Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:51

Beynəlxalq Cinayət Tribunalı məhbuslarının gündəlik həyatı necə keçir?


-

Haaqa çevrəsindəki meşəlikdə yerləşən Şveningen Saxlanma Məntəqəsi adi həbsxana deyil. Bura BMT-nin həbsxanasıdır və «sakinlərinin» orta yaşı altmışı aşıb. Adətən, daha təhsillidirlər və adi məhbuslardan fərqli olaraq əvvəllər məhkum edilməyiblər.

1995-ci ildən bəri keçmiş Yuqoslaviya münaqişələrində hərbi cinayətlərə görə məhkum edilən 141 nəfərin yolu buradan keçib. Serbiyanın keçmiş prezidenti Slobodan Milošević burada vəfat edib və başqa təqsirləndirilən savaş «qəhrəmanlarından» Bosniya serbləri Ratko Mladić və Radovan Karadžić də elə bu həbsxana kameralarında tribunal qarşısına çıxmağa hazırlaşırlar.

AzadlıqRadiosundan Rikard Jozwiak saxlama məntəqəsinin rəisi Fraser Gilmourla buradakı 26 məhbusun gündəlik həyatı barədə söhbətləşib:

AzadlıqRadiosu: Haaqa saxlanma mərkəzindəki məhbusun adi günü necə keçir?

Fraser Gilmour: Kamera qapıları hər gün səhər saat 7-də açılır. Saxlananlar günboyu məntəqənin özlərinə aid hissəsində azad hərəkət edə bilirlər. Bu müddətdə onlar istirahət otağında da bir-birləri ilə təmasda olur, könülləri istəyəndə özləri üçün nə isə bişirirlər. Onlara gündə üç dəfə yemək verilir, amma əlavə ərzaq götürüb istədiklərini hazırlaya bilərlər. Axşam saat doqquzun yarısında kameraların qapıları yenidən kilidlənir.

Saxlanma məntəqəsində məhbuslar üçün bəlli proqrama görə tədbirlər keçirilir. Onlar təmiz hava alır, idmanla məşğul olurlar. Müəyyən dərslərə də qatılmaq imkanları var. Bütövlükdə götürəndə, vaxtlarının çoxunu onları gözləyən məhkəmə çəkişməsində müdafiəyə hazırlaşırlar.

AzadlıqRadiosu: Saxlanılanlar ənənəvi Balkan azuqəsi ala bilir?

Gilmour: Onlar gündəlik ərzaq məhsullarını həbsxana dükanından ala bilərlər.
Məsələn, tərəvəz, qablaşdırılmış ərzaq, içki və s. Məhbuslara istədikləri azuqəni Hollandiyada yerləşən Balkan ərzağı təchizatçısına da sifariş etmək imkanı da yaratmışıq. Onlar təzə ət və bəzən təzə balıq alıb, nəsə bişirə də bilərlər.

AzadlıqRadiosu: Onlara nə qədər pul verilir?

Gilmour: Ailələri və yaxınları ilə telefon bağlantısı qurmaq üçün danışıq kartı almağa az məbləğdə pul verilir. Belə ünsiyyət məhbəs şəraitində saxlananlardan ötrü çox önəmlidir. Özəlliklə dostlarından və ailələrindən ayrı qalmaları diqqətə alınarsa.
AzadlıqRadiosu: Qohum və dostları onlara tez-tez baş çəkirlər?

Gilmour: Görüşlərə çox geniş imkanlar yaratmışıq. Halbuki bir çox milli yurisdiksiya məhkuma bir həftədə heç bir saat da görüş vermir. Biz 30 gün müddətdə dalbadal 7 görüşə icazə veririk. Onların ailə və yaxınlarının görüş üçün qət etdikləri məsafələri də nəzərə alırıq.

AzadlıqRadiosu: Burada saxlananlar, Balkan kanalları da daxil, televiziyaya baxa bilirlər? İnternetdən istifadə imkanları necədir?

Gilmour: Kameralara televizor qoymuşuq. Keçmiş Yuqoslaviyanın bütün ölkələrindən yayınlanan peyk telekanallarına da baxmaq imkanı yaratmışıq. Amma internetə giriş yoxdur. Düzdür, məhkəmə mahiyyət baxımından elektron məhkəmə olduğundan, sənədlər də rəqəmli biçimdədir deyə, dustaqlara masa kompüterləri verilib. Yəni bu kompüterlər sosial şəbəkələrə giriş üçün yox, onların öz müdafiələrinə hazırlaşmalarından ötrü verilir.

AzadlıqRadiosu: Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının işi azalmaqdadır. Buradakıları hələ nə qədər saxlamaq niyyətindəsiniz?

Gilmour: Biz Beynəlxalq Cinayət Tribunalları Mexanizminin başlanğıcındayıq. Bu mexanizm getdikcə keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunalın, eləcə də Ruanda tribunalının davamını şərtləndirəcək. Beləliklə, Beynəlxalq Cinayət Tribunalları Mexanizmi azadlıqdan məhrumetmə cəzalarının icrası ilə məşğul olacaq. Hazırda bizdə saxlanan dörd nəfərə həmin mexanizm məsuliyyət daşıyır.

Biz bir çeşid saxlama qurumuyuq. Yəni burada, əsasən, öz məhkəməsini gözləyənləri, prosesdə və apellyasiya mərhələsində olanları saxlayırıq. Tribunal sona yaxınlaşdıqca məhkumlar cəzalarını çəkmək üçün üçüncü ölkələrə göndəriləcəklər. İndi Tribunalın bu barədə Avropanın müxtəlif ölkələri ilə sazişləri var. Sazişə görə, cəzalar məhz həmin ölkələrdə icra olunacaq. Buna bənzər sazişləri Beynəlxalq Cinayət Tribunalları Mexanizmi də ratifikasiya edib.
XS
SM
MD
LG