Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:40

3 gənc fəala 15 sutka verildi - [Video]


3 gənc fəala 15 sutka verildi
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

3 gənc fəala 15 sutka verildi

-

İyulun 14-də üç gənc fəal saxlanılıb. NİDA hərəkatı və Azad Gənclik Təşkilatı üzvlərinin bu günlərdə yayılmış hakimiyyət əleyhinə vərəqələrə görə saxlandığı güman edilir. Vərəqələrdə «Hakimiyyətin mənbəyi sənsən», «Hakimiyyətdən qorxma», «Hakimiyyətə etiraz et» və «Hakimiyyəti dəyiş» şüarları yazılıb.

ŞAHVƏLƏD ÇOBANOĞLU: «BU, REPRESSİYADIR»

Köşə yazarı Şahvələd Çobanoğlu son aylarda fəallaşan gənclərdən hakimiyyətin ehtiyatlandığını düşünür:

«Prosesin özü də göstərir ki, bu həbslərin arxasında yalnız siyasi məqsəd dayanır. Son dövrlərdə gənclərin ardıcıl aksiya keçirməsi, fəallaşması, yeni təşkilatlar yaratması hakimiyyəti ciddi narahat edirdi. Hakimiyyətin addımlarından belə başa düşmək olur ki, məqsəd gənclərin gözünü qorxutmaq və əvvəlki kimi nəzarət olunan vəziyyət yaratmaqdır. Bu, siyasi repressiyadır. Gəncləri şərləyirlər. Onları adi məhkəmə, istintaq prosedurlarına əməl etmədən şərləyib saxlayırlar. Bu gənclərə məhkəmə 15 sutka cəza verdi, amma onların vəkillə təmin olunmalarına imkan yaradılmadı. Cəza da bu cür əsassız verildi. Bu, repressiyadır, buna şübhə də yoxdur».

Şahvələd Çobanoğlu deyir ki, həbslər gəncləri susdura bilməz.

YEVDA ABRAMOV: «HƏBS HƏMİŞƏ OLUB, DÖVLƏTİN YARANDIĞI GÜNDƏN, HƏMİŞƏ DƏ OLACAQ»

Parlamentin İnsan haqları komitəsinin sədr müavini Yevda Abramov bu deyilənləri rədd edir:

- Mən hakimiyyətdən elə addım görməmişəm ki, gəncləri qorxutsun, seçkiqabağı onlara hədə-qorxu gəlsin, elə şey yoxdur. Qanunu pozanda əlbəttə gəncləri yox, başqalarını da tuturlar. Ölkənin qanunları var. Burda seçkinin və ya nəyinsə heç bir rolu yoxdur. Heç kimi qorxutmurlar! Qorxutmağa səbəb də yoxdur. Hakimiyyətin nəyi əskikdir ki, kimisə qorxutsun? Hakimiyyətdən güclü olan hansı qüvvə var?

- Onda bu həbslər sırf təsadüfdürmü?

- Həbs həmişə olub, dövlətin yarandığı gündən olub. Bundan sonra da olacaq.

GƏNCLƏRƏ 15 SUTKA VERİLDİ

Səbail rayon məhkəməsi hər 3 gənc fəalın – Ülvi Həsənli, Kənan QasımlıMəcid Məcidlinin polisə müqavimət göstərdikləri üçün 15 sutka azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb. Bunu AzadlıqRadiosuna Ülvi Həsənli deyib. Gənc fəal vaxt azlığından vəkillə təmin olunmadığını bildirib.

Ülvi Həsənli irəli sürülən ittihamla razılaşmadığını da söyləyib:

«Məhkəmədə mənim ifadəmlə şahidlərin, polisin dedikləri üst-üstə düşmədi. Hətta hakim də əsəbiləşdi ki, niyə ifadəni düzgün tərtib etməmisiz? Sifarişli bir qərardır. Başdan-ayağa quramadır».

Ülvi Həsənli deyib ki, polis onu şübhəli şəxs kimi saxlayıb:

«Dedilər ki, siz metroya, mağazalara çox girib-çıxırsız, bu da şübhə doğurur. Mən divara elan yapışdırmamışam».

Bundan əvvəl DİN-dən bildiriblər ki, 3 fəal gənc iyulun 14-də ictimai qaydanı pozduqlarına və polisin tələblərinə tabe olmadıqlarına görə saxlanıb.

15 İYUL

GƏNCLƏRİN İŞİ MƏHKƏMƏDƏ

Gənc fəallar - Məcid Məcidli, Ülvi HəsənliKənan Qasımlının işi baxılmaq üçün məhkəməyə göndərilib.

Bu haqda AzadlıqRadiosuna iyulun 15-də Daxili İşlər Nazirliyində mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyib.

Onun sözlərinə görə, 3 fəal gənc iyulun 14-də ictimai qaydanı pozduqlarına və polisin tələblərinə tabe olmadıqlarına görə saxlanaraq haqlarında İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun protokol tərtib olunub. İş baxılmaq üçün məhkəməyə göndərilib.

DİN gənc fəalların hazırda harada saxlandığı və işə hansı məhkəmənin baxacağı haqda məlumat vermir.

GƏNCLƏRİN YERLİ BƏLLİ DEYİL

İyulun 14-də üç gənc fəal saxlanılıb və hazırda onların yeri bəlli deyil.

Günorta saatlarında mülki geyimlilər Azad Gənclik Təşkilatının İdarə heyətinin üzvü Ülvi Həsənli və NİDA Vətəndaş Hərəkatının üzvü Emil Bağırovu saxlayıb. Emil Bağırov dindirildikdən sonra sərbəst buraxılıb.

VƏRƏQƏLƏRƏ GÖRƏ?

Ülvi Həsənli AzadlıqRadiosuna deyib ki, Sahil bağında gəzişərkən mülki geyimlilər onlara yaxınlaşıb, polis vəsiqəsi təqdim edib və şübhəli şəxs qismində saxlandıqlarını deyib.
Gənc fəalları elə metro ilə "Nizami" metrostansiyası yaxınlığında yerləşən Bakı Şəhər Baş Polis İdarəsinin Metro Polis Şöbəsinə gətiriblər.

Mejid

Məcid Mərcanlı polisə çağrılması haqda danışır

Azad Gənclik Təşkilatının İdarə heyətinin üzvü Məcid Mərcanlı da polisə çağırılıb. O, özü bu barədə Facebook səhifəsində yazıb. “Polis məni də çağırır bölməyə. Metroya yapışdırılan stikerlərə görə”.

Daha sonra NİDA üzvü Kənan Qasımlı da polis bölməsinə çağrılıb.

Bu günlərdə ölkədə üzərində hakimiyyət əleyhinə çağırışlar olan vərəqələr yayılıb. Üzərinə hakimiyyət əleyhinə şüarlar yazılmış vərəqələr daha çox Xırdalan şəhərində yaşayış binalarında mənzillərin qapısına yapışdırılır.
Vərəqələrdə “Hakimiyyətin mənbəyi sənsən”, Hakimiyyətdən qorxma”, “Hakimiyyətə etiraz et” və “Hakimiyyəti dəyiş” şüarları yazılıb.

GƏNCLƏR MƏHKƏMƏYƏ APARILIB?

Gənclər Metro Polis Şöbəsindən naməlum istiqamətə aparılıblar. Onların hansı məhkəməyə aparıldığı da bilinmir. AzadlıqRadiosunun müxbiri Səbail, Yasamal və Nəsimi rayon məhkəmələrində olub, ancaq Ülvi Həsənli, Kənan Qasımlı və Məcid Mərcanlı barədə heç bir xəbər əldə edə bilməyib.

Səbail rayon 39-cu polis bölməsindən və Səbail Polis İdarəsindən AzadlıqRadiosuna heç kəsin gətirilmədiyini bildirdilər.
Hazırda NİDA Vətəndaş Hərəkatının 7 üzvü həbsdədir. Onlar narkotik maddə və qanunsuz silah saxlamada təqsirli bilinir.

Beynəlxalq hüquq müdafiə təşkilatları gənclərin həbsini siyasi motivli hesab edir.

XS
SM
MD
LG