Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:56

İlham Əliyev prezidentliyə namizəd oldu


İlham Əliyev səs verir, 15 oktyabr 2008
İlham Əliyev səs verir, 15 oktyabr 2008
-
Prezident İlham Əliyev daha beş il bu vəzifədə qala bilər. Hakim YAP iyunun 7-də onun namizədliyinin irəli sürülməsi təklifini dəstəkləyib. Partiyanın qurultayında İlham Əliyev yenidən YAP sədri seçilib. Mehriban Əliyeva, Akif Əlizadə, Əli Əhmədov və Əli Həsənov onun müavinləri təyin edilib.

Qurultaya əksər media qurumları dəvət olunmayıb. Rəsmi «AzərTAc» agentliyinin yaydığı məlumata görə, İlham Əliyev çıxışında «YAP-ın yaranmasından və keçdiyi yoldan, partiyanın banisi Heydər Əliyevin tarixi xidmətlərindən» söz açıb.

YAP rəsmiləri daha öncə də bildirirdilər ki, onların yeganə namizədi İlham Əliyevdir. Bu baxımdan olayda gözlənilməzlik yox idi. İndiyədək bəyan edildiyi kimi, «2013-cü il prezident seçkilərində İlham Əliyevin qələbəsi «əsas uğur» olacaq». Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bir müddət əvvəl «AzərTac»a müsahibəsində deyirdi ki, 10 illik perspektivə hesablanmış «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının reallaşdırılması təmin olunmalıdır:

«Bu reallıqları nəzərə alaraq birmənalı şəkildə demək olar ki, qarşıdan gələn illərdə də Azərbaycan xalqı prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zəfərlərə doğru addımlamaqda davam edəcək».

2002-Cİ İL REFERENDUMUNDAN BAŞLANAN YOL

İlham Əliyev 2003-cü ildən prezident postundadır. 2002-ci il referendumu nəticəsində baş nazir ölkənin ikinci şəxsi sayıldı. Növbəti ilin avqustunda baş nazir təyin olunan İlham Əliyev bir müddətdən sonra ölkəni idarə etməyə başladı. Beynəlxalq müşahidəçilər Azərbaycanda bircə dəfə də olsun azad və ədalətli seçki keçirilmədiyini vurğulayır, onun hakimiyyəti atasından miras aldığını bildirirlər. Əliyev 2008-ci ildə ikinci müddətə prezidentliyini qorudu.

2009-cu ilin Konstitusiya dəyişiklikləri bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyəti qaldırdı. İstər yerli müxalif və müstəqil çevrələr, istərsə beynəlxalq hüquq-müdafiə təşkilatları bu dəyişikliyi pislədi. Venesiya Komissiyası açıqladığı rəyində bildirirdi ki, «bir nəfərə istədiyi qədər prezident seçilmək hüququ vermək – demokratiya sahəsində geriyə doğru addımdır». Qurum xatırladırdı ki, bir qayda olaraq, prezident respublikalarında
İsa Qəmbər
İsa Qəmbər
hakimiyyətin parlament və məhkəmə sistemindən çox dövlət başçısının əlində cəmləşməsi meyli olur. Buna görə də prezident seçilməyə limit qoyulur ki, bütün güc bir nəfərin - prezidentin əlində cəmləşməsin. Komissiyanın fikrincə, Azərbaycanda belə bir limitin ləğvi ölkədə demokratik strukturların tam bərqərar olması önündə ciddi maneədir.

REAKSİYALAR

İyunun 7-də Milli Şuranın ilk iclasından çıxan jurnalistlər YAP-ın qərarına dərhal reaksiyalar almağa çalışıblar. Müsavat başqanı İsa Qəmbər, jurnalistlərin inadlı xahişləri ilə üzləşsə də, məsələdən xəbərsiz olduğunu deyərək, « bunu araşdırandan sonra» mövqe açıqlayacağını bildirib:

«Mən o materialları diqqətlə oxumağa üstünlük verərdim. Qərar hansı şəraitdə verilib, qərarda nə deyilib, kim təklif edib, İlham Əliyev özü çıxışında bu haqda nə deyib – orda mühüm nüanslar var. Bunlar hamısı araşdırılmalıdır».

AXCP sədri Əli Kərimli YAP-ın təklifinin qanun və demokratiya ilə uzlaşmadığını vurğulayıb:

«Bu, Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Hesab edirəm ki, İlham Əliyevin belə bir hüququ yoxdur.
Eldar Namazov
Eldar Namazov
Belə bir hüquq olmaya-olmaya, namizədliyinin irəli sürülməsini qeyri-qanuni sayıram. Hesab edirəm ki, bu, ömürlük hakimiyyətə cəhd təşəbbüsüdür».

«EL» Hərəkatının həmtəsisçisi Eldar Namazov bu qərarı avtoritar rejimlər üçün xarakterik sayır. Belə ki, bu rejimlərdə qərarlar hakimiyyətdəki şəxsin xeyrinə olur. Manevr etmək, başqa bir namizəd hazırlamaq o cür rejimlərə xas deyil. Eldar Namazov xatırladır ki, Azərbaycanın 1995-ci ildə qəbul olunmuş Konstitusiyasında 2 dəfə prezidentliklə bağlı maddənin demokratikliyi barədə Prezident Aparatının işçiləri məqalələr yazırdılar:

«Nə oldu bunun axırı? Konstitusiyanı dəyişdilər. Maddəni ləğv etdilər. Faktiki olaraq sülalə rejiminin formalaşmasına hüquqi don geyindirmək istəyirlər. Ancaq ölkənin qoşulduğu beynəlxalq konvensiyalar, Avropa Şurası var. Bu addımın anti-demokratik olduğu göz qabağındadır – həm yerli, həm beynəlxalq ictimaiyyət üçün».

Andres Herkel
Andres Herkel
BELARUSLA MÜQAYİSƏ

AŞPA Monitorinq Komitəsinin sədri, Azərbaycan üzrə keçmiş həmməruzəçi Andres Herkel bir müddət öncə AzadlıqRadiosuna müsahibəsində prezidentlik müddətinə limitin aradan qaldırılmasına dair sualı belə cavablandırıb:

«İki müddət dalbadal bir vəzifədə qalmamağa dair Avropa yanaşması siyasi rəhbərliyi təzələmək ehtiyacı ilə bağlıdır. Buna dair yazılı öhdəliklər olmasa da, yazılmayan qaydalara əməl etməli olursan. Bir şəxsin üçüncü dəfə namizədliyi seçkinin real və rəqabətli keçəcəyini göstərə bilməz. Bir məqamı da xatırladım ki, prezident seçilməyə limiti ilk dəfə ləğv edən ölkə Belarus olub. Belarus demokratik prinsiplərə əməl etmədiyinə görə Avropa Şurasının üzvü deyil. Məncə, bu mənada Belarusla müqayisə olunmaq Azərbaycan üçün yaxşı, yaxud faydalı deyil».

Erkin Qədirli
Erkin Qədirli
Avropa Şurasının insan haqları komissarı Nils Muižnieks isə AzadlıqRadiosuna deyirdi ki, o, indiki prezidentin bir daha namizədliyini verəcəyindən daha çox, daha geniş demokratik azadlıqlar – sərbəst toplaşma, birləşmə və ifadə azadlığı sarıdan narahatdır.

HÜQUQŞÜNAS RƏYİ

Məsələnin hüquqi tərəfinə gəlincə, hüquqşünaslar qanunun geriyə şamil olunmamasına diqqət çəkirlər. Axı İlham Əliyev Konstitusiyanın əvvəlki variantının 101.5-ci maddəsinə uyğun olaraq prezident seçilib və Anayasaya and içib – yəni 2 dəfədən artıq seçilməməyə söz verib. Hüquqşünas Erkin Qədirlinin fikrincə, bu dəyişiklik 2013-cü il seçkilərindən başlayır. İlham Əliyevi 3-cü dəfə prezident görmək istəyənlər gərək 2008-dən əvvəl bu dəyişiklik barədə düşünəydilər.

İyunun 7-də Erkin Qədirli «Facebook» səhifəsində yazır:

«Vahid namizədə (beləsi olacaqsa) və ya başqa müxalif namizədlərə indidən bir sifariş – MSK İlham Əliyevin namizədliyini qeydiyyata alarsa, vahid namizəd MSK-nın həmin qərarından Apelyasiya Məhkəməsinə şikayət etməli, Apelyasiya Məhkəməsində isə Konstitusiya Məhkəməsinə sorğu (3-cü müddət məsələsi) haqqında vəsatət verməlidir (Konstitusiya Məhkəməsinə birbaşa şikayət fürsəti olmadığından). Siyasət üçün deyil (burada hər şey aydındır), tarix üçün. Sonradan dərsliklərdə yazılması üçün. Gələcəyin hüquq tələbələrinin bilməsi üçün».
XS
SM
MD
LG