Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:34

Hacı Ramin Aqşin Yeniseyə: "Müsəlmanlardan üzr istəməlisən" (Debat)


soldan sağa: Aqşin Yenisey və Altay Göyüşov
soldan sağa: Aqşin Yenisey və Altay Göyüşov
-

Aqşin Yenisey:

- Mənim öz anam namaz qılır, oruc tutur, indi onu dindarlar söyürlər.


Hacı Ramin Əkbərli:

-
Allahın göndərdiyi qurbanı təhqir etməsəydiz, iş bu həddə çatmazdı.

Rəşid Hacılı:

- Qanunda dini təhqir etməyə görə cəza nəzərdə tutulmayıb.



Şair Aqşin Yenisey ölümlə hədələndiyini bildirir.

Buna səbəb isə publika.az saytında çap edilən və İslam dinini sərt tənqid edən yazısıdır (yazı sonradan saytdan çıxarılıb).

Fikir azadlığı ilə din, vicdan azadlığının sərhədi hardan keçir? Azərbaycanda İslamı tənqid edən və ateist yazarlara yer yoxdur?

AzadlıqRadiosunun "Pen klub" proqramındakı debata şairlə birlikdə ilahiyyatçı Hacı Ramin Əkbərli, tarixçi Altay Göyüşov, Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı da qatıldılar.

DİNLƏ

“KONKRET YAZIRLAR Kİ, FƏTVA VERİLSİN… MƏN ONLARA DİNDAR DEMİRƏM”

Şahnaz Bəylərqızı:

- Aqşin bəy, “Şeytanın qapı qonşusu”na belə reaksiya veriləcəyini gözləyirdizmi? Bu məqalədə dindarların heysiyyatına toxunacaq məqamların olduğunu düşünürsüzmü?

Aqşin Yenisey:

- Mənim dini mövzuda yazılarım çox olub. Düşünmürəm ki, dindar kəsimlə inanclı kəsimi ayırmalıyıq. Bunlar fərqli şeydir. Məni ölümlə hədələyənlər, ailəmə hədə-qorxu gələnlər var, konkret yazırlar ki, fətva verilsin, biz özümüz onun başını öz əlimizlə kəsəcəyik. Mən onlara dindar demirəm. İslamda belə şey yoxdur... Mən həmin məqalədə yazmışam ki, hər dində üləmalar-filan olur ki, dövrün tələbinə uyğun o dində islahatlar aparıblar. Məsələn, İbrahim peyğəmbərə qədər Allah yolunda insanın da qurban kəsilməsi ayinləri vardı. Elə o özü oğlu İsmayılı Allah yolunda qurban kəsmək məcburiyyətində qalmışdı. İbrahim peyğəmbər insanın Allah yolunda qurban kəsilməsinin qarşısını almaqdan ötrü islahat apardı, guya Allah onun oğlunu qurban kəsməsinə razı olmayıb, göydən bir cüt qoç göndərib. Mən yazmışam ki, İbrahim peyğəmbər bu ayinə öyrəşmiş qara kütləni, xalqı, camaatı inandırmaqdan ötrü belə rəvayət uydurdu ki, guya Allah özü bunu istədi. Əslində, bunun kökündə dində aparılan yenilik, islahatlar dururdu. Necə ki, İsa peyğəmbər məbəddən quzunu götürüb qaçmaqla xristian dünyasında hətta heyvanın Allah yolunda qurban kəsilməsinin qarşısını aldı. Amma bunlar deyirlər ki, guya mən İbrahim peyğəmbərin rəvayətinə uydurma deməklə İslam hümmətini təhqir etmişəm. Əvvəla, İbrahim peyğəmbərin vaxtında nə müsəlman var idi, nə “Quran”. O zaman mənim təhqir etdiyim kimlərdir? İbrahim peyğəmbər yəhudi əsilli idi. Məsələn, həmin dövrdə Lut peyğəmbər olub. Onun arvadı təbliğ etdiyi dinin əleyhdarlarına qoşularaq qaçıb. Rəvayətə görə, guya Lutun arvadının cəhənnəmdə dərisi soyulacaq və dərisi itin dərisi ilə dəyişdiriləcək. Bu rəvayətə uydurma deyirəmsə, müsəlman qardaş-bacılarımız deyə bilər ki, xeyr ola siz Lutun arvadı haqda rəvayətə uydurma deyirsiz. Rəvayət tarixi mənbəyə söykənməyən, xalqın dildən-dilə ötürdüyü əfsanədir. Dini kitablar bu cür rəvayətlərlə doludur. Belə çıxır bizim dindarlar həqiqətən də inanırlar ki, Musa peyğəmbər xalqı fironun zülmündən qurtarmaq üçün doğrudan da dənizi iki yerə bölüb?

Aqşin Yenisey
Aqşin Yenisey


ALTAY GÖYÜŞOV: “BU, DÖVLƏTİN QANUNLARINI POZMAQDIR”

Ş.Bəylərqızı:

- Altay bəy, siz bu məqaləni necə qiymətləndirirsiz, burda dindarları qıcıqlandıracaq məqamlar varıydımı?

Altay Göyüşov:

- Əvvəla, onu deyim ki, dindarlar həqiqətən də rəvayətlərə inanırlar. Doğrudan da hesab edirlər ki, dəniz iki yerə bölünüb, yəhudi xalqı xilas olunub. Dinin xüsusiyyəti belədir, dindar iki mənbə arasında – biri insanın məntiqlə, düşüncəylə gəldiyi nəticədir, o biri də insana deyiləndir, vəhydir – ikinciyə üstünlük verir. Deyirsiz ki, həmin yazıda dindarın xoşuna gəlməyən və ya heysiyyətinə toxunan məqam ola bilərmi? Əlbəttə ola bilər. Amma mənim gəldiyim nəticə budur ki, kimin nə yazmasından asılı olmadan kiməsə ölüm hökmü vermək, onu dini qaydalara uyğun cəzalandırmağa çağırmaq bu, dövlətin qanunlarını pozmaqdır. Bu, cəmiyyətimizin gəldiyi nəticələrin əleyhinə getməkdir. Biz dinin hakim olduğu, dinin qanunu əvəzlədiyi cəmiyyətdə yaşamırıq. Biz sekulyar cəmiyyətdə yaşayırıq və bu, dünyəvi qanunlarla idarə olunur. O ki qaldı yazının özünə, dindar nədənsə narazı qala bilər, mən bunu başa düşürəm. Aqşin bəy danışdı. Elə onun izahı ki, bu rəvayətdir, olmamış hadisədir, buna mən normal baxıram, o buna əqliylə, düşüncəsiylə gəlib, burda problem yoxdur. Amma dindar üçün problem var. Dindar onu olmuş hadisə sayır və bunun qondarma adlandırılması, əlbəttə, xoşuna gəlməz. Amma xoşuna gəlməməsi onun öz işidir. Onun xoşuna gəlmədiyi üçün bir başqası gəldiyi nəticəni deməməlidir? Belə şey yoxdur. Cəmiyyət inkişaf edir, insanlar arasında sosial kontrakt var, yəni bir-birimizin heysiyyatına toxunmayaq, məsələlər qanunla həll olunsun. Bizim dindar ümumiyyətlə, müasir dövrə uyğunlaşmayıb. Amerikada kimsə “Quran”ı yandıranda bu, dindarın xoşuna gəlmir, amma o, adekvat cavab üçün məhkəməyə müraciət edir. Məhkəmə də qarşı tərəfi cəzalandırır. Bizimki qeyri-adekvat cavab verir. Hüquqda kiminsə dinini, əqidəsini təhqir etmək anlayışı yoxdur.

“ƏGƏR O, MÜSƏLMAN ÖLKƏSİNDƏ YAŞASAYDI, BƏLKƏ DƏ HAQQINDA ÖLÜM HÖKMÜNÜ İCRA ETMİŞDİLƏR”

Ramin Əkbərli:

- Mən bu söhbətə qoşulanda düşünürdüm ki, Aqşinlə debatda olacam. Amma Altay müəllim də Aqşinin dediklərini heç də təkzib etmir, dolayı yolla onun dediklərinə haqq qazandırır. Aqşin dedi ki, İbrahim peyğəmbər müsəlman deyildi, yəhudilərin peyğəmbəri idi və s. Xeyr! Allah “Quran”da Həzrəti İbrahimi müsəlman peyğəmbər olaraq bizlərə təqdim edir. O, müsəlman və hənif idi. Həzrəti peyğəmbərə sual verdilər ki, sən 40 yaşında peyğəmbərliyi gətirdin, bəs o vaxta qədər hansı dində idin? Buyurdu ki, babam İbrahimin dinində idim. O, yəhudilərə yox, insanlara peyğəmbər göndərilmişdi. Lut peyğəmbərin arvadı ilə bağlı danışanda onun əsassız olduğunu dedi. Biz bu gün həmin hədisin əsassız olduğunu deyə bilərik, amma bu Aqşinin əsaslı olmasına və təhqir etdiyi mövzuya dəlalət edə bilməz. İbrahim peyğəmbərin özündən nələrsə uydurduğunu demək təhqirdir. Bunun əsası var, bu həqiqətdir, milyardlarla müsəlman bu məsələdə həmfikirdilər. Söhbət söz azadlığından gedirsə, ən gözəl söz azadlığını İslam verir. Amma o sözün də sərhədləri var. Xüsusi sərhəd də yoxdur. “Quran”ın, peyğəmbərin, imamların xüsusi tapşırıq və əmrləri var.

Ş.Bəylərqızı:

- Sizcə, bu yazıda dindarları təhqir edən nəydi? Dəyərdimi buna görə bir şairi ölümlə hədələsinlər? Dindar kimi bu cür təhdidlərə necə baxırsız?

R.Əkbərli:

- O, savadlı yazardısa, milyonlarla müsəlmanı təhqir etməzdi. İlk öncə araşdırardı bu məsələni. Müsəlman ölkəsində, müsəlman adət-ənənəsi ilə böyüyən insan – o cənub bölgəsindəndir bilirəm - axırda gəlib İslamı təkzib edir, yəni bu təkcə Azərbaycan xalqını və dindarlarını təhqir etmək deyil, bütün dünya müsəlmanlarını təhqir etməkdir. Əgər o, müsəlman qayda-qanunları ilə idarə olunan ölkədə yaşasaydı, cəzası həddindən artıq ağır olacaqdı, bəlkə də bu vaxtadək onun haqqında ölüm hökmünü icra etmişdilər. İndi biz müasir zamanda, sivil ölkədə yaşayırıq. Bu sözümü Altay müəllimə də demək istəyirəm, buyurdu ki, bəs müasir cəmiyyət... Mən başa düşmürəm müasir cəmiyyət nədir? Yəni müasir cəmiyyət milyonların peyğəmbərinin təhqir olunmasıdır? İndi mübarək Ramazan ayıdır. Aqşin başqa yazısında demişdi ki, ayların meqastarı, prokuroru gəlir, prezidenti gəlir. Bu, inanclı insanlara qarşı təhqirdir. Müasirlik budursa, ölüm olsun o müasirliyə. Bunun nəyi müasirlikdir ki, bir insan söz deyəcək, milyonların gözündə kiçiləcək, qorxu həyatı yaşayacaq, günü-güzəranı qaralacaq. Aqşin bəy ağzından çıxardığı sözün əsiri olub.

Ş.Bəylərqızı:

- Ramin bəy, belə başa düşdüm ki, siz bu cür çağırışlara, hədələrə bəraət qazandırırsız?

R.Əkbərli:

- Bu gün Azərbaycan Respublikasında vicdan azadlığı ilə bağlı 48-ci maddəmiz var, Cinayət Məcəlləsində böhtanla bağlı 147-ci, təhqirlə bağlı 148-ci maddə var. Bu gün mən tələb edirəm ki, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bu yazar müsəlmanları təhqir etdiyinə görə, onlara böhtan atdığı, müsəlmanların vicdanlarını sual altında qoyduğu üçün hesaba çəkilsin və layiqli cəzasını alsın. Mən bunu tələb edirəm, bunun tərəfdarıyam.

Rəşid Hacılı
Rəşid Hacılı


“MƏN YAZIMDAN İMTİNA ETMİRƏM”

A.Yenisey:

- Sözün açığı, inanclı, oxumuş dindarımız kimi mən Ramin bəyin dediklərində yeni heç nə görmədim. Ramin bəyin dediklərini mənə hər gün “Facebook” səhifəmdə bölgələrdən, ya gizli, ya açıq adla yazırlar. Mənim də cəmiyyətdə bir fərd olaraq xoşuma gəlməyən, özümə, dünyagörüşümə təhqir saydığım hadisələr baş verir. Mənim dini mövzuda yazdığım yazını hər hansı dindar öz əqidəsinə, dünyagörüşünə təhqir hesab edir və dərhal, üstündən yarım saat keçməmiş mənim başımı kəsmək yolunda fətva gözlədiyini açıq şəkildə elan edirsə, demək bu hüquq məndə də olmalıdır. İkincisi, rəvayətə uydurma deməyimdə təhqiramiz heç nə görmürəm. Mən “Göləqarğısancan” romanını dini rəvayət üzərində qurmuşam. Nəyə görə dindar qardaşlarımız bu haqda yazanda məni alqışlamadılar? Əminəm ki, onlar mənim yazılarımı oxumurlar, heç bu yazını da oxumayıblar. Ramin bəy deyir ki, guya mən Ramazan ayının ayların meqastarı, prezidenti olması haqda ayrı yazıda yazmışam, İbrahim peyğəmbər haqda dediklərimi də ayrı. Əslində hər ikisi eyni yazıdadır. Mənim haqqımda ölüm hökmünün verilməsinin səbəbi dindarların çoxunun yazıdan xəbərsiz olmasıdır. Mən yazımdan imtina etmirəm. Mənə yazan dindarlardan da xahiş etdim ki, əyləşək söhbət edək. Amma xeyli dindar mənə yazıb ki, biz o yazını oxuduq, orda təhqir yoxdur.

“MÜASİR CƏMİYYƏTDƏ YAŞAYAN İNSAN DƏRHAL DEYƏRDİ Kİ, O ÖLÜMLƏ BAĞLI ÇAĞIRIŞLAR YANLIŞDIR”

A.Göyüşov:

- Bu müzakirədə bir neçə vacib məsələ meydana çıxır. Birincisi, Ramin bəy dedi ki, dini quruluş olsaydı, çoxdan Aqşinin cəzasını vermişdilər, edam etmişdilər. Biz bunu normal saymırıq. Necə yəni sən kimisə dediyinə görə edam edirsən. Biz o cəmiyyəti qururuq ki, orda müxtəlif fikirlilik qəbul olunur.

Ş.Bəylərqızı:

- O cəmiyyət qurulurmu? Axı Rafiq Tağı nümunəsi də var.

A.Göyüşov:

- Tədricən və çox ağrılı şəkildə qurulur. Biz ateist cəmiyyətində yaşamışıq, orda da dindarlara gülürdülər, onları 37-də də yox edirdilər. Bağırov deyirdi ki, başa düşmürəm, həkim olan adam, yəni biologiyanı, Darvini öyrənən adam necə dinə inanır? Bu, həkim ola bilməz, bu təxribatçıdır, güllələmək lazımdır. Biz bunları görmüşük və bu qənaətə gəlmişik ki, mən səninlə razı olmaya bilərəm, amma bu o demək deyil ki, sən olmamalısan. Bayaq Ramin bəy maddələri sadaladı. Xoşuna gəlmirsə dedikləri, qanunu pozubsa məhkəməyə müraciət et. Əslində müasir cəmiyyətdə yaşayan adam, dindar olub- olmamasına baxmayaraq dərhal deyərdi ki, o ölümlə bağlı çağırışlar var ha, onlar səhvdir.

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı


RƏŞİD HACILI: “QANUNDA DİNİ TƏHQİR ETMƏYƏ GÖRƏ CƏZA NƏZƏRDƏ TUTULMAYIB”

Rəşid Hacılı:

- Bugünkü Azərbaycan qanunları baxımından məsləyə yanaşsaq dini təhqir etməyə, yaxud küfr işlətməyə görə cəza nəzərdə tutulmayıb. Yadınızdadırsa, Rafiq Tağının işində də Cinayət Məcəlləsinin 283-cü maddəsi tətbiq olundu. Bu da yanlış idi. Həmin maddə dini nifrət oyatmağa və dini ayrı-seçkilik, başqa dindən olanlara nifrət təbliğ etməyə görə cəza müəyyən edir. Ancaq dediyim kimi küfrə görə, kiminsə dini hisslərini təhqir etməyə görə cinayət cəzası yoxdur. Eləcə də inzibati qanunvericilik cəzalar, tənbehlər, cərimələr müəyyənləşdirməyib. Bizim qanunvericiliyə görə, kimsə şərəf və ləyaqətini, nüfuzunu alçaldılmış sayırsa, mülki qaydada iddia qaldıra bilər, dəymiş zərərin ödənməsini istəyə bilər və s. Mən bununla bağlı başqa ölkələrin nümunələrini yada salmaq istəyirəm. Məsələn, Roma hüququnda küfrə görə cəzalandırmırdılar, buna görə cəza verilməsinin özü küfr hesab olunurdu. Onların fikrincə, müqəddəslər, allahlar o dərəcədə zəif deyillər ki, onlar təhqir olunmalarına cavab verə bilməsinlər, əksinə insanların bu işə qoşulması onların zəifliyi düşüncəsi yaradır. Maraqlıdır ki, bu yanaşma XVIII-XIX əsrdən Avropa hüquq sisteminə gəldi və küfr anlayışını dəyişdi. Bu halda cəzalar azaldıldı, konkret müqəddəslərdən yox, insanların hisslərindən söhbət getdi. Avropada xristianlığın ünvanına sərt ifadələr işlənmirmi, işlənir. Amma İngiltərə kimi mühafizəkar ölkə küfrlə bağlı cəzanı tamam ləğv etdi. Küfrə görə bəzi ölkələrdə xırdaca cəza qala bilər, bu da o halda olur ki, məqsəd kimisə alçaltmaq olsun, normal müzakirə açmaq, islahatlar olmasın. Aqşin Yenisey də orda islahatlardan danışıb, mən onun bunu xoş niyyətlə etdiyini düşünürəm. Ona görə də mən ölüm fətvaları haqda və ya başqa cəzalar haqda danışılmasına görə təəssüf edirəm. Qanunun Azərbaycanda məhz birinci qorumalı olduğu budur, qanun fətva səsləndirənlərə qarşı olmalıdır!

“AQŞİN BƏY MÜSƏLMANLARDAN ÜZR İSTƏSİN"

R.Əkbərli:

- Bu deyilən qanunların, Avropa mədəniyyətindən gətirilən misalların İslam dünyasına aidiyyəti yoxdur. İslam qanunlarına baxdıqda, İslamın buyruqlarına görə dünya qanunları bir o qədər də önəmli deyil. “Quran” deyirsə biz İbrahimə qoç göndərdik, onu imtahan etdik, bu, milyonların əqidəsidir, bu məlumatı da bizə Allah verir. Rəşid bəy bu cür müzakirələrin faydasından danışdı. Bu necə faydalı ola bilər ki, minlərlə insanın müzakirəsinə çevrilib, narahatlığa səbəb olub? Tarix boyu İslamı, onun peyğəmbərini, Allahı təhqir edən gec-tez cəzasını alıb, biz bunun bariz nümunəsini Azərbaycanda da görmüşük. Mənim dediyim odur ki, Aqşinin Qərbdən, insan, söz azadlığından, batil uydurma hədislərdən misal gətirib kömək qazanmaq əvəzinə müsəlmanlardan üzr istəsin, tövbə etsin, Allah qarşısında əfv diləsin. Aqşin bəyin başqa yolu yoxdur. İstər təhlükəsizlik baxımından, istər özü narahatlıq keçirəcək, yuxusu qaçacaq, iştahası pozulacaq... Bir söz ki insanı bu hala gətirəcək, deməli o deyilməməlidir.

“MƏN TÖVBƏ ETSƏM...”

A.Yenisey:

- Ramin bəyin məntiqi öz əleyhinə işləyir. Bizim Məhəmməd peyğəmbər o dövrün kütləsinə qarşı çıxırdı. O dövrdə ərəb cəmiyyətində elə dini inanclar vardı ki, Məhəmməd peyğəmbər buna qarşı qılıncla belə döyüşürdü. Ona görə düşünmürəm ki, Ramin bəyin dünyagörüşünə zidd bir məsələ təhqirdir, belə düşünürsə, bu, söhbətin bitdiyi yerdir. Mən tövbə etsəm, Ramin bəy hardan bilir ki, bu səs mənim qəlbimdən gəlir? Bizim dindarlarda azadlıq anlayışı həddən artıq fərdidir, yəni dindar azad olmalı, yerdə qalan, məsələn, ateist azad olmamalıdır. Siz dünyada bircə dindar göstərə bilməzsiz ki, ateistlərin hücumuna məruz qalıb, ya haqqında ölüm hökmü çıxarıb. Amma minlərlə ateist və ya ateist olmayan filosof, şair, alim dindarların fərmanı ilə şaqqalanıb, dərisi soyulub... Mənim öz anam namaz qılır, oruc tutur, indi onu dindarlar söyürlər. Tutaq ki, mən yolunu azmış adamam, dini dəyərlərə əməl etməyən biriyəm, sizin də məqsədiniz məni ikimi adamları düz yola gətirməkdir. Sizin düz yola gətirmək metodunuz nədir? Söyüş, təhqir, hədə-qorxu?..

R.Əkbərli:

- Aqşin dedi ki, peyğəmbər özü də vuruşub. Əvvəla, o 80-dən çox müharibədə olub, amma heç biri onun tərəfindən başlanmayıb.

A.Yenisey:

- Xürrəmilər ərəb yarımadasına hücum ediblər , yoxsa ərəblər xürrəmilərə?

R.Əkbərli:

- Biz tarixi bəhs açmayaq. İkincisi, deyirsən ki, mən tövbə etsəm bu qəlbən, yoxsa zahirən olacaq? “Quran” deyir ki, biz zahirlə kifayətlənməliyik. Qəlblər Allaha məxsusdur, onu Allah biləcək qəlbən deyirsiz, ya aldadırsız. O ki qaldı anasının təhqir edilməsinə, bu düz yol deyil.

“MƏNİM BAŞIM QURBANDIR BUNLARA”

A.Göyüşov:

- Ramin bəy dedi ki, bizim cəmiyyətə fərqlidir. Əslində bu proseslər Avropada gedib, inkvizisiyalar olub. Cəmiyyət inkişaf edərək artıq o həddə çatıb ki, kimisə əqidəsinə görə cəzalandırmaq düz deyil. Kiməsə “yazma” demək olmaz, sadəcə, sən bunu oxumaya bilərsən. Biz fərqliliyi cəmiyyətin tərkib hissəsi kimi qəbul edib təmasa girməliyik. Bu tarazlıq yaranarsa harmoniya yaranacaq.

A.Yenisey:

- Mən düşünürəm və bu reallıqdır ki, İslam dünyasının böyük problemləri var. İslam dünyası üçün balaca problem – mənim başımın kəsilməsi böyük problemdirsə, mənim başım qurbandır bunlara...

R.Əkbərli:

- Qurban lazım deyil, sadəcə Allahın göndərdiyi qurbanı təhqir etməsəydiz iş bu həddə çatmazdı.

Proqramın audioyazısını dinlə

Aqşin Yenisey və Altay Göyüşov
Aqşin Yenisey və Altay Göyüşov
XS
SM
MD
LG