Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:09

İlham Əliyev: «Əhalinin 70 faizi hesab edir ki...»


İlham Əliyev
İlham Əliyev
-
«Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gözəl səmərəsini verir. Bunu ölkə əhalisi də hiss edir, bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar da qeyd edirlər».

Bu sözləri prezident İlham Əliyev iyulun 18-də Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında deyib. O öz fikrini adını çəkmədiyi beynəlxalq təşkilatların Azərbaycanda keçirdiyi sorğunun nəticələri ilə əsaslandırıb. Prezidentin dediyinə görə, həmin sorğularda ölkə əhalisinin təxminən 70 faizi korrupsiyaya qarşı çox ciddi və səmərəli mübarizə aparıldığını bildirib. İlham Əliyev dünya miqyasında bu göstəricinin 20 faiz olduğuna diqqət çəkərək, Azərbaycandakı 70 faizin yüksək göstərici sayıb:

«Yəni, budur göstərici və budur gördüyümüz işlərin əsas nəticəsi. Ona görə mən çox şadam ki, bu mübarizə öz səmərəsini verməkdədir. Hesab edirəm ki, biz daha da fəal olmalıyıq. Korrupsiya, rüşvətxorluq üçün mövcud olan meydanı maksimum dərəcədə daraltmalıyıq».

«BİZ BİR SÖZ DEYƏ BİLMƏRİK»

«Şəffaflıq-Azərbaycan» təşkilatının eksperti Kənan Qasımovun fikrincə, prezident, çox güman, «Transparency International»ın («Beynəlxalq Şəffaflıq» təşkilatının –M.Ç.) iyulun 9-da açıqladığı «Qlobal Korrupsiya Barometri» hesabatına istinad edib. Ekspert deyir ki, Azərbaycanda sorğu min nəfər arasında keçirilib:

«Həmin hesabatda respondentlərin 42 faizi Azərbaycanda korrupsiyanın azaldığını, 68 faizi isə hökumətin bu sahədə gördüyü işlərin səmərəli olduğunu bildirib. Böyük ehtimalla prezident çıxışında buna istinad edib».

Vasif Mövsümov
Vasif Mövsümov
Kənan Qasımov belə hesab edir ki, sorğu nəticələrinə son vaxtlar korrupsiyaya qarşı mübarizə ilə bağlı yeni qanunvericilik aktlarının qəbulu, dövlət orqanlarının göstərdiyi xidmətlərin vahid və əlaqələndirilmiş formada gerçəkləşdirilməsinə təminat verən qurumların – ASAN xidmət mərkəzlərinin fəaliyyətə başlaması da təsir edə bilər:

«Bu, respondentlərin rəyidir. Onların səmimilik dərəcəsini nə Beynəlxalq Şəffaflıq, nə də digər təşkilatların təhlil etməsi mümkün deyil. Yəni, respondentlərin rəyi budur, hesabata da bu salınıb».

Korrupsiya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov prezidentin dedikləriylə razılaşaraq bildirir ki, ictimai təşkilat olaraq onlara müraciətlərin azalması da bunu deməyə əsas verir. Amma icraçı direktor çoxsaylı problemlərin mövcudluğunu da danmır:

«Görülən işlər aşağılarda narazılıqların qarşısını ala bilib. Amma bununla yanaşı, məmur özbaşınalığı, korrupsiya halları da qalmaqdadır. Misal üçün, məhkəmələrdə qərarların qəbulu və icrası ilə bağlı korrupsiya halları hələ də var».

«YAXŞI OLARDI Kİ, PREZİDENT...»

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, prezidentin söylədiyi «gözəl və səmərəli» nəticə daha çox məişətdəki korrupsiya və rüşvətxorluqla bağlıdır. İqtisadçıya görə, prezident ölkənin gələcəyinə qorxu yaradan büdcə korrupsiyasından söz açsa, daha yaxşı olardı:
Natiq Cəfərli
Natiq Cəfərli

«Yaxşı olardı ki, prezident və başqa yetkililər büdcə korrupsiyasından danışsınlar. Məmurların milyardları haradan əldə etdiyinin mənbəyini desinlər. Əsas məsələ budur. Ölkənin gələcəyi üçün ən əsas məsələ büdcə korrupsiyasının qarşısının alınmasıdır. Külli miqdarda büdcə vəsaitinin oğurlanmasına dair indiyədək bircə cinayət işi açılmayıb. Bir nəfər də iri-ranqlı məmur cinayət məsuliyyətinə cəlb olunmayıb. Ölkədəki korrupsiyanın 90 faizi büdcə korrupsiyasıdır».

«HANSI YAXŞILAŞMADAN SÖHBƏT GEDİR?»

Əvvəlki əmlakını qaytarmaq uğrunda çarpışan və dediyinə görə, 1997-ci ildən bəri aramsız cəhdləriylə heç bir irəliləyişə nail olmayan sahibkar Şamil Ağayev Azərbaycanda çox ciddi antikorrupsiya mübarizəsi aparıldığı barədə deyilənlərlə razılaşmır. Onun fikrincə, korrupsiyaya qarşı ciddi mübarizə aparılsaydı, əmlakını qaytarmaq üçün 16 ildən bəri çarpışmazdı:

«Əlimdə sənədlər var. Bunu havadan demirəm. Ali Məhkəmənin qərarını yerli məhkəmə ləğv edib, bu necə korrupsiyaya qarşı mübarizədir? Bütün bu məsələlər arxivləşdirilsə, 300 il sonra arxeoloqlar axtarış aparsa, görəcəklər ki, Azərbaycanda belə hallar olub. Heç fikir verən yoxdur, yuxarıların da qəbuluna düşmək olmur. Hansı yaxşılaşmadan söhbət gedir?».
XS
SM
MD
LG