Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:52

Qərb mətbuatı Hafiz Hacıyevin «qulaq fitvasından» yazır


Hafiz Hacıyev
Hafiz Hacıyev
-

Keçmiş cəbhəçi Hafiz Hacıyevin keçmiş xalq yazıçısı Əkrəm Əylisliyə münasibətdə açıq-aşkar cinayət xarakterli çağırışı onun adını Qərb mediasının gündəminə gətirib.

Britaniyanın «The Independent» qəzetinin 13 fevral sayında dərc olunmuş məqalə elə belə də adlanır: «Mənə Əkrəm Əylislinin qulağını gətirin! Siyasətçi yazıçıya hücum üçün 8 min funt sterlinq təklif edir».

Bu sərlövhə həm də funt sterlinqin Azərbaycan manatına nisbətdə bugünkü məzənnəsini əks etdirir.

Azərbaycan siyasətçisi Hafiz Hacıyev mükafatı Azərbaycan manatı ilə təyin edib və «The Independent» qəzetinin müxbiri Shaun Walker Britaniya Azərbaycanda yazıçı qulağının qiyməti barədə öz oxucu təsəvvürü yaratmaq üçün funt sterlinqdən yararlanır.

Əkrəm Əylisli
Əkrəm Əylisli
Əkrəm Əylisli ilə Hafiz Hacıyevin məzənnə fərqini bəlkə də bilməyən (hərçənd, yazıçı Çingiz Abdullayev Əylislini Orxan Pamuk və Salman Rüşdi ilə müqayisə edərkən öz janrına sadiq qalaraq «kalibr» terminindən faydalanır) müxbir Shaun Walker yazır ki, siyasətçinin bu təklifi ölkə hakimiyyətinin yazıçıya qarşı nifrət kampaniyasının tərkib hissəsidir və diqqəti daxili problemlərdən yayındırmağa hesablanıb.

YÖNƏLDİLMİŞ KAMPANİYA

Jurnalistin fikrincə, kampaniyanın yönəldilib-əlaqələndirildiyini yerli televiziyaların proqramları da əks etdirir.

«O, Yazıçılar Birliyindən qovulub, prezident təqaüdündən məhrum edilib. Xanımının və oğlunun öz işlərini itirdiyi bir vaxtda, evinin qarşısında piketlər keçirilir, əsərləri yandırılır», – Shaun Walker yazır.

«Bu kitab azərbaycanlıları və erməniləri barışdırmaq üçün yazılmışdı. Kitabı yazanda başa düşürdüm ki, ziddiyyət yarana bilər, amma dövlət səviyyəsində bu böyüklükdə kampaniyanın olacağını ağlıma gətirməmişdim», – Əkrəm Əylisli «The Independet» qəzetinə belə deyib.

Qəzet daha sonra Azərbaycan prezidentinin bir müşavirindən – Əli Həsənovdan sitat gətirir: «Bir insanın milli hissiyyatı yoxdursa, onun humanizm hissi də ola bilməz. Azərbaycan xalqı belə insanlara qarşı ictimai nifrətini bildirməlidir».

HAKİMİYYƏT ƏYLİSLİNİ QORUMALIDIR

Hugh Williamson
Hugh Williamson
«Azərbaycan hakimiyyətinin Əkrəm Əylisini qorumaq kimi bir məsuliyyəti olsa da, əvəzində hakimiyyət ona qarşı hədə-qorxu cəhdlərinə, dəhşətli ləkələmə və düşmən ritorikalı kampaniyaya rəhbərlik edib». Bunu isə Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Hugh Williamson söyləyib.

«The Independent» yazır ki, bu kampaniya ölkədə qeyri-adi vətəndaş həyəcanlarının həmən ardınca baş verib.

Qəzet ötən ay Bakıda ordudakı şəraitlə bağlı icazəsiz aksiya keçirildiyini, həmçinin bir əyalət şəhərində (İsmayıllı nəzərdə tutulur –Z.R.) bir nazir oğlunun yerli sakinlərdən birinin adi maşınını öz lüks avtomobili ilə vurmasından sonra etirazların başladığını da xəbərləyib.

Təhlilçilərə istinad etdiyini bildirən Shaun Walker yazır ki, «prezidenti azərbaycanlıların çoxu dəstəkləsə də, cənab Əliyevin avtoritar metodlarından və hakim elitanın baş alıb gedən korrupsiyasından narazılıq rejimin populyarlığını tükəndirir».

QULAQ FİTVASI

Azərbaycandan alınan son xəbərlərdə isə deyilir ki, Müasir Müsavat Partiyası Qərbi Azərbaycanlıların Əlaqələndirmə Şurasının israrlı təkidi ilə Hafiz Hacıyevin «qulaq fitvasını» geri götürüb.

Bunu da qeyd etmək yerinə düşərdi ki, Müasir Müsavat Partiyası və Qərbi Azərbaycanliların Əlaqələndirmə Şurasının sözügedən qərarından iki gün əvvəl Azərbaycan Daxili İşlər Nazirliyi məsələ ilə bağlı rəsmi açıqlama vermişdi: «Bütün Azərbaycan vətəndaşları siyasi, dini və ictimai mövqeyindən asılı olmayaraq qanun mühafizəsi altındadır. Burada heç bir kəsin kimisə mühakimə etmək hüququ yoxdur».

Hafiz Hacıyev, hələ ki, öz partiyasının qərarına rəsmi reaksiya verməyib.
XS
SM
MD
LG