Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:26

Qazaxda ölmüş əsgər dəfn olundu [Video]


Qohumları əsgərin intihar etmədiyini deyir
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00
-
18:50 - HƏRBİ PROKURORUN MÜAVİNİ ƏSGƏRİN ÖLÜMÜNDƏN DANIŞDI

«Ekspertizanın tam nəticələri bəlli olmadığı üçün hazırkı vəziyyətdə Seymur Allahverdiyevin intihar etməsi və ya öldürülməsi barədə hər hansı konkret fikir söyləmək tezdir».

Bunu Respublika Hərbi prokurorunun müavini Şəfayət İmranov deyib.

O bildirib ki, əsgərin ölümü ilə bağlı indiyə qədər yayılan məlumatlar yalnız ilkin təhqiqata və fərziyyələrə əsaslanıb:

«Biz əsgərin intihar etməsi, həmçinin başqa şəxs tərəfindən öldürülməsi də daxil olmaqla bütün versiyaları araşdırır, istintaq hərəkətləri aparırıq. Son sözü ekspertizanın nəticələri açıqlanandan sonra demək mümkündür».
17:32 - ƏSGƏR DƏFN OLUNDU

Şəmkir hərbi birləşməsinin əsgəri, Göyçayın Kürdəmiş kənd sakini Seymur Allahverdiyev dəfn olunub.

Mərhum doğulduğu Kürdəmiş kənd qəbiristanlığında torpağa tapşırılıb.

14:39 - ƏSGƏRİN DƏFNİ TƏXİRƏ SALINIR

Seymur Allahverdiyevin dəfn mərasiminə Hərbi prokurorun müavini Şəfayət İmranov ilə Göyçay rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədov da qatılıb.

Onlar əsgərin meyitinin dəfn olunmasını istəsələr də, valideynlər bununla razılaşmayıb və münaqişə baş verib.

Münaqişə zamanı polis əsgərin əmisi oğlu Əli Allahverdiyevə zərbə yetirib.

Yenidən ekspertiza təyin edildiyindən, əsgərin dəfni qeyri-müəyyən müddətə təxirə salınıb.

Valideynlərin tələbilə meyitin yenidən ekspertizası keçiriləcək.

Əsgərin qohumlarının dediyinə görə, tibbi ekspertiza üçün Bakıdan kəndə nümayəndələr göndərilib.

10:50 - YAS MƏRASİMİNƏ GƏLƏNLƏR MANEƏLƏRLƏ ÜZLƏŞİBLƏR

Fevralın 28-də Qazax rayonunda ölmüş əsgər Seymur Allahverdiyevin dəfn mərasiminə gedən jurnalistlərə maneələr yaradılıb.

Bu haqda hadisə yerindən AzadlıqRadiosunun müxbiri xəbər verib.

«Əsgərin yaxın qohumları dəfələrlə polislərə yaxınlaşıb, bizi əraziyə buraxmalarını istəsə də, onlar bizi saxlayıb və imkan vermir. Deyilənə görə, icra başçısı tapşırıq verib ki, jurnalistləri və hüquq müdafiəçilərini dəfn mərasiminə buraxmasınlar».

Göyçay rayon Polis şöbəsindən isə Azadlıq Radiosuna bildiriblər ki, jurnalistlər neçə gündür artıq ordadır və mümkün deyil ki, ev sahibinin icazəsi ola-ola polis onları buraxmasın.
Əsgər Seymur Allahverdiyevin tabutu
Əsgər Seymur Allahverdiyevin tabutu

Xəbər sayta hazırlanarkən müxbirimiz jurnalistlər və hüquq müdafiəçilərinin artıq yas mərasiminə buraxıldıqlarını bildirdi.

1 MART 2013

HƏRBİ PROKURORLUĞUN MƏLUMATI

Hərbi Prokurorluqdan yayılan məlumatda bildirilir ki, əsgər Seymur Allahverdiyevin meyiti üzərində ilkin araşdırmalar ona qarşı hər hansı fiziki zorakılıqların olmadığını, mərhumun özünü öldürdüyünü göstərir.

Prokurorluq hadisə ilə bağlı özünüöldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açıldığını bildirir.

İCTİMAİ PALATA AKSİYA KEÇİRMƏK İSTƏYİR
İctimai Palatanın Göyçay rayon şöbəsi N saylı hərbi hissəsinin əsgəri Seymur Allahverdiyevin ölümü ilə bağlı bəyanat verib.
Bəyanatda Seymur Allahverdiyevin öldürüldüyü və bunun gizlədildiyi iddia edilir.

Bəyanat müəllifləri Seymur Allahverdiyevin cənazəsinin yenidən məhkəmə tibbi-ekspertizasından keçirilməsini, valideynlərinə və ictimaiyyətə düzgün məlumat verilməsini tələb edirlər.
Bundan başqa, onun ölümündə cavabdeh olanların aşkar edib cəzalandırılmasını istənilir.
Bəyanatda qeyd edilir ki, Göyçay Səfərbərlik və Hərbi xidmətə çağırış şöbəsinin qarşısında piket keçirilməsinə qərar verilib.
Artıq bundan ötrü Göyçay rayon İcra Hakimiyyətinə rəsmi müraciət olunub.

ƏSGƏR ÖLÜB YOXSA ÖLDÜRÜLÜB?

Fevralın 28-də Qazax rayon N saylı hərbi hissədə əsgər ölümü faktı qeydə alınıb.

Foto: Arxiv
Foto: Arxiv
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev AzadlıqRadiosuna məlumat verib.

Onun dediyinə görə, əsgər Seymur Allahverdiyev intihar edib:

«Əsgər postda olarkən tabeliyində olan avtomat silahdan atəş açaraq intihar edib. Hadisəylə bağlı cinayət işi açılıb, araşdırma aparılır».

Əsgərin Göyçay rayonundan hərbi xidmətə çağrıldığı deyilir.



AzadlıqRadiosunun bölgə müxbiri isə xəbər verir ki, əsgərin meyiti martın 1-də yaxınlarına təhvil verilib:

«Əsgərin cəsədini gətirən hərbiçilər yaxınlarına onun intihar etdiyini bildirib. Əsgərin yaxınları onun səngərdə olduğu zaman öldürüldüyünü, sağ qulağının yuxarısında tikiş izi olduğunu deyirlər».

Seymur Allahverdiyevin əsgəri xidməti 1 ay sonra başa çatacaqmış.

«İNTİHARLA BAĞLI RƏSMİ MƏLUMAT DOĞRU OLMAYA DA BİLƏR»

Hərbi ekspert Üzeyir Cəfərov Seymur Allahverdiyevin ölümü ilə bağlı ciddi araşdırmalara ehtiyac olduğunu söyləyir. Onun fikrincə, Müdafiə Nazirliyindən intiharla bağlı deyilənlər doğru olmaya da bilər. Üzeyir Cəfərov buna misal da gətirir. Deyir, Tərtərdəki hərbi hissələrdən birində xidmət edən Mehdi Sultanovun ölümü barədə yayılan rəsmi məlumatda onun intihar etdiyi bildirilsə də, məhkəmə araşdırmaları zamanı bu fakt təsdiqini tapmayıb:
Üzeyir Cəfərov
Üzeyir Cəfərov

«Hərbi prokurorluğun nümayəndəsi Təhmin Hümbətov faktı araşdırarkən müəyyən elədi ki, əsgər intihar etməyib, onu əsgər yoldaşı qətlə yetirib. Bu hadisənin bilərəkdən baş vermədiyi də üzə çıxdı. Səbəb – silahla ehtiyatsız davranış idi. Beləcə, hadisə yerində araşdırma aparanda məlum oldu ki, Bakının Sabunçu rayonundan əsgərliyə çağırılan Mehdi Sultanovu əsgər yoldaşı öldürüb. Məhkəmə bu yaxınlarda yekunlaşdı və hadisəni törətmiş əsgər 4 il 6 ay azadlıqdan məhrum edildi. İndiki olayla bağlı ilkin məlumatda da əsgərin intiharından söhbət gedir. Xidmətini başa vurmaqda olan əsgərin intihar ehtimalı o qədər də ağlabatan deyil».

«EVƏ BURAXILMASINA BİR AY QALMIŞ ƏSGƏRİN İNTİHAR ETMƏSİ İNANDIRICI GÖRÜNMÜR»

Üzeyir Cəfərov hesab edir ki, evə buraxılmasına bir ay qalmış əsgərin ölümü kənar amillərlə də bağlı ola bilər:

«Kənar amillər odur ki, onu əsgər yoldaşı da vura bilər, hadisə əsgər-zabit münasibətləri nəticəsində də baş verə bilər. Bütün hallarda istintaq bu məsələlərə aydınlıq gətirməlidir. İnanıram ki, bu məsələdə də kənar amillərin olduğu üzə çıxacaq».
Cəsur Sümərinli
Cəsur Sümərinli

ORDUDA İLİN İKİNCİ İNTİHARI

Əsgər ölümləri ilə bağlı monitorinqlər aparan «Doktrina» Jurnalist Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli Seymur Allahverdiyevin ölümü ilə 2013-cü ildə ölən hərbçilərin sayının 14-ə çatdığını deyir:

«Onlardan ikisi intihar edib, digərləri bir-birinə silah qaldırmaqdan, xəstəlik və yol-nəqliyyat qəzasından ölüblər».

«10 İLDƏ ORDUDA 100-Ə YAXIN İNTİHAR OLUB»

Mərkəzin apardığı araşdırmalara görə, son 10 il ərzində Azərbaycan ordusu təxminən 700 hərbi qulluqçusunu itirib. İtkilərin 85 faizi dinc şəraitdə baş verib. Deyilən zaman çərçivəsində intihar edən əsgərlərin sayı 100-ə yaxın olub. Təxminən 130 hərbi qulluqçu da zorakılığa qurban gedib.
XS
SM
MD
LG