İşçi Partiyası (PKK) sıralarındakı daxili çəkişməni istisna etmirlər.

Həmin mənbələrin gümanınca, qətllərin Türkiyə hökuməti və həbsdə olan PKK lideri
Abdullah Öcalan (Abdullah Ocalan) arasında indilərdə gedən danışıqlarla bağlılığı var.

Türkiyə mediası olaydan bir gün öncə yazırdı ki, sözügedən danışıqlarda Türkiyənin cənub-şərqində 30 ildir sürən bölücü savaşa son verilməsi üçün «yol xəritəsi» barədə ilkin razılaşma əldə edilib.

PKK-NI YARATMIŞ QADIN

Qurbanlardan biri və ehtimal ki, sui-qəsdin əsas hədəfi 1978-ci ildə Öcalanla birgə PKK-nın əsasını qoymuş Sakine Cansızdır (Sakine Cansiz). Xanım Cansız bir müddət Türkiyədə həbsxanada olduqdan sonra Fransadan siyasi sığınacaq alıbmış. Belə görünür ki, PKK-nın parçalanmış rəhbərliyi ilə onun arasında son illərdə ciddi fikir ayrılığı olub.

Francois Hollande
Francois Hollande
Fransa prezidenti François Hollande qətlləri «dəhşət» adlandırıb və əlavə edib ki, ölənlərdən birini şəxsən tanıyırmış, çünki bu xanım siyasi məsələlərin müzakirəsi üçün dəfələrlə onun yanına gəlibmiş.

Söhbətin xanım Cansızdan getdiyi güman edilir.

QURBANLAR QAPINI ÖZLƏRİ AÇIBLAR

Polis mənbələri Fransa mediasına cinayətin baş verdiyi ofisdə qapıların sındırıldığını göstərən heç bir əlamətin olmadığını bildirib və görünür, qatillərə qurbanların özü qapını açıb.

İki digər qurban haqqında da məlumat verilir.

Onlardan biri – 28 yaşlı Fidan Doğan (Fidan Dogan) Brüsseldə mənzillənmiş və PKK dəstəkçisi olan Kürdüstan Milli Konqresinin nümayəndəsidir. 25 yaşlı Leyla Söylemez (Leyla Soylemez) isə Parisdə gənc kürdlərdən ibarət təşkilata rəhbərlik edirmiş.

Cinayət barədə xəbəri xanım Söylemezin vətəndaş nikahında olduğu şəxs polisə çatdırıb.

Telefonuna cavab verilmədiyindən, bu şəxs olay yerinə gəlib və üç qadının ölüsünü görüb.

İstintaq basqını kimlərin törətdiyinə dair bir neçə versiya üzərində qurulub.

PARİS KÜRDLƏRİNİN ETİRAZ AKSİYASI

Parisdəki kürd nümayəndələr bu qətllərin PKK-nın daxili çəkişməsi olduğu barədə iddianı rədd ediblər.

Sakine Cansiz
Sakine Cansiz
Onlar, əksinə, cinayətdə Türkiyə hökumətinin Fransada mənzillənmiş agentlərini və Türkiyənin aşırı sağ millətçilərini günahlandırıblar.

Hadisə barədə xəbər yayılan kimi, Parisdəki 300-dək kürd mühacir qətllərin baş verdiyi binanın qarşısında mitinq keçirib.

Onların əllərindəki plakatlarda «Türkiyə qatildir, Hollande onunla əlbirdir» və «Biz hamımız PKK-yıq» şüarları yazılıbmış.

PKK Türkiyə, ABŞ və Avropa Birliyində terrorçu təşkilat kimi tanınır.

ANKARA VƏ ÖCALAN RAZILAŞMAYA ÇOX YAXINLAŞIBLARMIŞ

Türkiyə mediasının yazdığına görə, olay ərəfəsində hökumət və Öcalan arasında gedən danışıqlarda önəmli irəliləyiş əldə edilibmiş.

Xəbər verilir ki, tərəflər kürd məhbusların azad edilməsi, kürd dili və mədəniyyətinin rəsmən tanınması müqabilində atəşkəs barədə razılığa çox yaxın imişlər.

Məhz buna görə, Türkiyə və Fransa rəsmiləri qətllərdə məqsədin bu danışıq prosesinin pozulması olduğunu bildirirlər.

Türkiyənin siyasi şərhçilərindən keçmiş anti-terrorizm idarəsində çalışmış Emre Uslu güman edir ki, qətllərə PKK rəhbərliyi də göstəriş verə bilərdi.

SAKİNE CANSIZ-LA PKK-NIN ADİ OLMAYAN MÜNASİBƏTLƏRİ

Şərhçi deyir ki, Sakine Cansız keçmişlərdə Öcalanın apardığı sülh danışıqlarının əleyhinə çıxması ilə tanınır.

Bu da bildirilir ki, xanım Cansız 1980-ci illərdə Diyarbəkir həbsxanasından da kürd separatçı hərəkatına rəhbərlik edirmiş.

O, sonralar İraqın şimalında kürd qadınlardan ibarət partizan hərəkatını da yönəldib.
Amerikanın WikiLeaks saytının açıqladığı diplomatik teleqramlarda deyilir ki, Cansız 2007-ci ildə Berlin həbsxanasından azad ediləndən sonra, onun Türkiyəyə təslim edilməsi barədə Ankaranın xahişi rədd edilib.

O vaxtdan bəri Cansız Avropa boyunca bütün kürd qadın hərəkatının lideri sayılırmış.
Türkiyənin «Hürriyet» qəzeti yazır ki, Sakine Cansız PKK-nın silahlı qanadının rəhbəri Suriya vətəndaşı olan Ferman Hussein-lə də yola getmirmiş.

Arxiv foto: PKK-nın etiraz aksiyası
Arxiv foto: PKK-nın etiraz aksiyası
Bununla belə, Parisdəki kürd nümayəndələr elə eyni səbəblərdən sui-qəsdin arxasında Ankaranın dura biləcəyini iddia edirlər. Rəsmi Paris bu «nəzəriyyə»ni dərhal rədd edib.

PARİS ANKARANIN İTTİHAM OLUNMASINI ABSURD HESAB EDİR

Fransanın əks-kəşfiyyat xidmətindən olan mənbə «Figaro» qəzetinə bildirib ki, belə bir əməliyyatın Parisdə keçirilməsinin arxasında Türkiyənin durduğu barədə fərziyyə ağlabatan deyil.

Mənbə bildirib ki, əksinə, Ankara və Paris arasında anti-terrorizm sahəsində qarşılıqlı inama əsaslanan əməkdaşlıq var.

Parisin türk icması basqına uğramış «informasiya mərkəzi»nin PKK-ya yaraqlılar topladığı barədə dəfələrlə şikayət edib.

«The Guardian» qəzeti isə daha çox bu hadisəyə Türkiyənin daxilindəki əks-sədadan yazır.

Türkiyənin Seneqalda səfərdə olan baş naziri Tayyip Erdogan deyib ki, hələlik, hər hansı nəticəyə gəlmək çox tezdir:

«Bu, daxili bir çəkişmə də ola bilər. Bundan başqa, biz hazırda terrorizmə qarşı mübarizədəyik…bunu istəməyən adamlar var. Bu, həmin adamların təxribatı ola bilər».

SÜLH DANIŞIQLARINA ÜMİD ÇİLİK-ÇİLİK OLDU

Kürdüstan Milli Konqresinin lideri Remzi Kartal Reuters agentliyinə bildirib ki, Parisdə baş vermiş hadisənin siyasi motivli olduğu şübhə doğurmur:

Abdullah Ocalan
Abdullah Ocalan
«Öcalan və Türkiyə hökuməti danışıqlara başlayıblar, onlar dialoq istəyirlər. Lakin kürd məsələsinin həllini tapmasını istəməyən və sülh prosesinə qarşı təxribat törədən qüvvələr var».

Diyarbəkirdə mənzillənmiş kürdpərəst DİHA xəbər agentliyinin müxbiri Mehmet Ali Ertas diqqəti belə bir məqama da çəkir ki, qətllər Türkiyə hökuməti və Öcalan arasında gedən danışıqların önəmli mərhələsində baş verib.

Jurnalist bildirir ki, bu danışıqları pozmaq və xaos yaratmaq istəyənlər var.

İstanbul İnsan Haqları Assosiasiyasının rəhbəri Ihsan Kaçar deyib ki, yenicə cücərən sülh danışıqları Türkiyə kürdləri arasında çox müsbət qarşılanırdı, amma Paris qətlləri sülh ümidlərini çilik-çilik edib.
XS
SM
MD
LG