Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:45

"10 il əvvəl belə bir şey yox idi"


Elxan Rzayev
Elxan Rzayev
-
«2002-ci illə müqayisədə Azərbaycanda kitab oxuyanların, nəşr olunan kitabların tirajı və sayı artıb»

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına 10 yaşı tamam olan Bakı Kitab Klubunun rəhbəri Elxan Rzayev söylədi.

ÖLKƏDƏ BAZARA İŞLƏYƏN 20 NƏŞRİYYAT VAR!

Onun sözlərinə görə, kitab bazarında nə baş verdiyini anlamaq üçün kitab bazarının içində olmaq lazımdır:

«Düzdür, bu artım bizim istədiyimiz səviyyədə deyil. Lakin meyl müsbətdir. Və bu iş müsbətə doğru gedir. 10 il əvvəl Azərbaycanda nəşriyyatların 95 faizi sifarişlə işləyirdi. Bu gün ölkədə bazara işləyən təqribən 20 nəşriyyat var. Yəni artıq kitab bazarında nəyə ehtiyac duyulduğu öyrənilir və ona uyğun kitablar nəşr edilir. Öz puluna bazar üçün kitab buraxılır. O yana da bilər- qazana da. Amma 10 il əvvəl belə bir şey yox idi…»

AZƏRBAYCAN İNSANINI KİTABA NECƏ YAXINLAŞDIRMALI?

Onun sözlərinə görə, kitaba yaxınlaşmağın və uzaqlaşmağın bütün başqa meyarlarından başqa bir meyarı da var:

«İnformasiya vasitələrininm bolluğu. Kitaba yaxınlaşmaq təkcə mənəvi məsələ deyil, kitaba yaxınlaşmaq eyni zamanda insanın təbii informasiya aclığını söndürməsidir. Sovet dövründə ancaq bir televiziya kanalı vardı. Üstəlik, iki Rusiya kanalı, tutaq ki, 5 qəzet vardı - onlar da eyni şeyləri yazırdılar. Əlacımız kitaba qalırdı. Əldən-ələ ötürərək kitabı oxuyurduq. İndi informasiya vasitələri boldur. Kitab işini görən, kitabın qiymətini bilən, kitabın dəyərini anlayan və başqalarına anlatmağı bacaran insanların işi ondan ibarət olmalıdır ki, bu informasiya bolluğunda bəşəriyyətə müsbət bir şey verə biləcək kitabları çıxarıb üzə qoya bilsin. Elə etsin ki, insan informasiya bolluğunda o dəyərli kitabları görsün. Biz bunlarlı edə biləcəyiksə, Azərbaycanda insanlar kitaba yaxınlaşacaq. Edə bilməyəcəyiksə - başqa informasiya vasitələri irəli düşəcəksə, insanlar kitabdan uzaqlaşacaqlar…»

ƏN BÖYÜK UĞUR…

Elxan bəy son illərin ən böyük uğurunun ötən il yaranan «Naşirlər və Poliqrafçılar Assosiasiyası»nın olduğunu deyir:

«Hələ bu qurum öz işini tam sahmana salmayıb. Bu, hökumətin kitab siyasətinə təsir edəcək qurumun yaranması deməkdir. İndiyədək ayrı-ayrı nəşriyyatçılar bu siyasətə təsir edəcək gücdə deyildilər. İndi isə nəşriyyatlar yığılıb təklif verə, müəyyən mövqedə dura bilərlər».

DAHA BİR UĞUR…

Qonağımız «Əli və Nino» mağazalar şəbəkəsinin yaranmasını da böyük uğur sayır:

«Çox böyük bir işdir. Azərbaycan üçün vacib və çətin işdir. Milli Kitab Mükafatının qurulamasını da uğur sayıram. AzadlıqRadiosunun «Ədəbi Azadlıq» müsabiqəsini də həmçinin- bütün bunlar Azərbaycan üçün gözə görünən işlərdir və hesab edirəm ki, bu meylin davamı ona gətirib çıxaracaq ki, son nəticədə bizim başqalarına həsəd aparmağa ehtiyacımız qalmayacaq».

HÖKUMƏTİN SİYASƏTİNƏ TƏSİR GÖSTƏRMƏK İMKANI?

Aparıcının «bu imkanın varlığı nəyi dəyişəcək?» - sualını Elxan Rzayev belə cavabladı:

«Kitab işi bütün dövlətlərdə ideoloji işin tərkib hissəsi olub. Azərbaycanın bugün böyük bir problemi- Qarabağ problemi var, işğal olunmuş ərazilər var. Bu halda hökumətin kitab və təbliğat sahəsində s. ideologiyası olmaya bilməz…»

VARMI - YOXMU?

Aparıcının «Necə düşünürsünüz, Azərbaycan hökumətinin bu sahədə ideologiyası varmı-yoxmu?» - sualına həmsöhbətimiz belə cavab verdi:

«Mən onun konturlarını tam dəqiqliyilə hiss etmirəm… Müəyyən cəhdlər hiss edirəm. Amma konseptual - bir bazisdən çıxış edəcək proqramın olmasını görmürəm. Hələ ki, görmürəm… Və hesab edirəm ki, Naşirlər Assosiasiyasının işi də, konseptual bazaya əsaslanaraq, kitab işinin konsepsiyasını, daha sonra buna uyğun qanun və tədbirlər proqramını hazırlamaq olmalıdır. Bu layihəni hökumət yox, ayrı-ayrı müstəqil nəşriyyatların birliyi yaratsaydı, bəlkə də daha səmərəli olardı. Çünki nəşriyyatlar bu işdə daha peşəkardırlar».

BAZARA ÇIXIRSANSA...

Elxan Rzayevin fikrincə, istənilən halda əgər bazara çıxırsansa, iki şeyi nəzərə almalısan:

«Birinci növbədə tələbatı. İkinci növbədə alıcılıq qabiliyyətini. Bu gün Azərbaycanda naşirlərin işə yanaşması belədir. Bu, bir variant. İkinci variant isə istehlakçının tərbiyələndirilməsidir- onun istəyini formalaşdırmaqdır. Bazara çıxarmazdan əvvəl o malın müsbət tərəflərini istehlakçıya göstərməlisiniz. Reklam edirsiniz, təbliğat aparırısınız, ağıllı adamları bu işə qoşursunuz və s. Beləliklə, bazarda bu gün olmayan tələbatı yaradırsınız. Bunun da iki başı var. Biri var siz ziyanlı tələbat yaradırsınız - bu düzgün iş deyil. Bir də var bazarın orta səviyyəsinin hələ başa düşmədiyi, lakin başa düşməli olduğu tələbatı yaradırsınız…Yəni passiv marketinq var, aktiv var. Passiv marketinq hazırda mövcud olan tələbatı ödəməkdir. Aktiv marketinqsə tələbatı formalaşdırmaq, alıcını tərbiyələndirməkdir. İndi dünyanın inkişaf etmiş ölkələrində əsas metod aktiv marketinqdir».

«AZƏRBAYCANDA BELƏ MARKETİNQ YOXDUR!»

Kitab Klubunu rəhbəri konkret misalla fikrini izah etdi: «Bizim üçün qəribə olan şeylər ortaya çıxır. Məsələn, iPAD-5 satışa çıxacaq. Camaat qışın ortasında 24 saat əvvəl gəlib növbəyə düzülür. Yaxud Harry Potter-in növbəti cildi çıxacaq. Gəlib gecədən mağazanın qarşısını kəsirlər ki, tezdən kitabı alsınlar… Düzdür, iPAD-4-ü aldığım üçün bilirəm ki, növbəti buraxılışda da üstünlüklər olacaq. Ya da, Harry Potter-in əvvəlki kitablarını oxuduğumdan, bilirəm ki, davamı da maraqlı ola bilər. Bu, işin bir tərəfidir. Amma İPAD-5 çıxana qədər onun üstünlükləri barədə o qədər yazılır, informasiyalar verilir, reklam çarxları çəkilir ki, insanlarda bir yanğı əmələ gəlir. Düşünür ki, onu tez satın alım və tez ləzzət alım. Bax, Azərbaycanda belə kitab sahəsində belə marketinq yoxdur, bu işləmir. İşləməməyin də öz səbəbləri var».

SƏBƏBLƏR

Elxan Rzayev səbəbləri də sadaladı: «Birincisi, bizim bazarımız onlarınkı qədər geniş deyil. İkincisi, biz reklama da o qədər maliyyə qoya bilmirik. Amma mən sizi əmin edə bilərəm ki, siz nəşr etdiyiniz kitabın 20 faizini reklama xərcləsəniz, o kitabın reklamsız 20 faizini sata biləcəkdinizsə, reklamla 80 faizini sata biləcəksiniz. Dediyim odur ki, peşəkar aparılmış reklam kampaniyası Azərbaycanda da işləyir...»

- Kitab klubunun rəhbəri dünyaca məşhur seriyalardan biri- «Cana məlhəm hekayələr»i Azərbaycan dilində nəşr etdirəndən sonra başladıqları «Öz həyat hekayəni yaz!» kampaniyasından nə danışdı? Siz də öz həyat hekayənizi yazmaq istərdinizmi?

Elə isə, «İz»i buradan dinləyin:


XS
SM
MD
LG