Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:23

İnzibati xətalar zamani yüngülləşdirici hallar


-



"İnzibati Xətalar Məcəlləsi"ndən çıxarış.

Məcəlləni tam şəkildə buradan endir.
Bu sənəddə 2013-cü ilin yanvarına qədər olan düzəlişlər əksini tapıb. Bu tarixdən sonra edilmiş düzəlişlərlə birlikdə Məcəllənin yenilənmş mətnini Ədliyyə Nazirliyinin bu saytından əldə edə bilərsən.



İnzibati xətalar zamani müdafiə vasitələri

Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi
8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.
8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.
8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur.

Maddə 9. Ədalətlilik prinsipi
9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır.
9.2. Bir inzibati xətaya görə heç kəs iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz.

Maddə 18. Son zərurət
Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun gəlmiş olsa da, son zərurət vəziyyətində, yəni dövlətin və cəmiyyətin mənafeyini, həmin şəxsin və ya başqa şəxsin sağlamlığını, hüquqlarını və qanuni mənafelərini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər bu təhlükə başqa vasitə ilə aradan qaldırıla bilməzdisə və əgər vurulmuş zərər qarşısı alınmış zərərdən daha az əhəmiyyətli olmuşsa, bu, inzibati xəta hesab olunmur.

Maddə 19. Zəruri müdafiə
Bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun gəlmiş olsa da, zəruri müdafiə vəziyyətində, yəni dövlətin və cəmiyyətin mənafeyinə, özünü müdafiə edənin və ya başqa şəxsin sağlamlığına, hüquqlarına və ya qanuni mənafeyinə qəsd edənə zərər vurmaq yolu ilə hüquqazidd qəsddən qoruyarkən edilmiş hərəkət inzibati xəta hesab olunmur.

Maddə 20. Anlaqsızlıq
Hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik) törədən zaman şəxs anlaqsızlıq vəziyyətində olduqda, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya başqa psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmadıqda o, inzibati məsuliyyətə cəlb edilmir.

Maddə 21. İnzibati xəta az əhəmiyyətli olduqda daha yüngül inzibati tənbeh tətbiq etmə və ya inzibati məsuliyyətdən azadetmə
Törədilmiş inzibati xəta az əhəmiyyətli olduqda inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxslər barəsində tətbiq edilməsi nəzərdə tutulan inzibati tənbehi daha yüngül inzibati tənbeh növü ilə əvəz edə və ya həmin şəxsi inzibati məsuliyyətdən azad edə bilər.

Maddə 25. İnzibati cərimə
25.1. İnzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir.
25.2. İnzibati cərimə manatla və ya aşağıdakı digər meyarlarla ifadə oluna bilər:
25.2.1. inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri;
25.2.2. inzibati xətanın başa çatdığı və ya onun qarşısının alındığı vaxt ödənilməli olan, lakin ödənilməmiş ödənişlərin, vergilərin məbləği.
25.3. İnzibati xətalara görə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən tətbiq edilən inzibati cərimələr həmin nümayəndəlik və konsulluqların yerləşdiyi xarici ölkənin valyutası ilə tutulur.
25.4. İnzibati xətalara görə alınan cərimənin miqdarı üç manatdan az ola bilməz.

Maddə 28–1. İctimai işlər
28–1.1. İctimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Belə işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
28–1.2. İctimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz.
28–1.3. İctimai işlər aşağıdakı şəxslərə tətbiq oluna bilməz:
28–1.3.1. birinci və ikinci qrup əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara;
28–1.3.2. hamilə qadınlara;
28–1.3.3. himayəsində səkkiz yaşınadək uşağı olan qadınlara;
28–1.3.4. pensiya yaşına çatmış qadın və kişilərə;
28–1.3.5. hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara.

Maddə 29. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma
Bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilir.

Maddə 30. İnzibati həbs
30.1. İnzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə on beş gün müddətinədək müəyyən olunur və tətbiq edilir.
30.2. Hamilə qadınlar və ya himayəsində səkkiz yaşınadək uşağı olan qadınlar, səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, habelə altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər barəsində inzibati həbs tətbiq edilə bilməz.
30.3. İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir

Maddə 31. Əsas və əlavə inzibati tənbehlər
31.1. Xəbərdarlıq, inzibati cərimə, ictimai işlər və ya inzibati həbs yalnız əsas inzibati tənbeh növləri kimi tətbiq edilir.
31.2. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin ödənişlə alınması, yaxud müsadirəsi, inzibati xəta törətmiş fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması, əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər.
31.3. Bir inzibati xətaya görə əsas tənbeh, yaxud əsas və əlavə tənbeh tətbiq edilə bilər.

Maddə 34. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar
34.1. İnzibati tənbeh tətbiq edilərkən məsuliyyəti ağırlaşdıran hallar aşağıdakılar hesab edilir:
34.1.1. səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi;
34.1.2. inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı il ərzində təkrar törətməsi;
34.1.3. yetkinlik yaşına çatmayanların inzibati xəta törətməyə cəlb edilməsi;
34.1.4. inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi;
34.1.5. inzibati xətanın təbii fəlakət şəraitində və ya başqa fövqəladə şəraitdə törədilməsi;
34.1.6. inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi.
34.2. İnzibati tənbeh tətbiq edən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterindən asılı olaraq bu Məcəllənin 34.1.6-cı maddəsində göstərilən halı məsuliyyəti ağırlaşdıran hal hesab etməyə də bilər.

Maddə 348–5. Dövlət qulluqçuları haqqında məlumatların vaxtında, tam və ya düzgün verilməməsi
Dövlət qulluğuna qəbul edilən şəxslər və digər dövlət qulluqçuları haqqında qanunvericiliklə müəyyən edilmiş məlumatların müvafiq dövlət orqanları tərəfindən Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə vaxtında, tam və ya düzgün verilməməsinə görə —
vəzifəli şəxslər 300 manatdan 700 manatadək məbləğdə cərimə edilir.


Maddə 348-6. İnzibati prosessual qanunvericiliyin pozulması
348-6.1. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı çərçivəsində məhkəmənin tələb etdiyi sənədlərin və ya aktların, habelə zəruri məlumatların inzibati orqanlar tərəfindən təqdim edilməməsinə görə —
vəzifəli şəxslər səkkiz yüz manat miqdarında cərimə edilir.
348-6.2. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında məhkəmə iclasının qapalı keçirildiyi hallar istisna olmaqla, hər hansı şəxsin məhkəmə iclasına buraxılmamasına görə —
vəzifəli şəxslər beş yüz manat miqdarında cərimə edilir.

Maddə 357. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər)
357.0. İnzibati xətalar haqqında işlərə:
357.0.1. rayon (şəhər) məhkəmələri;
357.0.2. yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, (kollegial orqan);
357.0.3. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bankı, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti (vəzifəli şəxslər) baxırlar


Maddə 365. İnzibati xəta haqqında iş üzrə məlumatların yayılmasının yolverilməzliyi
İnzibati xəta haqqında iş üzrə məlumatlar yalnız icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin), belə məlumatlar zərərçəkmiş şəxsin şəxsi maraqlarına toxunduqda isə, habelə zərərçəkmiş şəxsin icazəsi ilə və onların mümkün hesab etdiyi həcmdə elan oluna bilər.


Maddə 366. Vəsatətlər
366.1. İnzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər.

366.2. Vəsatət yazılı formada verilir və o, dərhal baxılmalıdır. Vəsatətin təmin olunmasından imtina edildikdə bu haqda qərardad qəbul edilir.
Maddə 367. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar
367.0. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:
367.0.1. inzibati xəta hadisəsi olmadıqda;
367.0.2. inzibati xəta tərkibi olmadıqda;
367.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə;
367.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə;
367.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda;
367.0.6. inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 36-cı maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda;
367.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işini başlamaq haqqında qərar olduqda;
367.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə.


Maddə 368. İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti
368.1. Prokuror öz səlahiyyətləri daxilində inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş hər cür qanun pozuntusunun aradan qaldırılması üçün vaxtında qanunla nəzərdə tutulmuş tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikasının Konstitusiyasının, qanunların və digər qanunvericilik aktlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir.

368.2. Prokuror inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar qəbul etmək, inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan protest vermək hüququna malikdir.
368.3. Prokuror tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 411-ci maddəsində müəyyən edilmiş müddətdə qəbul edilir. Qərarda bu Məcəllənin 410-cu maddəsində olan məlumatlar göstərilir.
368.4. Yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir.


Maddə 369. İnzibati xətalar haqqında işlər üzrə məsrəflər
369.1. İnzibati xətalar haqqında işlər üzrə məsrəflər:

369.1.1. şahidlərə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən;
369.1.2. maddi sübutların saxlanılması, göndərilməsi, daşınması və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir.

369.2. Fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur.

369.3. İnzibati xətalar haqqında işlər üzrə məsrəflərin ölçüsü məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir.
369.4. Məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir.


Maddə 370. Zərər çəkənlərə, şahidlərə, ekspertlərə və tərcüməçilərə ödənilməli məbləğ
370.1. İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar olaraq zərər çəkənlərin, şahidlərin, ekspertlərin, mütəxəssislərin, tərcüməçilərin və hal şahidlərinin çəkdikləri xərclər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilir.
370.2. İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) zərər çəkmiş, şahid, ekspert, mütəxəssis, tərcüməçi və hal şahidləri kimi çağırılan şəxslərin işdə olmadıqları müddət ərzində iş yerində onların əmək haqqı müəyyən edilmiş qaydada saxlanılır.
370.3. Mütəxəssisin, ekspertin və tərcüməçinin əməyi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilir.


Maddə 370-1. İnzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi
370-1.1. İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən «Poçt haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər.
370-1.2. Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir.
370-1.3. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir.
370-1.4. Sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir.
370-1.5. İnzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir:
370-1.5.1. bu Məcəllənin 370-1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan;
370-1.5.2. bu Məcəllənin 370-1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda:
370-1.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan;
370-1.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan;
370-1.5.3. bu Məcəllənin 407.3-1-ci maddəsində nəzərdə tutulmuş halda nəqliyyat vasitəsinin istifadəçisinə verildiyi vaxtdan.


Maddə 370-2. Qəbzin məzmunu
370-2.0. Bu Məcəllənin 370-1.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir:
370-2.0.1. inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı;
370-2.0.2. sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan;
370-2.0.3. verilən sənədin adı;
370-2.0.4. verilmənin vaxtı (tarix və saat) və yeri;
370-2.0.5. sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, səhv ünvan və sair);
370-2.0.6. sənədin verildiyi şəxs;
370-2.0.7. sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası.


Maddə 370-3. İnzibati xəta haqqında iş üzrə sənədi qəbul etməkdən imtina
370-3.1. İnzibati xəta haqqında işlər üzrə sənədin ünvanlandığı şəxs və ya onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri qanuni əsas olmadan sənədi qəbul etməkdən imtina edərsə, sənəd verildiyi ünvanda qalmalıdır. Bu halda sənəd rəsmi qaydada verilmiş hesab olunur.
370-3.2. Ünvan sahibi və ya onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri bildirişi qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs bildirişdə müvafiq qeydlər etdikdən sonra həmin bildirişi onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. Bu halda bildiriş rəsmi qaydada verilmiş hesab olunur.
370-3.3. Bildirişin ünvan sahibi tərəfindən qəbul edilməsindən imtina barədə qeyd onun yaşayış yeri üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı və ya onun iş yerinin müdiriyyəti tərəfindən təsdiq edilir.
370-3.4. Bildirişin ünvanlandığı şəxs tərəfindən həmin sənədi qəbul etməkdən imtina edilməsi işə baxılması və ya ayrı-ayrı prosessual hərəkətlərin həyata keçirilməsi üçün maneə deyildir.


Maddə 370-4. Bildirişlər
370-4.1. Hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar.
370-4.2. Bildirişdə aşağıdakılar göstərilməlidir:
370-4.2.1. məhkəmənin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) adı, ünvanı və əlaqə üçün məlumatlar (telefon, faks, elektron poçt ünvanı və sair);
370-4.2.2. gəlmə vaxtı (tarix və saat) və yeri;
370-4.2.3. xəbər verilən, yaxud məhkəməyə, səlahiyyətli orqana çağırılan şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı;
370-4.2.4. xəbər verilən, yaxud məhkəməyə, səlahiyyətli orqana çağırılan şəxsin ünvanı və ya hüquqi şəxsin yerləşdiyi ünvan;
370-4.2.5. ünvan sahibinin kim qismində xəbərdar edilməsi və ya çağırılması;
370-4.2.6. ünvan sahibinin xəbərdar edildiyi, yaxud çağırıldığı işin adı;
370-4.2.7. işdə iştirak edən şəxslərə iş üzrə onlarda olan bütün sübutların təqdim edilməsinə dair təklif;
370-4.2.8. ünvan sahibinin olmadığı təqdirdə bildirişi qəbul edən şəxsin imkan olan kimi onu ünvan sahibinə vermək vəzifəsinə dair qeyd;
370-4.2.9. bildirişi qəbul etməkdən imtinaya və ya onun ünvan sahibinə çatdırmamasına görə qanunla məsuliyyət nəzərdə tutulduğu barədə qeyd;
370-4.2.10. xəbər verilən və ya çağırılan şəxsin məhkəməyə və ya səlahiyyətli orqana gəlməməsinin nəticələri və gəlməmənin səbəbləri barədə məlumat vermək vəzifəsinə dair qeyd.
370-4.3. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir.
370-4.4. Bildiriş bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçıları bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də şəxsə əlavə məlumat verə bilərlər.


Maddə 371. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs
371.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır:
371.1.1. işin materialları ilə tanış olmaq;
371.1.2. izahat vermək;
371.1.3. sübutlar təqdim etmək;
371.1.4. vəsatət və etirazlar vermək;
371.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək;
371.1.6. inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək;
371.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən istifadə etmək;
371.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq;
371.1.9. yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq.
371.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər.
371.3. İnzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun.
371.4. İnzibati xətalar haqqında işlərə baxarkən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını məcburi hesab edə bilər.
371.5. İnzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxartma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir.
371.6. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən işin hallarının müzakirəsi yetkinlik yaşına çatmayanlara mənfi təsir göstərə biləcəyi hallarda, onlar müvəqqəti olaraq işdə iştirakdan kənarlaşdırıla bilərlər.


Maddə 372. Zərər çəkmiş şəxs
372.1. İnzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs zərər çəkmiş şəxs sayılır.
372.2. Zərər çəkmiş şəxsin aşağıdakı hüquqları vardır:
372.2.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq;
372.2.2. izahat vermək;
372.2.3. sübutlar təqdim etmək;
372.2.4. vəsatət və etirazlar vermək;
372.2.5. hüquqi yardımdan istifadə etmək;
372.2.6. iş üzrə qəbul edilmiş qərardan şikayət vermək.
372.3. Zərər çəkmiş şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər.
372.4. İnzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun.
372.5. Zərər çəkmiş şəxs bu Məcəllənin 377-ci maddəsində nəzərdə tutulmuş qaydada şahid kimi sorğu-sual edilə bilər.


Maddə 373. Fiziki şəxsin qanuni nümayəndələri
373.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda və ya öz fiziki, yaxud psixi qüsurlarına görə müstəqil olaraq hüquqlarını özləri həyata keçirmək imkanına malik olmadıqda, həmin şəxslərin mənafeyini təmsil etməyə onların qanuni nümayəndələrinin hüququ vardır.
373.2. Valideynlər, övladlığa götürənlər, qəyyumlar və himayəçilər fiziki şəxsin mənafeyinin qanuni nümayəndələri hesab olunurlar.
373.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli vəzifəli şəxs qəyyumluq və himayə orqanlarını qanuni nümayəndə hesab edir.
373.4. Fiziki şəxsin qanuni nümayəndəsi olan şəxslərin qohumluq əlaqələri və ya müvafiq səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq sənədlərlə təsdiq olunur.
373.5. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxs barəsində bu Məcəllə ilə nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələri daşıyır.
373.6. On səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxarkən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsin qanuni nümayəndəsinin iştirakını məcburi hesab edə bilər.


Maddə 374. Hüquqi şəxsin nümayəndəsi
374.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir.
374.2. Hüquqi şəxsin rəhbəri, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxsin mənafelərinin təmsil edilməsi etibar edilmiş digər şəxslər hüquqi şəxslərin nümayəndələri hesab edilirlər. Hüquqi şəxsin nümayəndəsinin səlahiyyəti onun qulluq mövqeyini təsdiq edən sənədlərlə müəyyən edilir.
Hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun.
374.4. İnzibati xətalar haqqında işlərə baxarkən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) hüquqi şəxsin nümayəndəsinin iştirakını məcburi hesab edə bilər.


Maddə 375. Müdafiəçi və nümayəndə
375.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraata müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə buraxılır.
375.2. Müdafiəçi sifəti ilə və nümayəndə kimi inzibati xəta haqqında iş üzrə icraatda vəkil və ya digər şəxslər iştirak edə bilərlər.
375.3. İnzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan müdafiəçi və nümayəndə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etməyə buraxılırlar. Törədilmiş inzibati xətaya görə fiziki şəxs barəsində inzibati qaydada tutma tətbiq edildiyi hallarda müdafiəçi həmin şəxs inzibati qaydada tutulduğu vaxtdan inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməyə buraxılır.
375.4. Müdafiəçinin və nümayəndənin aşağıdakı hüquqları vardır:
375.4.1. işin bütün materialları ilə tanış olmaq;
375.4.2. sübutlar təqdim etmək;
375.4.3. vəsatət və etirazlar vermək;
375.4.4. işin baxılmasında iştirak etmək;
375.4.5. inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək.
375.5. Müdafiəçi və nümayəndə bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilərlər.
375.6. Vəkilin səlahiyyəti vəkil qurumları tərəfindən verilən orderlə təsdiq edilir. Nümayəndənin səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada verilən etibarnamə ilə təsdiq edilir


Maddə 376. Vəkilin iştirakının məcburiliyi
376.1. İnzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, icraatın aparıldığı dili bilməyənlərin, lal, kar, kor, fiziki və ya psixi qüsurları üzündən özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur.
376.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi qeyri-mümkün olduqda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin şəxsi vəkil ilə təmin edir.
376.3. Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz.


Maddə 377. Şahid
377.1. İnzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırıla bilərlər.
377.2. Şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur.
377.3. Şahidin özünə və yaxın qohumlarına qarşı izahat verməmək, tərcüməçinin köməyindən pulsuz istifadə etmək, izahatının doğru yazılması barədə protokola müvafiq qeydlər etmək hüququ vardır.
377.4. Yetkinlik yaşına çatmayan on dörd yaşında olan şəxslər pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə sorğu-sual edilirlər. Zəruri olduqda yetkinlik yaşına çatmayan şəxs onun qanuni nümayəndəsinin iştirakı ilə də sorğu-sual edilə bilər.
377.5. Bilə-bilə yalan izahat verməyə görə inzibati məsuliyyət haqqında şahidə xəbərdarlıq edilir. Şahid öz vəzifələrini yerinə yetirməkdən imtina etdikdə və ya çağırış üzrə gəlməyə qəsdən boyun qaçırdıqda o, bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir.
Qeyd: Bu maddədə «yaxın qohumlar» dedikdə valideynlər, uşaqlar, övladlığa götürənlər, övladlığa götürülənlər, doğma qardaş və bacılar, babalar, nənələr, nəvələr, habelə ər-arvad başa düşülür.


Maddə 378. Şahid kimi sorğu-sual edilə bilməyən şəxslər
378.0. Şahid kimi sorğu-sual edilə bilməyən şəxslər aşağıdakılardır:
378.0.1. fiziki və ya psixi qüsurlarına görə inzibati xəta haqqında iş üçün əhəmiyyətli olan hadisələri dərk edə bilməyən və onlar haqqında düzgün izahat verə bilməyən şəxs;
378.0.2. müdafiəçi vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq inzibati xəta törətmiş şəxsin ona bildirdiyi hallar haqqında inzibati xəta törətmiş şəxsin vəkili;
378.0.3. öz nümayəndə (qanuni nümayəndə) vəzifələrini icra etməsi ilə əlaqədar onlara məlum olmuş hallar haqqında fiziki şəxsin qanuni nümayəndəsi və ya hüquqi şəxsin nümayəndəsi.


Maddə 379. Hal şahidləri
379.1. İşin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz.
379.2. Şəxsi axtarış, şeyləri yoxlama, nəqliyyat vasitəsinə baxış, şeyləri və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər.
379.3. Hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir.
379.4. İnzibati xəta haqqında iş üzrə prosessual hərəkətlər barəsində hal şahidlərinin qeydləri protokolda göstərilir.
379.5. Zəruri hallarda inzibati xəta haqqında iş üzrə icraatda hal şahidləri bu Məcəllənin 377-ci maddəsinə uyğun olaraq şahid kimi sorğu-sual edilə bilərlər.


Maddə 380. Mütəxəssis
380.1. İnzibati xətalar haqqında işlərin nəticəsində şəxsən maraqlı olmayan, sübutların aşkar edilməsində, götürülməsində və rəsmiləşdirilməsində, habelə texniki vasitələrin tətbiq edilməsində kömək göstərilməsi üçün xüsusi biliyə malik olan hər hansı bir şəxs icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etmək üçün mütəxəssis kimi dəvət oluna bilər.
380. 2. Mütəxəssisin aşağıdakı vəzifələri vardır:
380.2.1. icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı üzrə gəlmək;
380.2.2. sübutların aşkar edilməsində, götürülməsində, rəsmiləşdirməsində iştirak etmək;
380.2.3. yerinə yetirdiyi hərəkətlər barədə izahatlar vermək;
380.2.4. bu hərəkətlərin məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq etmək;
380.2.5. bu Məcəllənin 383.2-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, mütəxəssisi dəvət etmiş səlahiyyətli vəzifəli şəxsə özü-özünə etirazetmə haqqında məlumat vermək.
380.3. Mütəxəssisin aşağıdakı hüquqları vardır:
380.3.1. iştirak etdiyi və onun predmetinə aid olan inzibati xəta haqqında işin materialları ilə tanış olmaq;
380.3.2. icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) icazəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, zərər çəkmiş şəxsə, şahidlərə mütəxəssisin apardığı işin predmetinə aid olan suallar vermək;
380.3.3. aparılan hərəkətlərə dair qeydlər və izahatlar vermək.
380.4. Bilə-bilə yalan izahat verməsinə görə inzibati məsuliyyət haqqında mütəxəssisə xəbərdarlıq edilir. Mütəxəssis öz vəzifələrini yerinə yetirməkdən imtina etdikdə və ya çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırdıqda o, bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir.


Maddə 383. İnzibati xətalar haqqında işlər üzrə icraatda iştirakı rədd edən hallar
383.1. İnzibati xətanın törədilməsi nəticəsində inzibati xətalar haqqında işlərin başlanmasına səbəb olan qaydalara riayət olunması üzərində nəzarəti həyata keçirən dövlət orqanlarının əməkdaşları, yaxud əvvəllər həmin işlər üzrə digər iştirakçı qismində çıxış etmiş şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatda müdafiəçi və ya nümayəndə ola bilməzlər.
383.2. Mütəxəssis, ekspert və tərcüməçi aşağıdakı hallarda inzibati xəta haqqında iş üzrə icraatda iştirak edə bilməzlər:
383.2.1. inzibati xəta törətmiş şəxslə, zərər çəkmiş şəxslə, onun nümayəndəsi (qanuni nümayəndəsi) ilə, vəkillə, prokurorla, hakimlə, kollegial orqanının üzvü ilə və ya icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxslə qohumluq əlaqələri olduqda;
383.2.2. Əvvələr həmin işlər üzrə digər iştirakçı qismində iştirak etdikdə;
383.2.3. işin nəticəsi ilə birbaşa və ya dolayısı ilə maraqlı olması barədə kifayət qədər əsaslar olduqda.


Maddə 430. İnzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət və ya protest vermək hüququ
430.1. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.
430.2. İnzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir:
430.2.1. hakimin qərarından — apellyasiya instansiyası məhkəməsinə;
430.2.2. kollegial orqanın qərarından — kollegial orqanın olduğu yerin məhkəməsinə;
430.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından — yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə


Maddə 431. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilməsi qaydası
431.1. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir:
431.1.1. hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest – həmin qərarı qəbul etmiş hakim vasitəsilə;
431.1.2. kollegial orqanın qərarından məhkəməyə verilən şikayət – birbaşa kollegial orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə;
431.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə;
431.1.4. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest - səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə;
431.1.5. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilən şikayət – həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) vasitəsilə və ya birbaşa yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə).
431.2. Bu Məcəllənin 431.1.1-ci və 431.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) şikayətin daxil olduğu gündən üç gün müddətində şikayəti və ya protesti iş üzrə bütün materiallarla birlikdə apellyasiya instansiyası məhkəməsinə, yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərir.
431.3. İnzibati həbs tənbeh növünün tətbiqi barədə qərardan şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə şikayətin və ya protestin daxil olduğu gün göndərilir.
431.4. Şikayətin və ya protestin baxılması hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir.
431.5. İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur.

Maddə 432. Qərardan şikayət və ya protest vermə müddətləri
432.1. Qərarın surəti bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər.
432.2. Bu Məcəlləninin 432.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər.
432.3. Buraxılmış müddətin bərpa olunması qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir.


Maddə 433. İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayətin və ya protestin baxılması müddətləri
433.1. İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest daxil olduğu gündən on gün müddətində baxılır.
433.2. İnzibati xəta törədən şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edildikdə inzibati həbs barəsində verilmiş qərardan şikayət və ya protest həmin şikayətin və ya protestin verildiyi gündən üç gün müddətində baxılır.


Maddə 434. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılmağa hazırlıq
434.0. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir:
434.0.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi;
434.0.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu;
434.0.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətin və ya protestin baxılması üçün lazım olan şəxslər çağırılır;
434.0.4. şikayətin və ya protestin baxılması onun səlahiyyətinə aid olmadıqda, şikayəti və ya protesti bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərir.


Maddə 435. İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayətin və ya protestin baxılması
435.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır.
435.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxılarkən:
435.2.1. şikayətin və ya protestin kim tərəfindən baxılması, hansı şikayətin və ya protestin baxılması, şikayətin kim tərəfindən verilməsi elan olunur;
435.2.2. barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin, habelə şikayətin və ya protestin baxılmasında iştirak etmək üçün çağırılmış digər şəxslərin gəlmələri müəyyən edilir;
435.2.3. fiziki şəxsin qanuni nümayəndəsinin və ya hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir;
435.2.4. inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir;
435.2.5. şikayətin və ya protestin baxılmasında iştirak edən şəxslərin hüquqları və vəzifələri onlara izah edilir;
435.2.6. etiraz etmə və ya vəsatət haqqında müraciətlər həll edilir;
435.2.7. inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayət və ya protest elan edilir;
435.2.8. inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır;
435.2.9. inzibati xəta haqqında iş üzrə icraatda iştirak etdiyi hallarda prokurorun rəyi dinlənilir.


Maddə 436. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılması haqqında qərar
436.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda aşağıdakı qərarlardan biri qəbul edilir:
436.1.1. qərarın dəyişdirilmədən saxlanılması haqqında;
436.1.2. şikayətin və ya protestin təmin edilməməsi haqqında;
436.1.3. barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdırmadan və ya inzibati tənbehi daha ağır tənbeh növü ilə əvəz etmədən qərarın dəyişdirilməsi haqqında;
436.1.4. bu Məcəllənin 21-ci və 367-ci maddələrində nəzərdə tutulmuş hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında;
436.1.5. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduqda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında;
436.1.6. şikayət və ya protest baxılarkən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim, orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi müəyyən edildikdə, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılması üçün göndərilməsi haqqında.
436.2. Şikayətin və ya protestin baxılması haqqında qərarda bu Məcəllənin 426-cı maddəsində qeyd edilən məlumatlar göstərilir.


Maddə 437. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest barəsində çıxarılmış qərarın elan edilməsi
437.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir.
437.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın surəti onun qəbul olunduğu gündən üç gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə, zərər çəkmiş şəxsə və ya protest vermiş prokurora verilir.
437.3. İnzibati həbs haqqında tənbeh növünün tətbiq edilməsi barədə qərardan verilən şikayət və ya protest üzrə qərar onu icra etməli olan səlahiyyətli orqana (vəzifəli şəxsə), habelə barəsində inzibati həbs tətbiq edilən şəxsə qərarın qəbul olunduğu gün verilir.


Maddə 438. İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın yenidən məhkəmədə baxılması
İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada baxılır.
XS
SM
MD
LG