Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:53

«Azərbaycan Rusiyanın və İranın boğazında sümükdür»


-
Stratfor Araşdırmalar Mərkəzi George Friedmanın “Geosiyasi səyahət: Azərbaycan və Amerika” yazısını dərc edib.

2008-ci ildən bəri Azərbaycana dəfələrlə səfər etmiş müəllif yazır: "Azərbaycan 3 böyük gücün - Rusiya, İran və Türkiyənin qarşılaşdığı yerdir". Onun fikrincə, "Azərbaycan çox təhlükəli yerdə yerləşir".

Friedman xatırladır ki, Azərbaycana özünün “Növbəti 100 il” kitabını nəşr etdirərkən gəlirdi. Bu kitabda Azərbaycan yeni yaranan qlobal sistemdə mühüm yer kimi qiymətləndirilir. Friedmanın sözlərinə görə, o öz nəzəriyyəsini yoxlamaq üçün Azərbaycana gedirdi.

Hər Bakıya gedəndə bir məsələni heç vaxt unutmurdu: vaxtilə Hitler hər riskə gedirdi, təki Bakını tutsun.

Friedman yazır: "Amerikada Azərbaycanı tanıyan azdır. Azərbaycanlıların fikrincə isə Amerika onları unudur. Friedman Azərbaycanda izah etməyə çalışıb ki, ölkələrin dostları olmur, onların maraqları olur." Elə bu baxımdan da, müəllifin fikrincə, Azərbaycanla birgə işləmək məhz ABŞ-ın marağında olmalı məsələdir.

NÖVBƏTİ 100 İL

Friedmanın “Növbəti 100 il” kitabı nə haqdadır? O bu kitabında proqnoz verir:
"növbəti 100 ildə Avropa Birliyi əhəmiyyətli dərəcədə zəifləyəcək, Rusiyanın nisbi gücü artacaq. Avropanın zəifləməsi Rusiyanın daha güclü olması deməkdir. Rusiyanın güclənməsini onunla sərhəddə olanlar – Polşadan turmuş Türkiyəyəcən, Azərbaycanacan hamı hiss edəcək."

"Başı islam dünyasında müharibələrə qarışan ABŞ bu gələcək mümkün proseslərdən narahat olmalıdır".

Friedmanın ehtimalına görə, ABŞ dünyada aparıcı rolunu saxlayacaq. Həm iqtisadi, həm də hərbi gücünə görə.

Ancaq bu gücün qarşılığının olmaması problemdir. ABŞ öz gücünü necə istifadə etməyi hələ dərk etməlidir. Amerika yeni dünya nizamından danışır, ancaq bundan sonra nə olacaq? – bunu bilmir.

"ABŞ-da xarici siyasət mütəxəsisləri iki yerə bölünür: birinci düşərgədə realistlərdir. Onlar hesab edirlər ki, ABŞ öz marağından çıxış etməlidir. Bu yaxşı səslənir, o vaxta qədər ki, soruşursan, bəs milli marağı necə müəyyən edirsiniz?

İkinci düşərgə idealistlərdir. Onlar Amerikanın gücünü yaxşı işlərə sərf etmək istəyirlər: demokratiya qurmağa, insan haqları pozuntularını dayandırmağa.
Bu da yaxşı səslənir, ancaq soruşanda ki, bu yaxşı işləri necə görəcəksiniz? Cavab verirlər ki, müdaxilə edəcəyik, pis adamları öldürmək üçün..."

" ABŞ qlobal gücdür, ancaq münaqişələr, konsepsiyalar arasında vurnuxur. Öz gücünü necə istifadə etməyi anlamaq lazımdır."


George Friedman İlham Əliyevlə görüşür
George Friedman İlham Əliyevlə görüşür
ABŞ barədə bunları yazandan sonra Friedman Azərbaycana qayıdır. Yazır ki, Azərbaycan coğrafi və enerji baxımından ABŞ üçün strateji yerdir.

"Avropanın Rusiyadan enerji asılılığını azaltmaq strategiyası ona gətirib ki, Rusiya onun nəzarətindən kənar və Avropaya enerji verə bilən böyük enerji ölkələrinin olmasını istəmir."

"Rusiyanın ətraf ölkələrə nüfuzunu azaltmağa çalışmaq ABŞ-ın marağındadır.

İranın da qonşu ölkələrə nüfuzunun qabağını almaq yenə ABŞ marağındadır.

Ancaq ABŞ-ın gücünün və maraqlarının da bir həddi var. ABŞ elə hər addımda müharibəyə gedə bilməz.

Bundan başqa ABŞ təhlükəsizliyin əsas mənbəyi ola bilməz. Milli təhlükəsizlik ölkələrin öz öhdəsində olan məsələdir."

SİLAH

Friedman yazır ki, Azərbaycan ABŞ-dan daha çox silah almaq istəyir, ancaq əksər hallarda ABŞ bu silahı verməyib. Onda Azərbaycan üzünü İsrailə tutub.
Halbuki "Azərbaycan ABŞ-ın tam tərəfdaşı olmağa hər cəhətdən cavab verən ölkədir. Ona görə Azərbaycana ABŞ silahına çıxış verilməlidir, ancaq ABŞ bunu məhdudlaşdırır."

"Bu məhdudiyyətin iki səbəbi var. Birincisi, ABŞ-dakı erməni lobbisidir. Ancaq ikinci səbəb bundan da güclüdür. O cümlədən Dövlət Departamentində olan insan haqları müdafiəçiləri də daxil, insan haqları müdafiəçiləri deyirlər ki, Azərbaycan hökuməti repressivdir və korrupsiyalaşıb."

Friedman rejimin tənqidinə geostrateji baxımdan yanaşır: " rejimə alternativin daha şəffaf və liberal olacağını təsəvvür etmək çətindir. İranın sponsorluq etdiyi İrana oxşayacaq, Rusiyanın dəstəklədiyi – Rusiyaya."

Friedman daha sonra yazır: "Azərbaycan İranın və Rusiyanın boğazına ilişən sümükdür."

"ABŞ öz strateji tərəfdaşlarına ilkin dəstək strategiyası hazırlamalıdır, nəinki gözləmədiyi böhranlara dağınıq hərbi cavab."

Və sonda : "Stalin və Hitler başa düşürdülər ki, Bakıya nəzarət Avrasiya torpaqlarına nəzarətdir. O vaxtdan neft reallıqları dəyişib, ancaq Bakının əhəmiyyəti azalmayıb."
XS
SM
MD
LG