Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:38

İşadamının məhkəməsi fevralın 6-da olacaq


Məhəmməd Qurbanov
Məhəmməd Qurbanov
-
Fevralın 1-də Sədərək rayon Məhkəməsində işadamı Məhəmməd Qurbanov və onun kürəkəni Nadir Məmmədovun cinayət işi ilə bağlı hazırlıq iclası keçirilib.

Bu haqda AzadlıqRadiosuna vəkil Xalid Bağırov məlumat verib.

Xaliq Bağırovun bildirdiyinə görə, məhkəməyə təqdim etdikləri vəsatətlər təmin olunmayıb:

«Müdafiə tərəfi olaraq bir neçə vəsatət verdik. Söhbət, əsasən, dustaqların əllərindəki qandalların açılmasından, onların vəkillə yanaşı oturmasına icazə verilməsindən, məhkəmədə çəkilişlərin aparılmasından, eləcə də təqsirləndirilən şəxslər barəsində həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsindən gedir. Vəsatətlərin heç biri qəbul olunmadı».

Növbəti məhkəmə iclası fevralı 6-na təyin olunub.

Məhəmməd Qurbanov keçən il noyabrın 8-də AzadlıqRadiosuna bildirmişdi ki, Türkiyədən gətirdiyi ərzaq məhsullarını ölkəyə buraxmaq üçün gömrükçülər ondan rüsumdan artıq pul istəyiblər. Həmin pulu vermədiyi üçün malını anbardan çıxartmağa qoymayıblar. Bundan sonra işadamı və onun kürəkəni Nadir Məmmədov ilə gömrük işçiləri arasında insident yarandığı bildirilirdi.

Naxçıvan MR Prokurorluğunun yaydığı məlumatda isə Nadir Məmmədovun gömrük işçilərinə qarşı zor tətbiq etdiyi qeyd olunur.

Fakt üzrə Cinayət Məcəlləsinin 315.1-ci və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb. Bu ittihamlarla onlar 3 ildən 7 ilə qədər müddətə azadlıqdan məhrum oluna bilər.

Dekabrın 12-də Sədərək rayon Məhkəməsi hər iki şəxs barəsində 2 aylıq həbs qərarı çıxarıb. Onlar Naxçıvandakı Böyükdüz təcridxanasında saxlanırlar.
XS
SM
MD
LG