Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:42

Cavanşir Quliyev: "Prezidenti yazıçı olanda ölkə bir az sakit yaşayır"


Cavanşir Quliyev AzadlıqRadiosunda
Cavanşir Quliyev AzadlıqRadiosunda
-

"Söyüşə, tərbiyəsizliyə qalsa, iqtidar nümayəndələri özləri də bilirlər ki, hər axşam Bakıda restoranlarda, yaxud özəl kirayələnmiş mənzillərdə iqtidar təmsilçiləri hansı oyunlardan çıxırlar."


Quzey Kıbrıs Türk Cümhuriyyətindəki Yakın Doğu Universitetinin Səhnə Sənətləri fakültəsinin professoru, Ziyalılar Forumunun idarə heyətinin üzvü, bəstəkar Cavanşir Quliyev yay tətilinə Bakıya gəlib. Bu fürsətdən yararlanıb "Azadlıq" qəzeti onunla ölkədəki proseslərlə bağlı söhbət edib.


- Yaradıcılıq işləriniz nə yerdədir? Azərbaycanla bağlı hər hansı fəaliyyətiniz varmı?

- 8 ildir Şimali Kipr Yaxın Doğu Universitetində musiqi dərsləri verirəm. Hərbənbir bəzi konsertlərdə iştirak edirəm, bəzi musiqiçilər üçün əsərlər yazıram. Azərbaycanla bağlı isə heç bir fəaliyyətim yoxdur. Amma musiqi sənəti, yaradıcılıqla bağlı burda bir çox işlər olur. Film, tamaşa musiqiləri, bəzi əsərlərin premeraları, bəzi mahnıların ifaları olur. Indi internet çağında insanın fiziki, coqrafi olaraq hardasa olub olmaması artıq o qədər də önəmli deyil. Burda olmaya-olmaya da işləri görmək olur.

“Burdakı durumdan bezmişdim”

- Ordakı şəraitdən məmnunsunuz, yoxsa Azərbaycana qayıtmaq imkanı olsaydı, gəlib burda çalışardınız?

- Buna birmənalı cavab vermək olmaz. Şəraitlə də bağlıdır. Futbolçular komandalarını dəyişirlər, o demək deyil ki, bunu yeri pis olduğuna görə edirlər. Daha cəlbedici şərtlər təklif edirlər, ona görə də gedir. Mənim də getməyim bir az ona bənzəyir. Amma təbii ki, səbəbin hamısı bu deyil.

O zaman burdakı durumdan, vəziyyətdən bezmişdim. Həyatım çox gərgin keçirdi, tez-tez əsəbiləşdirdim. Ətrafda ədalətsizlik çox idi. Ona da dözə bilmirdim. Görürdüm ki, bu zərər mənim özümə dəyir.

Yaza bilmirəm, vaxtım olmur, əsəb durumum elə vəziyyətdə olur ki, heç bir yaradıcılıqla məşğul olmaq mümkün deyil. Vaxt da gedir. Yaradıcılıq planları da çox idi, onları həyata keçirmək lazım idi, bu da mümkün olmur. Bu səbəb də var idi. Mənə qarşı açıq olmayan, gizli təzyiq də vardı.
Hüseyn Abdullayev
Hüseyn Abdullayev

Müəyyən konsertlərdə əsərlərimi siyahıdan çıxarardılar, televiziya, radio kanallar bir o qədər də maraq göstərmirdi. O da qorxudandı, bilirdim. Danlanmamaq üçün bunu edirdilər. Sonra birdən bizi danlayarlar ki, niyə filankəsi təbliğ edirsiniz. Müğənnilər artıq mənim yazdıqlarımı oxumağa qorxurdu. Biri mənə açıq demişdi ki, balam var. Elə çıxırdı ki, mənim balam yoxdur, onun balası var. Bunlar hamısı psixoloji təzyiqdir. Açıq şəkildə fiziki təzyiq yox idi. Amma buna ehtiyacları da yox idi. Hakimiyyət bilirdi ki, bəstəkara təzyiq etməyin ən güclü üsulu onun əsərinin ifa olunmasına mane olmaqdır. Ondan böyük təzyiq ola bilməz. Bunu bilirdilər və çox məharətlə də edirdilər. Bunlar belə şeyin ustasıdır. Elə bir gizlicə, danışmadan mənə deyirdilər ki, get burdan. Elə bir ölkədən itələyib çıxarırdılar. Mən də getdim.

“Hakimiyyətə işləyənə təzyiq olan kimi dönüb olur müxalifətçi”

- Siyasi mövqeyə görə yasaqların tətbiq edilməsi ilə bağlı indi vəziyyət daha da gərginləşib. Hüseyn Abdullayevin “Susma” klipi ona qarşı kampaniyanın başlanmasına səbəb oldu. Belə vəziyyəti necə dəyərləndirirsiniz?

- Bir dəfə demişəm, Hüseyn Abdullayevi tanımıram. Yazdıqlarını da eşitməmişəm, bilmirəm nə yazır. Bilirəm ki, bəstəkar deyil, iş adamıdır. Uzun illər Heydər Əliyevin yaxın adamı olub. Nə oldu buna qarşı hakimiyyət belə bir kampaniyaya başladı? Aralarında nə olub, olmayıb, onu bilmirəm.

Amma belə çıxır ki, hakimiyyət ona işləyənlərdən hansınasa təzyiq göstərən kimi o adam o dəqiqə olur müxalifətçi. Bu mənə bir az qəribə gəlir. Çünki belə çıxır ki, müxalifətə toplaşan adamlar keyfiyyət baxımından hər an əqidələrini dəyişə bilən adamlardı. Belə təsəvvür yarana bilər. Əslində bu belə deyil. Müxalifətdə olanlar əqidəsi həmişə eyni olan adamlardı. Amma belə adamlar da gəlir. Nə olar, yardıma ehtiyacı varsa, yardım etmək olar. Amma sabah işi rəvan getsə, bilinmir o cür adamlar nə edəcək.

Demək istəmirəm ki, adını çəkdiyiniz adam eləsindəndir. Tanımadığım üçün deyə bilmərəm. Amma mənim üçün o olay o qədər önəmli hadisə deyil. Yəni onun ətrafında danışmaq, onunla bağlı nəsə işlər görmək mənə önəmli gəlmir. Məncə, ona bənzər olaylar müxalifətin gündəmində vacib yer tutmamalıdır. Bu, insanın başına gələn adi bir hadisədir. Yəqin iqtidarla sözü düz gəlməyib, müxalifətdən yardım istəyib. Yardım etmək olar. O da insandı, vətəndaşımızdı. Amma bunu şişirtmək, bu adama mübariz titulu vermək bir az gülməli çıxır. Çünki üç il bundan əvvəl bizi meydanlarda döyəndə o adam rahatca baxıb gülərdi.
Son günlər xalq artistləri arasında "qırğın"ın qəhrəmanlarından İlhamə Quliyeva
Son günlər xalq artistləri arasında "qırğın"ın qəhrəmanlarından İlhamə Quliyeva

“Hakimiyyəti dəyişmək istəyənləri musiqi ilə yola gətirmək olmaz”

- Sizə müraciət olunsa, müxalifət üçün musiqi əsəri yazmağa razılaşarsınız?

- Bu hadisəyə musiqi ilə müdaxilə etmək bir az sovet düşüncəsindən qalma şeylərdir. Sovet vaxtı belə şeylər var idi. Uşaqlara, zəhmətkeşlərə, pambıqçılara mahnı yaz, yaxşı pambıq yetişdirsin. Sifarişlə belə şeylər olmur. Sifarişlə olan şeylərin keyfiyyəti də hər dəfə yüksək olmur. O vaxtı mən əsgər marşını yazandan sonra da deyirdim, təbii ki, musiqinin insanın sinir sisteminə müəyyən təsiri var. Amma müharibəni udmağa, yaxud hansısa işi görmək üçün musiqi heç bir kömək eləmir. Müharibəni güllə udur, əsgər udur.

Əsgəri də vətəni müdafiə etməyə ruhlandırmağa ehtiyac yoxdu. Necə ola bilər ki, vətən torpağını düşmən ayaqlayıb, insanlar sakit oturur. Mütləq musiqi vermək lazımdır ki, oyansınlar.

Bu gülməlidir. Ən böyük qıcıqlandırıcı amil vətənin düşmənin əlində olması faktıdır. Hər hansı musiqidən, bədii əsərdən daha güclü qıcıqlandırıcı fakt budur. Indi də elə. Əgər insanlar mövcud hökuməti, hakimiyyəti dəyişmək, ora yeni adamları gətirmək istəyirlərsə, bunu musiqi ilə yola gətirmək olmaz. Insanlar özləri gedib hərəkət etməlidirlər. Səs verməlidirlər, hakimiyyəti dəyişməlidirlər, bunun başqa yolu yoxdur. Musiqi olsa, lap yaxşı. Amma özəl olaraq musiqi verin ki, bunları qaldıraq getsinlər irəli, bu bizim beynimizdə yaşadığımız köhnə dövlətin təfəkküründən gələn qalıqlardı.

“Fəxri adlar sənətə görə yox, iqtidara xidmətlərinə görə verilir”

- Mətbuatın gündəmini zəbt edən məsələlərdən biri də xalq artisti daşıyan adamların bir-biri ilə küçə söyüşləri ilə danışmasıdır. Artıq bu adamların titullarının alınması təklifləri də səsləndirilir. Sizcə, fəxri adlar verilərkən təkcə sənət nəzərə alınmalıdır, yoxsa digər amillər də rol oynamalıdır?

- Əvvəla son illərdə verilən fəxri adların heç biri sənətə görə verilməyib. Iqtidara xidmətlərinə görə verilib. Xidmətin də nə olduğunu deyim. Iqtidarın seçki kampaniyalarında keçirilən konsertlərdə aktiv iştirak etmək və səhnədən seçiciləri, tamaşaçıları parlament seçkiləridirsə YAP-ın nümayəndələrinə, prezident seçkisidirsə, Ilham Əliyevə, ondan da əvvəl atasına səs verməyə çağırmaq. Onlar fəxri adlarını sənətə görə yox, buna görə alırlar.

Bilirsiniz ki, xalq artisti adından əvvəl əməkdar artisti adı verilir. Kim mənim sözümlə razı deyilsə, baxsın. Hər hansı bir müğənnini, yaxud aktyoru götürsün, əməkdar artist aldığı dönəmdən xalq artisti aldığı dönəmə qədər olan, özü də çox vaxt keçməyib, bir-iki il arası olub, bu müddətdə bu sənətkar hansı xarüqələr yaratdı, hansı yeni yaradıcılıq nailiyyətləri oldu ki, buna üstəlik, xalq artisti adı verdilər.
Rüstəm İbrahimbəyov müxalifətin mitinqində, Bakı, 8 aprel 2012
Rüstəm İbrahimbəyov müxalifətin mitinqində, Bakı, 8 aprel 2012

Saysınlar baxaq. Mən iddia edirəm ki, bu titulu sənətə görə vermirlər. Çünki iqtidarda oturan adamların əksəriyyəti bədii sənəti anlamırlar, qanmırlar. Onlar sənətlə bağlı heç düşünmək də istəmirlər. Onların düşüncəsi budur ki, əgər bu sənətkar bizə xidmət edirsə, bizə yardım edirsə, biz ona hər şeyi verəcəyik. Nəinki fəxri adlar, ordenlər də verirlər, evlər də paylayırlar. Min manatlıq prezident rüşvəti də verirlər hər ay. Indi bu adamlar bir-birini söyüblərsə, bunlardan fəxri adları almaq kobud da olsa, nakişilik olar. Çünki bunlar sizə xidmət edəndə yaxşı olurdu, indi söyüş söyəndə pis olurlar? Ikincisi də, söyüşə, tərbiyəsizliyə qalsa, iqtidar nümayəndələri özləri də bilirlər ki, hər axşam Bakıda restoranlarda, yaxud özəl kirayələnmiş mənzillərdə iqtidar təmsilçiləri hansı oyunlardan çıxırlar. Onlar özləri bunu çox yaxşı bilir. Ona görə tərbiyəsizlikdən kim danışsa da, onlar danışmamalıdırlar. Xalq demişkən, getsinlər öz yaralarını qaşısınlar.

“Prezidenti yazıçı olanda ölkə bir az sakit yaşamağa başlayır”

- 20 ildən sonra müxalifət bir araya gəlib prezident seçkilərində vahid namizədlə qatılmaq qərarını verdi. Bununla bağlı nə deyə bilərsiniz?

- Əslində sevindim. Tamam birləşməsini yüz faiz demək olmaz. Ancaq bir namizəd irəli sürmələri müsbət hadisədir. Rüstəm Ibrahimbəyovu yüksək qiymətləndirirəm. Ilk gündən onun yanında olmuşam. Uzun müddətdir bizim tanışlığımız var. Hesab edirəm ki, Azərbaycanın ən ləyaqətli ziyalılarından biridir və dünyada ilk dəfə “Oskar” laureatı dövlət başçılığına namizəd olur. Deyirlər Azərbaycan analoqu olmayan bir ölkədir. Analoqu olmayan bir hadisə baş verir. Xeyirli olsun. Mən oxucuları da, sizin qəzeti kim oxusa, onları da dəvət edirəm ki, seçkilərdə Rüstəm Ibrahimbəyova səs versinlər. Çünki ölkənin prezidenti yazıçı olanda ölkə bir az sakit yaşamağa başlayır. Çexiyada uzun illər dövlət başçısı yazıçı oldu, Vatslav Havel. Dünyanın ən sakit, münaqişəsiz ölkələrindən biri Çexiyadır. Arzu edək ki, Azərbaycan da elə olsun.

“Ziyalıların çoxunu iqtidar aldı”

- Baş verənlərə görə hər kəs cəmiyyəti, milləti qınayır. 89-cu ildə bir ağaca görə küçələrə çıxan millət bu gün baş verənlərə laqeyid yanaşır. O vaxtdan bəri nə dəyişdi ki, belə vəziyyət yarandı?

- Bu məsələ mürəkkəbdir. Belə bir ifadə var ki, hər millət öz padşahına layiqdir. Bu elə belə deyilən şey deyil. Yəni hər bir xalq özünə layiq olan rəhbəri seçməlidir. Bu baxımdan ittihamlara əsas vermək olar. Bizdə vətəndaş cəmiyyəti zəifdir. Insanlar ölkəsini, xalqını düşünmür. Ancaq ən yaxşı halda qohumlarını, ailəsini düşünür. Ona görə insanlar bir-birindən qopur və birgə hərəkət etmir. Mənim də çevrəm, tanışlarım, qohum-əqrəbam var.

Söhbət edirəm, görürəm ki, öz şəxsi faydası baxımından yanaşırlar. Yəni belə olsa buna xeyir dəyər, ya ziyanı olar-olmaz. Ancaq milləti düşünmürlər. Deyə bilərsiniz ki, milləti ziyalı düşünməlidir. Fəhlə bu dərinliyə getməməlidir. Amma bunun ziyalısı da təəssüf ki, fəhlə kimi düşünür. Yəni özünü düşünür. Baxın görün Azərbaycanda nə qədər ziyalı bu iqtidardan yararlanıb, faydalanır. Ev, orden, hökumətdən rüşvətlər alırlar. Onlar təbii ki, danışmayacaq. Çünki dilləri qısadır. Ziyalıların əksəriyyəti belədir. Yaradıcı ziyalıların 95 faizi, bəlkə də, belədir. Xalq da həmişə refleks olaraq ziyalılarına baxar ki, ziyalı nə deyər. Əvvəllər deyirdilər ki, görək bu haqda Bəxtiyar Vahabzadə, Yusif Səmədoğlu nə deyir. Onların ağzına baxırdılar. Onlar nə deyirdisə, insanların böyük hissəsi buna inanırdı.

Amma indi elə deyən yoxdu. Çünki çoxunu iqtidar aldı. Üç-dörd nəfər qalıb, onların da səsi bu qədər sükutun içində eşidilmir. Desələr də, danışsalar, heç bir şey olmur. Çünki sayları azdır. Amma bu vəziyyətdə yeni qüvvələr, yeni ziyalılar ortaya çıxmalıdır. Cəmiyyət hərəkət etməlidir. Burda bir çox şeylərdən xəbərim yoxdur. Qəzetdən, internetdən də hər şeyi öyrənmək olmur. Elə şeylər var ki, nə qəzetə getmir, nə internetə. Ona görə deyə bilmərəm ki, bizdə gənclərdə irəli çıxan sağlam qüvvə var, ya yoxdu. Arzu edək ki, olsun. O olsa, cəmiyyət bir az təmizlənər.

"Azadlıq" qəzeti
XS
SM
MD
LG