Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:26

Gizli videoda vaiz hökumətin sosial yardımını cihatpulu adlandırır


UK - A police CCTV camera observes people walking in the Embankment area of central London, 04Apr2007
UK - A police CCTV camera observes people walking in the Embankment area of central London, 04Apr2007

Britaniyada yaşayan vaiz müsəlmanların hökumətdən müavinət alıb “kafirlərə qarşı müqəddəs müharibəni” maliyyələşdirməli olduqlarını deyir. Onun bu fikirləri gizli şəkildə videoya çəkilib.

Müsəlman vaizi Anjem Choudary gizli şəkildə çəkilmiş ilk ruhani deyil.

Əvvəla, Britaniya dünyanın ən çox gizli kameralanmış ölkəsidir. İkincisi isə paytaxtı lağla “Londonistan” adlandırılan ölkənin rəsmiləri mümkün terror hücumlarından qorumaq haqqına malik olduqlarını tez-tez səsləndirirlər.

Gizli kameralar meyxanələrə necə legitimliklə yerləşdirilirsə, kilsələrə, məsçidlərə və sinaqoqlara da eyni legitimliklə quraşdırlır.

Bundan əlavə, paytaxt Londonun hər məhəlləsində polisin və Mİ5-in “dostları” olduğu dövlət tərəfindən təkzib olunmur.

Bu cür “dostlar” Britaniya məsçidlərində namaz qılanların arasında da az deyil.
Vaiz Anjem Choudary də bu şəkildə lentə alınıb.

VAİZ İŞLƏMƏYİB MÜAVİNƏT ALMAĞI HALALA ELAN EDİR

Gizli videoda o, yaşamaq üçün 5-9 saat iş yerində çalışan Britaniyalıları lağa qoyur və bildirir ki, Britaniyada tanınmış müsəlman ruhani liderlərindən heç biri ildə iki-üç saatdan artıq işləməyib:

“Çünki onlar qalan vaxtlarını cihada hazırlıq kimi işlərə sərf edirlər. Odur ki, küffardan (kafirlərdən) pul almaq tamamilə normaldır. Biz, əslində cihad kompensasiyası alırıq”.
Başına yığdığı 30 nəfərlik dəstənin qarşısında çıxış edən vaiz deyib: “Biz İngiltrəni işğal edəcəyik”.

Hər gün namusla çalışan Britaniya işçisini məsxərəyə qoyan Anjem Choudary deyib ki, “bu adamlar bütün həyatları boyu işləyirlər, hər gün səhər saat 7-də yuxudan qalxırlar, 8-9 saat işdə olurlar, axşam saat 7-də evə qayıdır və “EastEnders” serialına baxıb yuxuya gedirlər”.

Onlar ömürlərinin 40 ilini beləcə yaşayırlar. Bu ki, quldarlıqdır”.

CİHADÇI VAİZ ƏFQANISTANDA DÖYÜŞƏN ƏSGƏRDƏN ÇOX MÜAVİNƏT ALIR

“The Sun” qəzeti yazır ki, həmin bu vaiz dövlətdən ildə 25 min funt sterlinq müavinət alır, bu isə Əfqanıstanda Talibanla döyüşən Brtitaniya əsgərinin maaşından 8 min funt sterlinq çoxdur.

Burda bir sirri də açmaq olar ki, vaizin bu çıxışı elə həmin “The Sun” qəzetinin sifarişi ilə gizli şəkildə çəkilib.

Vaizin Slou şəhərində verdiyi başqa bir xütbə də qəzet tərəfindən videoya çəkilib.
Həmin xütbəsində Choudry deyib ki, İslam Avropanı işğal etməkdədir:

“Biz hazırda Birmingem şəhərini zəbt edir və burada doğub-törəyirik. Brüsseldə biz 30 faizik, Amsterdamda 40. Biz Avropanı bürüyən sunami kimiyik”.

CİHAD ZARAFAT İMİŞ...

Mətbuat xəbər verir ki, Choudry-yə Britaniyanın anti-terror qanunlarına uyğun olaraq hər hansı təşkilat yaratmaq iki dəfə qadağan olunub.

Buna baxmayaraq, Choudary Londonun göbəyində, Betnal Qrin ərazisində etdiyi son ictimai çıxışında David Cameron-u, Barak Obama-nı, Misir və Pakistanın liderlərini “şeytan” elan edib.

“Demokratiya, azadlıq, dünyəvilik, parlament, millət vəkilləri, prezidentlər – bunlar hamısı küffardır”, - deyib vaiz.

Nitqləri barədə müvafiq orqanlarda sorğu-sual edilərkən isə Choudry zarafat etdiyini və “cihad müavinəti” ifadəsini də zarafatla işlətdiyini deyib.
XS
SM
MD
LG