Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:48

Rüstəm İbrahimbəyov: «Uyğun vaxta qədər gözləyəcəyəm».


R. İbrahimbəyov Tbilisidə
R. İbrahimbəyov Tbilisidə
-
RÜSTƏM İBRAHİMBƏYOV: «UYĞUN VAXTA QƏDƏR GÖZLƏYƏCƏYƏM»

Ötən gün Tbilisidə toplaşan Milli Şura iştirakçıları vahid namizədləri - Rüstəm İbrahimbəyovun iyulun 31-də Bakıya dönüşünü məqsədəuyğun saymayıb. Eyni zamanda qərara alınıb ki, onun Bakıya dönüşü Milli Şuranın qərarı ilə olsun. Səbəb kimi vahid namizədin Azərbaycana dönüşü ilə bağlı siyasi, hüquqi-texniki təşkilatı sahədə hazırlıq işləri, ictimai və beynəlxalq rəyin hazırlanması sahəsində aparılan işin tamamlanmadığı göstərilir.

PUTİNƏ, AVROPA BİRLİYİNƏ MÜRACİƏT

Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığına xitam verilməsi ilə bağlı prosedurun sürətləndirilməsi üçün Rusiya prezidenti Vladimir Putinə də müraciət olunacaq.
Müşavirə həmçinin qərara alıb ki, Azərbaycan hökumətinin prezident seçkilərinin demokratikliyinə təminat verməsi ilə bağlı səylər göstərilməsi üçün Avropa Birliyinə müraciət olunsun. Belə ki, noyabrda AB ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında müqavilə imzalanacaq.

Azərbaycanda seçkilərin azad və ədalətli keçirilməsi, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun seçkidə sərbəst iştirakı ilə bağlı ABŞ Konqresinə və Dövlət Departamentinə də müraciət olunması qərara alınıb.

74 YAŞLI ZİYALINI ZİNDANA ATMAQ

Jurnalistlərə toplantı adından təqdim olunmuş bəyanatda isə deyilir:

Milli Şuranın Tbilisi toplantısı
Milli Şuranın Tbilisi toplantısı
«2013-cü il Azərbaycan xalqının dinc yolla azad seçkilər keçirməsi və demokratiyaya qovuşması üçün axırıncı şansdır. Biz bu şansı itirməmək üçün daxildə bütün demokratik qüvvələrin birliyinə - Milli Şuranın yaradılmasına və qarşıdan gələn prezident seçkilərində vahid namizədlə iştirak etmək qərarı vermiş, azad və ədalətli seçkilərin keçirilməsinə dəstək vermələri üçün ABŞ, AB və beynəlxalq təşkilatlara müraciətlər etmişik. İyulun əvvəlində Bakıya gələn ABŞ konqresmenləri prezident İ. Əliyevin qarşısında MŞ-nin vahid namizədinin seçkilərində iştirak etməsinə mane olmamaq məsələsini qaldırıblar və onlar belə bir maneçiliyin olmayacağı vədini alıblar».

Bəyanatda o da vurğulanır ki, hakimiyyət «74 yaşlı bir işıqlı ziyalını seçkiləri saxtalaşdırmaq naminə zindana atmaq istəyir. Biz ümid edirik ki, ABŞ Konqresi və hökuməti, BMT, AŞ, ATƏT, AP kimi nüfuzlu beynəlxalq və regional təşkilatlar buna yol vermək niyyətində olmayan xalqın yanında olacaq və Azərbaycan hökumətindən verdiyi sözə əməl etməyi qətiyyətlə tələb edəcək».

«MƏSƏLƏNİ YUBADIRIQ»

Milli Şuranın sədri Rüstəm İbrahimbəyov də jurnalistlərin suallarına cavab verib.

«Azadlıq» qəzetinin yazdığına görə, o, vətəndaşlıqla bağlı sənədləri qaydasında olmadığı üçün avqustun 1-də Moskvaya dönməli olduğunu deyib: «Milli Şura nə zaman mənim Bakıya gəlməyim haqqında qərar qəbul etsə, Azərbaycana onda gələcəm».

İbrahimbəyov bildirib ki, Rusiya vətəndaşlığından imtinası məsələsinə yaxın zamanlarda baxılacaq: «İndi vəziyyət elədir ki, mən Bakıya getsəm, durum heç də bizim xeyrimizə olmayacaq. Ona görə də biz bu məsələni işlər bizim xeyrimizə olana qədər yubadırıq. Milli Şuradakı dostlarım mənim indiki halda Bakıya gəlişimi qətiyyən istəmir. Ona görə də mən uyğun vaxta qədər gözləyəcəyəm».
XS
SM
MD
LG