Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:58

Bakı-Novorossiysk kəməri qapandı?


İlham Şaban
İlham Şaban
-
Mayın 5 də Azərbaycan neftinin Rusiyadan nəqli barədə saziş ləğv edilib.

Sözügedən saziş 1996-cı yanvarın 18-də imzalanmışdı. Həm yaxın tarixə ekskurs, həm də olayın mümkün pərdəarxası məqamlarına aydınlıq gətirmək üçün Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanla müsahibəni diqqətinizə yetiririk:

– Bakı-Novorossiysk kəməri Azərbaycan, yoxsa Rusiya üçün daha önəmlidir?

– Bu kəmərin Azərbaycan üçün iqtisadi baxımdan önəmi o qədər də böyük deyildi. Axı BTC işə salınandan sonra şimal ixrac boru kəməri kommersiya layihəsi kimi öz dəyərini itirmişdi. Bu baxımdan 2007-ci ildə BP şirkəti o boru kəmərinin istifadəsindən imtina etdi. Rusiya həmin boru xəttində tarifləri dəyişmədi və beləcə, Azərbaycana əlverişli şərait yarandı. Qonşuluq əlaqələrini genişləndirmək, eləcə də 1996-cı ildə imzalanmış hökumətlərarası sazişə xitam verilməməsi üçün Azərbaycan öz neftini Rusiya ərazisindən nəql etmək qərarına gəldi. Bakı-Novorossiysk kəmərində neftin qiyməti ucuz idi. ARDNŞ-in ordan elə böyük qazanc götürdüyünü deməzdim. Eyni nefti dəmiryoluyla Gürcüstan limanlarına daşısalar da, uduzmazdılar. Əksinə, belə olarsa, keyfiyyəti yüksək olduğundan, nefti daha baha qiymətə də satmaq mümkündür.

– Sazişin ləğvi nə dərəcədə gözləniləndir? Bunu sürpriz olay saymaq məsələni şişirtmək olmazmı?

– ARDNŞ-in prezidenti bunu gözlənilməz saymayıb. Düşünürəm ki, o, bunu çox səmimi deyir. Keçən il 2 milyon tondan çox neft nəql edilmişdi. Ancaq bu il 1.8 milyona da çatmır. Azərbaycan tərəfi Rusiyaya bildirmişdi ki, bu, hasilatın azalmasından irəli gəlir. Həqiqətən də obyektiv səbəbdir. Rusiya da bunu çox gözəl bilir. Digər tərəfdən, ortada Azərbaycanın hökumətlərarası sazişə dəyişiklik etmək, həcmlərin artırılması üçün 3-cü bir tərəfin neftini vurmaq və ya keyfiyyət bankı yaratmaq kimi təklifləri də olub. Rusiya da bunların heç birinə getməyib. Gözlənilməyən nə var ki?

– Azərbaycan neftində maraqlı olan ölkələr sazişin pozulmasına necə baxırlar?

– Bu, həmin ölkələr üçün heç bir maraq kəsb etmir. Onlardan ötrü nə fərqi? Tankerlər nefti ordan doldurmayacaqlar, gedib Qara dəniz hövzəsindən dolduracaqlar. Bilirlər ki, Azərbaycan şaxələndirilmiş yollarından yararlanıb öz neftini bazara çıxaracaq.

– Neftin nəqlindən söhbət gedirsə, bir sual ortaya çıxır: Alıcını Azərbaycan seçir, ya alıcı məhz Azərbaycanı seçir?

– Bu, artıq istehsal və marketinq prosesidir. Həmin proseslər arasında da uzunmüddətli bağlantılar var. Üstəlik, söhbət çoxsaylı oyunçulardan, aramsız informasiya mübadiləsindən gedir. İstehsalçı bazarla sıx bağlıdır. Demək olmaz ki, Azərbaycan arı pətəyi kimi onları özünə çəkir və ya tərsinə. Neft bazarı yetərincə geniş bazardır və qaz boru kəmərlərindən fərqli olaraq, bir-birinə bağlanmayıb. Burada əsas məqsəd dünya okeanına çıxış və yanacağı istədiyi kimi daşımaqdır.

– Sazişin ləğv olunma səbəbi olaraq başqa fikirlər də səsləndirilir, özəlliklə siyasi motivlər qabardılır. Siyasət amili gerçək səbəb sayıla bilər?

– Ölkələrarası hər bir iqtisadi layihənin siyasi önəmi də var. Bazardakı seçimə ölkələrarası münasibətlər təsir göstərir. Neft və qaz məsələləri ölkələr arasında xüsusi çəkisi olan biznesdir. Bu baxımdan siyasi önəm danılmaz amildir. Rusiya Baltikyanı ölkələrə, Ukrayna və Moldovaya münasibətini onların Rusiyaya münasibətinə bağlayır və öz neftini fərqli qiymətlə satır. Azərbaycan Rusiyaya 2010-cu ildən qaz verməyə başladı, bəyəm Rusiyanın qazı yox idi? Bəlkə Rusiya Azərbaycanın qaş-gözünə vurulmuşdu? Məsələ ondadır ki, Azərbaycan qlobal bazara çıxış qazanır. Azərbaycan Xəzər regionunda çox önəmli yeri olan qaz tranzit ölkəsi kimi meydana çıxır. Avropa Birliyi bir memorandum da imzalayır, «Transxəzər»ə görə də perspektivlər açılır. Bunu görən Rusiya da bir jest edib qazı alır. Ancaq bunlar geridə qalıb, artıq 2013-cü ildir. Vəziyyət sabit qalmır. Maraqlar dəyişir. Azərbaycan və Rusiya arasında vəziyyət də hamar deyil. Bu, özünü iqtisadi əlaqələrdə də göstərir. Azərbaycan Kremlin rəsmi Bakıya yolladığı təklifləri məharətlə rədd edir, özünün ixrac marşrutlarını Qərbə yönəltmək barədə qəti qərarlar verir. Hərbi-strateji önəm daşıyan Qəbələ RLS-lə bağlı heç bir razılıq əldə edilmir və Rusiya son hərbi kontingentini Azərbaycandan çıxarır. Belə olan halda 2 ölkə arasında iqtisadi münasibətlər də təsirsiz ötüşmür.

– Bu halda «Nə baş verir» sualını necə cavablandırarsınız?

– Bir keçid yaşanır – Azərbaycanla Rusiya arasında enerji əməkdaşlığına yenidən baxılır. Artıq şərtlər dəyişir. Azərbaycanın 2006-cı ildə BTC-ni işə salıb geniş həcmli neft ixrac edəcəyini Rusiya gözləmirdi. Beləcə, «Qazprom» da Azərbaycana qiymətlərin artırılması ilə bağlı təklif verdi. Heç nə elə-belə baş vermir. Səbəb var, nəticə də var.
XS
SM
MD
LG