Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:59

Nərmin Kamal. O nədi ki, qadınlarda, qocalarda yoxdu?


Nərmin Kamal
Nərmin Kamal

-

"OxuZalı"nda ən çox oxunan



Oğlanları televizordan camaata göstərib ciblərindən tiryək tapıldığını deyib inandırmaq olar, bu çox asandır. Qızlar, sizin cibinizdən isə tiryək tapıldığına heç kəs inana bilməz! Ən azı bu, çətindir...


Nərmin Kamal


O NƏDİ Kİ QADINLARDA, QOCALARDA YOXDU?


Bu günlərdə Azərbaycan polisi yenidən, bu dəfə NİDA vətəndaş hərəkatı gənclərinin cibindən, evindən narkotik maddə və başqa nemətlər “tapdı”. Necə ki, KGB sovet dissidentlərinin üst-başında axtarış aparanda oradan dollar “tapırdı”, bu o demək idi ki, sən Qərblə əməkdaşlıq edirsən. Cəzası 10 il həbs idi.

Polisin cibə narkotik maddə atması – bir sosial hadisə kimi başqa üçüncü dünya ölkələrində də var. Həmin yerlərdə bu anlayış özünü necə büruzə verir? Tutalım, Kosta-Rika ilə Panama sərhəddidir, sənsə turistsən. Polis, mən bilmirəm onun riskini necə nəzərə alır, sənin cibindən narkotik maddə “tapır” və onu sənə göstərib pul istəyir. Sən də yad yerdəsən, qanunlarını bilmirsən, yubanıb çənə-boğaz etmək istəmirsən, – yüz dollar verirsən ki, canını qurtarıb keçəsən bu üzə. Məqsəd səndən pul qoparmaqdır.

Ancaq Rusiyada olduğu kimi, bizdə də bu fenomen daha geniş sosio-kültürəl və siyasi laylarda özünü göstərir. Azərbaycan dilinin ən yağlı, ən doğma beş cümləsindən biri budur: “Cibinə beş qram anaşa atdırıb tutdurram səni!”

Mən bu cümləni ilk dəfə 4 yaşım olanda eşitmişəm. Bunu tərəflər nəyə görə bir-birlərinə deyirdilər, mövzu nə idi, xatırlamıram. Bülbülə ilə Əmircanın arası. Kişilər nəyə görəsə dalaşırlar. İyirmi-otuz kişi. Bıçaq, söyüş, qışqırıq, qəzəb. Heç bir tərəf heç nədən qorxmur. Mənim içində oturduğum “Moskviç”-in də sürücüsü düşüb qoşulub onlara. Birdən bu məşum cümlə kiminsə dilindən səslənir. O cür kəskin davanın fısı bu cümlənin kiminsə dilindən səslənməsilə dərhal çıxır. Sürücümüz gəlib oturur yerində, cəld sürüb uzaqlaşır ordan…

Növbəti dəfə bu cümləni eşidəndə artıq məktəbə gedirdim. Əlifba müəllimimin gözəl bir qızı var idi, dayım oğlu onun qızına belə bir söz atmışdı: “Ya tebya lublyu, kolbasa kuplyu”. Birdən darvazamız daranq edib açıldı. İçəri əlifba müəlliməm girib “Hanı Ələkbər? Hanı Ələkbər?” – qışqırmağa başladı. O, təkcə mənim deyil, nəslimizdəki çox adamın əlifba müəlliməsi olmuşdu. Ələkbər qaçdı çıxdı talvara. Əlifba müəlliməsi elə əsəbləşdi ki, havası çatmır, paltarının yaxasından yapışıb möhkəm dartır, cırmaq istəyir. Ancaq “trikatin” pambıq deyil, cırılmaz. “Gedirəm 31-ə! Üzüyümü çıxardıb salacıyam dejurnının barmağına, beş qram anaşanın zəhmətini çəksin” – Əlifba müəlliməsi belə deyib getdi…

Ondan sonra bu cümlə mənim qarşıma Nizami metrosunun yanında 8 nömrəli məktəbdə oxuyanda çıxdı. Heç nə, yuxarı siniflərin oğlanları on altı dənə sinif jurnalını məktəbdən oğurlayıb qaçırtmışdılar. Buna görə təhsil sistemi çərçivəsində onların hansısa cəzaları var idi. Ancaq məsələni daha da ciddiləşdirmək üçün məktəbə polis çağırdılar və bizim hamımızı akt-zala yığdılar. Əvvəlcə səhnəyə “zavuç” çıxıb danışdı. Sonra polis səhnəyə çıxmadan, sıraların qabağında dayanıb soruşdu ki, bizdən kim onları tanıyır, kim harda olduqlarını bilir, kim jurnalları harda gizlətdiklərini bilir, desin, əgər onları istəyiriksə; yoxsa onlar narkoman adıyla həbs olunacaqlar…

Onlarla belə hadisə xatırlayıram. Böyüyəndən sonra isə Azərbaycanda bu cümlə mənim qarşıma daha çox jurnalistlərlə bir çıxmağa başladı. 1998-ci ildən bu günə qədər yazdığı yazıya görə cibindən narkotik maddə “tapılan”, bu yolla susdurulan “n” qədər jurnalist gördük.

Əsl narkoman olan, həmişə evində, cibində nəşə, tiryək gəzdirənlər isə işin başqa tərəfini göstərirlər. “Üstümdə 23 qram heroinlə yaxalandım”, – onlardan biri deyir. “Üstümdəkinin çəkisi dəqiq 23 qram idi. Dəqiq bilirəm, çünki 46 yarım-qramlıq dozalara ayrılmışdı. Amma məhkəmə sənədlərim gələndə gördüm ki, orda 5,5 qram yazılıb. Etiraz etmədim! Mənə sərf edirdi. Bildim ki, qalan miqdarı məni birinci tutan polis özü üçün götürüb.”

Polis narkotik maddələrlə belə işləyir. Kimdə varsa, onun adından silir, kimdə yoxdursa onun adına yazır.

İndi də NİDA vətəndaş hərəkatı üzvləri eyni metodla həbs ediliblər. Cavan oğlanlardır, İnternetdə məqalələr yazır, ətraflarına tərəfdar toplayır, meydana çıxıb rüşvətə, əsgər ölümünə, saxta seçkilərə, saxta televiziyaya, ona, buna etiraz edirlər, bu zaman onların cibində narkotik maddənin tapılması üçün münbit nəbabət iqlimi yaranır. Demək istədiyim əsas məsələyə indi gəlib çatdım.

O gecə doğrudan da əlifba müəlliməsinin 15 yaşlı qızına söz atan 17 yaşlı Ələkbəri gəlib apardılar. Ələkbərin dalınca polis bölməsinə nə atası getdi, nə dayısı getdi, nə də başqa bir kişi. Çünki niyə getməsindən asılı olmayaraq, kişilərin polis idarəsinə getməsinin riskləri var. Bütün kişilərin ciblərinə nəşə atıb tutmaq olar. Fərqi yoxdur, alimsən, həkimsən, ya skripkaçısan, Azərbaycanda kişilər adətən bu səbəbdən polisdən uzaq gəzməyə meyl edirlər. Azərbaycanda kişilər adətən bu səbəbdən polisdən qorxurlar. Kişilər polislə üz-üzə gəlsələr, onların da cibindən narkotik maddə çıxa bilər. Qadınlar isə ayrı məsələ.

Ələkbərin dalınca nəslin qadınları getdilər. Rusiyada deyə bilmərəm, bizim ölkədə qadınların cibinə nəşə atmırlar. Polislər qadınlara qadın olduqları üçün sanki “güzəşt” edirlər. Son illərdə mitinqlərdə bir neçə qadının döyülməsi kimi ayrı-ayrı hallar bu səbəbdən cəmiyyətdə dəhşətlə qarşılandı.

Əlinin xəmirilə polis bölməsinə danışıqlar aparıb hansısa kişini qurtarmağa həmişə qadınlar gedirlər. Məlum məsələdir, qocalar, qadınlar, uşaqlar.

Bu ölkədə kişilər gözlərini açıb belə gördüklərinə görə, cibindəki naməlum obyekt onların ənənəvi a priori cəzası olduğuna görə, o cəzadan yayınmağın yollarını da ənənələrdə axtaraqmı? Bu gün NİDA hərəkatında ən fəal qızlar ən fəal oğlanlardan dəfələrlə çox olsalar, onları ənənəvi üsulla həbs etmək polisə müyəssər olmaz.

Oğlanları televizordan camaata göstərib ciblərindən tiryək tapıldığını deyib inandırmaq olar, bu çox asandır. Qızlar, sizin cibinizdən isə tiryək tapıldığına heç kəs inana bilməz! Ən azı bu, çətindir. Bu, modernizmdir. Bizim ölkəmizdə qocalardan, qadınlardan və uşaqlardan heç kəs təhlükə gözləmir. Ona görə də təhlükəni onlara, – cibə nəşə atanlara gözləmədikləri yerdən vurun. İyirmi tələbə qızın birlikdə bir dəfə universitet qarşısında hər hansı aksiyaya çıxmasının effekti eyni qədər oğlanın bu işi etməsindən daha güclüdür. Çünki qızları, bir əlilə saçını qulağının arxasına çəkərək danışan bizim sadə gözəl tələbə qızlarımızı ciblərindən nəşə tapmaq üsuluyla susdurmaq onlara sərf etmir. Sizin cibinizdən tiryək “çıxara” bilməzlər. Siz onların mentaliteti, siz onların milli-mənəvi dəyərisiniz.

Şəxslər tərəfindən mənimsənilən dövlət pullarına, deputat mandatının pulla satılmasına, əsgər ölümlərinə, sizi narahat edən hər bir şeyə oğlanlardan daha çox etiraz edin. İndi, yalnız bu məqamda siz daha azadsınız.

Kultura.az

XS
SM
MD
LG