Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 06:03

ANAR Səməd Vurğunun müdafiəsinə qalxdı: “Niyə ağızlarına su alıb susurlar?”


Anar
Anar
-

Tək bir “26 –lar” poemasına görə ədəbiyyatımızda böyük məktəb yaratmış Səməd Vurğunun ölməz poeziyasını inkar etmək, onu nalayiq ifadələrlə alçaltmaq rəvadırmı?

Bəs “sapı özümüzdən olan baltaların” – mənəvi dəyərlərimizi, bu dəyərlərin ən layiqli daşıyıcılarını, klassiklərimizi və çağdaşlarımızı nəyin bahasına olur olsun rüsvay etmək cəhdlərinin səbəbi nədir?

İstər Mirzə Cəlil, istərsə də Səməd Vurğun haqqında qalın- qalın tədqiqatlar yazıb namizəd, doktor olanlar niyə ağızlarına su alıb susur?

“Vaqif” dramının qəhrəmanı da Azərbaycanın nüfuzlu xanlarından olan İbrahim xanı devirən, Şuşanı qana boyayan, Vaqif kimi böyük şairə edam hökmü kəsən xacə şah yox, böyük Molla Pənahdır.




ANAR


VURĞUNLUQ


Azərbaycan Cümhuriyyətinin böyük ideoloqu Məmməd Əmin Rəsulzadə, onun siyasi və mənəvi davamçısı Mirzəbala Məmmədzadə dəfələrlə qeyd ediblər ki, milli istiqlaliyyətimizin kökləri ədəbiyyatımızla bağlıdır.

Doğrudan da X1X əsrin ikinci yarısında və XX əsrin başlanğıcında Mirzə Fətəlinin, Zərdabinin, Sabirin, Mirzə Cəlilin və “Mollanəsrəddinçilərin”, Əlibəy Hüseynzadənin və Əhməl bəy Ağaoğlunun ədəbi, publisist fəaliyyəti Azərbaycan müstəqilliyinin təməl prinsiplərini müəyyənləşdirdi.

Geniş üfüq baxışına malik olan Məmməd Əmin Rəsulzadə hətta sovet dövründə yazıb-yaradan şairlərin, dramaturqların milli mənsubiyyətimizin və heysiyyətimizin, dilimizin və mənəvi dəyərlərimizin qorunub saxlanmasında xidmətlərini qeyd edirdi.

Bu baxımdan M.Ə.Rəsulzadə Səməd Vurğunu da böyük milli şair sayır və onun vətənpərvərlik ruhunda yazılmış “Vaqif” dramını yüksək qiymətləndirirdi.

Sovet dövründə Azərbaycanın böyük tarixi və ədəbi şəxsiyyətləri haqqında təxribat yazıları əsasən millətçi erməni müəlliflərin qələmindən çıxardı.

Babəki qaniçən və uşaq əti yeyən vəhşi adlandıran Sero Xanzadyan Moskvaya Sov. İKP MK-ya göndərdiyi danosda Babək haqqında şeirində satqın sumbatları damğaladığına görə Rəsul Rzanı da xunveybin adlandırırdı.

“Qaçaq Nəbi” filmi çəkiləndə Suren Ayvazyan adlı birisi yenə də Moskvaya danos göndərib xalq qəhrəmanını ən rəzil sözlərlə təhqir etmişdi. O vaxt mən də S.Ayvazyana etiraz məktubu yazıb Sov.İKP MK-ya yolladım. Erməni millətçiləri Mirzə Cəlili də “Usta Zeynal” hekayəsinə görə faşist adlandırmışdılar.
Səməd Vurğun
Səməd Vurğun

Qəribə paradoks ondan ibarətdir ki, indi, Azərbaycanın müstəqilliyi dövründə ən çox hücumlara məruz qalan yenə də Babəkdir, Qaçaq Nəbidir, Mirzə Cəlildir. Bu səfər onlara “özümüzünkülərin” əliylə hücumlar edilir.

Erməni millətçilərinin məqsədi aydın idi – Azərbaycan xalqını keçmişsiz,tarixsiz, böyük şəxsiyyətləri olmayan kütlə kimi qələmə vermək və beləliklə hər növ iddialarına, o cümlədən ərazi iddialarına haqq qazandırmaq... Bəs “sapı özümüzdən olan baltaların” – mənəvi dəyərlərimizi, bu dəyərlərin ən layiqli daşıyıcılarını, klassiklərimizi və çağdaşlarımızı nəyin bahasına olur olsun rüsvay etmək cəhdlərinin səbəbi nədir?

Hər bir dövrün sənətçiləri haqqında söz açarkən hökmən o dövrün şəraitini, şərtlərini, mühitini, tələblərini nəzərə almaq lazımdır. Tarixilik hissi məhz bundadır. Tarixi unudub dünəni bu günün icazəli “cəsarətiylə” mühakimə etmək ədalətsizlikdir. Ona qalsa ucdantutma hamını – o sıradan elə bu sayaq yazı müəlliflərini də süçlamaq olar ki, indi dediklərinizi o zamanlar niyə demirdiniz?

Sovet dövrünün yazıçıları çox çətin və əzici şərtlər altında xalqımızın milli qürurunu, dilinin özəlliyini təsdiq etməyə çalışırdılar. Səməd Vurğunun neçə-neçə nəslin dillər əzbəri olan “Vaqif” pyesi də məhz bu amalla yazılıb. Üzeyir bəyin “Koroğlu” operası kimi “Vaqif” dramı da o dövrün insanlarına ən yüksək vətənsevərlik duyğuları aşılayan əsərlər idi. “Vaqif” dramının qəhrəmanı da Azərbaycanın nüfuzlu xanlarından olan İbrahim xanı devirən, Şuşanı qana boyayan, Vaqif kimi böyük şairə edam hökmü kəsən xacə şah yox, böyük Molla Pənahdır.

Hər bir sənətkarın – özəlliklə də başları üstündə min bir təhlükə dolaşan bir vaxtda, mürəkkəb sovet dövründə yaşayıb-yaradan sənətkarların – irsindən bu günə uyğun olmayan, yaxud bu ya digər uğursuz ifadəni tapıb müəllifləri indiki zəmanənin ölçüləriylə qınamaq çətin iş deyil. Amma “Koroğlu”, “Leyli və Məcnun”, “Arşın mal alan” müəllifi dahi Üzeyir bəyi Stalinə kantata həsr etdiyi üçün gözdən salmaq olarmı? Yaxud tək bir “26 –lar” poemasına görə ədəbiyyatımızda böyük məktəb yaratmış Səməd Vurğunun ölməz poeziyasını inkar etmək, onu nalayiq ifadələrlə alçaltmaq rəvadırmı? Nəsiminin yaradıcılığına bələd olanlar onun ən ibarəli ifadələrlə erməniyə mədhiyyə yazdığını da bilirlər. Bir buna görə bu dahi şairin üstünə kölgə salmalıyıq? Son zamanlar Mirzə Cəlilə, “Mollanəsrəddinçilərə”, Səməd Vurğuna haqsız və ədalətsiz hücumlar hər bir azərbaycanlını incitməyə bilməz. Mirzə Cəlil bu cəhətdən “öyrəncəlidir”. Bütün dövrlərin yazıçısı olan M.C.Məmmədquluzadə bütün dövrlərin cahillərinə hədəf olub. Bizim günlər də bu cəhətdən istisna deyil.
Amma bir yandan da təəccüb qalırsan: istər Mirzə Cəlil, istərsə də Səməd Vurğun haqqında qalın- qalın tədqiqatlar yazıb namizəd, doktor olanlar niyə ağızlarına su alıb susur. “Dəymə mənə dəymərəm sənə”, “Azacıq aşım, ağrımaz başım” əxlaqıyla yaşamaq tarix qarşısında məsuliyyətsizlik deyilmi?

Hər zaman olduğu kimi bu son hücumlara da cavab verən yenə Yazıçılar Birliyi oldu. Onu da bilirik ki, buna görə növbəti hücumlara,təhqirlərə,böhtanlara məruz qalacağıq. Olsun. Klassiklərin keşiyində durub zərbələr qəbul etmək zərbə vuranların sırasında durmaqdan, ya kənardan baxıb susmaqdan min pay şərəflidir.

Rəsul Rza və Səməd Vurğun
Rəsul Rza və Səməd Vurğun
Mirzə Cəlil haqqında müxtəlif janrlarda yazdığım əsərlərdə onun ədəbiyyatımız və ictimai həyatımız üçün KİM olduğunu göstərməyə çalışmışam. Səməd Vurğun haqqında 23 il bundan əvvəl yazdığım yazını redaksiyaya təqdim edərkən şairin əziz ruhu qarşısında uzun illər rəhbərlik etdiyi Yazıçılar Təşkilatının borcunu azacıq da olsa ödəmək istəyirəm. Məqalə latın əlifbasıyla ilk dəfə çap edilir.

21 aprel 2013

"525-ci qəzet"

__________________


Səməd Vurğun – xalqımızın qəlbində, ruhunda, mənəviyyatında müstəsna yer tutan sənətkardır. Bakıdan Makuyacan, Dərbənddən Mərəndəcən, Marağadan Şamaxıyacan – vahid Azərbaycan torpağında şairin adı ən əziz, ən doğma, ən geniş şöhrət qazanmış bir addır. Mən o taylı, bu taylı şəhərlərimizin adlarını qəsdən qoşa çəkirəm. İnsafsız tarixi talelə, bizdən asılı olmayan siyasi maraqlarla yurdumuzun bir-birindən ayrılmış parçalarını bu gün yalnız dilimiz birləşdirir. “Dil” sözünün hər iki mənasında: lisan anlamında da, könül anlamında da.

Tarixin elə məqamları var ki, bölünmüş, parçalanmış xalqın yeganə vəhdəti – sözdür. İlk növbədə şair sözü... Ayrılıqdan çox yazıblar. Dostla dostun, qardaşla qardaşın ayrılığından... İki sevən qəlbin hicranından. Cənub və Şimal adıyla bölünmüş, sərhədlərlə kilidlənib qovuşmaz olmuş iki Vətən ərazisinin bir-birinə həsrətindən... Bu ayrılığın gözlənilməz və son dərəcə təsirli rəmzi Səməd Vurğunun “Körpünün həsrəti” şeirində ifadə olunmuşdur.

Araz qırağında dayanmış qatarın pəncərəsindən bu tayı, o tayı seyr edən şair sənətkar fəhmiylə sanki daş körpünün insani həsrətini, intizarını duyur, bütün varlığıyla yaşayır:

Gözüm körpüdədir... Dayanmış qatar,
Elə bil o qəsdən saxlayır bizi.
Körpünü basmışdır yabanı otlar,
Nə cığır görünür, nə ayaq izi...
Kim bilir, kim bilir, nə vaxtdan bəri
Bir insan keçməyir bu daş körpüdən
Elə bil yol çəkir onun gözləri
Fəqət nə gələn var, nə də bir gedən.


Sözə çəpər, fikrə sərhəd yoxdur, şeirə körpü lazım deyil. Şeir özü körpüdür, yoldur, eli oba-oba, oymaq-oymaq dolaşan mənəvi təsəllimiz, ümidimiz, güman yerimizdir.

Xəritələr müxtəlif olur – siyasi xəritələr, fiziki xəritələr, iqlim xəritələri, tarixi xəritələr. Səməd Vurğun yaradıcılığının ən parlaq səhifələri, başda məşhur “Azərbaycan” şeiri olmaqla, yurdumuzun poetik xəritəsidir. Savaşlarla, sazişlərlə, qanla, göz yaşlarıyla parçalanmamış , bölünməmiş bir Vətənin poetik xəritəsi – Bakıdan Makuyacan, Qarabağdan Qaradağacan, Zəncandan Zəngilanacan...
Səməd Vurğun
Səməd Vurğun

Gözümüzü açıb dünyanı – ağ örpəyi buludlar olan qarlı dağları, durna gözlü bulaqları, bir tərəfi bəhri Xəzər Bakımızın çıraq-çıraq sahillərini görəndən bəri – sakit axan Arazların, zülm əlindən qurtulmuş quşların səsləriylə bir yerdə qulaqlarımız şeir vəznlərinə, qafiyə ahənglərinə də alışır – ən körpə yaşlarımızdan Səməd Vurğun misraları yaddaşımıza həmişəlik həkk olunur. Həyatda qarşımıza çıxan ilk kitablardan – “Əlifba”, “Ana dili” kitablarından tanış olduğumuz Səməd Vurğun təsəvvürümüzdə yalnız şair kimi deyil, əsatiri şəxsiyyət kimi canlanır. Çox erkən ağarmış saçları, bir qədər dalğın baxışları, vüqarlı duruşunda əbədilik ruhu, əsatir, əfsanə ölçüləri duyulur – şair sanki elə yaşadığı illərdəcə özü öz abidəsinə çevrilmişdir. Ömrünün son çağında çəkdirdiyi fotolarda o öz yaşından – əlli yaş nədir ki, – çox-çox sinli görünür. Bu gün onun övladları atalarıyla yaşıddırlar. Əlli yaş yaradıcı ömrün orta yaşlarıdır, amma Səməd Vurğun haqqında düşünürkən adama elə gəlir ki, onun heç orta yaşı olmayıb, poetik ömürlüyü yalnız iki mərhələdən ibarətdir: odlu, qaynar, çılğın gənclik illəri, bir də müdrik, təmkinli ağsaqqallıq çağı – “heç yana, heç yerə tələsmədiyi” mənəvi yetkinlik dövrü. Beə təsəvvür, əlbəttə, aldadıcıdır. “Ömür dedikləri bir karvan yolu” bu misra iyirmi bir yaşlı gəncin yazdığı “Dilcan dərəsi”ndədir... “Şair, nə tez qocaldın sən” – bu misra isə bir az təəssüf, bir azacıq kədər qarışıq inam dolu şeirin nəqəratıdır – son şeirlərindən birinin. “Dilcan dərəsi”ndən son şeirlərinəcən keçən ömür adlı karvan yolu yalnız şairin yolu deyil – bu həm də tarixin çox mühüm və ziddiyyətli keçidi, zamanın çətin aşırımıdır. Odur ki, Səməd Vurğun irsini – Gənclik həvəsi və ahıllıq təmkini deyə yalnız iki mərhələylə müəyyənləşdirmək yanlışdır. Səməd Vurğun poeziyasını səciyyələndirən – dövrün bütün mürəkkəbliyi, dolaşıqlığı, enişi-yoxuşudur. Məncə bu poeziyanın ən böyük dramatizmi şairin özünün özlüyü uğrunda mübarizəsidir, zamanın bütün təlatümləri qarşısında şair təbiətinin, şair xislətinin ilkin mahiyyətini hifz etmək, saxlamaq əzmidir...

Səməd Vurğunun sənətkar təbiətinin, şair xislətinin təməl cəhətləri, həqiqi mahiyyəti nədən ibarətdir? Şəksizdir ki, belə zəngin yaradıcılıq aləminə malik bir şəxsiyyətin sənət genişliyini bir ya iki cəhətlə məhdudlaşdırmaq lazım deyil. Daha doğrusu, mümkün də deyil. Bir məsələ də var: hamının ümumi Səməd Vurğunu olduğu kimi, hərənin öz şəxsi, fərdi Səməd Vurğunu da mövcuddur. Yəni şairin əlvan dünyasından hər oxucu öz zövqünə, qəlbinə daha yaxın, daha munis olanı seçib sevir. Məsələn, mənimçün Səməd Vurğun yaradıcılığının “Dağlar” rədifli iki şeiri, “Yadıma düşdü”, “Tənha məzar”, “Mən tələsmirəm”, “Şair, nə tez qocaldın sən”, “Gödəkçə”, “Yada sal məni” kimi inciləri şairin bəzi poemalarından daha qiymətli, daha əhəmiyyətlidirlər. “Muğan” poemasının özündə – bu əsərin poetik zirvəsi – bulaq suyu kimi duru və şəffaf “Ceyran” qoşmasıdır. Mən heç bir vəchlə şairin ayrı-ayrı şeirlərini onun poemalarına qarşı qoymaq istəmirəm. əksinə, “Komsomol peması” kimi həqiqi romantikayla, səmimi gənclik ruhuyla aşılanmış əsər fəlsəfi dolğunluğu baxımından da məsələn, “İstiqbal təranəsi”, yaxud “Ayın əfsanəsi” kimi əsərlərdən daha yığcam, daha bitkindir, daha dərin təsir bağışlayır. “Komsomol peması”nda vaxtın nəbzi vurur, zamanın çırpıntısı eşidilir, mühitin havası duyulur. Axıcı, sərrast sətirlərdən neçə-neçə insan taleyi; insan xarakteri boylanır. “Ayazlı, şaxtalı bir qış axşamı” başlanan hünər və kədər dolu əhvalat Humaysız qalmış başqa bir axşamla tamamlanır – qaranlıq sularda əks olunmuş ay işığında. Qızğın sinfi mübarizələrdən və nakam bir məhəbbətdən, Novruz bayramının xoş ovqatından və kənddə ilk teatr tamaşasının maraqlı təfərrüatından bəhs edən bu gözəl sənət əsərində dövrün dəqiq əlamətləri, adət-ənənələrin dürüst nişanələri, zamanın konkret tələbləri, çağırışları, anlayışları əks olunub. Və gerçəkliyi, dövrü, insan münasibətlərinin əlvan bəlirlərini son dərəcə əyani cizgilərlə canlandıran poemanın mətni içində – qəfil püskürtü kimi, hər şeyin – illərin, fərdlərin, məfkurələrin fövqünə yüksələn əbədi bir poeziyanın nəfəsini duyuruq:

Yerlərə baxıram – baxçalı, bağlı
Göylərə baxıram – qapısı bağlı,
Kainat ixtiyar, sirli-soraqlı
Əzəldən yaranıb tamaşa dünya.

Bir də görürsən ki, açılan solur,
Düşünən bir beyin, bir torpaq olur.
Bir yandan boşalır, bir yandan dolur
Sirrini verməyir sirdaşa dünya.

Əzəldən belədir çünki kainat,
Cahan daimidir, ömür amanat.
Əldən ələ keçir vəfasız həyat,
Biz gəldi-gedərik, sən yaşa dünya!


Bəlkə də bu subyektiv bir mülahizədir, amma şəxsən mənimçün Səməd Vurğun poeziyasının ülviyyəti, özünəməxsusluğu, qüdrəti məhz bax bu şeirdə və bu səpkili əsərlərdədir... Sadə, adi sözlərdən doğan dərin hikmət, dəbdəbəsiz, təmtəraqsız ifadələrin həqiqi fəlsəfi müdrikliyi...

Həyat dedikləri şübhəli bir şey,
Ölümsə şübhədən çıxmaq deməkdir –


İyirmi iki yaşlı şairin qələmindən çıxmış bu misralarda varlığın məğzini və mahiyyətini çox erkən çağlardan anlamaq cəhdi var.

Sakit bir yuxuya getmişdi dəniz,
Dərin bir məqsədi, fikri var kimi –


– beyti gözlərimiz önündə əyani bir lövhə yaradırsa, “Kamal! Sən bir günəşsən ki, camalından şəfəq parlar” misrasının mənasını dərk etmək çətindir.

Əsir bahar yeli qəlblərimizə,
Təbiət varlığa belə qarğamış...


Sözlər necə də yerli-yerində işlənmişdir, bədii dilin ən xəsis vasitələriylə necə yaddaqalan bir obraz yaranmışdır. “Sözün şöhrəti”nə həsr olunmuş şeirdə isə söz bolluğu poetik obrazlılığı üstələyir, ifadənin təsir gücünü axıdıb aparır...
Səməd Vurğun və Nazim Hikmət
Səməd Vurğun və Nazim Hikmət

Səməd Vurğun poeziyasının yuxarıda bəhs etdiyim daxili dramatizmindən danışarkən mən məhz bunu nəzərdə tuturdum – fitri poetik təbin şəffaflığı, saflığı, sənətkar istedadının həqiqi, sadədil müdrikliyi, lirik səmimiyyət – şairin ilkin yaradıcılıq xislətindədir. Fəqət zamanın elə keçidləri olur ki, şairdən səmimiyyət, təbiilik, özünəxaslıq yox, dəbdəbəli təriflər, təmtəraqlı tərənnümlər, zahiri bər-bəzək tələb edilir. Səməd Vurğun peziyasının həqiqi varlığı, xalq şeir qaynaqlarından qidalanmış yüksək sadəliyi hər cürə gözqamaşdırıcı və ruhuna yabançı saray naxışlarının həmləsi qarşısında özlüyünü qoruyub saxlamağa çalışır. Bu mübarizəni danmaqla, onun üstündən sükutla keçməklə biz Səməd Vurğun iradəsinin – çətin döyüşlərin sınaqlarından qalib çıxmış şair iradəsinin gücünə göz yummuş oluruq.

Özünü öz şairlik təbiətinə sadiq saxlamaq sınağı Vurğun qarşısında yaradıcılığının ilkin dövrlərindən dayanıb. Şairin böyük qardaşı Mehdixan Vəkilov xatırlayır ki, məşhur maarifçi Firudin bəy Köçərli balaca Səmədi seminariyaya qəbul etmək istəməyəndə on iki yaşlı uşaq “Eh! Ay Firudin bəy, sən nə bilirsən bu ürəkdə nə var?” deyə qocaman müəllimə xitab etmişdi. Elə bu uşaq yaşlarından Səmədin ürəyi dolu idi – altı yaşında anası Məhbub xanımı itirmiş, atasının çaldığı yanıqlı saz havalarının sədaları altında böyümüş, dumanlı-çiskinli dağlar, güllü-çiçəkli dərələrin qoynunda dolaşan Qarayazı meşəsinin iydəliklərini, Kür qırağının seyrangahını gəzə-gəzə, gecələr keşik dağında yanan işığa baxa-baxa, anadil quşlarının bir-birini çağırmasını dinləyə-dinləyə boya-başa çatmış Səməd Vurğunun rübabı həzin bir gözəllik telində köklənmişdi.

Gəlib xatirimə qərib bir axşam
Yanıb əriyirdi evimizdə şam.
Durnalar başımın üstdən keçəndə,
Onlara quş kimi qoşulub mən də
Ən uzaq ellərə uçmaq istədim,
Evdən baş götürüb qaçmaq istədim.
İnsan qanadsızdır! Çatım qaşımı
İlk dəfə arzusu gözündə qaldım...
Anamın dizinə qoyub başımı
Xəyallar içində yuxuya daldım.


Belə xəyalpərvər, təbiət gözəlliklərinə həssas, qəlbi ana dağıyla dağlanmış şair ruhlu gəncin eşq bəlalarına da çox erkən yaşlarında giriftar olması təəccüblü deyil... Odur ki, gənc şairin etirafıyla yaşı arasında uyğunsuzluq bizə qəribə görünmür:

Çatandan bəridir on beş yaşıma
Çox bəlalar gəlib qanlı başıma
Baltalar vurulub ömür daşıma
Bu eşqin yolunda yaman olmuşam.


Bu sətirlərdə vurğunluğun ilk rüşeymləri cücərməkdədir. Həm kiçik hərflə vurğunluğun – yeniyetməlik dövründə qıza vurğunluğun, həm də Azərbaycan poeziyasında böyük mərhələ təşkil etmiş, baş hərflə yazılan Vurğunluğun...

Gənc Səməd özünə Vurğun təxəllüsü seçərkən bəlkə də yaradıcılığının qayəsini təsdiqlədiyini düşünmürdü. Dilbərə, pəriyə, gözələ, aşiqanə vurğunluq anlayışı, çox qısa müddət ərzində dəfə-dəfə geniş, əhatəli bir miqyas qazandı... Xalqa vurğunluq, Vətənə vurğunluq kimi dərk olundu, dövrə, zamana vurğunluq keyfiyyətini kəsb etdi. Estetik mövqeyə çevrildi.

Səməd Vurğun dövrün şahidi, salnaməçisi, “ayinəsi” olmaqdan daha çox zamanın vurğunu oldu, həyata heyran gözlərlə baxdı. Həyata heyran gözlə baxmaq isə istər-istəməz nəyəsə göz yummaq deməkdir. Bu Səməd Vurğun poeziyasının məziyyəti, ya kəsəri deyil, xüsusiyyətidir, səciyyəvi cəhətidir. Səməd Vurğun tam səmimiyyətlə özünü ağ günlərin şairi adlandırırdı və bu konsepsiyaya uyğun gəlməyən hər şeyi şeirindən də, fikrindən də, qəlbindən də uzaqlaşdırmağa çalışırdı... Lakin bu asan iş deyildi... Öz nəğməsini boğazlayan Mayakovski kimi, Səməd Vurğun da daxili ehtiraslar, fikirlər, şübhələr çarpışmasından xali deyildi... Səməd Vurğun şeir-sənət aləminə acılı-şirinli məhəbbət duyğuları gətirmişdi, onun ilhamı qanadlı xəyallardan mayalanmışdı, amma yaradıcılığının ən ilkin çağlarından sərt barışmazlıqla özü öz təbi qarşısında yasaqlar qoyurdu:

Mən and içmişəm ki, bir də qələmim
Gözəllərdən ilham almayacaqdır.


Başqa bir səciyyəvi etiraf:

Bütün arzularım gülür yarına
Xəyaldan ilhamlar almamaq üçün!


Bu qədər zəngin fitri təxəyyülə malik olan sənətkarın xəyaldan imtina etməsi, ilhamını xəyaldan ayırmaq istəməsi nəylə bağlıydı? Dövrün tələbi, daha doğrusu, estetik meyarları tələb edirdi və müəyyən bir etapda şairə elə gəlirdi ki, “dəstədən geriyə qalmamaq üçün” o, “nəfəsləri benzin və kükürd qoxulu milyonların şairi olmalıdır”. Digər tərəfdən “gülləri, çiçəkləri sayrışan, tər cunalı yazların sarı simləri sarılıq gətirən ağ sədəfli sazların, zurna düyünlərin” şairi olmamalıdır. Poetik manifest aydın və qeydsiz-şərtsizdir, lakin həqiqi şair özünün belə bəyan etdiyi proqramların və manifestlərin çərçivələrinə sığışmır, içində yaşayan bir ruhla, nəfəslə, qəlbinin səsiylə yazıb –yaradır... Səməd Vurğunun poetik hünəri dövrün ötəri şüarlarından vaz keçmədən – öz ülvü, təbii şairlik xislətini qoruyub saxlamasıdır.

Mehdixan Vəkilovun xatirələrində maraqlı və Vurğun xarakterini anlamaq baxımından çox səciyyəvi bir epizod nəql edilir... “Səmədi əvvəlcə Ermənistan kommunist gənclərinin qurultayına, sonra Zaqafqaziya kommunist gənclərinin qurultayına, ordan da Ümumittifaq komsomol gənclərinin qurultayına nümayəndə seçmişdilər, lakin şair qatarla Tiflisdən Moskvaya gedərkən Ağstafa stansiyasına çatanda Göyəzən dağını, Qazaxı görmüş, sevgilisini xatırlamış və “Dəli şairə” məxsus bir tövrlə qatardan düşərək, birbaşa Qazaxa, nənəsinin yanına qayıtmışdı...”

Bu hadisə yalnız Vurğun şəxsiyyətinin maraqlı əksi deyil, həm də onun yaradıcılığının müəyyən səmtlərinə, xüsusilə “Yadıma düşdü” kimi klassik nümunəsinə bir açardır.

İlk məhəbbət, təbiət şeirlərini yazdıqdan bir müddət sonra Səməd Vurğun həmin əsərlərini “ölən şeirlərim” ifadəsiylə damğalayır, hətta “Dilcan dərəsi” kimi incə bir qoşmanın da üstündən qələm çəkir. Moskvada təhsil illərində şair paytaxtın qaynar mühitinə düşür, “bu yerdə nə hicran, nə qayğı, nə qəm, nə Sənan eşqi, nə intizar” olduğunu söyləyir; könüllər sərbəst, duyğular azad olan bu yeni dünyanın şairi “dərdli günlərini heç edirmi yad” deyir. Vurğun yaradıcılığının sərbəst vəznli, “Raport”, “Fanar” səpkili keçidini adlayır, adına həm geniş ümumxalq məhəbbəti, həm də rəsmi təqdirlər gətirən bir sıra məşhur şeirlərini, o cümlədən Stalini tərənnüm edən əsərlərini yaradır, yüksək səviyyəli görüşlərdə iştirak edir, səsi ən mötəbər kürsülərdən ucalır. Şairin təbii, səmimi, fitri vurğunluğu yalnız poetik istiqamət kimi deyil, rəsmi mövqe kimi də təsdiq olunur. Və elə bu vaxt, şöhrətin, mənsəbin yüksək pilləsində Səməd Vurğun ölümsüz şeirini yaradır:

Başına döndüyüm gül üzlü sona!
Ömrümün ilk çağı yadıma düşdü.


Şairin yadına düşən hər lövhə, keçib getmiş illərin hər səhnəsi qəlbin ən incə tellərini titrədir: payız fəslində bostan içində şamamanın tağı da, ceyranın duruşu, durnanın gözü, kəkliyin ayağı da, gəlinlərin bayram qabağı fəsəli yayması da, nişanlı qızların görüşdən qabaq telini sayması da – poetik varlığının təməl dəyərləri, unuduluşu mümkün olmayan sərvətdir... Şair illərin, yolların, məcburi sözlərin üzərindən uzaq keçmişlərə boylanır, xəyalı dağı, aranı gəzir və eyni zamanda o öz poetik təbiətinin, sənətkar “mən”inin özülünə, başlanğıcına qayıdır. “Yadıma düşdü” adi, sadə mətləblərdən bəhs etsə də, proqram şeirdir, daha doğrusu məhz elə sadə, adi mətləblərdən bəhs etməsiylə proqram əsərdir. Şeirin altında 1936-cı il tarixi yazılıb. Faciəvi hadisələr ərəfəsində havada gələcək qanlı-qadalı müharibənin nəfəsi duyulan bir vaxtda Səməd Vurğun qışın buz qatığını, yayın ayranını, payızın qaymağını yadına salır. Əlbəttə, həmin illərdə, aylarda, günlərdə şair dövrün hadisələriylə bilavasitə bağlı olan şeirlər də yazıb. Amma əlli il sonra, bu gün, yazılma tarixindən yarım əsr keçdiyi vaxt “Yadıma düşdü” bizimçün həqiqi poeziyanın ən müasir səslənən kamil örnəklərindən biridir...

Böyük ədəbiyyatın, əsl sənətin amalı, məqsədi bir, yolları isə müxtəlifdir. Nə yaxşı ki, belədir. Hamı bir yolla getsə, necə basa-bas, tünlük olardı. Tünlük isə sənətin qənimidir. Səməd Vurğun ədəbiyyatda, şeirdə bir-birinə oxşamaq azarını çox dürüst göstərmişdir:

Bəzən qoyulmayır hər söz yerinə
Şeirimiz oxşayır biri-birinə.
Eyni xəritələr, eyni şəkillər,
Xəyala açmayır yeni bir səhər.


Ədəbiyyatda geniş bir yol var – zamanın vüsətli tərənnümü, insan hünərinin, döyüş və əmək qəhrəmanlığının ilhamlı vəsfi, varlığa, dünyaya, həyata vurğunluq. Səməd Vurğun yaradıcılığı bu şərəfli yolun bariz və parlaq örnəyidir.

Ancaq həyatda uğursuz iqballı insanlar da var, dünyanın acıları-ağrıları da, zamanın ziddiyyətləri də, düyünləri də var və ədəbiyyat bunlardan da vaz keçə bilməz. Sənət yalnız insanı öymür, ona təsəlli də verir, mərhəmət, şəfqət əlini də uzadır. Və nəhayət ədəbiyyatın mühüm bir vəzifəsi də fənalıqları göstərmək, naqislikləri döymək, mənfilikləri gülüşlə, istehzayla, satirayla damğalamaqdır – Sabir, Mirzə Cəlil yolu.

Səməd Vurğun şair təbiəti, idrak xüsusiyyəti, dünya duyumu eləydi ki, o, həyatı yalnız işıqlı görmək istəyirdi. Amma o heç də qaranlığın mövcud olduğunu danmır, ədəbiyyatı zülmətin qalıqlarıyla mübarizədən çəkindirmirdi. Bəzən şairin satirik janrlara müəyyən biganəliyini onun ümumən satiraya pis münasibəti kimi qələmə verirlər. Bu əlbəttə düz deyil. Vurğun təvazökarlıqla:

Oxucum, etiraf edirəm qəlbən
Satira gəlməyir mənim əlimdən –


– desə də biz şairin bu qənaətiylə razılaşa bilmərik. Hədəfi sərrast vuran qüvvətli poetik parçalar Vurğunun satirik istedadına ən tutarlı sübutdur:

Özü qorxaq, cüssəsi dar,
Andını da tez unudar
Sözlərini çeynər udar
Hey udqunar asta-asta...

O “mərd” olar yaxşı vaxtda
Çox danışar hünər haqda
Çətin işdə, bərk ayaqda
Tez sıpıxar asta-asta.

Tilsimlidir o qəhrəman,
Qan da axmaz yarasından.
Odun-suyun arasından
Üzə çıxar asta-asta...


Belə kəskin sətirlər yaradan şair satiraya, tənqidə laqeyd qala bilməzdi. Səməd Vurğun tənqidi gülüş, məzhəkə janrları haqqında yazdığı misralar şairin gələcək ədəbi nəsillərə verdiyi öyüdlər sırasında vacib yer tutur:

Başqa bir qüsur da ağrıdır bizi
Bəzən unuduruq gülməyimizi...
Varmı şeirimizdə məzhəkə yazan
Oxucu gözləyir bunu hər zaman
Unutmaq olmaz ki, doğrudan da biz
Böyük Sabirlərin varisləriyiz.


O da diqqəti çəkir ki, Səməd Vurğun bəzi hallarda fikirlərini narahat edən, qəlbini nigaran qoyan bir sıra ciddi mətləbləri zarafata salıb deyirdi:

Bəlkə də hər bir ağ gün,
bir qara gün deməkdir...
Bəlkə də hər şirinlik
bir acılıq yeməkdir.
Bəlkə yalandır günəş,
həqiqətdir gecələr.
Yordu mənim beynimi
bu saysız bilməcələr
Sorsalar bu pərdəli fəlsəfələr neçindir?
Deyin bu göz yaşları
bir az gülmək üçündür!


Nə yazıq ki, vaxtsız əcəl Səməd Vurğunu əsrin mühüm bir aşırımında, ictimai və siyasi həyatın vacib tarixi keçidində dünyamızdan ayırdı. Yeni dövr şairin ürəyindəkiləri öz ürəyi istədiyi şəkildə deyə bilməsi üçün nə qədər böyük imkanlar verdi, necə geniş üfüqlər açdı.

Vəfatından bizim günlərəcən keçən bu otuz il ərzində böyük şair hələ nələr yarada bilərdi.... Bu gün biz Səməd Vurğunun 30 illik yaradıcılıq ömründə ədəbiyyatımıza bəxş etdiyi zəngin sənət xəzinəsiylə öyünürüksə, ölümündən keçən otuz il boyu onun yoxluğundan doğan nisgil də həmişə qəlbimizdədir.
Səməd Vurğunun anadan olmasının 80 illiyini bayram etdiyimiz günlərdə otuz il bundan qabaq şairi itirdiyimizi də kədərlə, ağrıyla xatırlayırıq. Və bu gün biz Səməd Vurğunun özü haqqında yazmadığı sətirləri onun özünə şamil edirik:

Otuz il, otuz il yaşadıq sənsız!..
Otuz il, otuz il sən bizdən uzaq
Bəlkə ziynət oldun bu məzarlığa.
Lakin əməllərin alovlanaraq
Günəş tək boy atdı bütün varlığa...
Dünya cənnət olsa, dərd unudulmaz
Of...səndən ayrıldıq bir ilk baharda...


İlk bahar, son baharla, qış yayla əvəz olunacaq, illər, on illər, otuz illər, əsrlər keçəcək. Səməd Vurğunun böyük adı yurdumuzun hər bucağında, hər qarışında vüqarla yaşayacaq. Hər ay, hər gün elimizi şəhər-şəhər, kənd-kənd, oymaq-oymaq gəzəcək.

Bakıdan Makuyacan, Dərbənddən Mərəndəcən, Qəzvindən Qazaxacan...

Oktyabr, 1986
XS
SM
MD
LG