Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:55

Səfəvilər dövrünün ən böyük araşdırıcısı dünyadan köçdü


Oqtay Əfəndiyev. Foto: Dünya Azərbaycanlıları Konqresi
Oqtay Əfəndiyev. Foto: Dünya Azərbaycanlıları Konqresi
-
«Oqtay Əfəndiyevin Azərbaycan tarixi qarşısında ən böyük xidməti odur ki, nadir əlyazmalar, təkzibolunmaz tarixi sənədlər əsasında Səfəvi dövlətinin tarixini araşdıraraq onu xalqımıza qaytarıb».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına fevralın 26-da ölmüş tanınmış tarixçi alim Oqtay Əfəndiyevin xatirəsini anan həmkarı Tofiq Nəcəfli söylədi.

SƏFƏVİ—AZƏRBAYCAN DÖVLƏTİDİR

Onun fikrincə, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Oqtay Əfəndiyev 50 il ərzində apardığı tədqiqatlarla bunu sübuta yetirib:

«Şübhəsiz ki, onun tarix elmi qarşısında ən böyük xidməti Səfəvi dövlətinin məhz Azərbaycan dövləti kimi qəbul edilməsini beynəlxalq aləmdə, elmi məclislərdə tutarlı faktlarla ortaya qoymasıdır. Onun 2 mühüm tədqiqatı—1961-ci ildə çıxan «Azərbaycan Səfəvi dövlətinin yaranması» və 1981-ci ildə nəşr etdirdiyi «Azərbaycan Səfəvilər dövləti» (rusca) fundamental monoqrafiyaları bu məsələlərə aydınlıq gətirib».

Oqtay Əfəndiyev

Oqtay Əfəndiyev

1926-cı il martın 26-da Bakıda doğulub. Atası Əbdülkərim 1912-ci ildə Qori Müəllimlər Seminariyasında təhsil alıb. 1920-ci illərin əvvəllərində Bakı Dövlət Universitetinin Şərq fakültəsini bitirib. Əbdülkərim bəy 30-cu illər Azərbaycanının tanınmış ziyalılarından olub. Pedaqoji Universitetdə dərs verib. Çox tez dünyasını dəyişib və Oqtay müəllim 8 yaşından anası Kübra xanımın himayəsinə keçib. Kübra xanım da dövrünün tanınmış ziyalılarından olub. Əməkdar həkim idi. Oqtay müharibənin ağrı-acısını anası ilə birgə yaşayıb. 1945-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsinə daxil olub, bir il sonra Moskva Şərqşünaslıq İnstitutunda təhsilini davam etdirib. İnstitutu bitirəndən sonra Azərbaycan MEA-nın Tarix İnstitutunun aspiranturasına girib, sonra yenə Moskva Şərqşünaslıq İnstitutunun aspiranturasında tanınmış orta əsr-şünas alim akademik Zaxoderin tələbəsi olub. 1955-ci ildə Səfəvilər dövlətinin yaranması ilə bağlı yazdığı namizədlik dissertasiyasını müdafiə edib və Azərbaycan MEA-nın Tarix İnstitutunda işə başlayıb. Beləcə, Oqtay müəllim 58 il Tarix İnstitutunda çalışıb
OQTAY MÜƏLLİMİN DAVAMÇILARI VAR!

Tofiq Nəcəfli orta əsr-şünaslığında Səfəvişünaslıq xəttinin inkişaf etdirilməsinin də Oqtay Əfəndiyevin adı ilə bağlı olduğunu bildirdi:

«Bu sahədə onun kifayət qədər yetirmələri var. Professor mənbəşünaslıq sahəsində də mühüm işlər görüb. Xüsusən də, XV-XVI əsr qaynaqlarının nəşr olunmasında xidmət göstərib. O, 58 il MEA-nın Tarix İnstitutunun orta əsrlər tarixi şöbəsinin rəhbəri olub və davamçılarını yetişdirib. İndi onun yolunu davam etdirən gənc tədqiqatçılar nəsli var! Bundan başqa Oqtay müəllim uzun illər Bakı Dövlət Universitetində, Pedaqoji Universitetdə orta əsrlər tarixindən mühazirələr söyləyib. 90-cı illərin ortalarından o, Xəzər Universitetində orta əsrlər tarixini tədris edib, orada araşdırma mərkəzinə rəhbərlik edib».

«DON JUAN»—ORUC BƏY

Müsahibimiz O.Əfəndiyevin tarix elmində «İranlı Don Juan» adı ilə məşhurlaşmış Oruc bəy Bayatın Azərbaycan türkü olduğunu ortaya çıxardığını da xatırlatdı:

«1988-ci ildə həmin əsəri ingilis dilindən rus dilinə çevirərək (Akif Fərzəliyevlə birgə) nəşr etdirib. Bununla da, faktiki olaraq XVI əsrin sonu XVII əsrin əvvəllərində Şah Abbas tərəfindən Avropaya göndərilən missiyanın rəhbərlərindən biri kimi Oruc bəyin fəaliyyətini, onun yazdığı əsəri elmi ictimaiyyətə çatdıra bilib».

SON TƏDQİQATI— MİKELE MEMBRENİN GÜNDƏLİYİ…

Tofiq Nəcəfli Oqtay müəllimin son tədqiqatlarından da danışdı:

«Venesiya səfirinin I Şah Təhmasib sarayına gəlməsinin təsviri səyyah Mikele Membre tərəfindən yazılıb. Azərbaycan və rus dillərində çıxdı. Uzun illər –70-ci illərin ortalarından 90-cı illərin əvvəllərinə qədər Moskvada «Bartolskie çteniya»nın yığıncaqlarında onun elmi məqalələri çap edilib. Eyni zamanda SSRİ dövründə Moskvada hazırlanmış «Tarix» ensiklopediyasında Azərbaycanın orta əsrlər tarixi ilə bağlı materialların hazırlanması da onun adı ilə bağlıdır. Azərbaycan ensiklopediyasındakı «Azərbaycan Səfəvilər dövrü» bölümünü də Oqtay müəllim yazıb».

Ruhu şad olsun !
XS
SM
MD
LG