Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:05

Prezident seçkisi necə izlənəcək?


Foto: Arxiv
Foto: Arxiv
-
Seçki kampaniyasının başlamasına təxminən 1 ay qalsa da, prezident seçkisini izləyəcək beynəlxalq müşahidəçilər hələ dəvət almayıblar.

ATƏT HƏLƏ DƏVƏT OLUNMAYIB

ABŞ-ın ATƏT-dəki səfiri Ian Kelly bu günlərdə dəvət məsələsinə öz ölkəsinin münasibətini açıqlayıb. Birləşmiş Ştatlar Azərbaycan hökumətini seçkiləri müşahidə üçün dəvət zamanı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (DTİHB), eləcə də Parlament Assambleyasına məhdudiyyət qoymamağa çağırır.

Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdən sonra beynəlxalq müşahidəçilərin dəvət ediləcəyini dilə gətirib:

«Beynəlxalq hüquqa əsasən, Azərbaycan prezident seçkiləri prosesini müşahidə etmək üçün bütün beynəlxalq təşkilatlara dəvət göndərəcək».

Gerçək budur ki, hələlik, ATƏT seçkini izləməyə rəsmi dəvət almayıb. DTİHB-dən AzadlıqRadiosuna bildiriblər ki, seçkiyə hələ yetərli vaxt var və dəvət olunacaqlarına inanırlar.

Beynəlxalq müşahidəçilər dəvətə inanırlar. Bəs yerli müşahidəçiliklə bağlı hansı hazırlıqlar gedir?

Gülağa Aslanlı
Gülağa Aslanlı
Müsavat Partiyasının seçki departamentinin rəhbəri Gülağa Aslanlı AzadlıqRadiosuna deyir ki, hər bir namizədin istənilən məntəqədə müşahidəçisi ola bilər və Müsavat Partiyası müşahidəçilər siyahısını hazırlamaqdadır. Ancaq bu işlər namizəd MSK-da qeydə alınandan sonra başlayır.

AVCİYA MONİTORİNQ APARIR

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bir neçə gün əvvəl apardığı seçki monitorinqinin nəticələrini açıqlayıb. Qurumun seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyir ki, maydan bəri 12 qəzet (4 iqtidar, 4 müxalifət və 4 müstəqil) diqqətlə gözdən keçirilib:

«Ümumi dəyərləndirmə budur ki, may ayına nisbətən iyunda seçki xəbərləri sarıdan mediada passivlik müşahidə olunub. Baxmayaraq ki, seçki yaxınlaşdıqca fəallıq artmalıdır. Həm may, həm də iyunda iqtidar, əsasən, təbliğata, müxalifət isə əks-təbliğata üstünlük verib».

Məhərrəm Zülfüqarlı
Məhərrəm Zülfüqarlı
Qurumun bülletenində bildirilir ki, Azərbaycan AŞPA-nı seçkini izləməyə dəvət edib. Ölkənin həmin qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yay sessiyasının plenar iclasında bunu dilə gətirib.

«MƏQSƏD VAXT UDMAQDIR»

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlının dediyinə görə, qurum istər uzun, istərsə qısamüddətli müşahidəçiliyin təşkilinə hazırlaşır. Seçki tarixinin dəqiq bilinməməsi bu işi məhdudlaşdırsa da, həm seçkiöncəsi duruma dair, həm də uzunmüddətli və qısamüddətli müşahidəçilik barədə hesabatlar hazırlanacaq:

«Biz ATƏT-in standartlarından çıxış edərək vəziyyəti araşdırırıq. Hazırda proses gedir. Siyasi fəallara qarşı təzyiqlər barədə, məhkəmə işləri, bölgələrdə tədbirlərin keçirilməsinə qadağalar haqqında, digər siyasi azadlıqlarla bağlı məlumat toplayır, təhlillər aparırıq. Eyni zamanda mətbuatın monitorinqi də gerçəkləşdirilir».

Bəşir Süleymanlı
Bəşir Süleymanlı
Seçki eksperti, adətən, seçkiyə 6-5 ay qalmış beynəlxalq müşahidəçilərə dəvətin göndərildiyini deyir. Onun fikrincə, hələ dəvət göndərməməkdə hakimiyyətin məqsədi vaxt udmaq, ATƏT missiyasının gəlişini yubatmaqdır. Çünki seçkiqabağı missiya xeyli əhəmiyyətlidir, onun hesabatı seçki günü hesabatı ilə birləşdirilib yekun hesabat hazırlanır:

«Qeyri-rəsmi məlumata görə, missiyanı məhdud çərçivəyə sığışdırmaq istəyirlər. Uzunmüddətli müşahidəçilərin, çox yox, haradasa 10-15 nəfər, qısamüddətli müşahidəçilərin də az olmasına çalışırlar».

Mərkəzi Seçki Komissiyasının beynəlxalq müşahidəçilərə dəvət göndərib-göndərmədiyini öyrənə bilmədik. Qurumun sözçüsü zənglərimizi cavabsız qoydu.

ATƏT DTİHB həm prezident, həm də parlament seçkilərinə dair hesabatlarında seçki pozuntularını sadalayıb, seçkinin beynəlxalq standartlara uyğun keçirilmədiyini vurğulayıb və seçki prosesinin təkmilləşdirilməsi üçün tövsiyələrini açıqlayıb.
XS
SM
MD
LG