Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 04:55

Əkrəm Əylisli onun kitablarını yandıranlar haqda


Əkrəm Əylisli
Əkrəm Əylisli
-

"Bir neçə yerdə yandırıblar. Bu o demək deyil ki, hamı kitabları aparıb tonqala atır. Kitablarımı sevə-sevə evində saxlayanlar var və onlar oxuyacaqlar".


“Daş yuxular” romanına görə ciddi tənqidlərlə üzləşən, prezident İlham Əliyevin sərəncamları ilə “Xalq yazıçısı” fəxri adından və prezident təqaüdündən məhrum edilən yazıçı Əkrəm Əylisli “Media forum” saytının suallarını cavablandırıb.

- Kitablarınızı yandırırlar. Bunu necə qiymətləndirirsiniz?

- Kitablarımı yandırırlar, çəkib televiziyalara, başqa mətbuat orqanlarına verirlər və hamı bunu görür. Buna mənim münasibət bildirməyim nə qədər doğrudur? Bu münasibət kimə lazımdır? Buna Yazıçılar Birliyi, Mədəniyyət və Turizm Nazirliyi münasibət bildirməlidir. Onlar yazıçının əsərlərinin yandırılmasına münasibətlərinin necə olduğunu açıqlasınlar. Hər kəsin yaradıcı azadlığına konstitusiya ilə təminat verilən sivil bir ölkədə kitabın yandırılmasına Yazıçılar Birliyi, Mədəniyyət və Turizm Nazirliyi, başqa təşkilatlar niyə reaksiya vermir?

Təbii ki, kitablarımın yandırılmasına münasibətim yaxşı deyil. Çünki yandırılan kitablar mənimdir və onlara illərimi sərf etmişəm. Hesab edirəm ki, bunu edənlər kitablarla bərabər özlərini də yandırırlar. Əgər ədəbiyyatı həyata köçürsən, o kitablarda onlar haqda mənfi heç nə yoxdur, yalnız müsbət obrazları var. Ona görə də kitablarımı yandıranlar həm də özlərini yandırırlar.

Əylis kəndinin adamlarının kitablarımı yandırması mənə daha pis təsir edir. Çünki əsərlərimdə əylislilərin babalarının, atalarının, analarının bədii obrazları var. Birbaşa olmasa da, onların müsbət bədii obrazlarını yaratmışam, ali insani keyfiyyətlərindən, Əylisin həyat tərzindən, günəşinin işığından yazmışam, bütün dünyaya göstərmişəm. Bunları yandırmaqla qurtaran deyil. Belə bir məşhur söz var ki, kitab heç vaxt yanmır. Digər yazılar da həmçinin.

- Kitablarınız kütləvi şəkildə yandırılır. Özünüzdə bu kitablardan qalırmı? Gələcək nəsillər sizin kitabları necə tapacaq?

- Oxumaq istəyən tapacaq. Bir neçə yerdə yandırıblar. Bu o demək deyil ki, hamı kitabları aparıb tonqala atır. Kitablarımı sevə-sevə evində saxlayanlar var və onlar oxuyacaqlar.

- Yay mövsümünü Əylisdə keçirdiyiniz məlumdur. Amma kəndinizdə də əleyhinizə aksiya keçirildi, kitablarınız yandırıldı. Bundan sonra Əylisə gedəcəksinizmi? Aksiyada iştirak edənlər arasında tanıdıqlarınız çox idi?

- Əylisə getməyim problem deyil. Orada iştirak edənlər arasında 5-6 nəfər Əylis adamı da vardı. Amma əksəriyyəti ordan-burdan yığma komanda idi. Bir neçəsi də tanıdığım şəxslərdir. Adamları qızışdırıb ora yığmışdılar. İstər Əylisdən olanlar olsun, istərsə də başqa yerlərdən gələnlər. Əylis kəndində mənə münasibət heç vaxt pis ola bilməz. Sağlıq olsun, ora yenə gedərəm.

- Xarici ölkələrin Azərbaycandakı səfirliklərinə, Rusiya ziyalılarına müraciət etmişdiniz. Müraciətlərinizə cavab verilibmi?

- Səfirliklərə etdiyim müraciətləri rus dilində yazmışam. Mən xahiş etmişəm ki, müraciətlərimə baxsınlar. Bunun üçün də tərcümə olmalıdır. Bu da vaxt aparır. Artıq bir neçə yerdə reaksiya olub. Eyni zamanda Rusiya ziyalıları məni müdafiə edən açıqlamalar veriblər.

- “Xalq yazıçısı” fəxri adının vəsiqəsini və döş nişanını sizdən istəyiblərmi?

- İstəsələr, qaytararam.

- Prezident təqaüdü almamağınız dolanışığınıza necə təsir edəcək?

- Mən o qədər də təmtəraqlı, xərcli, bahalı həyat yaşamamışam. Bu təqaüd olmadan da yaşaya bilərəm.

- “İstiqlal” və “Şöhrət” ordenləri haqda nə düşünürsünüz?

- Desələr bunlar bizə çox lazımdır, gətir ver, aparıb verərəm. Amma hələlik bunu deyən yoxdur.

- Təhlükəsizliyinizin təmin olunması üçün harasa müraciət etmisinizmi?

- Birbaşa hansısa quruma müraciət etməmişəm. Amma mətbuat vasitəsilə dəfələrlə müraciət etmişəm. Müxtəlif öyrədilmiş adamlar mənə hədə-qorxu gəlirlər. Normal ölkələrin hüquq mühafizə orqanları belə bəyanatı verən şəxsləri məhkəməyə çəkərdi. Amma bizdə hələ ki, hüquq mühafizə orqanları bu bəyanatlara münasibət bildirməyib. Cavabdeh qurumlar təhlükəsizliyimin təminatı üçün tədbirlər görsünlər. Əgər hüquq mühafizə orqanları təsirli tədbirlər görməsə, ailəmi və özümü terrordan qorumaq üçün xaricə getmək məcburiyyətində qala bilərəm.

"Media forum"
XS
SM
MD
LG