Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:39

İntiqam Əliyev: «Vəkil qıtlığının arxasında siyasi motivlər dayanır»


Xalid Bağırov
Xalid Bağırov
-
İyulun 15-də gün məhkəmə xəbərləri ilə başladı. Şirvan Apellyasiya Məhkəməsində müsavatçı Yadigar Sadıqovun, Nəsimi məhkəməsində gənc fəal İlkin Rüstəmzadənin və Səbail Məhkəməsində 3 gəncin işinə baxılıb.

VƏKİLİN YAZDIĞI ŞİKAYƏTƏ BAXILIR, AMMA ONUN ÖZÜ...

Nə Yadigar Sadıqovun, nə də vəkilinin qatıldığı prosesdə ikiaylıq həbs qərarının ləğvinə dair müraciət təmin olunmayıb. Proses başlamazdan öncə vəkil məhkəmə zalından çıxarılıb. Niyəsi də odur ki, Xalid Bağırov Yadigar Sadıqovun birinci instansiya məhkəməsində hüquqlarını müdafiə etməyib:

«Məhkəmə bildirdi ki, işdə əvvəldən vəkil olmadığımdan və öncədən müstəntiqə orderimi təqdim etmədiyimdən, məhkəmə zalından kənarlaşdırılmalıyam. Burada söhbət müdafiə hüququndan gedir və bu hüquq istənilən digər prosedurdan daha önəmlidir. Gələcəkdə Avropa Məhkəməsi hansısa prosedura əməl olunub-olunmadığını deyil, şəxsin müdafiə hüququnun nə dərəcədə təmin ediləcəyi ilə maraqlanacaq».

Xalid Bağırovun dediyinə görə, hüquqi dövlətlərdə, ilk növbədə, təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi əsas götürməlidir. Ardınca da soruşur ki, necə olur, onun imzası ilə yazılmış apellyasiya şikayəti üzrə proses keçirilir, amma vəkilin özünü məhkəmə zalına buraxmırlar?

SƏBƏB VƏKİL QITLIĞIDIR...

Birinci instansiya məhkəməsində Yadigar Sadıqovun hüquqlarını vəkil Nemət Kərimov müdafiə edib.
Nemət Kərimov
Nemət Kərimov
Amma bu gün – iyulun 15-də onun digər müdafiə etdiyi şəxsin – gənc fəal İlkin Rüstəmzadənin də məhkəməsi olduğu üçün Nemət Kərimov Yadigar Sadıqovun məhkəməsinə gedə bilməyib:

«Hər iki iş haqda bizə 2 gün öncə – şənbə günü məlumat verilib. Hər iki iş üzrə həm Xalid Bağırov, həm də mən təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edirik. İlk dəfədir ki, belə anlaşılmazlıq yaranıb».

Nemət Kərimovun fikrincə, yaranmış vəziyyət siyasi işlərə çıxan vəkillərin qıtlığından qaynaqlanır. Bir vəkil bir neçə siyasi işə çıxdığından çətinliklər yaranır.

MƏHKƏMƏ, YA TEATR?

Nəsimi rayon Məhkəməsi İlkin Rüstəmzadənin həbs müddətini daha 2 ay uzadıb. Xuliqanlıq maddəsi üzrə təqsirləndirilən İlkin Rüstəmzadə «Harlem Shake» videosunu hazırlayıb-yaymaqda günahlandırılır.

Məhkəmə qərarı ardınca daha bir qərar: Səbail məhkəməsi daha 3 gənc – Ülvi Həsənli, Məcid Mərcanlı və Kənan Qasımlı barədə 15 sutka həbs qərarı seçib. Onlar ictimai qaydanı pozmaqda, polisin qanuni tələbinə qəsdən tabe olmamaqda və müqavimət göstərməkdə təqsirli bilinirlər.
Elçin Sadıqov
Elçin Sadıqov
Hər 3 şəxs vəkilsiz mühakimə edilib. Həbs olunanlardan biri – Məcid Mərcanlı məhkəməni kukla teatrına bənzədib:

«Məhkəmə deyildi, bu bir tamaşaydı... Kukla teatrı idi».

Elçin Sadıqovun dediyinə görə, o, məhkəməyə yetişənədək proses başa çatıb, çünki hakim gənclərə vəkillə təmin olunmaq üçün bir saat vaxt veribmiş:

«Hansı səbəbdənsə məhkəmə tələsirdi. Biz gələnə qədər qərar çıxarılmışdı».

Elçin Sadıqov bu qərardan apellyasiya şikayəti verəcəklərini də sözlərinə əlavə etdi.

VƏKİL ÇAĞIRIŞI...

«Həbslərin sayı artır. Bütün bu yükün ağırlığı 5-10 vəkilin üzərindədir. Onlar daha nə fiziki, nə də maddi anlamda bu yükü çəkə bilirlər. Proseslərə başqalarının da qatılmasına ehtiyac var». – Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev məhkəmələr keçirilən zaman «Facebook»da yazdığı bu statusda digər vəkilləri də gənclərin müdafiəsinə çağırırdı.
İntiqam Əliyev
İntiqam Əliyev
O, dəfələrlə səsləndirdiyi fikrə qayıdaraq bildirir ki, Azərbaycanda siyasi işlərə çıxacaq vəkil qıtlığı yaşanır. Bunun da nəticəsində insanlar müdafiəsiz qalır. İntiqam Əliyev düşünür ki, elə əslində hakimiyyətin də istəyi siyasi sifarişlə həbs olunanların müdafiəsiz qalmasıdır:

«Vəkil qıtlığının arxasında siyasi motivlər dayanır. Siyasi proseslərə cəlb olunan bütün vəkillər barədə iltizam icraatı başlanılıb. Bu da, əslində, digər vəkillərə mesajdır və onunla nəticələnib ki, vəkillərin əksər hissəsi belə proseslərə qatılmaqdan çəkinir. Siyasi işlərin əsas yükü 5-10 vəkilin çiynindədir. Bir mitinqdə yüzlərcə adamın tutulduğunu gözə alsaq, insanların, əslində, müdafiəsiz qaldığını görərik. Elə əsas məqsəd də onları müdafiəsiz qoymaq, vəkilləri də məhkəmə proseslərinə qatılmaqdan çəkindirməkdir».

«2-3 NƏFƏRİ PROSESLƏRDƏN YAYINDIRMAQLA...»

Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov bu fikirlərlə razılaşmır. Bildirir ki, Azərbaycan demokratik ölkədir və burada bütün vətəndaşlara bərabər hüquqi yardım imkanı yaradılır:
Faiq Qurbanov
Faiq Qurbanov

«İlk öncə bildirim ki, siyasi partiyaya mənsub olanların işinə siyasi don geyindirilməsinin tərəfdarı deyiləm. Bununla özlərini dəyərsiz, mənasız reklam edirlər. Azərbaycanda kifayət qədər vəkil də var, Vəkillər Kollegiyası da. 2-3 nəfəri prosesdən yayındırmaqla insanların siyasi fəallığını azaltmaq, vəkillərin gözünü qorxutmaq kimi qeyri-ciddi fikirlər səsləndirmək yersizdir. İnsanların fəallığını, azad sözü boğmaq olmaz. Heç hökumətin, dövlətin də belə bir niyyəti yoxdur».

İntiqam Əliyev vəkillərə təzyiq kimi Qurban Məmmədovun həbsini, Aslan İsmayılovun vəkillik yetkilərinin dayandırılması barədə qərarı, Elçin Namazovun, Osman Kazımovun Vəkillər Kollegiyasından çıxarılmasını, Xaliq Bağırovun vəkillik fəaliyyətinin bir müddətə dondurulmasını misal çəkir. Onun fikrincə, hakimiyyət bir tərəfdən fəal gəncləri həbsə atmaqla, digər tərəfdənsə vəkillərə müxtəlif formalarda təzyiqlər etməklə, hüquq və azadlıqlara sayğısızlığını büruzə verir.
XS
SM
MD
LG