Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:07

Rəbiyyət Aslanova ABŞ Dövlət Departamentinin hesabatı haqda


Rəbiyyət Aslanova
Rəbiyyət Aslanova
-
ABŞ Dövlət Departamentinin insan haqlarının durumu ilə bağlı illik hesabatında Azərbaycanda sərbəst toplaşmaq azadlığının problem olaraq qaldığı deyilir. Eyni zamanda, jurnalistlərə, fəallara təhdidlərin, həbs və zorakılıqların davam etdiyi, işgəncə nəticəsində ölənlərin sayının bir qədər də artdığı bildirilir.
Hesabatda səslənən fikirlərə Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanovadan münasibət öyrəndik.
- ABŞ Dövlət Departamentinin hesabatı inkişaf etməkdə olan ölkələrə, Azərbaycan kimi dövlətlərə bir təzyiq üsuluna çevrilir. Bir dəfə də olsun ölkədəki uğurlardan söz açılmır. Biz hesabatda müqayisəli təhlilin şahidi olmuruq. Yalnız tənqid, iftira, faktların təhrifini görürük. Azərbaycanda istər sərbəst toplaşmaq azadlığı haqqında, istər insan haqlarının təmin olunması yönündə görülən işlər, əldə olunan uğurlar göz qarşısındadır. Dövlət Departamentinin dünyaya təqdim etdiyi bu sənəd obyektivlikdən çox uzaqdır. Bu sənədin ərsəyə gəlməsində obyektiv mövqelər, dövlət qurumlarının işi, məlumatları nəzərə alınmır. Ayrı-ayrı mənbələrdən ötürülən, subyektiv fikirlər əsasında kifayət qədər qərəzli mövqe formalaşdırılır. Bu dəfəki hesabat da qərəzlidir və Azərbaycan gerçəkliyinə qətiyyən uyğun deyil.

«ABŞ-la ÇOX GÖZƏL MÜNASİBƏTİMİZ VAR...»
- Rəbiyyət xanım, Dövlət Departamentini Azərbaycana qarşı qərəzli olmaqda ittiham edirsiz. Ancaq Azərbaycan hökuməti dəfələrlə bəyan edib ki, ABŞ-la müttəfiqdir, müxtəlif sahələrdə uğurlu əməkdaşlıq edirlər. O zaman (sualı bitirməyə qoymadan)
- Biz Birləşmiş Ştatlarla əməkdaşlıq da edirik, onlarla çox gözəl münasibətimiz də var. Ancaq Dövlət Departamenti dünyanın 167 ölkəsi haqda hesabat yayıb. Siz Azərbaycanla əlaqədar hesabata da baxın, digər ölkələrlə bağlı hesabata da, o zaman qərəzli mövqeyi görəcəksiz. Məsələn, Ermənistana fərqli mövqenin şahidi olacaqsız. Bizim istəyimiz odur ki, Azərbaycanla bağlı hesabat yayırlırsa, bunu obyektiv hazırlasınlar. Uzun illər başqa ölkələr haqda hesabat yayan Dövlət Departamenti yalnız 2012-ci ildə ABŞ haqda hesabat verdi. Bu necə ola bilər?
- Ötən ilin sentyabrında cinayət işinin açılmasına və həbslərə səbəb olan ABU rektoru Elşad Abdullayevin yaydığı videolar da hesabata salınıb. Buna necə baxırsız?
- Bu, sırf hüquqi məsələdir. Bununla müvafiq strukturlar məşğuldur. Sübuta çatmamış, təsdiqlənməmiş bir məsələylə əlaqədar hesabat müəlliflərinin rəy yaratması düzgün deyil. Onlar istintaq yekunlaşmamış öz mövqelərini ortaya qoyublar. Bu nə dərəcədə düzgündür? Bu yenə də qeyri-obyektivlikdən xəbər verir. İş yekunlaşandan sonra ortaya mövqe qoya bilərdilər. Şayiələrin, ittihamların hesabata salınması şübhə doğurur. Hər belə hesabatdan sonra Rusiyanın, Ukraynanın, Moldovanın, Belarusun münasibəti göz qabağındadır, həmin sənədlər kəskin etirazla qarşılanır... Azərbaycan öz yolunu qətiyyətlə addımlayan demokratik dövlətdir. Biz Dövlət Departamentinə görə, demokratiya yolunda irəliləmirik. Biz öz yolumuzu gedirik və bu Azərbaycan vətəndaşının seçimidir. Dövlət Departamenti belə dedi, Human Rights elə dedi... Biz həmin dövlət və ya qurumlar qarşısında təzim psixologiyasında duran dövlət deyilik. Keçib! O vaxtlar çoxdan keçib. Elşad Abdullayevin problemini həll etmək istəyən həmin Dövlət Departamenti yurdundan didərgin düşən qaçqın və məcburi köçkünlərin də pozulmuş hüququndan bircə kəlmə yazsın. Niyə yazmır?

«MƏN QƏTİ ƏMİNƏM Kİ...»
- Yəni hesab edirsiz ki, həmin hesabatda həqiqəti əks etdirən bir fikir də yoxdur?
- İnsan hüquqlarının tamamilə ideal şəkildə həll olunduğu dövlət yoxdur. Bu mümkün deyil. Ola bilər, hansısa problemlər var. Ancaq bir halda ki dövlət bu problemlərin həllində maraqlıdır, bir halda ki insan haqlarının qorunması ilə bağlı mütəmadi böyük milli fəaliyyət proqramları hazırlayır, ombudsman institutunun fəaliyyəti genişlənir, korrupsiyaya qarşı mübarizə gücləndirilir, deməli, dövlət vətəndaşların hüquqlarının qorunmasını ali məqsəd sayır. Bu yolda nöqsanlar da mümkündür. Mən qəti əminəm ki, Azərbaycan insan haqlarının qorunması sahəsində əldə olunan uğurlara görə, inkişaf etmiş ölkələr səviyyəsinə yüksələn dövlətdir.

Əli Həsənovun çıxışı

Əli Həsənovun çıxışı

- Hesabatda deyilir ki, Prezident Administrasiyasında ictimai-siyası şöbənin müdiri Əli Həsənov müxalif mediaya qarşı ictimai nifrətə çağırıb. Bu haqda nə deyə bilərsiz?
- Nifrət çağırışı? Bir ölkə vətəndaşının digər vətəndaşa nifrət çağırışını qəbul edə bilmərəm. İnanmıram ki, Əli Həsənov nifrət çağırışı etsin. Bu mümkün deyil. Fikir fərqimiz, ayrılıqlarımız ola bilər, ancaq bu nifrət səviyyəsinə yüksələ bilməz və yüksəlməməlidr. Kimliyimizdən asılı olmadan, siyasi əqidəmizdən, dinimizdən, milli mənsubiyyətimizdən asılı olmadan... Nifrətdən söhbət gedə bilməz. Bu olmamalıdır.

«NİFRƏTƏ YOL VERMƏK OLMAZ»
- «Olmamalıdır» ayrı, amma Əli Həsənov ötən il qeyri-hökumət təşkilatları ilə görüşdəki çəxşında demişdi ki, həmin tipli müxalifətə, jurnalistlərə, qəzetlərə qarşı ictimai nifrət qoymaq lazımdır. Dövlət rəsmisinin dilindən belə çağırış nə qədər qəbulediləndir?
- Bəzən müxalifət mediasında elə təhqiramiz yazılar olur ki, insanın emosiyalarına təsir edir, onun şərəf və ləyaqətini alçaldır. Kimliyindən, siyasi mənsubiyyətindən asılı olmadan başqasını təhqir edən, alçaldan addımlara, nifrətə yol vermək olmaz. Siyasi mübarizə sivil qaydada getməlidir. Xüsusən müxalifət mətbuatında aqressiya var. Aqressiyadan uzaq olmaz lazımdır. Görürsünüz biz - Azərbaycan iqtidarı heç vaxt heç kimi təhqir etmir, etmərik də. Çünki haqlı olduğumuzu bilirik. Yalnız güclü, haqlı, ədalətli olan təmkin və müdriklik nümayiş etdirir.
- Amma Əli Həsənov deyəsən, bu halda müdriklik və təmkin nümayiş etdirə bilməyib.
- Yox, Əli Həsənov... Bəlkə də o an emosionallıq olub. İnanmıram ki, Əli Həsənov bunu o şəkildə deyib.
XS
SM
MD
LG