Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:31

Sadəcə, Toğrul...


Rəşid Behbudov və Toğrul Nərimanbəyov
Rəşid Behbudov və Toğrul Nərimanbəyov
-
«Toğrulun 30-dan çox əsəri ABŞ-da qalıb».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramının Toğrul Nərimanbəyova həsr olunmuş «Sadəcə, Toğrul» dastanının qonağı olan rəssam Ağəli İbrahimov söylədi.

USTAD RƏSSAM NİYƏ XARİCƏ GETDİ?

Onun dediyinə görə, ünlü rəssam həm özünü, həm də Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq istəyirdi:

«Amerikada neçə il yaşadı. Müəyyən problemlər yarandı. Deyirdi ki, Ağəli, bəzi sənədlər vardı, ingilis dilini bilmədiyimdən, səhvən qol çəkmişəm. O əsərləri geri almaq üçün vəkil təkcə məndən 7 min istəyirdi, ondan daha çox da məhkəmə xərcləri ödəməliydim. 30-dan çox əsəri orada qaldı... Bəlkə də, dövlət bunu yoluna qoya biləcək. O üzdən də Toğrul Amerikadan inciyib Fransaya köçdü. Fransa incəsənətin göbəyidir. Amma orada da Toğrul problemlər yaşadı».

TOĞRUL NƏDƏN ŞİKAYƏTLƏNİRMİŞ?

Ağəli İbrahimov bunları da sıraladı:

Sadəcə, Toğrul

Toğrulun Qobustan qadınına həsr etdiyi şeiri, onun ifasında məşhur «Sənə də qalmaz» mahnısını eşitmək istəyirsənsə, «İz»in «Sadəcə, Toğrul» dastanını elə buradan dinlə.


«Birincisi, müsəlman olduğu üçün (Halbuki Paris məhkəməsi onun katolik olduğunu əsas gətirib meyitinin yandırılmasına razılıq verib—S.İ.). Mən səmimi söyləyirəm. İkincisi, işlərini sata bilmirdi. Deyirdi ki, bir gecə klubu vardı, çox böyük əziyyətdən sonra ora yol tapa bildim. 37 minə işimi aldılar. Heç o pulu da istəmirdim. Təki bizim mədəniyyət təbliğ olunsun. O biri rəssamların əsərlərini də gətirə bilim bura...».

YETİM QALDIM...

Ağəli İbrahimov Toğrul Nərimanbəyovu Azərbaycan təsviri sənətinin ürəyi adlandırdı:
Ağəli İbrahimov
Ağəli İbrahimov
«Yeganə Azərbaycan rəssamıdır ki, Dünya ensiklopediyasına-- ən böyük sənətkarların arasına düşüb. Toğrulun yoxluğundan sonra elə bil ki, yetim qaldım. Toğrul Nərimanbəyov dahi rəssam olmaqla yanaşı, həm də nəhəng insan, müğənni, şair, dünya mədəniyyətindən, tarixindən xəbərdar insan idi. Onun həyatı ağır olub. Ata-anası, özü sürgündə olub. Amma gəlin, onun əsərlərinə baxaq: Nələr görərik--Azərbaycan folkloru, Bakının ürəyi İçərişəhər, nağıllar, Azərbaycan narı...».

VƏTƏNDƏ DƏ TOĞRULUN PROBLEMLƏRİ, İNCİKLİYİ VARDI

Ağəli İbrahimov Toğrulun müəyyən problemləri olduğunu dedi:

«Onun da problemləri, incikliyi vardı. Mənə danışırdı ki, onun ən gözəl əsəri—«Moskva» mehmanxanasının divarlarını bəzəyən pannosunu yox elədilər. Çox böyük rəsmlər idi. Onu Heydər Əliyev sifariş eləmişdi. Dağıldı hamısı... Bir dəfə qızı Əsmər təlaşla gəlib mənə dedi ki, Tusi Universitetinin yanında olan «Qız və nar» barelyefini sındırıblar. Belə şeylər onun qəlbinə toxunurdu. Toğrul kimi sənətkarın yaratdığı hər bir əsər onun ruhunun əksidir. Ona toxunmaq olmaz. Müəyyən strukturlar var ki, belə şeylərə laqeyd yanaşırlar. Amma dövlət ona diqqətli idi. Hətta İçərişəhərdə emalatxana vermişdilər. Çox gözəl emalatxanadır».

Ziyadxan Əliyev
Ziyadxan Əliyev
TOĞRULUN BƏXTİ GƏTİRMİŞDİ...

Verilişin digər qonağı sənətşünas Ziyadxan Əliyev Toğrulun yetişdiyi mühitdən söz açdı:

«60-cı illərdə Sovet məkanını solçular və sağçılar bürümüşdü. Maraqlıdır ki, Toğrul institutu bitirib gələndə, Bakıda onlara təkan verə biləcək yaradıcı adamlar vardı. Onlardan biri Səttar Bəhlulzadə idi. Səttardan soruşurdular ki, bəyəm sən çəkdiyin realizmdir? O deyirdi ki, hə. Amma mən öz realizmimi çəkirəm. Səttar o qədər gözəllik yaradırdı ki, sovet ideoloqları onun əsərlərinə qulp qoya bilmirdilər. Bu baxımdan Toğrulun xoşbəxtliyi onda idi ki, gəlib Bakıda Mir Cavadı gördü, Tofiq Cavadovu, Səttarı, Ələkbər Rzaquliyevi gördü. Onlar elə fərdlər idi ki, onlardan ilhamlanmaq olardı».

YUBİLEY OLMADI...

Ziyadxan Əliyev rəssamın 80 illik yubileyinin də keçirilmədiyinə diqqət çəkdi:

«2010-cu ildə onun 80 illik yubileyi keçirilməliydi. Məhz indi onun cənazəsinin Bakıya gətirilməsinə mane olan xanım o vaxt da yubileyin keçirilməsini əngəllədi... Həmin yubileydə Toğrula hədiyyə kimi bir nar sərgisinin açılışı da nəzərdə tutulmuşdu. Axı, Toğrul narı sevirdi...».
XS
SM
MD
LG