Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:13

Anasının son dəqiqələrini "tvit" elədi...


Scott Simonun Twitter hesabı
Scott Simonun Twitter hesabı
-

ABŞ-ın ictimai radiosunun aparıcısı Scott Simon-un anası Çikaqo xəstəxanasının reanimasiya şöbəsində bircə gecə qaldı.

Ertəsi gün 84 yaşlı qadın canını tapşırdı. Oğlu Simon bütün gecəni xəstəxana palatasından Twitterdəki 1, 3 milyonluq izləyici ordusuna canlı reportaj vermişdi.

“New Yorker” məcmuəsinin müxbiri Megan O’Rourke yazır ki bu, dünyasını dəyişməkdə olan bir insanın son dəqiqələri barədə canlı yayın idi.

Bu hadisə nərticəsində onsuz da alababat tanınan Simonun məşhurluğu daha da artıb. Onu heç tanımayan adamlar belə, postlarına reaksiya veriblər.

Belə görünür ki, tvitlər jurnalistə vaxtı öldürmək və narahatlığına son qoymaq üçün lazım olub.

İlk mesajlarda Simon daha sakit idi və hətta anasının xasiyyətindən gileylənirdi: “Anama deyirəm ki, sən mənə ağıl verməkdən heç yorulmursan”.

Lakin ananın bu dünya ilə üzülüşməyə başladığını hiss edəndə, Simon-un mesajları daha çox dualara bənzəyir və mərasim çıxışlarını xatırladırdı.

“Anam deyir ki, bu nə vaxt qurtaracaq?” O, ağrı və iztirablarını nəzərdə tuturdu. Oğul isə özünü anlamazlığa vurur: “Əbədi davam edəcək. Sən və mən”.

KƏDƏRLƏNMƏK LÜKSÜ

“Today” şousundan Katie Couric bildirir ki, kiminsə can verməsini seyr etmək bizə həyatın nə qədər qısa olduğunu xatırladır.

Hər biri 40-100 söz arasında olan tvitlər zamanın sürrealizmini nümayiş etdirir. Sanki birdən-birə anlayırıq ki, günəşli yay günləri əbədi deyil. Vaxtımız məhduddur.

Müəllif yazır ki, bu, dünyada ən aşkar və ən çox unudulan həqiqətdir.

Megan O’Rourke qeyd edir ki, Simon-un tvitlərinə verilən cavablar amerikalıların ölümü və hüznü real həyatla bağlamağa nə dərəcədə möhtac olduqlarını göstərir.

Müəllifin fikrincə, Facebook və Twitter "bizim hüznlənmək tərzimizi dəyişib".

Sosial şəbəkə hüzn və kədəri bir şəxsin ixtiyarından çıxararaq ictimailəşdirir.

Müəllif yazırki, özünün “Uzun vidalaşma” kitabında da "bizim hüznlənməyi unutduğumuzu" qeyd edir.

1977-ci ildə yazdığı “Bizim ölüm saatımız” kitabında tarixçi Philippe Ariès yazırdıki, “biz ölümü utanclı və qadağan edilmiş mövzuya çevirmişik”.

Müəllif yazır ki, “24” adlı teleproqramlar silsiləsinin aparıcısı olan qadın oğlunun ölümündən az sonra köməkçisinə demişdi: “Mən indi kədərlənmək lüksünü özümə rəva görə bilmərəm”.

İZTİRAB İNSAN İMTİYAZIDIR

Halbuki 20-ci əsrdən əvvəl, - məqalə müəllifi Megan O’Rourke yazır, - şəxsi kədər və ictimai matəm bir-birinə çulğaşardı. Qonşular anasını itirənə şorba gətirərdilər. Çox vaxt da ölüləri matəm iştirakçılarının özləri yuyardılar. Son xəstəlik də, gözünü əbədi yummaq da evdə baş verərdi. Ölümün özü şəxsi bir şey ola bilmirdi.

Müəllif qeyd edir ki, bəziləri hətta ölümü vəsf edirdilər. Emily Dickinson-un şeirindəki kimi:

Mən öləndə milçək səsi eşitdim,
Otaqdakı sükut, havanın sakitliyi,
Qasırğalar arası sakitlik kimiydi lap.


Megan O’Rourke belə bir nəticəyə gəlir ki, Simon-un tvitləri öz kədərini başqalarına yükləmək və ya sərgiləmək cəhdi deyildi. Bu, sadəcə olaraq, həmişə mövcud olmuş bir şeyin müasir ifadəsiydi.

Romançı Marilynne Robinson bir dəfə deyib ki, “iztirab insan imtiyazıdır”.

Jurnalistin fikrincə, Facebook və Twitter bu imtiyazı insanlara qaytarıb. Ölüm bəzən qəzetlərdə səyahət reklamlarına qarışan başsağlığı olmaqdan çıxıb.

Görəsən, innən belə daha çoxmu insan xəstəxana palatalarından tvitləməyə başyacaq? – deyə Megan O’Rourke sual edir. Ola bilər. Facebookda bu ənənə artıq var.

Müəllif yazır ki, bəziləri bunu düzgün saymırlar.Onlar hesab edirlər ki, sosial şəbəkə belə şeylərin yeri deyil.

Lakin Megan O’Rourke adamı tərpədən bir nəticəyə gəlir: Bu, şəhər meydanındakı kilsə zəngləri kimidir. O zəng xoş xəbəri çatdırmaq üçün də çalına bilər, bəd xəbəri də. O zəng bizə etdiyimiz seçimləri, verdiyimiz qərarları, gündəlik həyatımızda aldığımız, yaxud almağı unutduğumuz zövqlər haqda düşünməyi xatırlatmış olur.
XS
SM
MD
LG