Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:05

Timurçin Əfəndiyevin üzünü görən cənnətlik sayılırdı...


Elvin Əhmədov
Elvin Əhmədov
-

Görəsən heç bir faydalı, mədəni və mənəvi iş əmsalına malik olmayan bu universitet niyə özəlləşdirilmir, niyə hərraca çıxarılmır?


Elvin Əhmədov


SÖKÜN GETSİN...


Yaşam fəlsəfəsində "məsləhətli don gen olar" ifadəsi olan toplumun sərbəst qərar verə bilməmək və məsuliyyəti bölüşmək adətinin olması anlaşılandır.

Məsləhət alverində bu qədər genişürəkli və əliaçıq olan bir toplum, görəsən, niyə alverin digər sahələrində tərəzidə vurur və qiymət salır?

Bəlkə də məsləhət alverində alıcı ilə satıcı arasındakı münasibətləri tənzimləyən tədavül vasitəsi yoxdur deyə bu qədər genişürəkli və əliaçığıq.

Bu, lap cavabına sual vermək oldu. Necə ki, milli tok-şoularda mübahisəli mövzuların yekun qənaətinə aparıcılar öncədən gəlir.

Belə çıxır ki, tərəflərin mövzu ətrafında qızğın müzakirəsi yalnız reytinq davası imiş...

Mövzudan mövzu doğur, bu da bir başqa mövzunun körpəsi.

Bu günə qədər pulsuz-pərəsiz çox məsləhət almışam, amma, tərsliyimdən yenə öz bildiyimi eləmişəm. Bildiyim də bir şey ola... Yaxşı ki, bu təvazökarlıq var, yoxsa müştəbehliyimə nə köynək geyindirərdim.

Özümə bilmədiyimi heç kimə rəva bilmirəm, bu üzdən mümkün dərəcədə məsləhət alqı-satqısında iştirak etməməyə çalışıram.

Aparıcının qorxduğu şey hıçqırıq, o da gəlib canlı yayımda tutar onu. Bir az ilan-yarpız dəstiri.

Bir gün axşamtərəfi qapımızı üst qonşumuz Sənan döydü.

Ümumiyyətlə, bizə gəlib-gedən birisi deyil, onun üçün xüsusi vurğuladım. Bəlli ki, nə isə təvəqqesi var. Salam, əleyküm salam, xoş-beş, buyur içəri.

Niyyəti, satmaq istəmədiyimi məcburi almaq. Məktəbi bitirməyinə bir neçə ay qalıb, hələ qərar verməyib ki, sənədlərini hara təqdim eləsin. Əsniyib indi ayılıb. On il məktəbə gedib-gələn şagird son bir ildə ya rəssamlığa, ya idmana, ya da incəsənətə sevdalanır.

Çünki bu ali məktəblərə TQDK şkalası ilə ən aşağı bal təyin edilir. Müəllim və həkim məvacibi qədər, ƏDV daxil.

Söhbətin kəsəsi mən İncəsənət Universitetini bitirdiyim üçün gəlib məndən məsləhət almağa. Di gəl, imtahanın astanasında durub kömək gözləyənə yardım etmə, özü də bu adam üç meymundan biri ola.
Universitetin saytından
Universitetin saytından

Vaxtında mənə də məsləhət vermişdilər, amma, tərsliyimdən verilən məsləhətin əksini eləyib, bu universitetə girmişdim.

Amma Sənanla fərqimiz orasında idi ki, mən heç kimin üstünə məsləhətə getməmişdim, məsləhətçilər gəlmişdi üstümə. Diplom aldığım günə qədər keçdiyim və keçirtdiyim anların özətini danışmağa başladım ki, bilmərrə bu fikirdən daşınsın.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti adında sadalanan "Dövlət" sözündən başqa heç nəyi özündə ehtiva etmir. Hər gün işıq dirəyinə beş metrə qalxan ilbiz, "Dövlət" gələn kimi dörd metrə düşür.

Qabiliyyət tələb edən fakültələrin və ixtisasların öncədən bronlaşdırılması: Qabiliyyət imtahanında oturan müəllimlər asılqan rolunu oynayır, axı teatr qarderobdan başlayır! Bron yerlər TQDK şkalasını aşanlar üçün saxlanılır.

"Axmaq", yəni öncədən yerini bron etməyənlər isə fövqəlistedad sahibi olsa belə qabiliyyətdən keçmirlər.

Birinci kursda hamı özünü "Xalq artisti" hesab edir. Birinci kursda əksəriyyət eyforiyadan boğulur. İlk semestrdən dekanlıq əlini-əlinə sürtür...

Amma digər ocaqlara baxanda yenə buranın kəraməti azdır, keçmiş San-Marino və ABU kimi cibə uyğundur. Amma "Mən özüm oxuyub, özüm cavab verəcəm", - deyib üç aylıq yay təqaüdü məbləğində ziyana düşənlər də olub.

Möhtəkirlik etmədiyim üçün, iki il ardıcıl olaraq mən də itirənlər siyahısında oldum. Məsələyə ustadım Vaqif İbrahimoğlu əl qoyandan sonra siyahıdan çıxdım. İbrahimoğlu universitetdə yeganə pedaqoq idi və bonus olaraq, ləyaqətli adam olduğu üçün, onun sözü düzünə də oxunurdu, tərsinə də.
Rəşid Şerif. Teatr
Rəşid Şerif. Teatr

Universitetdə barmaqla sayılacaq qədər qiyməti olmayan müəllimlər var idi. Onların imtahanlarına dekanlıq müdaxilə edə bilmirdi. Rus ədəbiyyatından dərs deyən Nigar xanım dərsdən əlavə bizi öz otağında qəbul edirdi, tələbələri zorla oxutdururdu ki, dekanlığın əlinə keçməsinlər. Mən oxuduğum müddətdə bizim fakültədə hər kəsdə rus ədəbiyyatına marağı Nigar xanım oyatdı. Bu tip bir neçə müəllimlər var idi.

İkinci kursda sular getdikcə durulmağa başlayır. Özünü "Xalq artist"i hesab edənlərin paqonundan ulduz düşür, "Əməkdar artist" ə.

Teatr və kino fakültələrində oxuyanlar ya toylara tamada kimi, ya da müğənni kimi ayaq açırlar. Universitetdə də az deyil dərs deyən tamadalar.

Üçüncü kursda sıradan bir artist olduğun anlayır keçən ilki əməkdar. Teatrda və kinoda təklif olunan "yüksək" maaşın cazibəsindən qaçan tələbələr efirə daraşırlar. Aparıcılıq, məşhurluq, maşın, pul sözün qısası hər şey. Mən başa düşmürəm məşhur olmaq istəyən neçə il vaxt itirib yolun niyə uzadır? Gəlib İncəsənət Universitetindən keçincə bir baş getsinlər telekanallara, guya ordakılar ixtisası üzrə oxuyublar?! Bir az üzü tanınan kimi məşhur "qaqa"lar gəlirlər universitetə qız tutmağa.

O, vaxt ANS-də "Yeriniz məlum" verilişində bizim universitetin prorektoru Rafiq Sadıqov demişdi ki, Tədris teatrında modern üslublu fırlanan səhnə var. Hansı ki, həmin vaxtda Tədris teatrı təmirdə idi. Təmirdən sonra Tədris teatrını təvaf elədik, amma, bizdən başqa fırlanan bir şey görmədik səhnədə. Bəlkə də Rafiq müəllim qəsdən bizi fırlatmışdı, yanlış anlaşılmasın teatrın başına. "Axı teatr bir məbəddir". Ümumiyyətlə, İncəsənət Universitetində ixtisas üzrə heç bir əyani vəsait yoxdur. Dörd il boyunca kinooperatorlar kinokamera üzünə, kinorejissorlar kinolent üzünə həsrət qalırlar. Ssenari dərsləri mühazirə kimi keçilir, operatorlar iki-üç, sınıq-salxaq işıq altında eyni natürmortları çəkməyə məhkum edilirlər.

Aktyorlar yetmişlərin dəbi ilə çığır-bağır salırlar, pafosla nərildəyirlər. Sonra da deyirlər bizim seriallar sünidir, inandırıcı deyil, necə olsun təbii? Axı aktyor adam kimi danışmağı bilmir. Bizdə kino yoxdur. Axı necə olsun? Əgər "otkat" söhbəti varsa. Yaxşı ssenarilər yazılmır. Axı necə yazılsın? Düşüncəyə senzura aparatı taxılır. Nazirlik "Nefti çıxan ölkənin iti axsamaz deyə" müsabiqəyə qatılmış ssenarini geri qaytarır. Dörd ayaq dörd təkər demək deyil.

Dörd illik tədris prosesində rektor həzrətləri Timurçin Əfəndiyevin üzünü görən cənnətlik sayılırdı. Cəhənnəmdə bizim kimi xeyli tələbə var.

Acı istehza ilə deyirdik: Görəsən, heç bir faydalı, mədəni və mənəvi iş əmsalına malik olmayan bu universitet niyə özəlləşdirilmir, niyə hərraca çıxarılmır? Ali demirəm, heç olmasa "ortaqarx" biri, şəhərin düz qabırğasında yerləşən və baş plana qabırğa olan bu universiteti söküb, yerində istirahət, əyləncə və ticarət mərkəzi tikmək barədə niyə düşünmür? Bu da bizdən "ortaqarx"lara bir layihə təklifi.

Dördüncü kursda bulanıq sular göz yaşı kimi durulur. "Xalq artisti" fiaskoya uğrayır və "SƏN" heç kim olduğunu anlayırsan. Bu fiasko, bəşəri vəbadan xilas etmək naminə yola çıxan qəhramanın, sonda özünün vəbadan vəfat etməsinə bənzəyir.

Sənanın üz ifadəsindən məni doğru qəbul edib, danışdıqlarımla razılaşdığını hiss elədim. Qəbirdən mədət uman adamı düz yola qaytardım, deyə düşünəcəkdim, əgər, Sənan "cəhənnəmə, balım çatmasa İncəsənəti yazaram" cümləsini işlətməsəydi. Ayaq üstdə olan fəlsəfəm təşəhhüd vəziyyətini aldı.

P.S. Mən bilirəm, danışdıqlarım Sənanı fikrindən daşındırmadı, çünki, zamanında mən də fikrimdən daşınmamışdım. Həyat bəzən zalım bir müəllim kimidir, öncə imtahana çəkər, sonra dərs verər. Sənan da həyatının ən böyük səhvini etmək üzrədir.


Redaksiyadan: Qarşı tərəfin də fikrini dərc etməyə hazırıq.
XS
SM
MD
LG