Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:24

Polyak dili İngiltərənin ikinci dili oldu


Arxiv foto. London
Arxiv foto. London
-



Artıq bir aya yaxındır ki, Britaniyada ən çox müzakirə olunan mövzulardan biri də mal ətindən hazırlanan burgerlərin tərkibində at DNT-sinin tapılması ilə bağlı yaranmış qalmaqaldır.

Britaniyada ən çox yeyilən ət məhsulu sayılan mal burgerlərinin tərkibində at DNT-sinin (at məhsulunun) tapılması, sadə dildə o deməkdir ki, ölkə əhalisi artır neçə illərdir ki, özü də bilmədən at əti yeyirmiş.

Britaniya camaatı fransızlardan fərqli olaraq bir qayda olaraq at ətini yemir. Yəni milli mədəniyyətdə buna yazılmamış bir qadağan var.

Londonda onlarca atlı qəhrəman heykəlləri var və ingilislər üçün at yemək, döyüş yoldaşını yemək kimi bir şeydir.

Lakin media və sosial şəbəkələrdən bəlli olur ki, britaniyalıları qəzəbləndirən at əti yeməkləri yox, bunu bilmədən yeməkləri olub.

Məhz buna görə də mətbuat ilk növbədə at ətinin burgerlərə qarışdırılmasının haradan qaynaqlandığını öyrənmək istəyib.

AT HARDAN GƏLİR?

Lakin qlobal ət biznesi o qədər çulğalaşıb ki, ilkin mənbəyi tapmaq asan deyil.
Bəzi qəzetlər yazırlar ki, at əti Braziliyadan gəlir, bəziləri isə bu qənaətdədirlər ki, bu “məxfi materialı” onlara Hollandiyadan ötürüblər.

Lakin son məlumatlara görə, burgerlərdəki at əti qalıqlarının qaynağı Polşadır.
Britaniya adalarını burgerlərlə təmin edən İrlandiya, Polşanın ən böyük ət emalçılarından biri olan Food Service şirkətindən bütün idxallara son qoyub.

Şirkətin rəhbəri Marek Czerniej at ətini mal ətinə onun şirkətinin qatmadığını bəyan edib.

Məsələ araşdırılır, lakin bu, Polşanın Avropa İttifaqına daxil olduğu vaxtdan bəri Britaniyada yaratdığı ilk qalmaqal deyil.

HƏR İŞİ UCUZ GÖRƏN POLYAKLAR

2004-cü ildə Polşa Avropa İttifaqına daxil olan kimi, Britaniyaya on minlərlə polyakın axını başladı.

Bunlar çox zəhmətkeş, hər işi görməyə, həm də ingilislərdən qat-qat ucuz qiymətə görməyə hazır olan insanlardır.

Polyaklar hər cür xidmət təklif edirlər, lakin onların əsas ixtisası usta və təmirçidir.
Onlar soyuducu və televizorlardan tutmuş, hamam və tualetlərin təmirinədək nə işlə desən, məşğul olurlar.

Polyakların xidməti ona görə cəlbedicidir ki, onlar ingilis ustalardan fərqli olaraq işə vaxtında, naz-qəmzəsiz gəlirlər və onlardan iki dəfə az haqq tələb edirlər.

Lakin bununla belə, Britaniyanın ikinci dünya müharibəsi ərəfəsindəki müttəfiqi olan Polşa övladlarının Dumanlı Albiona gəlməsi ilə ən azı paytaxt Londonda o vaxtadək görünməmiş hadisələr baş verdi.

QAÇAQ SİQARETLƏR, SAXTA ARAQLAR

Bu gün Londonun türk və kürd baqqal dükanlarının bəzilərində piştaxta altından iki dəfə ucuz Polşa siqaretləri almaq mümkündür.

Və nəhayət Britaniya mətbuatı ölkənin “ən təmiz arağı” olan “Smirnov”u polyak qaçaqçıların Londonun şimalında məxfi sexlərdən birində saxtalaşdırdıqları barədə məlumatlar yaydı.

Bununla belə, ölkəyə polyakların axınına London dözümlülüklə yanaşır.

Son vaxtlardan etibarən, ölkənin ən böyük bankları qəzetlərdə “polyak dilini bilən mütəxəssislər” axtardığı barədə elanlar dərc etməyə başlayıb.

Bax, məhz bu məqamda elə hadisə baş verdi ki, britaniyalılar at əti yeməklərinə şükür etdilər.

İNGİLTƏRƏNİN İKİNCİ DİLİ

Polyak dili İngiltərənin ikinci dilinə çevrildi.

2011-ci il əhalinin siyahıya alınması göstərib ki, indi polyak dili İngiltərə və Uelsdə, ingilis və Uels dillərindən sonra ən çox danışılan dildir.

İndi artıq polyak dili Britaniyanın ən çox danışılan Asiya dillərini – Pəncab, Urdu, Benqal və Qucarart dillərini geridə buraxıb.

Bunların ardınca Britaniyada ən çox danışılan dillər ərəb, fransız, çin və portuqal dilidir.
Britaniya adalarında ən az danışılan dil isə İsveç dili olub.

LONDONUN DİL XƏRİTƏSİ QAFQAZI XATIRLADIR

Milli Statistika İdarəsinin məlumatından belə çıxır ki, Londonun bəzi rayonları dil rəngarəngliyi baxımından Dağıstana bənzəyir.

Məsələn, mərkəzi rayonlardan biri olan Hullinqdonda adamlar 107 dildə danışırlar.
Üstəlik, indi İngiltərənin bir neçə əyaləti ən çox danışılan dilləri ilə tanınır.

Bu baxımdan, İlinq rayonu artıq polyak, Kenzinqton fransız, Mançester isə Çin dilləri olan mandarin və kantonez ərazisi kimi tanınır.

İngiltərənin Qərbi Midland əyaləti ingilis dilinin ən az danışıldığı yerdir.

Özümə gəldikdə isə, mən Londonun “kiçik Türkiyə”sində və ya bəlkə də türkdilli Kürdüstanında yaşayıram.

ŞİMALİ LONDONUN “DÖVLƏT DİLİ”

Heç yadımdan çıxmaz. Bir dəfə küçədə bir türk yeniyetmə məndən Enfild deyilən qəsəbənin yerini soruşdu. Müqəddiməsiz-filansız, Türkiyə türkcəsində.

Enfildin yolunu ona Azərbaycan türkcəsində başa saldım.

Təşəkkür edib təzəcə aralanmışdı ki, dönüb soruşdu:

- Abi, Londonda kaç sənədir yaşıyorsan?

- Bir 20 il olar…

- Öyləysə, nədən türkcəyi iyi konuşa bilmiyorsan?

- Bağışla a bala, çünki mən Azərbaycandanam…

- Hə, Azərbaycan… Amma futbolda bizə çok kötü yapdınız…

O gərək ki, Azərbaycanın Türkiyə komandası ilə hansısa görüşündə qəfil və gözlənilməz qələbəsini nəzərdə tuturdu. Bir daha üzr istəməli oldum:

- Bağışla da, bir səhvdir eləmişik. Amma vallah mən futbolu türkcədən də az bilirəm…
XS
SM
MD
LG