Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:37

Orxan Pamuk susmadı... Taksim cəsarəti


Orxan Pamuk
Orxan Pamuk
-

Ünlü türk yazarı Orxan Pamuk da Türkiyədəki Taksim etirazlarına münasibət bildirdi.

Onun ABŞ-ın "New Yorker" jurnalında çap edilmiş essesi:



Orxan Pamuk


İCTİMAİ MEYDAN HAQDA XATİRƏ

Bu həftə İstanbulda, Taksim meydanında baş vermiş etirazları, küçələrdə polislə döyüşən, gözyaşardıcı qazdan boğulan cəsur insanları anlamaq üçün özümlə bağlı bir xatirəni bölüşmək istərdim.

"İstanbul" adlı xatirə kitabımda mən vaxtilə bütün ailəmizin Nişantaşıda Pamuklara məxsus binanın mənzillərində yaşadığını yazmışdım.

Həmin binanın qarşısında 50 yaşlı şabalıd ağacı vardı. Şükür ki həmin ağac hələ də ordadı.

1957-ci ildə bələdiyyə küçəni genəltmək üçün həmin ağacı kəsmək qərarına gəlir.

Yekəxana bürokratlar və avtoritar iqtidar sahibləri məhəllənin bu qərara qarşı çıxdığını qulaqardına vururlar.

Ağacın kəsilməsi vaxtı çatanda bizim ailə (Pamuk bizim ailə deyəndə həmin binada yaşayan yaxın qohumlarını da nəzərdə tutur - Oxu zalı) bütün gecəni və gündüzü küçədə keçirir və növbəylə ağacın keşiyini çəkir.

Beləliklə, biz təkcə ağacı qorumuş olmadıq, bu həm də ortaq bir xatirəyə çevrildi.

Bütün ailəmiz o dövrü ləzzətlə xatırlayır və həmin xatirə bizi birləşdirir, bir-birimizə bağlayır.

Bu gün Taksim meydanı İstanbulun şabalıd ağacıdır. Mən 60 ildir İstanbulda yaşayıram və elə bir şəhər sakini təsəvvür etmirəm ki, Taksim meydanı ilə bağlı heç olmasa bircə xatirəsi olmasın.

İndi hökumətin alış-veriş mərkəzinə çevirmək istədiyi meydanda 1930-cu illərdə Topçu barakları vardı və onların ortasında rəsmi qarşılaşmaların keçirildiyi kiçik futbol stadionu yerləşirdi.

Gezi parkının bir küncündə 1940-cı, 50-ci illərdə İstanbulun gecə həyatının mərkəzi olan məşhur Taksim Gazino klubu yer alırdı.

Sonralar oradakı binalar uçuruldu, ağaclar kəsildi, yeniləri əkildi və parkın bir kənarında dükanlar və məşhur rəsm qalereyası tikildi.

60-cı illərdə mən rəssam olmaq və əsərlərimi orada sərgiləmək arzusu ilə yaşayırdım.

70-ci illərdə solçu həmkarlar ittifaqları və qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə meydanda 1 may bayramı çılğınlıqla qeyd edilirdi. Bir müddət mən də həmin aksiyalarda iştirak etmişəm.

1977-ci ildə təxribat nəticəsi olan zorakılıqda və ondan sonrakı hərc-mərclikdə 42 adam öldü.

Cavanlığımda mən hər cür siyasi partiyaların - sağçı, solçu, millətçi, mühafizəkar, sosialist, sosial-demokratların Taksimdə nümayişlər keçirdiyini maraqla və ləzzətlə izləyirdim.

Bu il hökumət meydanda 1 may nümayişlərini qadağan etdi. O ki qaldı baraklara İstanbulda hamı bilirdi ki, onların yerində, şəhərin mərkəzində qalan yeganə yaşıllıq ərazidə ticarət köşklərinin tikilməsi planlaşdırılır.

İstanbullularla məsləhətləşmədən, milyonlarla insan üçün xatirələr beşiyi olmuş meydan və parkda belə ciddi dəyişikliklər etməsi Ərdoğan administrasiyasının çox ciddi səhvi idi.

Belə qeyri-həssas yanaşma hökumətin avtoritarizmə meyllənməsini aydın şəkildə göstərir.

(İndi Türkiyədə insan haqları son on ildə ən pis durumdadır).

Amma eyni zamanda istanbulluların Taksim meydanında siyasi nümayiş keçirmək hüququndan, yaxud xatirələrindən savaşsız imtina etməmələrini görmək məndə ümid və inam hissi yaradır.

5 iyun
New Yorker


Taksimdən fotolar
Polis su şırnağı ilə Taksimdə etirazçıları dağıdır. 4 iyun İstanbul
Polis su şırnağı ilə Taksimdə etirazçıları dağıdır. 4 iyun İstanbul



Gözyaşardıcı qazın qurbanı olan etirazçı hospitala aparılır. Ankara 5 iyun
Gözyaşardıcı qazın qurbanı olan etirazçı hospitala aparılır. Ankara 5 iyun

XS
SM
MD
LG